Qaraciyəri məhv edən 9 QİDA



 12:03 07.02.2023     1350

Hər gün qəbul etdiyimiz qidalar qaraciyərimizi həmən öldürmür. Amma bu, o demək deyil ki, mənfi təsirləri az-az da olsa, ən böyük daxili orqanımızın məhvinə səbəb olmur.  Bu gün sizə qaraciyəri məhv etmək qabiliyyətində olan qidalardan danışacağam. 

Qaraciyərin orqanizmdəki vacib rolunu hamımız bilirik.  Mədə-bağırsaq traktatından keçən qidalardakı komponentlər orqanizm tərəfindən mənimsənilmək üçün, əvvəlcə, bu orqanda emala məruz qalır.  Həyati vacib maddələrin orqanizmin bütün guşələrinə çatması üçün qaraciyər dayanmadan işləyir. Qaraciyər, həmçinin, orqanizmin təmizlənməsində də əhəmiyyətli rola  malikdir.  Yediyimiz yeməklərin, yaxud hansısa xəstəlik səbəbilə içdiyimiz dərmanların bəziləri orqanizmi əməlli-başlı zəhərləyə bilir.  Qaraciyər məhz bu cür təhlükəli maddələri emaldan keçirərək daha az zərərli hala gətirir.  Qeyri-düzgün qidalanma, alkoqol, viruslar qaraciyərin işinə mane olmaqla yanaşı, onu xəstələndirirlər.  Buna görə də, orqanın sağlamlığı haqqında əvvəldən düşünmək yaxşıdır. Bunun üçün aktiv həyat tərzi keçirmək, zərərli vərdişlərdən imtina etmək,  mənfi təsir göstərən qidaları rasiondan xaric etmək, faydalı məhsullara üz tutmaq lazımdır. 

