Ən məşhur sitrus meyvəsi hansıdır? - Araşdırma



 11:02 15.02.2023     1526

Bu gün sizə mandarinin faydalarından və zərərlərindən danışacağam. Mandarin sitrus meyvələrindən ən məşhur olanıdır.

Onun vətəni Şimal-Şərqi Hindistan hesab olunur. Meyvələr şirinliyinə və həcminə görə, bir-birindən fərqlənir.  Bəzən qarşımıza hər dilimində tum olan mandarin çıxır. Bəzən isə, ümumiyyətlə, tumu olmayan meyvə ilə rastlaşırıq... 

Yetkin mandarin ağacının uzunluğu 7 metrədək çata bilər. Həmişəyaşıl sayılacaq bu ağacların çiçəkləri ağ olur. İlk 5 ildə ağac bar vermir. Sonra isə, təxminən, 12 il müddətində ondan meyvə yığmaq mümkün olur. Mandarin ağacı tez-tez digər sitrus ağaclarla calaq edilir. Hibrid sortlar məhz bu cür əldə olunur. Hazırda dünyada 450 növdən çox mandarin var. Hər biri də ayrı dada, ayrı  ölçüyə malikdir. 

Faydaları və qəbul edilməsi. 

Turşularla, A, D, K vitaminləri ilə zəngin olan mandarin kalium, maqnium, dəmir, fosfor, natrium, kalsium kimi minerallara da malikdir. Mandarində təbii antiseptik olan fitonsidlər var. Qabığının 1-2%-i efir yağından ibarətdir. Həmçinin, mandarin qabığında karoten piqmentinə də rast gəlinir. Qış mövsümündə yeyilən meyvə orqanizmi vitaminlə təmin edir. Eyni zamanda, malik olduğu yüksək C vitamini sayəsində immuniteti gücləndirir. 
    Mandarin qabığı ilə dəmlənən çay bəlğəmgətiricidir. Digər sitrus meyvələri kimi, mandarinin də qızdırmanı salmaq və soyuqdəyməni aradan qaldırmaq qabiliyyəti var. Xalq təbabətində məşhur olan müalicəvi vasitəni hazırlamaq üçün mandarinin qabığından və yarpağından daha çox istifadə edilir. 
Soyuqdəymə zamanı.  Soyuqdəyməni aradan qaldırmaq üçün mandarin qabıqlarından hazırlanan buxar vannası effektivdir. Mandarin qabıqlarında piridin adlı maddə var ki, orqanizmi viruslardan qoruyur. Eyni zamanda, iltihab əleyhinə və allergiya əleyhinə vasitədir. İnqalyasiya üçün çox da qalın olmayan qabıqları seçin. Bu qabıqların quru olması daha yaxşı olar. Qabıqları qaynar suya atın, orda yumşalmasını gözləyin. Sonra 10-20 dəq həmin suyun buxarı ilə inqalyasiya edin. Çalışın ki, burnunuzun sağ və sol dəliklərilə eyni anda yox, növbəli şəkildə nəfəs alasınız. Bir də, unutmayın ki, buxar vannasından sonra müəyyən müddət soyuğa çıxmaq olmaz. Ən azından, 1 saat isti mühitdə qalmağı seçin. 
Qrip zamanı. 20 təzə mandarin yarpağını üyüdün. Bunun üçün həvəngdəstəni də seçə bilərsiniz, blenderi də... Üyüdülmüş yarpaqları 3 stəkan keyfiyyətli arağa əlavə edin. Qarışımın ağzını bağlayın və 2 həftə qaranlıq yerdə saxlayın. Sonra qarışımı cuna ilə süzün. 30-40 damcı bu məhluldan 1 stəkan suya damcıladın. Gündə  3 dəfə yeməkdən sonra  için. 
Öskürək zamanı. 
Resept 1: Nəfəs almadakı narahatlıqdan yaxa qurtarmaq üçün təzə mandarinin qabıqlarından istifadə etmək lazımdır. Qabıqları xırdalayın. 2 xörək qaşığı xırdalanmış qabığı yarım stəkan qaynar suya əlavə edin. Vam odda, təxminən, 10 dəq qaynadın. Sonra oddan götürün, ağzını bağlayın və gözlədin. 1 saatdan sonra qarışımı cuna ilə süzün. Bu qarışımdan gündə 4 dəfə, hər dəfə 2 xörək qaşığı olmaqla yeməkdən 20 dəq əvvəl qəbul edin. 
Resept 2: 20 qr üyüdülmüş mandarin qabığını şüşə qaba tökün və üstünə 1 stəkan keyfiyyətli araq əlavə edin.  Ağzını bağlayın, 7 gün qaranlıq şəraitdə saxlayın. Sonra qarışımı cuna ilə süzün. Hazır məhluldan gündə 3 dəfə, hər dəfə  20 damcı olmaqla yeməkdən qabaq qəbul edin. 
