Çiy soğan yemək faydalıdır? - Araşdırma



 11:01 07.02.2023     1438

Elm adamları 600-dən çox insanın qidalanma vərdişlərini araşdırıb.  Hər gün çiy soğan yeyən qadın və kişilər üzərində aparılan  müşahidələr qəribə nəticələrlə yadda qalıb. 

Döş xərçənginin araşdırılması üçün başladılan tədqiqata 300-dən çox qadın cəlb olundu və onların qidalanma vərdişləri nəzərdən keçirildi.  İlk etapdan qarşılarına çıxan ağlagəlməz nəticələr  elm adamlarını məcbur etdi ki,  kişilər üzərində də paralel araşdırma başlasınlar. 

Müəyyən edildi ki, gündə 1 ədəd çiy soğan, yaxud sarımsaq yeyən qadınların döş xərçənginə tutulma ehtimalı digər həmcinslərinə nisbətən 67% daha azdır.  Yaşları 30-79 arasında olan 314 qadının və 346 nəzarət qrupunun daxil edildiyi araşdırmanın müddəti 6 ilə qədər çəkib.  Qadınlardan soğan və sarımsaq yeyilməsi ilə bağlı anket doldurmaları istənilib.  Bundan əlavə, “Sofrito” sousunu hansı intensivlikdə qəbul etdiklərini açıqlamaları da xahiş edilib. Qeyd edim ki, “Sofrito” sousunun tərkibində  xırda doğranmış bibər, soğan, sarımsaq, üyüdülmüş kəklikotu, alma sirkəsi, tomat pastası, su və keşniş olur. 

İndi isə mətbəximizin əsas inqridienti olan soğanın araşdırmaçılar tərəfindən sübut edilmiş faydaları haqqında danışmaq istəyirəm. Soğan antibiotik, antiseptik və antimikrobial xüsusiyyətə malikdir. Beləcə, xəstəliklərə yoluxma riskini xeyli azaldır. Qızdırma, qrip, öskürək, allergik xəstəliklər zamanı orqanizmin köməyinə çatır.  Mövsümi və virus xəstəliklərinə qarşı ən yaxşı vasitə soğan suyu-bal qarışımıdır. Bir dilim soğan qoxlamaqla burun qanamasını dayandırmaq olar. 

Hər gün 1 soğan yemək yuxu rejiminin normallaşmasına kömək edir.  Həzm sistemində problem olanlar soğan yeməklə bu narahatlıqdan yaxa qurtara bilər. Çünki soğan mədə-bağırsaq traktatının işini normallaşdırır. Hər gün soğan yemək osteoporoz, sümük əriməsi riskini minimuma endirir. Soğan suyu dəridəki yanıqlara, böcək dişləmələrinə, hətta arı vurmasına  qarşı effektivdir.  Təbii ki, soğan suyu çəkilən zədəli dəridə acışma mütləqdir. Lakin unutmayın ki, dəriniz sürətlə sağalacaqdır. 

Soğanın xərçəng əleyhinə vasitə olduğu haqqında tez-tez eşidirik.  Bu, mif deyil, həqiqətdir. Xüsusilə, beyin şişlərinə, qırtlaq və bağırsaq xərçənginə tutulma riskini azaldır. Güclü yaddaşa və sağlam sinir sisteminə malik olmaq istəyirsinizsə, soğan istifadə etməyi təxirə salmayın.  
Soğanın çox da bilinməyən bir digər xüsusiyyəti isə ağrıkəsicilik qabiliyyətidir. Gənəgərçək yağında qızardılmış soğanı ağrıyan nahiyəyə qoyun və üstündən sarıyın. Qısa zaman içərisində ağrılarınız möcüzəvi şəkildə yoxa çıxacaqdır.   Bir daha vurğulayım ki, bu soğanlar mütləq gənəgərçək yağında qızardılmalıdır. Çünki digər növ yağlarla qızartdığınızda bu nəticəni əldə edə bilməyəcəksiniz. 
Qədim zamanlardan bəri, soğan kasıbın çörəyinə etdiyi yavanlıq kimi şöhrət qazanıb.  Amma elm sübut edib ki, soğan cinsi aktivliyi artırır. Yüksək təzyiqi olanlar soğanla ehtiyatlı olmalıdır. Çünki soğan aritmiyaya səbəb olur, qan təzyiqini yüksəldir. 