    Qaraciyərə zərər verən qidalar. 
Marqarin.  Marqarinin tərkibində heyvan mənşəli yağlar və ya balıq yağı, süd və böyük miqdarda müxtəlif qida əlavələri var.  Məhsulun əsas işlənmə istiqaməti sobada bişirilən yeməklər və ya şirniyyatlardır.  Amma bu, düzgün deyil.  Çünki bu zaman trans yağlar digər komponentlərin üstünü qabıq kimi örtür. Beləcə, həmin komponentlər orqanizm tərəfindən mənimsənilə bilmir.  Trans yağları neytrallaşdırmaq üçün orqanizm “gərgin rejim”də işləməyə məcbur olur.  Yaxşı olar ki, rasionunuzda marqarin əvəzinə təbii kərə yağı seçəsiniz. 
Konservlər.  Bu məhsullar, sözün əsl mənasında, qaraciyərin işinə mane olurlar. Onların tərkibində zərərli maddələr boldur. Yağ, sirkə və duz  siyahının əvvəlindədir. Adətən, konservlərə normadan iki dəfə, dəfə yarım çox duz qatırlar.  Belə çıxır ki, bir balıq əti konservində, yaxud tərəvəz konservində sutkalıq natrium normasını ödəyəcək qədər duz var.  Mədə-bağırsaq traktatında problem olan insanlara bu məhsulların qəbulunu dayandırmaq tövsiyə edilir.  Ürək-damar xəstəlikləri və sidik sistemi xəstəlikləri də konservlərin mənfi təsirindən öz “paylarını alır”.  Məhsulların mütəmadi qəbulu xəsarətin həcmini artırır. Ananas, ərik, çiyələk və s. kimi meyvə konservlərinin tərkibində isə şəkərin və ya şəkər siropunun miqdarı həddən çoxdur.  Bunları yeyən zaman təkcə qaraciyər deyil, xarici görünüş də zərbəyə məruz qalır. 
Yağlı yeməklər. Qaraciyərə, öd kisəsinə və öd suyunun fəaliyyətinə mane olan qidalar siyahısında yağlı yeməklər də var.  Ona görə də,  heyvan mənşəli, yaxud bitki mənşəli yağların qəbuluna nəzarət edilməlidir.  Salo, kolbasa, kərə yağı, ördək və donuz əti, yağlı ət yaxud tərəvəz həlimləri, yarımfabrikatlar, piroqlar və bu kimi bir çox qidalar daha çox o zaman təhlükəli olur ki, qızardılsın. Yaxşı olar ki, bu qida məhsullarını sobada, buxarda, yaxud isti suda bişirərək yeyəsiniz.  Kartof qızartması və çipsilərin yüksək miqdardakı qəbulu da məsləhət görülmür.  Qızarmış kartof orqanizmə  toksin daşıyır. 
Duz. Həddən artıq duz qəbulu qaraciyəri öldürməyə qadirdir.  Duzun çoxluğu hüceyrələrin ölümünə və fibroza səbəb olur. Sutka ərzində duzun qəbul norması 5 qr-dan çox olmamalıdır. Amma rasionumuzda duz o qədər çox olur ki, imtina etmək bəzən mümkünsüz gəlir.  Böyük hissəsini hazır və ya emal edilmiş məhsullar vasitəsilə qəbul edirik. Məsələn; kolbasalar, hisə verilmiş məhsullar, pendir, konservlər, çipsi və bir çox bu kimi məhsul duzla zəngindir.  Duzun çoxluğu orqanizmdə susuzluq da yaradır ki, bu da çəki artmasının ilkin səbəblərindən biridir.  Duzlu nəsə yedikdən sonra su içmək istəyimizin baş qaldırması məhz bundandır.  Maye balansını qoruyub saxlamaq üçün orqanizm var gücüylə işə qoyulur. 
Şəkər. Qaraciyərin sağlamlığını təhdid edənlərdən biri də şəkərdir.  Faktiki olaraq, istənilən qida məhsulunda şəkərlə rastlaşmaq olur. Sousların, yarımfabrikatların, süd məhsullarının, çörəyin, vitrindəki şirələrin,  tez hazırlanan səhər yeməklərinin, fərqli desertlərin tərkibində şəkər bol miqdardadır.  Həddən artıq şəkər qəbulu qaraciyəri gücə  salır. Gün ərzində nə qədər  çox şirin qida qəbul etsəniz, orqanizm o qədər çox insulin ifraz edir.  Artıq şəkərlərin yağa çevrilərək depolanması baş verir.  Qaraciyərin hüceyrələrində qlükoza üçün hər zaman lazımi qədər yer olmur. Buna görə, şəkərin yağa çevrilməsi daha da sürətlənir.  Bu, qaraciyərin yağlanması probleminin əmələ gəlməsində əsas faktorlardan biridir. 
Qazlı içkilər.  Qazlı içkilərin tərkibi 50%-dən çox rafinə edilmiş şəkər və karbohidratlardır.  Bunlar digər daxili orqanlar kimi, qaraciyərin işinə də mane olur.  Qazlı içkilərin tərkibində qarğıdalı siropunun olması istisna deyil.  Hansı ki, bu sirop sürətlə kökəlməyə səbəb olmaqla yanaşı, günbəgün qaraciyəri sıradan çıxarır.  Qazlı pəhriz içkilərinin bir çoxunun tərkibində külli miqdarda kimyəvi əlavələr var.  Bunlar içkini həm dadlı, həm də kalorisiz hala gətirmək üçün qatılır.  Bu cür içkinin uzunmüddətli qəbulu qaraciyər yağlanmasına səbəb olur. Rəngləndiriclər və dadlandırıcılar mitoxondrilərin disfunksiyasına gətirib çıxarır. Bu da orqanın böyüməsinin ilkin səbəblərindəndir. 
Şirniyyatlar.  Şirniyyatlar karbohidrat mənbəyidir. Rafinə edilmiş şəkər və süni dadlandırıcılar, digər qida əlavələri birlikdə süni toxluq hissi yaradır.  Lakin bu hiss uzunmüddətli olmur. Buna görə də, insanlar şirniyyatları ard-arda çox yeyirlər.  Nəticədə, çəki artır, qaraciyər gücə düşür və yağlanmağa başlayır. 
Acı ədviyyatlar.  Həddən artıq acılıq qaraciyərə toksik təsir göstərir.  Orqan dayanmadan öd suyu ifraz edir ki, onları emal etsin. Bu da qaraciyərin gərgin rejimdə işləməsi deməkdir.  Həddən artıq öd suyu isə növbəti etapda öd kisəsində daş əmələ gəlməsinə, yaxud qaraciyərin özünün zəhərlənməsinə səbəb olur. 
Alkoqollu içkilər. Qaraciyərə ən çox xəsarət yetirən alkoqollu içkilərdir. Onlar orqanı məcbur edir ki, ikiqat sürətlə işləsin. Etil spirti qaraciyərin parenxima hüceyrələrini öldürür.  Orqanın 60-80%-i, beləcə, xəsarət alır.  Alkoqollu içkilər turşu-qələvi balansını da pozur.  Bu da nəticədə hüceyrələrarası toxumaların iltihablanmasına gətirib çıxarır.  Qarciyərin şişməsi də alkoqolun verdiyi zərərlər sırasındadır. 