Bronxit zamanı. 1 fincan qaynar suya 20 qr üyüdülmüş quru mandarin qabığı əlavə edin. Vam odda 10 dəqiqədən artıq olmayaraq qaynadın.  Oddan götürdükdən sonra 1 saat gözlədin, ardından cuna ilə süzün.  Hazır isti məhlulu gündə 3 dəfə, yeməkdən 30 dəq əvvəl içmək lazımdır. 
Ağızdakı iltihablanmalar və infeksiyalı yaralar zamanı. Ağız boşluğunu yaxalamaq üçün  məhlul mandarin yarpağından hazırlanır. 10 mandarin yarpağını xırdalayın, 2 stəkan qaynar suya əlavə edin. Ağzını bağlayın, 2 saat gözlədin.  Cuna ilə süzün və yeməkdən sonra stəkanın 1⁄3-i qədər  götürüb ağzınızı yaxalayın. 
Həzm prosesini normallaşdırmaq üçün. Quru mandarin qabıqlarını qaynatmaq da olar, qaraçaya əlavə etmək də...  Bu içki mədə-bağırsaq traktatını dezinfeksiya edir, həzm sisteminin işini normallaşdırır. Arıqlamaq istəyənlər günün əsas yeməyindən sonra mandarin dəmləməsi içsələr, arzuladıqları nəticəni qısa zamanda əldə edəcəklər. 
Mastit zamanı. Öncə qeyd edim ki, mastit süd vəzilərinin soyuqlamasıdır. Bu zaman nahiyədə xoşagəlməz mikroflora əmələ gəlir. Mandarin qabıqları  həmin mikroflora ilə mübarizədən qalib çıxa bilir. Buna görə də, mandarin qabıqlarından hazırlanan məhlulu təhlükəsiz vasitə kimi ürəklə istifadə etmək mümkündür. 50 qr üyüdülmüş quru mandarin qabığı, 10 qr üyüdülmüş  biyan kökü götürün. İnqridientləri qarışdırın,  2 stəkan qaynar suya əlavə edin.  Ocağın üstünə qoyun və qaynayanda götürün. Sonra odu söndürün, ağzını bağlayaraq  1 saat dəmlənməyini gözləyin.  Gün ərzində 2 dəfə, hər dəfə 1 stəkan olmaqla ilıq halda için. Aram-aram döş nahiyəsinin sağaldığını görəcəksiniz. 
Mikoz zamanı. Əgər göbələk infeksiyası yayılmağa başlayıbsa, mandarin qabıqlarından yağlı, yaxud spirtli məhlul hazırlamağa tələsin. Araqla məhlul 10 sutkaya hazır olur.Onu hazırlamaq üçün bir neçə mandarinin qabığını soymaq lazımdır.  Sonra qabıqları üyüdün və keyfiyyətli spirtə qatın. Hazır məhluldan gündə 3 dəfə, hər dəfə 1 çay qaşığı olmaqla  daxilə qəbul edin. Məhlul damarlardakı göbələk infeksiyalarını təmizləyir. Beləcə, zədəli nahiyə  özünə lazım olan qidanı ala bilmir və infeksiya yox olmağa başlayır.  Yağlı məhlulu hazırlamaq üçün  zeytun yağı ən yaxşısıdır. Amma əlinizdə zeytun yağı yoxdursa, adi günəbaxan yağından da istifadə etmək olar.  Hazır olması üçün 1 ay lazım olan bu məhlul daxilə qəbul edilmir. Onu mikoz olan nahiyəyə çəkməlisiniz. Vasitənin verəcəyi nəticəni çox gözləmək lazım gəlmir. Belə ki, 3-4 həftəyə göbələyin izi də qalmır. 
Yuxusuzluq zamanı. Mandarinin qabığındakı efir yağı sinir sisteminin sağlamlığına xidmət edir. Sinirləri sakitləşdirir, yuxu rejimini normallaşdırır.  Yuxusuzluğun əsas səbəbləri sırasında sinir gərginliyi  də var. Bu zaman ürək tez-tez döyünür, insan  əsəbiləşir. Yaxşı olar ki, yatmazdan qabaq ayaqlarınızı mandarin qabığı qatılmış su ilə vanna edəsiniz. 1 stəkan təzə, yaxud qurudulmuş mandarin qabığı götürün. Onu 3 litr qaynar suya əlavə edin. Sonra qarışımı vam odun üstünə qoyun, qaynara düşən kimi götürün. Təxminən, 1 saat qarışımı ağzı bağlı halda saxlayın. Sonra cuna ilə süzün və ayaqlarınızı vanna edin.  Proseduru yatmazdan 1 saat əvvəl, günaşırı olaraq təkrarlayın. Suyun temperaturu 37-380C olmalıdır. 
Ziyil əleyhinə. Bu zaman sizə turş mandarin lazım olacaq. Orta ölçülü mandarin  qabığı və tumları ilə birgə istifadə edilməlidir. Kiçik bir fincana bir az sirkə tökün. Mandarini əzərək sirkəyə qatın və qatılaşana qədər qarışdırın. Alınan qarışımı ziyilin üzərinə yaxın. 15-20 dəq gözləyin.  Bir neçə belə prosedurdan sonra ziyillər yoxa çıxacaq. 