İndi isə soğanın faydalarını sıralayaq: 
İmmuniteti yüksəldir; Tərkibində bitki mənşəli vitaminlər və minerallar olan soğan bir çox maddələrin orqanizmə təsir gücünü artırır. Məsələn; onun təsirilə C vitamini orqanizmdə aktivləşir. Bu da nəticədə, immunitetin yüksəlməsinə səbəb olur.  Yaraların və xəstəliklərin sağalma prosesi sürətlənir.  
Diabet  xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırır; Soğanın tərkibindəki aktiv maddələrdən biri də xromdur. Xromun diabetdən qaynaqlanan komplikasiyaları aradan qaldırdığı, təzyiqi nizama saldığı  məlumdur. 
İltihab əleyhinə vasitədir; 1 dilim soğan belə, orqanizmi infeksiyalardan qoruyur. İnfeksiyanın həcmi azaldıqca, iltihablanma da yoxa çıxır. Artrit, oynaq ağrıları, oynaq iltihablanmaları zamanı rasiona soğan daxil edilməsinin səbəbi budur. 
Ürəyin sağlamlığını dəstəkləyir;  Çiy halda yeyilən soğan yaxşı xolesterolun səviyyəsini artırır, təzyiqin  stabilləşməsinə xidmət edir. Bunlar da, ürək-damar sisteminin sağlamlığına faydalıdır. 
Xərçəngin qarşısını alır; Soğanda kversetin başda olmaqla, bol miqdarda falavonoidlər var. Bu maddələr DNT pozulmalarını aradan qaldırır, şişlərin əmələ gəlməsinə mane olur. Araşdırmalar göstərib ki, orqanizmində lazımi qədər kversetin olan qadınların bağırsaq və yumurtalıq xərçənginə tutulma riski digərlərinə nisbətən daha aşağıdır. 
Ağrıkəsicidir; Böcək dişləmələrində, yanıqlarda  ağrıları kəsmək üçün soğan suyu istifadə edilir. İltihab əleyhinə xüsusiyyəti sayəsində, soğan suyu arı vurmalarında da müsbət təsir edir. 
Antioksidantdır; Bütün meyvə-tərəvəzlər kimi, soğan da antioksidant təsirə malikdir. Stresslə mübarizə aparmaqda, sərbəst radikalların hərəkətini məhdudlaşdırmaqda, hüceyrələrin özünübərpasını dəstəkləməkdə orqanizmin ən yaxın köməkçilərindən biri də məhz soğandır. Araşdırmalar göstərib ki, hər gün soğan yeyənlərin qastrit, mədə xorası, mədə şişi kimi xəstəliklərə tutulma riski azalır. 

Sümük  dostu soğan; Soğandakı bol miqdarda kalsium sümükləri möhkəmləndirir. Kükürd isə toxumaların və vətərlərin güclü, sağlam olmasının təminatçısıdır. Kalsium və kükürd –ikisi birlikdə yaşlanma səbəbilə meydana çıxan sümük əriməsinin qarşısını alır. Qadınlarda klimaks dövründəki narahatlıqların asan keçməsinə zəmanət verir. 
Psixi sağlamlığı qoruyur;  Kükürd orqanizmdəki digər proteinlərlə bir araya gələrək, beyində amin turşularının ifrazını sürətləndirir. Bu təsir sinir sistemini yaxşılaşdırır. Depressiya, stress və bu kimi psixi narahatlıqların azalmasına səbəb olur. 
Həzm prosesini nizamlayır; Soğanda lif miqdarı yüksəkdir. Qida lifinin həzm prosesinə müsbət təsirlərini bilməyən yoxdur. Lazımi qədər lif olan orqanizmdən toksik maddələr sürətlə atılır. Nizamlı həzm prosesi orqanizmin ehtiyacı olan maddələrin daha  səmərəli şəkildə emal edilməsinin, mənimsənilməsinin açarıdır. 

Hər gün 1 soğan yeməklə həkim ziyarətlərini azalda bilərsiniz. Qoxusunu sevməyənlər soğan haqqında 2 dəfə düşünsələr, yaxşı olar. Çiy soğanı salatlarda, lap elə özünü salat əvəzinə yeyə bilərsiniz.  Ailənizdə soğan yeməyən biri varsa, bu videonu ona da göstərin. Fikrinin dəyişəcəyinə olan ümid böyükdür. 

Bahadur Seyidov / Demedia.az