Nanənin möcüzəvi faydası - Araşdırma



 12:03 15.02.2023     1587

Hələ qədim zamanlardan bir çox bitkilərdən tibbdə müalicəvi vasitə kimi istifadə ediblər.

Belə məşhur bitkilərdən biri də nanədir. O, təkcə dərman vasitəsi kimi deyil, kosmetologiyada və kulinariyada da geniş istifadə olunub.  Adi qaraçay yerinə nanə çayı içməyi sevənlər çoxdur. Amma bu bitkinin qəbulu bəzi hallarda əks təsirlə nəticələnə bildiyindən, ondan  ölçülü şəkildə istifadə etmək məsləhətdir.  Nanənin tərkibində bol miqdarda vitamin var. Bu  səbəbdən də, orqanizmdə yaranan bəzi narahatlıqlar zamanı nanə köməyə çatır.  

Nanənin dəmlənməsi və qurudulması üsulları çox adamı maraqlandırır. Məhz buna görə də, müxtəlif xəstəliklər zamanı  nanənin qəbuledilmə üsulları haqqında video hazırlamağa qərar verdim. 

Nanənin qısa tarixi. 

Bitkinin faydaları hələ qədim zamanlardan insanlara məlum idi.  Onunla bağlı ilk yazılı mənbələr qədim Misir xanədanlıqlarına aiddir. Qədim Romada nanənin köməyilə mədə-bağırsaq traktatı xəstəliklərini, həmçinin, dəridəki səpkiləri müalicə edirdilər.   Bitkidən tonuslaşdırıcı kimi və bədənin müqavimətini artırmaq üçün istifadə olunub.  Nanə suyu havanı təmizləyir. Bəzi filosoflar nanə yarpağı çeynəməyi adət etmişdilər. Onlar düşünürdülər ki, bitkinin yarpağı beyin damarlarını açır.  Qədim mədəniyyətlərdə nanənin pis ruhları evdən uzaq tutduğuna dair inanclar da mövcud idi.  Digər bir inanca görə, gənc qızlar yastıqlarının altına nanə qoyub yatarsa, yuxuda gələcək həyat yoldaşını görür. 
    Demək olar ki, hər bir evdə qurudulmuş nanə yarpağı var.  Nanənin faydaları çoxdur. Məşhurluğunu tərkibindəki vitamin və mineral zənginliyinə borcludur.  Qoxusu və dadından əlavə, nanədən hazırlanan bir çox məhlul və vasitə də insanların köməyinə çatır.  Tərkibindəki əsas elementlər bunlardır: 
-suda həll olunan B qrupu vitaminləri və C vitamini; 
-keyidici xüsusiyyətə malik olan təbii birləşmələr; 
-antioksidantlar; 
-beta-karoten; 
-təbii turşular; 
-mikroelementlər (fosfor, maqnium, natrium və s.); 
-bitki mənşəli zülal; 
-qida lifləri; 
-qətran; 
-şəkər; 
    Təbiətdə nanənin bir neçə növü mövcuddur. Onlar bir-birindən kimyəvi tərkibinə, ölçülərinə və qoxusuna  görə fərqlənir.  Daha geniş yayılanı acı nanədir. Onu geniş əkin sahələrində və həyətyanı bağçalarda əkib-becərirlər. 
    Nanənin orqanizmdə gördüyü işlərdən bəzilərini xüsusi qeyd etmək lazımdır: 
Ağrıları azaldır və iltihabı minimuma endirir; 
Qan təzyiqini  və damarların periferik müqavimətini aşağı salır; 
Stressi aradan qaldırır, sakitləşdirir, sinir sisteminin işini normallaşdırır; 
Mədə-bağırsaq traktatı orqanlarının fəaliyyətini nizama salır; 
Öd suyu ifrazını stimullaşdırır; 
Yaddaşı gücləndirir, beynin funksiyasını yüksəldir; 
Virus səbəbilə yaranan xəstəliklərlə mübarizə aparmağa kömək edir; 
Şişkinlikləri aradan qaldırır; 
Saçları və dırnaqları möhkəmləndirir; 
Ağızdakı pis qoxularının qarşısını alır; 
İştahı azaldır; 
Bədxassəli şişlərin bölünməsinin və inkişafının qarşısını alır; 
Müxtəlif infeksiyalardan sonra sağalma prosesini sürətləndirir; 
Hormonal balanslaşmanı təmin edir, klimaks zamanı arzuolunmaz simptomların qarşısını alır; 
Pnevmaniya və digər ağciyər xəstəliklərini yüngülləşdirir;
Dərinin ümumi vəziyyətini yaxşılaşdırır, səpki və sızanaqları yox edir; 
Ginekoloji xəstəliklər zamanı köməyə çatır; 

