Xurma orqanizmdə nələr edir? - Araşdırma



 11:01 14.02.2023     1264

Xurma qədim zamanlardan qidalanmanın bir hissəsi sayılıb. Uzun müddət Yaxın Şərq əhalisinin və Şimali Afrika əhalisinin qidasının əsasını məhz xurma təşkil edib.  

Onlar bu qənaətdə olub ki, xurmanın tərkibində insan orqanizminə lazımlı bütün maddələr var. Xurma ağacı o qədər asan yetişdirilir ki, hazırda, demək olar, planetin hər yerində bu ağaclara rast gəlmək mümkündür.   “Bibliya”da və “Quran”da haqqında danışıldığı üçün xurma bəzi inanclarda “müqəddəs meyvə” sayılır.  

Xurmanın faydaları. 

Meyvənin faydalılıq dərəcəsi zəngin kimyəvi tərkibinə əsaslanır. Onun tərkibində bunlar var: 
A, C, K, PP, B qrupu vitaminləri; 
Dəmir, maqnium, kalsium, sink, fosfor və s.;
Niasin (nikotin turşusu); 
Riboflavin; 
Pantoten turşusu; 
23 növ amin turşuları; 
Protein;
Taninlər; 
Qida lifi; 
Sellüloza; 
Fruktoza; 
Zülal;
Yağ; 
Xurmanın qida dəyəri 100 qramda 275 kkal-dir.  Xurma qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır, karbohidratların  mənimsənilməsini və emalını asanlaşdırır.  Tərkibindəki minerallar sayəsində orqanizmin sutkalıq kükürd, maqnium, mis ehtiyacını ödəyir. Yetər ki, sutka ərzində, cəmi, 10 xurma yeyilsin. 
Qida lifləri və pektin bir çox onkoloji xəstəliklərə tutulma riskini aşağı salır, həzm sisteminin işini dəstəkləyir. Sellüloza  qidaların həzm olunmasını stimullaşdırır, qəbizliyi aradan qaldırır.  Qeyd etmək vacibdir ki, xurmanın tərkibində xolesterin yoxdur.  
Xurmadakı antioksidantlar sərbəst radikalların orqanizmdəki fəaliyyətinin qarşısını alır. Karotenoidlər ürəyin işini normallaşdırır, gözlərdə yaranacaq hər hansı problemin önünə keçir. Xurma iltihabi prosesin irəliləməsinə mane olur,  diabetin və alzeymerin kəskinləşməsinə imkan vermir. Tərkibində yüksək miqdarda karbohidrat olmağına baxmayaraq, meyvə bol kalorili sayılmır.  Pəhriz proqramlarında şirniyyatların xurma ilə əvəzlənməsinin səbəbi budur. 
Qədim insanlar inanırdılar ki, xurma həyat enerjisi verir, gücü artırır, gümrahlıq verir, orqanizmin xəstəliklərlə mübarizə aparmasına kömək edir, aclıq hissini gecikdirir. Soyuqdəymə və hər hansı mövsümi xəstəlikdən sonrakı günlərdə xurma yemək orqanizmin özünübərpasını sürətləndirir. 
    Doyurucu olan meyvə orqanizmi bir çox komponentlərlə təmin edir, aclığı sürətlə yox edir. Gərgin iş prosesində, uzun yol gedərkən yeyilən xurma  orqanizmə yenidən güc qazandırır, beynin fəaliyyətini yaxşılaşdırır. Meyvənin tərkibində bol miqdarda maqnium və kalium var.  Məhz buna görə də, ürək-damar sistemində problem olanlara xurma   yemək tövsiyə edilir. 
    Xurma qurusu da təzəsi qədər faydalıdır.  Elmi cəhətdən sübut olunub ki, xurma qurusu baş beyinin  və mərkəzi sinir sisteminin  işinə müsbət təsir edir.  Bundan əlavə, xurma qocalığı ləngidir, əhval-ruhiyyəni yüksəldir, yuxu rejimini  nizama salır. 
    Xurmanın faydalarını, qısaca olaraq, belə sistemləşdirmək olar: 
-immuniteti möhkəmlədir və orqanizmin özünüqoruma gücünü artırır; 
-arterial təzyiqi normaya salır, ürək-damar sisteminin fəaliyyətinə dəstək olur; 
-qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır; 
-eritrositlərin konsentrasiyasını yüksəldir; 
-həzm sisteminin işini normallaşdırır; 
-mədə yanmasını aradan qaldırır; 
-sümükləri, dişləri və dırnaqları möhkəmləndirir; 
-iş qabiliyyətini, dözümlülüyü artırır, enerjini yüksəldir; 
-infarkt və insult riskini aşağı salır; 
-zehni qabiliyyəti yüksəldir; 
-görmə qabiliyyətini yaxşılaşdırır, göz yorğunluğunun dərəcəsini azaldır; 
-antibakterial  kimi çıxış edir; 