Qaraciyərə faydalı olan qidalar. 
Sarımsaq. Qaraciyərin fermentlərini aktivləşdirir.  Bu da orqanın həm özünü, həm də bütün orqanizmi toksinlərdən təmizləməsinə kömək edir.  Sarımsağın tərkibində təbii birləşmələr olan selen, kükürd  və allicin var.  Mütəmadi olaraq, sarımsaq yeyənlərin qaraciyərləri daha təmiz olur. Gün ərzində orta ölçüdə 1-2 diş sarımsaq yeməklə qaraciyərin işini dəstəkləyə bilərsiniz.  Amma bu, o demək deyil ki, gedib-gəlib sarımsaq yeməlisiniz.  Həddən artıq yeyilən tərəvəz də özüylə bərabər problemlər gətirə bilir.  Xüsusilə, mədə  sarımsaqdan daha çox əziyyət çəkir. 
Yulaf. Tərkibindəki beta qlükan sayəsində yulaf qaraciyərin özünü bərpa etməyinə kömək edir. Beta qlükan toxumaların daxildən yenilənməsi, immun sisteminin güclənməsi, iltihabi proseslərin qarşısının alınması üçün vacibdir. 
Avokado.  Tək doymuş yağlarla zəngin olan meyvə  qaraciyərin yenilənməsində mühüm rol oynayır.  Ekzotik meyvədə lif, antioksidantlar, vitamin və minerallar da  çoxdur.   Mütəmadi olaraq, avokado yeyiləndə orqanizmdə qlutation istehsal edilməyə başlayır. Qlutation zərərli maddələrin filtrlənməsində əsas faktordur. Eyni zamanda, qlutation qaraciyər hüceyrələrini sərbəst radikalların vurduğu xəsarətlərə qarşı daha möhkəm və müqavimətli edir. 
Qoz.  Tərkibindəki doymamış yağ turşuları ilə  metabolik proses zamanı əzələ hüceyrələrini gücləndirən, beləcə, qaraciyəri artıq güc sərf etməkdən qurtaran qoz antioksidantla da zəngindir. Bunlar da, öz növbəsində, qaraciyər hüceyrələrinin bərpasına kömək edir,  orqanı toksinlərdən təmizləyir. 
Yağlı balıqlar.  Balıq yağı qaraciyər fermentlərinin normal miqdarda olmasını dəstəkləyir. Əgər yağlı balıq yeyə bilmirsinizsə, apteklərdə və marketlərdə satılan “balıq yağı” qida əlavəsindən istifadə etmək şansınız var. 

Bahadur Seyidov / Demedia.az