Sarıkökün faydaları və zərərləri - Araşdırma



 11:02 17.02.2023     1673

Bu gün sizə sarıkökün faydaları və zərərlərindən danışacağam. Sarıkök ən qədim və faydalı ədviyyatlardan biridir.

Yazılı mənbələrə görə, hələ 2500 il bundan əvvəl Hindistanda sarıkök geniş istifadə edilirdi. Ədviyyat eyniadlı bitkinin kökündən əldə edilir. Daha çox üyüdülmüş halda rast gəlinir. Lakin onu kök halında da tapa bilərsiniz. Tərkibindəki ən faydalı maddə kurkumin`dir.  Bitkiyə sarı rəngi verən də odur. Ədviyyatın tərkibində faydalı maddələr çoxdur. 

Onkoloji xəstəliklərin profilaktikasında istifadəsi. Həm tibb sahəsi üzrə mütəxəssislər, həm də elm adamları yekdil qənaətdədirlər ki, kurkumin maddəsi şiş hüceyrələrinin böyüməsinin qarşısını alır, onların inkişafına mane olur. Həmçinin, kurkumin damarları təmizləyir. Kurkumin xərçəng hüceyrələrinin öz-özlərini məhv etməsinə təkan verir. Tibbdə bu proses apoptoz adlanır. Orqanizmdəki sağlam hüceyrələrə isə heç bir mənfi təsiri yoxdur. Prostat vəzinin, süd vəzinin xərçəngi və dəri xərçəngi varsa, profilaktik tədbir kimi, sarıkök istifadəsinə üz tuta bilərsiniz. Kimyaterapiya ilə paralel olaraq, rasiona sarıkök daxil etmək nəticənin uğur dərəcəsini artırır. 

İmmuniteti yüksəltmək üçün. Ədviyyat hüceyrədaxili immuniteti möhkəmləndirir. B, T limfositlərini, həmçinin, mikrofaqları gücləndirir. Bu hüceyrələr orqanizmə yad olan infeksiya törədicilərini məhv edir. Sarıkökün tərkibindəki lipopolisaxaridlər orqanizmin müqavimətini artırır. 

