Qarabaşağın orqanizmə müsbət təsirləri - Araşdırma



 15:47 22.02.2023     411

Bu gün sizə qarabaşağın faydalarından və zərərlərindən danışacağam.  Qarabaşaq yarmasını, yəqin ki, ömrünüzdə, heç olmasa, bir dəfə  yemisiniz. Lakin onun faydalarından və zərərlərindən çox az adam xəbərdardır.  

Qarabaşaq yarmaları üçbucaqlı formasında olur.  Vətəni Hindistanın şimalı sayılır.  Maraqlıdır ki, hazırda həmin ərazidə onu “qara düyü” adlandırırlar. Bizim eradan əvvəl 15-ci əsrdə  qarabaşaq yarması Çində və Yaponiyada da mətbəxə daxil olub.  Ordan isə yavaş-yavaş  üzü Avropaya doğru yola çıxıb.  

Hazırda bizim mətbəximizin də bir hissəsi olan qarabaşağın faydalarını danmaq olmaz. O, orqanizmə lazım olan B1, B2, B6, B9, E vitaminləri ilə və  nikotin turşusu ilə zəngindir.  Hamımız bilirik ki, E vitamini çatışmazlığı saçlarda, dırnaqlarda və dəridə problemlərin yaranmasına səbəb olur. Həmçinin, sadaladığım vitaminlər sinir sistemi üçün də lazımdır. 

Qarabaşaq hamiləlik zamanı dölün sağlam inkişafını və normal böyüməsini dəstəkləyir.  Bəzi xəstəliklərin profilaktikasında  orqanizmdə xəstəlik səbəbilə əksilən vitaminlərin lazım olan səviyyəyə çatması üçün qarabaşaq yeyilməsi məsləhət görülür.  Ümumiyyətlə, qarabaşağın tərkibindəki faydalı komponentlərin siyahısı uzundur. O, orqanizmə lazım olan mikroelementlər və minerallarla zəngindir. Kalsium və fosfor sümüklər, dişlər üçün lazımdır.  Dəmir isə hemoqlobin istehsalında əvəzsizdir.  Digər mikroelementlər, məsələn; yod və sink  də dırnaqların və saçların sağlamlığının təminatçısıdır. 

Qarabaşaq çiçəklərində faqoperin, rutin, kofein turşusu və xlorogen turşusu var.  Bu təbii bitki mənşəli birləşmələr insanın böyüməsi və inkişafı üçün faydalıdır.  Qarabaşaq yarmasında isə olduqca xeyirli zülallar və yağlar mövcuddur.  Sadaladıqlarım qarabaşağın insan orqanizmi üçün “sağlam qida” sayılmasına yetir.  Amma bununla belə, bütün qida məhsulları kimi, qarabaşağın yeyilməsinin tövsiyə edilmədiyi hallarla da rastlaşmaq mümkündür. 

Qarabaşağın orqanizmə müsbət təsirləri. 