Müxtəlif xəstəliklər zamanı nanənin  tətbiqi: 
Fərqli xəstəliklər və xoşagəlməz simptomlarla mübarizə aparmaq məqsədilə nanədən müəyyən vasitələr hazırlanır. Onlardan ən geniş yayılanları ilə tanış olaq. 
Ürəkbulanma və qusma zamanı. Bu simptomları nanədən hazırlanan məhlul sayəsində aradan qaldırmaq mümkündür. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan qaynar suya əlavə edin və ağzını örtərək 20 dəqiqə dəmlənməsini gözləyin. Məhlulu ilıq halda gündə 3 dəfə için. Qeyd edim ki, məhlul mədə yanması və qıcıqlanması zamanı da köməyinizə çatacaq. 
Əsəb gərginliyi zamanı. Stresslə mübarizə aparmaq, əsəb gərginliyini aradan qaldırmaq üçün də nanə məhlulu yetərlidir. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan soyuq suya qatın. Təxminən, 10 dəq vam odda qaynadın.  Məhlul soyuyandan sonra yarpaqların dibə çökməyini gözləyin. Gündə 2 dəfə, hər dəfə də 50 ml olmaqla için. Bu məhlulun qəbulu depressiya əleyhinə müalicə kursu kimi də dəyərləndirilə bilər. 
Onurğada və oynaqlarda ağrılar varsa.  Nanə əsaslı məhlul iltihab əleyhinə vasitə kimi artrit və osteoxondroz zamanı köməyə çatır, həyat keyfiyyətini yaxşılaşdırır. Quru nanə yarpaqlarını toz halına salın. 1:20 nisbətində etil spirti ilə qarışdırın. Məhlul, təxminən, 10 gün müddətində dəmlənməyə qoyulmalıdır. Yaxşı olar ki, bu müddət ərzində soyuq və qaranlıq yerdə qalsın. Hazır olduqda, məhlulu elə süzün ki, dibindəki çöküntü qalxmasın. Gündə 3 dəfə, hər dəfə  10 damcı olmaqla məhlulu qəbul edin. 
Bronxit zamanı. Bu xəstəlik zamanı efir yağı və ya nanə ilə edilən inqalyasiyanın köməyi böyükdür. Suyu qaynadın. Qaynar suya bir neçə damcı nanə efir yağı və ya 2 xörək qaşığı nanə yarpağı əlavə edin. Qarışımın bir az soyumasını gözləyin. Sonra buğunda nəfəs alın. Bunun üçün başınızı suyun üzərinə əyin və yun şalla, yaxud iri bir dəsmalla örtün. Ehtiyatlı olun ki, buxar tənəffüs yollarını yandırmasın. Burnunuzu suya çox da yaxın tutmayın. 
Ürək ritminin pozulması zamanı. Aritmiya zamanı ürəyin bərpası və möhkəmlənməsi üçün bu reseptə əməl edin: 1 xörək qaşığı nanə yarpağını 1 stəkan qaynar suya əlavə edin. Ağzını bağlayın və 30 dəq dəmlənməyini gözləyin. Qarışımı ilıq halda gün ərzində 3 dəfə, hər dəfə 100 ml olmaqla için. Proseduru, ən azı, 3 ay davam etdirin. 
Yüksək arterial təzyiq zamanı. Hipertoniya zamanı aparılan kompleks müalicəyə nanə yarpağından hazırlanan məhlul da daxildir. 1 stəkan qaynar suya 2 çay qaşığı nanə yarpağı qatın. Təxminən, 20 dəq dəmlənməyini gözləyin. Bu içki adi qaraçaydan çox faydalıdır. Mütəmadi olaraq, yeməkdən əvvəl 1 xörək qaşığı bu məhluldan qəbul edin. Müalicənin müddəti 10 gündür. 