Sakitləşdirici vanna. 
Miqren tutmaları, nevroloji narahatlıqlar, yuxusuzluq kimi hallarda məsləhət görülür ki,   sitrus meyvələrinin qabıqları ilə vanna qəbul edilsin. 1 prosedur üçün, hardasa, 3 meyvənin qabığı lazımdır. Qabıqları üyüdün və şirəli qaba tökün. Üzərinə 1 litr qaynar su əlavə edin. Ağzını bağlayın və dəmlənməyini gözləyin.  Elə ki, hazır oldu, hamam vannasındakı suya qatın və sakitləşdirici vannanı qəbul edin. 

Vitaminli içki. 
    Limon və mandarin qabıqlarını heç  vaxt atmayın. 1 mandarini və 1 limonun qabığını şirəçəkəndən keçirin. Alınan şirəni 1 stəkan filtrdən keçmiş suya qatın və vitaminli içkini əldə edin.  Zövqə görə, bu içkiyə banan dilimi, kətan toxumu, hətta iyli kərəviz yarpağı da əlavə edə bilərsiniz.  

    Zərərləri və əsk təsirləri. 
    Faydalılıq dərəcəsinin yüksək olmasına baxmayaraq, bəzi hallarda mandarinlə ehtiyatlı davranmaq lazımdır. Sitrus meyvələrinin tez-tez allergiyaya səbəb olduğu artıq heç kimə sirr deyil. Ona görə də, 2-3 yaşından aşağı uşaqlara sitrus meyvələrinin verilməsi məsləhət görülmür.  
-Mandarinin malik olduğu bol miqdarda C vitamini mədədə qıcıqlanma yarada bilər.   Əgər mədədə yara və s. bu kimi narahatlıqlar varsa, mandarin yeməzdən əvvəl həkimlə məsləhətləşmək yaxşı olar. 
-Mədə-bağırsaq traktatındakı hər hansı orqanın soyuqdəyməsi zamanı mandarinin qəbulu dayandırılmalıdır. Həmçinin, meyvənin acqarına yeyilməsi də məsləhət deyil. 
-Mandarin şəkərli diabetdən əziyyət çəkən insanlarda narahatlıqlar yarada bilir. Çünki onun ləzzətli dilimlərində böyük miqdarda saxaroza var. Şəkər xəstələri mandarini çox az, cəmi, bir neçə dilim yeməli,  özlərini narahat hiss etdiklərində isə, ümumiyyətlə, rasiondan çıxarmalıdırlar. 
-Hepatit, xolesistit, nefrit xəstələri də mandarin yeməməlidirlər. Meyvənin tərkibində böyük miqdarda A vitamini və karoten var. Hər ikisi də qaraciyər hüceyrələrində toplanmağa meyillidirlər. Əgər orqan hər hansı xəstəlik səbəbiylə zəifləyibsə, bu depolanma  onu daha da zədələyə bilər. 

Bahadur Seyidov / Demedia.az