Bədxassəli şişlərin  böyüməsinə mane olur.  Elm adamları, yekdilliklə əmindir ki, qarabaşağın tərkibindəki liflər güclü antioksidantdır.  Hansı ki, onlar hüceyrələri yad təsirlərdən qoruyur, genetik mutasiyaların  inkişafının qarşısını alır,  xərçəng əleyhinə fəaliyyət göstərir. Xüsusilə,  mütəmadi olaraq qarabaşaq yeyən qadınlarda xərçəng riski önəmli dərəcədə azalır.  Məsələn; döş xərçənginə yoluxma statistikasında bu göstərici 50%-dir.  qarabaşağın tərkibindəki lignanlar orqanizmə daxil olduqdan sonra birbaşa xərçəngli hüceyrələri bloklamağa yollanır.  Döş xərçəngində isə şişin qidalandığı hormon kanallarını bağlayır.  Bundan əlavə,qarabaşaq yoğun bağırsaq xərçənginin profilaktikasında ən çox məsləhət görülən qidadır. Çünki o, bağırsağın işini normallaşdıran liflərlə zəngindir. Bu liflər bağırsağın təmizlənməsinə və zərərli maddələrin, sərbəst radikalların bağırsaq vasitəsilə atılmasına da  xidmət edir.  Xatırladım ki, məhz sərbəst radikallar  hüceyrələri zədələyir, deformasiyaya uğradır ki, sonradan da həmin xəsarət almış hüceyrələrdən şiş qaynaqlanır.  Qarabaşaq əsl dietik məhsuldur; kalorili deyil. Arıqlamaq istəyənlərin “ən yaxın köməkçisi”dir.  1 stəkan qarabaşaq yarması orqanizmin gündəlik lif ehtiyacının 20%-ni ödəməyə yetir. 
Ürək-damar xəstəliklərinin profilaktikasında istifadəsi.  Qarabaşaqdakı mikroelementlər, flavonoidlər əsl antioksidant kimi çıxış edərək  orqanizmdəki, xüsusilə, qandakı zərərli maddələri təmizləyir.  Üstəlik, C vitaminin “işlərini də yerinə yetirərək”  immuniteti möhkəmlədir. Flavonoidlərdən rutini qeyd etmək istəyirəm.  Rutin damarların divarlarını möhkəmləndirir, pis xolesterinin səviyyəsini aşağı salır.  Beləcə, miokard, infarkt, stenokardiya kimi xəstəliklərin baş vermə riski azalır.   Arterial təzyiqi aşağı salmaq üçün istifadə edilən preparatların tərkibində də rutin var.   Sadəcə, həmin maddəni qarabaşağın yarpaqlarından əldə edərək preparatlara  qatırlar.  Damarlarda qanın düzgün axınının təmin olunması üçün də rutin köməyə çatır. Belə ki, rutin damarların genişliyini və axıtma qabiliyyətini normaya salır. 
Şəkərli diabet zamanı.  Qarabaşaq, nəinki, şəkərli diabet xəstələrinin rasionundan çıxarılır, əksinə, onlara yemələri üçün tövsiyə edilir. Çünki tərkibində mədə-bağırsaq traktatının işini normallaşdıran liflər var.  Yeyildikdən 1-2 saat sonrakı  qısa müddət ərzində qarabaşaq qanda şəkərin səviyyəsini önəmli dərəcədə aşağı salır. Qeyd edim ki, bu ərəfədə qlükozanın səviyyəsi aram-aram düşür, qəfildən deyil.  Tərkibindəki D-xiro-inozitol ilə də qarabaşaq  “faydalı qidalar” siyahısında öz yerini tutmaqdadır.  Bu maddəni, həmçinin, B8 vitamini də adlandırırlar.  D-xiro-inozitol insulin kimidir. O, hüceyrələri daha hərəkətli edir. Buna görə də, I tip şəkərli diabet xəstələri üçün çox vacibdir. Həzm sistemi fermentlərinin ifrazına kömək edən maqniuma da qarabaşağın tərkibində rast gəlinir. Alimlər deyir ki, orqanizmin lazımi qədər maqnium alması şəkərli diabet riskini aşağı salır. 
