Təzə əncir, yoxsa quru əncir? - Araşdırma



 11:02 08.02.2023     1119

Ləzzəti ilə ağızları sulandıran əncir şəfa mənbəyidir.

Yay aylarında təzə-təzə yeyilən möcüzə meyvənin qurusu soyuq qış aylarında dadımıza çatır. Qida dəyəri olduqca yüksək olan əncir qış mövsümündə bronxial öskürəklərin qarşısını alır, bəlğəmgətirici kimi çıxış edir. Tərkibindəki bol vitamin və minerallar sayəsində insan sağlamlığına faydalı olan əncir məhlulu da  soyuq havalarda qarşılaşdığımız problemlərin aradan qaldırılmasında effektivdir. 

Yağ səviyyəsi aşağı olan əncir ürək-damar sisteminin sağlamlığını qoruyur. Kaliumla zəngin olması səbəbi ilə təzyiqi stabilləşdirir, bu da ürəyin işinin normallaşmasına xidmət edir. 

Orqanizmi təmizləyir. Əncir tərkibindəki antioksidantlar sayəsində  qanın və bağırsaqların təmizlənməsində təsirli rol oynayır. Eyni zamanda, yetkin insanlarda yaranacaq göz və ya tənəffüs sistemi xəstəliklərinə qarşı immunitet yaradır. 
Mədə narahatlıqlarını azaldır.  Əncirdə bol miqdarda lif var. Bu, onun “mədə dostu” olmasının səbəbidir. Aparılan araşdırmalarda mədə xorası, qastro-ezofageal reflyuks xəstəliyi, qastrit kimi mədə problemlərində əncirin müsbət təsir etdiyi aşkar edilib. 

Dəri xəstəliklərinə müalicəvi təsir göstərir. Əncirin tərkibindəki antioksidantlar dərinin sağlamlığında da effektivdir. Sızanaq, səpki kimi problemlərdən, mütəmadi olaraq, əziyyət çəkənlər əncir əzməsini nahiyəyə çəkməli, 20 dəqiqə  nahiyəni aramla ovmalıdır. Bu prosedur dərini təmizləməyə xidmət edir. 
Saçı qidalandırır. Maqnezium və C vitamini ilə zəngin əncir saç tökülməsinin qarşısını alır, həcmini və parlaqlığını artırır. Saç köklərini qidalandırır, baş dərisini təmizləyir. 
Osteoparoz, eqzema, pullu dəmrov, diabet kimi xəstəliklərin müalicəsində effektivdir. Əncir uyğun porsiyalarda yeyildiyində tərkibindəki liflər sayəsində şəkər ehtiyacını azaldır. Bu da diabet xəstələrinə yaxşı təsir edir. 
Təzyiqi aşağı salır. Yüksək təzyiqdən əziyyət çəkənlər rasionlarına əncir daxil etməklə həyat keyfiyyətlərini yaxşılaşdıra bilər. 

Əncir hamiləlikdə də faydalıdır. Hamilə qadınların sağlamlığının qorunması, dölün inkişafı da əncirin hünərləri sırasındadır. Hamiləlikdə orqanizmin və dölün ehtiyac duyduğu sink, kalium, kalsium, dəmirin də müəyyən faizini əncir qarşılaya bilir. Bundan əlavə, əncir qadınların yumurtalıqlarının inkişafını da sürətləndirir. 
Əncir kişi sağlamlığına da xeyirlidir. Spermanın keyfiyyətini yüksəldir, cinsi aktivliyi artırır. 
    Təzə əncirin faydaları bunlardır: 
-Dəridəki səpkiləri və sızanaqları yox edir; 
-Klimaks keçirən qadınların immunitetinin aşağı düşdüyü, hormon balansının pozulduğu məlumdur. Məhz bu dönəmdə yeyilən təzə əncir qadınların immunitetini yüksəldir. 
-Tərkibindəki K vitamini və kalsium sayəsində əncir sümükləri möhkəmləndirir, dişlərin sağlamlığını qoruyur; 

Quru əncirin faydaları bunlardır:
-Malik olduğu kalium ilə əncir təzyiqi stabilləşdirir.  Təzyiqin qəfil qalxma riski varsa, rasiona quru əncir daxil edilməlidir. 
-Quru əncir ürək-damar  sisteminin sağlamlığını dəstəkləyir. 
-Quru əncir təzə əncirə nisbətən daha çox liflə zəngindir. Bu da mədə-bağırsaq traktatının fəaliyyətini nizamlayır. 
-Quru əncir yeyildiyində toxluq hissi yaradır. Beləcə, arıqlamaq istəyənlər ürəklə quru əncirə müraciət edə bilərlər. 
-Alzeymer riskini aşağı salır, yaddaşı gücləndirir. 

    Təzə əncir, yoxsa quru əncir? 
    Bu sualın cavabı mövcud şərtlərdən asılıdır. Həmçinin, ağız dadı da burda önəmlidir. Pəhrizlərdə təzə, yaxud quru olmasından asılı olmayaraq, porsiyalarda bərabər saylarda qəbul edilir. Əsl fərq çəkilərindədir; təzə əncir sulu, quru əncirin isə suyu çəkilmiş olur. Bundan əlavə, araşdırmaçıların dediyinə görə, təzə əncir qurusuna nisbətən C, A vitamini, beta-karoten ilə daha çox zəngindir.  Gördüyünüz kimi, faydalılıq dərəcəsinə görə, cüzi fərqə malikdirlər. 
    
    Əncirin zərərləri: 
    Bütün qidalar kimi, bəzi vəziyyətlərdə əncir də zərərli ola bilər. Quru əncirin tərkibində yüksək miqdarda fruktoza var. Həddən artıq yeyildiyində qaraciyər yağlanmasına səbəb ola bilər. İmmuniteti möhkəmləndirsə də, normadan artıq qəbulu orqanizmə “dost bakteriyaları” öldürə bilər. Allergik həssaslığa malik orqanizmlərdə müəyyən narahatlıqlar yaradar. Bunlarla rastlaşmamaq üçün ənciri nizamlı şəkildə yemək lazımdır.  
    Bununla yanaşı, elm adamları bəzi məqamlarda əncirə ehtiyatla yanaşmağı məsləhət görür. 2010-cu ildə aparılan bir araşdırmaya görə, kauçuk ağacına və tozağacına qarşı allergiyası olan insanların əksəriyyəti əncirə qarşı da həssas olur.  Qurudulmuş və ya təzə əncir K vitamini baxımından da zəngindir. K vitamini təbii qan qidalandırıcıdır. “Varfarin” kimi qan durulducu dərmanlardan istifadə edirsinizsə, hər gün əncir yemək, dolayısı ilə, K vitamini qəbul etmək zərərlidir. 
    Əncirin bağırsaqları yumşaltmaq bacarığı da şərtlərdən asılı olaraq fayda və ya zərər verə bilər. Belə ki, kimdəsə qəbizliyi aradan qaldıran əncir bir başqasında ishal yaradar. 

Bahadur Seyidov / Demedia.az