Şəkərli diabetin kəskinləşməsi zamanı.  Sözügedən patalogiyadan əziyyət çəkən insanlar sarıkökü rasionlarına daxil etsələr, yaxşı olar. Çünki sarıkök qanda qlükozanın səviyyəsini nizamlamaq qabiliyyətinə malikdir. Qəfildən yüksəlməsinin qarşısını alır. Həmçinin, sarıkök toxumaların insulin həssaslığını azaldır. Alimlər sübut edib ki, bu istiqamətdə sarıkök qlükozanı aşağı salan dərman preparatlarından heç də geri qalmır. Mütəmadi olaraq, sarıkök qəbul etmək damar problemlərinin və ya nevroloji problemlərin meydana gəlmə riskini aşağı salır. 
İltihab əleyhinə və mikrob əleyhinə vasitə kimi. Sarıkök təkcə immuniteti yüksəltməklə qalmır, yad elementləri də məhv edir. Siyahıda bakteriyalar, viruslar, parazitlər ola bilər. Amma o, təbii antibiotik kimi, bir yaxşı özəlliyə də sahibdir: bağırsağın faydalı mikroflorasına heç bir mənfi təsir göstərmir. İltihab əleyhinə olması sayəsində sarıkök dişlərin təmizliyi üçün də geniş istifadə edilir. Diş fırçasını sarıkök tozuna batırın və dişlərinizi 3 dəq müddətində fırçalayın. Prosedur diş emalını bərkidir. 
Orqanizmin təmizlənməsi üçün. Bağırsaq mikroflorasının bərpasına kömək edir. Bağırsaqların funksiyasını yaxşılaşdırır, qəbizlik və şişkinliyi aradan qaldırır. Sarıkök qaraciyərin toksinlərdən təmizlənməsinə xidmət edir. Həmçinin, onun hüceyrələrinin özünübərpasını dəstəkləyir. Öd suyunun ifrazını normallaşdırır, öd kisəsində daş əmələ gəlməsinə mane olur. Ədviyyat sidik yolları üçün də faydalıdır. Mikrob əleyhinə olması sayəsində böyrəkləri və sidik kisəsini infeksiyalardan qoruyur, iltihabı aradan qaldırır. Sarıkök, eyni zamanda, sidikqovucudur. Bədəndəki şişkinliklərdən yaxa qurtarmaq üçün sarıkökə üz tuta bilərsiniz. Zəncəfillə birlikdə sarıkök böyrəkdəki kiçik ölçülü daşları əritmək qabiliyyətinə malikdir. Ədviyyatın müntəzəm qəbulu zamanı qan da təmizlənir. Həmçinin, pis xolesterinin səviyyəsi aşağı düşür. Bu da o deməkdir ki, ateroskleroz riski azalır. İltihab əleyhinə vasitə kimi, sarıkök oynaqların sağlamlığının da qeydinə qalır. Dərinin təravətlənməsi və gec qocalması da sarıkökün hünərləri sırasındadır. Sarıkökün təmizlədiyi damarlar və qaraciyər sayəsində dəri də günbəgün özünü bərpa edir. Çünki dəridəki sızanaqların əksəriyyəti mədə-bağırsaq traktatındakı problemlərdən qaynaqlanır. 
Ürək-damar sisteminin sağlamlığı üçün. Ədviyyat damarların divarlarını bərkidir, onların elastikliyini artırır. Pis xolesterinin səviyyəsini aşağı salır, damarların divarlarında hər hansı yığıntının əmələ gəlməsinə mane olur. Sidikqovucu xüsusiyyəti və damarları elastikləşdirmək bacarığı sayəsində arterial təzyiqi normallaşdırır. Qanın təmizlənməsi ürəyin və digər orqanların da zərərli maddələrin təsirinə məruz qalmaması deməkdir. 
Sinir sistemi üçün faydaları. Sübut olunub ki, ədviyyat sevinc hormonlarının ifrazını dəstəkləyir. Bunlara serotonin, dopamin və noradrenalin daxildir. Əhval-ruhiyyənin yüksəlməsi də öz növbəsində iş qabiliyyətini artırır. 
Beyin üçün faydaları. Sarıkök təbii antioksidantdır. Beyin hüceyrələrini zərərli maddələrdən və sərbəst radikallardan qoruyur.  Bu da o deməkdir ki, yaddaş pozulmur, yaşla əlaqəli hər hansı problemin meydana çıxması gecikir. 
Dəri üçün faydaları. Bayaq qeyd etdim ki, sarıkökün qanı və qaraciyəri təmizləməsi özünü dəridə də biruzə verir. Belə ki, dəri taha təmiz, hamar olur, səpkilər yoxa çıxır. Antioksidant xüsusiyyəti sayəsində sarıkök dərinin qeydinə qalır. Düzdür, ədviyyatın qida kimi qəbulu daha asandır. Amma ondan üz üçün maska da hazırlamaq mümkündür. 1 çay qaşığı sarıkök tozunu 1  xörək qaşığı aloe vera şirəsi ilə qatın. Qarışımı üzünüzə çəkin və 10 dəq gözləyin. Sonra ilıq su ilə üzünüzü yuyun. Dərinin təmizləndiyinin və əvvəlkinə nisbətən hamarlaşdığının şahidi olacaqsınız. 
Arıqlamağa kömək edir.  Arıqlamaq istəyənlər ürəklə sarıkökdən istifadə edə bilərlər. Çünki sarıkök hüceyrələrin yağlanmasına imkan vermir. Nahiyəyə qan axınını sürətləndirir, qaraciyəri təmizləyir və işini normallaşdırır. Sağlam qaraciyər yağların emal olunmasını məsuliyyətlə yerinə yetirir. Bu da o deməkdir ki, lipidlər qanda depolanmır. Bundan əlavə, ədviyyat hormonların balanslaşmasına da xidmət edir. Stress zamanı insanların çox yediyi məlumdur. Sarıkökün stressi önlədiyini bilməklə, həddən artıq yeməkdən də imtina edə bilərsiniz. Ədviyyat metabolizmanı sürətləndirir, bağırsağın mikroflorasının bərpasına kömək edir. Beləcə, qidalar heç bir maneəyə rast gəlmədən orqanizm tərəfindən mənimsənilə bilir. Sarıkök qanda qlükozanın səviyyəsini normallaşdırır, onun qəfildən yüksəlməsinə mane olur. Bu sayədə də, insanlar daha çox şirniyyat və zərərli qidalar yeməyə meyilli olmurlar. 