Həzm  prosesini normallaşdırır. Bayaq da dediyim kimi, qarabaşaq liflərlə zəngindir. Xüsusilə, bitki mənşəli liflərin mədə-bağırsaq traktatının fəaliyyətinin normallaşmasında əhəmiyyətinin böyük olduğunu hamımız bilirik.   Qarabaşaqdakı liflər mədə-bağırsaq traktatında tranzit vasitə kimi çıxış edir: yol boyunca bütün toksinləri və zərərli maddələri özüylə götürür, qazı və köp yaradan digər faktorları qarşısına salıb qovur, hamısını orqanizmdən elə sürətlə çıxarır ki, qəbizliyə  fürsət qalmır.  Düz bağırsaq xərçənginin profilaktikasında məsləhət görülməsinin səbəbi budur.  Həll bişmiş qarabaşaq bağırsağı  gücə salmır. Ötürücülük qabiliyyəti azalan bağırsaqlar mədə yanması, qəbizlik, ishal, köp  və şişkinlik kimi sindromlarla özünü biruzə verə bilir.  Bu zaman kolonoskopiya kimi instrumental metodlarla müdaxilə etmədən, qarabaşağın köməyilə problemi həll etmək olar. 
İmmuniteti gücləndirir.  Qarabaşaq immun sistemini möhkəmləndirməyə gərək olan vitaminlərlə zəngindir. C, E, B və s. vitaminləri misal göstərmək olar. Onlar flavonoid və bitki mənşəli antioksidant funksiyasını yerinə yetirirlər. 
Artıq çəkidən xilas olmağa kömək edir.  Elə pəhriz proqramları var ki, yeganə əsas yemək qarabaşaqdır.  Faydalı amin turşuları və zülallarla zəngin olmasını nəzərə aldıqda,bu, heç də təəccüblü deyil. Amin turşusu lizin  toxluq hissi yaradır,  iştahı azaldır. Beləcə, kalorisiz olan qarabaşaq  sağlam arıqlamağa kömək edir.  Həkimlər əmindir ki, qarabaşaq pəhrizi edənlərin orqanizmində yalnız artıq yağlar yoxa çıxır, əzələ zəifləməsi baş vermir. Əksinə, onlar qarabaşağın əzələləri elastikləşdirdiyini və möhkəmləndirdiyini vurğulayırlar.  Bir sözlə, arıqlamaq istəyənlərlə yanaşı, idmançılar da qarabaşağa güvənə bilərlər. 
Öd kisəsinə faydası.  Öd kisəsinin toxumalarının qorunması, öd suyunun  miqdarının tənzimlənməsi,  öd suyunun bağırsağa ötürülməsindəki problemlərin aradan qaldırılması-bütün bunlar qarabaşağın fəaliyyət sahəsinə daxildir.  Üstəlik, qarabaşaq imkan vermir ki, öd kisəsində daş əmələ gəlsin. 
Kəskin astma-bronxit zamanı.  Ağciyərlərin bu xroniki xəstəliyi bronxlarda qıcıqlanmalara və spazmlara səbəb olur.  Qarabaşaqda E vitamini və maqnium bol miqdardadır. Hər ikisi də insan orqanizmindəki fəaliyyət yetərsizliyini  aradan qaldırmağa yarıyır.  Alimlər sübut edib ki, bu  maddələri yetəri qədər qəbul etməyən uşaqlarda astma-bronxit riski yüksək olur. E vitaminin soyuqdəymə əleyhinə çıxış etməsi qarabaşağın kəskin astma-bronxit  xəstəliyinin profilaktikasında istifadəsini labüd edir. 
Sümükləri möhkəmlədir.  Bəli, haqqında danışdığımız yarma sümük toxumaları üçün də çox faydalıdır.  Sink və selenə malik olan qarabaşaq  bu sayədə sümüklərin əmələ gəlməsi və bərpası işində də uğurlu nəticələrə nail olunmasında orqanizmin köməyinə çatır.  Yaşla əlaqədar olaraq, sümüklərində problem yaşayanlar qarabaşağı mütləq rasionlarına daxil etməlidirlər. Selen dırnaqların və dişlərin sağlamlığı üçün də lazımdır. 
Anemiya zamanı.  Dəmir əksikliyindən qaynaqlanan anemiya zamanı da qarabaşaq yarması köməyə çatır; o, dəmirlə zəngindir. Xüsusilə, qadınlar arasında dəmir əksikliyindən əziyyət çəkənlərin sayı olduqca çoxdur.  Qırmızı qan hüceyrələrini ən çox qadınlar itirir.  Bu itki də halsızlıq, zəiflik,  iş qabiliyyətinin  azalması,  dərinin rənginin solğunlaşması, dırnaqların qırılması, saçların tökülməsi ilə nəticələnir.  Mütəmadi olaraq, qarabaşaq yemək anemiyanın qarşısını alır. Xüsusilə, hamilə qadınlar orqanizmlərinin, eləcə də, dölün sağlamlığı üçün qarabaşaq yarması yeməyə çalışmalıdırlar.  İdmançılar,  fiziki güc tələb edən işdə işləyənlər, böyümə dönəmində olan uşaqlar da qarabaşağın köməyilə  anemiyadan  uzaq qala bilərlər. 