    Müxtəlif xəstəliklər zamanı xurmanın qəbul edilməsi. 
    Hərtərəfli faydalı olan xurma xalq təbabətində geniş istifadə olunur. 
Hipertoniya zamanı. Əgər qanda şəkərin səviyyəsi normadadırsa, hər gün səhər yeməkdən 30 dəq qabaq 50-100 qr xurma yemək məsləhətdir. Müalicə kursu 3 həftədir. Sonra 10 gün fasilə verin, ardınca kursu təkrarlayın. 
Qəbizlik zamanı.  5 xurma qurusunu yuyun, yarım litr distillə edilmiş suya əlavə edin, vam odda kompot  kimi qaynadın.  Məhlulu soyudun, hər səhər acqarına 1 stəkan için. Zövqə görə, məhlula yulaf əzməsi qataraq 25-30 dəq gözləmək, səhər yeməyi əvəzinə yemək də olar. 
Quru öskürək və sinədə xışıltı zamanı. 10 xurmanı yuyun, yarım litr distillə edilmiş suya əlavə edin, vam odda 1 saata qədər qaynadın. Məhlulu isti halda qəbul etmək lazımdır. Bundan əlavə, 5-6 xurmanı 1 stəkan təzə südə qataraq içməklə də adı çəkilən narahatlıqlardan yaxa qurtarmaq olar. 
Miqren zamanı. Miqrenin ən asan müalicə üsulu boyunu və kürəyi masaj eləməkdir. Hər gün yaşıl çin çayı içmək, 50 -100 qr xurma yemək də miqren ağrılarından yaxa qurtarmağın əlçatan üsullarındandır. 
Mədə problemləri zamanı. 1 stəkan distillə edilmiş suya 5  ədəd yuyulmuş xurma əlavə edin, vam odda 15 dəq qaynadın.  Soyuyana yaxın meyvənin çiyidlərini və qabığını çıxarın.  Məhlula bir çimdik şəkər tozu qatın. Alınan qarışımı 1 stəkan bişmiş  düyünün üzərinə əlavə edin və desert əvəzinə yeyin. Gündə 1 dəfə qəbul edilən xurmalı düyü mədə narahatlıqlarına son verməklə yanaşı, baş ağrılarını da yox edəcək. 
Aritmiya və ürək xəstəlikləri zamanı.  Ürək döyüntünüz çoxdursa, yaxud sinənizdə qəribə, narahatedici ağrılar hiss edirsinizsə, xurma burda da köməyə çatır. 2 xurmanı 2 çay qaşığı bala qatın və yeyin. Bunu hər gün edin. 
Meteorizm zamanı. Xurmanı üyüdün,  2:1 nisbətində toz halındakı qara zirə ilə qatın. Bu qarışım qazəmələgəlmə prosesinin qarşısını almaqda mahirdir.  Problem aradan qalxanadək gündə 1 dəfə bu qarışımdan qəbul etsəniz, yaxşı olar. 
Bağırsaqların yaxşı işləməsi üçün. 5 xurmanı yuyun, xırdalayın, 1 çay qaşığı əridilmiş kərə yağı, 2 çimdik qara istiot ilə qarışdırın.  Qarışımı səhər tezdən,  ən yaxşısı, saat 05:30-dan 06:30-adək olan vaxtda qədər qəbul edin. Çünki qarışımın qəbulundan sonrakı 2 saat ərzində yemək və içmək qadağandır.  Qarışım bağırsağın işini stimullaşdıracaq, onun mənimsəmək qabiliyyətini artıracaq, “çölə çıxmağı” rahatlaşdıracaq,  əzələləri tonuslaşdıracaq, toxumaları qidalandıracaq. 
Möhkəmləndirici vasitə. Xurmanı, qara alçanı, zəncəfili, darçını, dəvətikanını bərabər miqdarlarda götürün. Onlara az miqdarda bal əlavə edin və vam odun üzərinə qoyun. Kokos südü əlavə edərək 10 dəq qaynadın, sonra alınan qarışımı mürəbbə kimi yeyin. 