Mütəmadi olaraq, sarıkök qəbul etsəniz, faydalı maddələrin orqanizmə kompleks şəkildə daxil olmasını təmin edərsiniz. Sadəcə, çalışın ki, ədviyyatı müəyyən ölçüdə qəbul edəsiniz. Beləcə, onun əks təsirlərindən də qaçmış olarsınız. 
    Sarıkökün qəbul edilməsi: 
    Sarıkökün qəbul qaydaları daim mübahisə mövzusudur. Deyilənə görə, ədviyyatın qəbul edilməsində sutkalıq norma 4 qr-dır. Lakin bilirik ki, heç bir qida orqanizm tərəfindən tam olaraq mənimsənilmir. Bu, bitki piqmenti olan kurkumin`ə də aiddir.  Sarıkökün bayaq sadaladığım faydaları onun orqanizm tərəfindən qəbul edilməsindən asılıdır.Məsələn; qara istiot və bitki yağı sarıkökün tam mənimsənilməsinə mane olur. Termik emal da ədviyyatın faydalılıq dərəcəsini azaldır. 
Ən faydalı qəbul qaydalarından biri “qızıl süd”dür. İçkinin vətəni Hindistandır. 50 qr sarıkök tozunu 1:2 nisbətində suya qatın. Yaxşıca qarışdırın və vam odun üzərinə qoyun. 10 dəq sonra götürün. Qarışım soyuyandan sonra onu soyuducuya qoyun. Bu qarışımı 1 ay ərzində qəbul etmək olar. Hər gün 1 stəkan isti südə bu qarışımdan 1 qaşıq  əlavə edin və gündə 1 dəfə, ya səhər, ya da axşam için. 

Sarıkökün əks təsirləri. 
    İstənilən qidanın normadan artıq və ya qeyri-düzgün şəkildə qəbulu orqanizmə fayda əvəzinə ziyan verə bilər. Sarıkök də bu cəhətdən istisna deyil. Ən birinci, məhsulun keyfiyyətinə nəzarət etmək lazımdır.  Ədviyyatın əks təsirləri bunlardır: 
İndividual həssaslıq. Sarıkökə qarşı allergiyası olanlar onu yeməklərinə daxil etməməlidirlər. Yoxsa arzuolunmaz nəticə qaçınılmazdır. 
Dərmanlarla paralel qəbulu. Əgər hər hansı xəstəliklə bağlı daimi dərman qəbul edirsinizsə, sarıkökə müraciət etməzdən əvvəl həkimlə məsləhətləşin. Sarıkök qandurulducudur. Əgər bu məqsədlə dərman içirsinizsə, sarıkökün qəbulu qanaxmaya gətirib çıxarar. 
Aşağı arterial təzyiq. Təzyiqinizin aşağı olmasından şikayətçisiniszə, sarıkökdən uzaq durun. Çünki onun təzyiqi aşağı salmaq kimi bir xüsusiyyəti vardır. 
Pankreatit. Pankreatit zamanı pəhriz tətbiq edilir və orqanı qıcıqlandıra biləcək bütün ədviyyatlar qadağan olunur. Amma sarıkök bu xəstəlik zamanı ziyanlı deyil. Sadəcə, qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin və qəbul ediləcək ədviyyatın miqdarını onun təyin etməsinə icazə verin. 
Qastrit. Bayaq qeyd etdim ki, sarıkök mədə-bağırsaq traktatındakı iltihabı aradan qaldırmaq qabiliyyətinə malikdir. 
Şəkərli diabet. Sarıkök karbohidrat mübadiləsini sürətləndirir, bu da patalogiyanı kəskinləşdirir. Bu zaman da, qəbul ediləcək normanın mütəxəssis tərəfindən təyin edilməsi arzuolunandır. 
Hepatit. Xəstəliyin kəskin olmayan halında sarıkökdən istifadə eləmək olar. 
Öd kisəsində daş varsa. Sarıkök öd suyunun ifrazını sürətləndirdiyindən, öd kisəsində daş varsa, onun istifadəsinə ehtiyatla yanaşmaq lazımdır. Yoxsa dözülməz ağrı baş qaldırar. 
Hamiləlik. Sarıkök uşaqlığın sıxılmasına xidmət edir. Buna görə də, hamiləlik zamanı ondan istifadə həkimin müşayiəti altında olmalıdır. Yoxsa vaxtından əvvəl doğuş təhlükəsi yaranar. 
Süd verən analar. Bu ərəfədə gənc anaların sarıkökdən uzaq durması məsləhətdir. 
7 yaşdan aşağı uşaqlara sarıkök vermək tövsiyə edilmir. Çünki azyaşlı orqanizm bu ədviyyatı emal etmək qabiliyyətinə malik deyil. 

Faydalarının çox olması o demək deyil ki, sarıkök bütün narahatlıqlar zamanı dərman kimi istifadə edilə bilər. Hər halda,  unutmayın ki, sağlamlığın əsası balanslı qidalanmada, aktiv həyat tərzində, zərərli vərdişlərdən uzaq durmaqdadır. Sarıkök orqanizmin sağlamlığı naminə atılan addımlarda faydalı əlavə sayıla bilər. Amma bununla bərabər, bütün yeməklərinizə sarıkök əlavə etsəniz, bəzi xəstəliklərə tutulma riskiniz azalar. 

Bahadur Seyidov / Demedia.az