Qarabaşaq yeməyin əks təsirləri. 
Elə hallar var ki, qarabaşaq ya tamamilə rasiondan çıxarılmalıdır, ya da qəbul edilən miqdar azaldılmalıdır.  
-Uşaqlara və hamilələrə qarabaşağı böyük porsiyalarla yemək olmaz. Çünki  mədə-bağırsaq traktatındakı qazları sürətlə itələdiyinə görə, ağrılar, narahatlıqlar yarada bilir. 

Böyrək xəstəliyi olanlar da yarma ilə ehtiyatlı davranmalıdırlar. 

Qarabaşaq pəhrizi”nə yalnız və yalnız bu yarmanı daxil etmək, monopəhriz eləmək olmaz. Əsas yemək qarabaşaq olmalıdır.  Meyvələr, desertlər, tərəvəzlər  də bu pəhrizdə öz yerlərini tutmalıdır.  Cəmi, 5-cə gün  qarabaşaq ilə monopəhriz eləsəniz, orqanizmdə əks təsirlərini görəcəksiniz. Ürəkbulanmalar olacaq, bağırsaq bakteriyaları ac qalacaq, bədən susuzluq çəkəcək.  Yüksək miqdardakı dəmir isə orqanizmdə “metal çoxluğu” yaradacaq.  Rasionuna tez-tez, demək olar ki, hər gün, günaşırı qarabaşaq daxil edənlərdə osteoparoz`un, yəni, sümük zəifləməsinin meydana çıxdığı da məlumdur. Bu da ondan irəli gəlir ki, yarmada C vitamini çoxdur. Sümüklər onlara ötürülən C vitaminini yüksək miqdarda qəbul edə bilmədiyindən,  imtina etməyə məcbur olur ki, bu da sümük metabolizmasının pozulması ilə nəticələnir. 

Qarabaşaq dəmirlə zəngindir və anemiya zamanı faydalıdır. Bunu artıq bilirik. Amma unutmayın ki, tam sağalmaq üçün orqanizm təkcə bitki mənşəli deyil, eyni zamanda, heyvan mənşəli dəmirə də ehtiyac duyur. Yəni, yaxşı olar ki, qarabaşağı ətlə yeyəsiniz. 

Qədim zamanlardan bizə miras qalan yeməklərdən biri də “südlü qarabaşaq”dır.  Təəccüblənmək lazım deyil. Çünki bu üsulla bişirildikdə, o, istənilən yaş dövrü üçün uyğun yeməyə çevrilir. Amma bu, o demək deyil ki, qarabaşağı istənilən başqa qida ilə qatıb-qarışdırıb yeyə bilərsiniz. Çünki  tərkibində elə mikroelementlər var ki, digər qida məhsullarındakı maddələrlə qarşılaşanda əks reaksiyalar baş tutur. Misal kimi,  elə qədim yeməyi-“südlü qarabaşağı” çəkim. Bu  yeməkdə qarabaşaqdakı dəmir süddəki kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə mane olur. 

Bütün bu əks təsirlərinə baxmayaraq, qarabaşaqdan birmənalı olaraq, imtina etmək olmaz. Düzgün qaydada bişirilməsi, nizamlı şəkildə yeyilməsi insan sağlamlığına ölçüyəgəlməz dərəcədə faydalıdır. 

Bahadur Seyidov / Demedia.az