Qastrit zamanı. Mədədəki iltihablanmanı azaltmaq və orqanın sürətlə sağalmasına kömək olmaq  üçün də nanədən hazırlanan vasitə vardır. Yarım litr soyuq suya 10 qr nanə yarpağı əlavə edin. Təxminən, 30 dəq vam odda qaynadın. Sonra məhlulu steril şüşə qaba tökün. Gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı olmaqla qəbul edin. 
Kolit zamanı. Nanədən hazırlanan məhsul yoğun bağırsağın iltihablanmasını aradan qaldırır. 1 xörək qaşığı nanəni 1 stəkan qaynar suya əlavə edin. Qarışımı 20 dəq gözlədin. İlıq halda gündə 3 dəfə-səhər, günorta və axşam  yeməkdən əvvəl 200 ml olmaqla için. 
Öd kisəsi xəstəlikləri zamanı. Ağrıları aradan qaldırmaq və narahatlıqların həcmini azaltmaq üçün müalicəvi məhluldan istifadə etmək məsləhətdir. 1 xörək qaşığı üyüdülmüş nanə yarpağı və 1 stəkan qaynar su götürün. İnqridientləri qarışdırın və 30 dəq dəmlənməyini gözləyin. Gündə 3 dəfə, hər dəfə 50 ml olmaqla qəbul edin. Qeyd edim ki, öd suyunun hərəkət yollarında küt ağrılar, adətən, yeməkdən sonra meydana çıxır. Məhz bu simptomları nanə məhlulunun köməyilə azaltmaq mümkündür. 2 çay qaşığı nanə yarpağını 1 stəkan qaynar suya əlavə edin. 30 dəq dəmlənməyini gözləyin. Alınan məhlulu sutka ərzində kiçik udumlarla için.  Öd kisəsində daş varsa,  1 çay qaşığı nanə yarpağını termosda dəmləmək məsləhət görülür. Alınan məhlulu 250 ml həcmində yeməkdən qabaq için. 
İshal zamanı. Bu probelmi də nanə yarpağının köməyilə həll etmək olar. Nanənin tərkibindəki bəzi maddələr bağırsaqları təmizləyir və bağırsaqdakı kütləni bərkidir. Adi qaraçay əvəzinə nanə dəmləyin. 1 xörək qaşığı nanə yarpağı üçün 1 stəkan qaynar su yetərlidir. Alınan məhlulu gündə 2 dəfə, hər dəfə 200 ml olmaqla için. 
Uşaqlıqdaxili qanaxma zamanı. Nanənin qanaxmanın qarşısını almaq kimi bir özəlliyi də var. Yarım litr qaynar suya 1 xörək qaşığı nanə yarpağı əlavə edin. 2 saat dəmlənməyini gözləyin.  Gündə 3 dəfə-səhər, günorta və axşam, hər dəfə 200-250 ml olmaqla için. 
Üzdəki səpkilər zamanı. Nanədən istifadə etməklə üz dərisi üçün faydalı kompres hazırlamaq mümkündür. Bu kompres iltihabı aradan qaldırır, sızanaqlar və çillərlə mübarizə aparır. Yarım litr qaynar suya 1 xörək qaşığı nanə yarpağı əlavə edin. Təxminən, 30 dəqiqə qarışımın dəmlənməyini gözləyin. Sonra pambığı götürün, məhlulda isladın. İslaq pambığı 20 dəqiqə üzünüzdə saxlayın. Proseduru həftədə bir neçə dəfə təkrarlasanız, tezliklə fərqi hiss edəcəksiniz. Həmçinin, nanə məhlulu ilə səhər və axşam üzünüzü yuya bilərsiniz. Bu da sizə dərinin quruluğundan və çatlamasından yaxa qurtarmaq imkanı verəcək. 
Ayaqdakı şişkinliklər zamanı. Bu zaman ayağınızı vanna eləmək ən asan üsuldur. Əvvəlcə, tünd nanə məhlulu hazırlayın. 3 litr qaynar suya 100 qr nanə yarpağı əlavə edin. Yarım saat dəmlənməyini gözləyin. Sonra məhlulun həcmi qədər qaynar su əlavə edin. Ayağınızı bu suda, təqribən, 20 dəq saxlayın.  Ayağınızı qurulamamışdan əvvəl ilıq suyla durulasanız, yaxşı olar. 