Hər gün 1 xurma yesəniz, nə baş verər? 
Hər gün 1 xurma yemək insan orqanizminin bütün nahiyələrinə, orqanlarına  faydalıdır. 
Həzmi yaxşılaşdırır. Xurmada qida lifi vardır. Bu lif həzm sisteminin işi üçün olduqca vacibdir. Xurmanın qəbulu qəbizliyin əmələ gəlməsinə mane olur, bağırsaqların təmizlənməsinə xidmət edir. 
Sümükləri möhkəmlədir. Tərkibindəki faydalı minerallar sayəsində  xurma sümüklərə faydalıdır. O, sümük çatı və digər bu kimi problemlərin meydana çıxmasına imkan vermir, problem varsa, sürətlə həll edir. 
Stressi azaldır. B6 vitamini sayəsində orqanizm sürətlə  noradrenalin və serotonin hormonları ifraz etməyə başlayır. Onlar da, öz növbəsində, baş beyinin sağlamlığının keşiyində dayanırlar. Gündəlik xurma qəbulu stresslə mübarizədə insana çox kömək edir, depressiyaya düşməyə qoymur. 
Enerji verir. Zəngin tərkibə malik xurma insana enerji verir. Belə ki, fiziki gərginlikdən və ya xəstəlikdən  sonra xurma yeməklə, insan qısa müddətdə  gümrahlığını geri qazana bilir. 
Allergiyanın dərəcəsini azaldır. Mövsümi allergiyalar bir çox insanın həyat keyfiyyətini aşağı salır. Hər gün 3 xurma yemək bu cür allergik reaksiyaların intensivliyini azaldır. 
Ürək-damar sistemi xəstəlikləri riskini minimuma endirir. Bəli, hər gün xurma yemək ürəyi möhkəmləndirir, damarları qoruyur.  Xurma triqliseridlərin miqdarını azaldır, orqanizmin hər guşəsinə oksigen çatdırılmasında yaranan gecikmələri aradan qaldırır.

Zərərləri və əks təsirləri. 

Praktiki olaraq, xurmanın heç bir zərəri yoxdur. Amma bununla belə, bəzi hallarda onun qəbulunu dayandırmaq məsləhətdir: 
Şəkərli diabet; 
Mədə-bağırsaq traktatının kəskin xəstəlikləri; 
Dişdə kariesə meyillilik çoxdursa; 
Artıq çəki; 
İndividual həssaslıq; 

Bu amilləri nəzərə almadan xurma yemək qaraciyəri gücə salmaq deməkdir. Bundan əlavə,  xurmanın yaratdığı narahatlıqlar sırasında ürəkbulanma, baş ağrıları, yüksək arterial təzyiq də var. 

Bahadur Seyidov / Demedia.az