Zərərləri və əks təsirləri. 
Nanənin insan orqanizminə faydalarını saymaqla bitməz. O, bir çox xəstəliklərlə və xoşagəlməz simptomlarla mübarizə aparmaqda orqanizmə kömək edir. Nanəni almaq üçün bazara, marketə, hətta aptekə də üz tuta bilərsiniz. Bayaq da gördüyünüz kimi, ondan hazırlanan  vasitələrin resepti olduqca sadədir. Amma bununla belə, nanənin bəzi əks təsirləri olduğunu da bilmək lazımdır. 
Bəs, hansı narahatlıqlar və ya xəstəliklər zamanı nanənin qəbulu dayandırılmalıdır? 
-Arterial təzyiqi daimi aşağı olan insanlar bu bitki ilə ehtiyatlı olmalıdırlar. Nanənin yüksək qan təzyiqini qısa müddətdə aşağı salmaq qabiliyyəti olduğundan, təzyiqi daim aşağı olan insanlar onu istifadə edərkən  qəfil təzyiqin daha da aşağı düşməsi ilə rastlaşa bilərlər. Bu da insan həyatının təhlükəyə atılması deməkdir. 
-Bitkiyə qarşı individual həssaslığı olanlar da nanədən uzaq durmalıdırlar. Yoxsa mədə yanması və dərinin səpməsi ilə üzləşə bilərlər. Əgər nanəyə qarşı allergiya varsa, bu, onun qoxusu alındıqda və ya dəriyə nanə məhlulu ilə kompres edildikdə də  özünü biruzə verəcəkdir. 
-3 yaşdan aşağı uşaqlara nanə vermək tövsiyə edilmir. 
-Varikoz zamanı nanə rasiondan çıxarılmalıdır. Çünki damarları genişləndirir və onların tonusunu aşağı salır. Bu, xəstəliyi daha da kəskinləşdirə bilər. 
-Nanənin əks təsirləri sırasında qadın və kişi sonsuzluğu da var. 
-Mədənin qastro-ezofageal reflyuks xəstəliyi zamanı da nanədən istifadə etmək olmaz. Çünki nanənin sfinkterlərin gərginliyini azaltmaq qabiliyyəti var. 
-Nanənin yuxugətirici effekti var. Gün ərzində yuxulu gəzən insan diqqətini toplaya bilmir, bu da birbaşa onun iş qabiliyyətinə təsir edir. 
-Nanədən istifadə hamilə və ya süd verən qadınlardan xüsusi diqqət tələb edir. Yaxşı olar ki, onlar nanədən istifadə etməzdən əvvəl həkimə müraciət etsinlər. Və onun təyin etdiyi ölçüdə, onun dediyi metodla nanə qəbul edilsin.  Hamiləlikdə həddən artıq nanə qəbulu  dölün inkişafına mənfi təsir edir. 

Bahadur Seyidov  / Demedia.az