Qəbizliyi aradan qaldıran 16 qida 



 10:21 23.02.2023     3548

Qəbizlikdən əziyyət çəkən insanların sayı günbəgün artmaqdadır. Xüsusilə, orta yaşlı insanlar arasında qəbizlik sindrom kimi yayılır.  Qəbizlik anlamı o zaman meydana çıxır ki, insan hər gün deyil, ən tezi, 2-3 gündən  bir “çölə çıxır”.

Qəbizliyin səbəbləri sırasında bunlar var: 
-lazımi qədər aktiv həyat tərzi keçirməmək; 
-pis qidalanma; 
-bağırsaq xəstəlikləri; 

Qəbizlikdən yaxa qurtarmaq üçün “ev üsulu müalicələr” mövcuddur. Məsələn; bəzi qidaları rasiondan çıxarmaqla qəbizlik problemini həll edə bilərsiniz.  Bundan əlavə, diqqətinizi qəbizliyin yox olmasına kömək edən meyvə-tərəvəzə çəkmək istəyirəm. 

Gavalı qurusu. İdeal vasitədir.  Gavalı qurusu bağırsaqları yumşaldır. Həmçinin,  o, bağırsaqdakı kütlənin miqdarını normallaşdıran liflə də zəngindir.  Quru gavalının tərkibində sorbitol var.  Bu maddə bağırsaq hüceyrələrindəki suyun bağırsaqlara axıdılmasını təmin edir.  Beləcə, nəcis yumşalır, həcmi artır və  qısa zamanda bağırsaqlar tərəfindən xaric edilir. Alimlər sübut edib ki, müntəzəm olaraq, rasionlarına gavalı qurusu daxil edənlər  bağırsaq bərkiməsi ilə üz-üzə qalmırlar. Sutkada, təxminən, 100 qr gavalı qurusu yemək yetərlidir.  Olduğu kimi yeyə bilmirsinizsə, quru gavalını salatlara, içkilərə və səhər sıyıqlarına əlavə edə bilərsiniz. 
Alma. Ən əlçatan vasitə...Faydalı maddələrlə və vitaminlərlə zəngin alma qəbizliyin öhdəsindən məharətlə gəlir.  Mövsümdən asılı olmayaraq, istənilən vaxt mağazadan və ya bazardan alma almaq mümkündür.  Alma liflə də zəngindir. Hansı ki, bağırsaqların normal fəaliyyəti birbaşa qəbul edilən lif miqdarından asılıdır. Almadakı pektin maddəsi isə hüceyrələrdəki artıq mayenin bağırsaqlara axıdılmasına xidmət edir. Bundan əlavə, pektin bağırsaq mikroflorasına da müsbət təsir edir.  Elmi araşdırmalar alma yeməyin “çölə çıxmağı” asanlaşdırdığını hələ keçən əsrdə sübuta yetirib. Almanı püre halında yeməklə bərabər, onu salatlara, içkilərə, sıyıqlara, hətta sulu yeməklərə də əlavə edə bilərsiniz. 
Armud. Liflə zəngin daha bir meyvə. Bundan əlavə, armudda fruktoza və sorbitol da var. Hər iki maddə bağırsaqları yumşaldır. Armudu da təzə-təzə, yaxud püre, sıyıq halında yemək olar. 
Kivi. 1 kividə orqanizmin sutkalıq lif tələbatının 10%-i var.  Sübut olunub ki, müntəzəm olaraq, kivi yemək bağırsaqda bərkimə yaranmasının qarşısını alır.  Beləcə, “çölə çıxmaq” nizama düşür, proses asan baş tutur. Gün ərzində 2-3 kivi yeməklə  qəbizlikdən uzaq durmaq mümkündür. Kivinin tərkibində aktinidain var. Aktinidain qidaların bağırsağa düzgün şəkildə ötürülməsini və bağırsağın elastikliyini təmin edir.  Meyvəni təzə-təzə yeməkdən çətinlik çəkənlər onu salatlara əlavə edə, yaxud şirəsini çəkə bilər. 
Əncir. Mədə-bağırsaq trktatının işini normallaşdıran liflərlə zəngindir. Gün ərzində 70 qr əncir qəbul etmək nəcisin 30% daha yumşalmasına səbəb olur.  Alimlərin itlər üzərində apardığı araşdırma sübut edib ki, əncir əzməsi bağırsağın işini 80% asanlaşdırır. Meyvənin tərkibində fikain maddəsi var. Öz növbəsində, fikain də kividəki aktinidain kimi çıxış edir. 
Sitrus meyvələri. Portağal, mandarin və s. kimi meyvələr,cəmi, bir neçə gün ərzində “çölə çıxma” prosesinin normaya salır.  Sitrus meyvələri bitki mənşəli liflərlə və pektinlə zəngindir. Pektinin bağırsaqdakı funksiyası barədə bayaq danışmışdım. Təzə-təzə yeyilən sitrus meyvələri vitaminlərin və mikroelementlərin orqanizmə maneəsiz daxil olması deməkdir. Malik olduqları C vitamini isə immuniteti yüksəldir, damarları təmizləyir. 
İspanaq və digər göyərtilər.  Liflərlə zəngin olan göyərtilər qəbizlikdən əziyyət çəkənlərin rasionlarına gecikmədən daxil edilməlidir.   Bağırsaq divarlarının elastikliyi,  nəcisin həcminin genişlənməsi  də göyərtilərin hünərləri sırasındadır.  Göyərtilər C, K, B vitamini ilə də zəngindir.  Bunlar isə bütün orqanizmin sağlamlığı üçün  vacibdir. İspanağı salatlara və şorbalara əlavə etmək olar.  Göyərtilər milli mətbəximizdə ədva kimi də böyük rəğbət görür. 
Brokoli və Brüssel kələmi də bağırsaqlara faydalıdır. Onları buxarda  və ya sobada bişirmək, digər tərəvəzlərlə qataraq xörək hazırlamaq olar.  Brokoli də, Brüssel kələmi də faydalı olmaqla bərabər, arıqlamağa kömək edir. 
Kökyumrulu günəbaxan və kasnı. Kasnı kofenin ən yaxşı alternatividir. Onun tərkibində qida lifləri və inulin var. Mədə mikroflorasını  yaxşılaşdıran kasnı, beləcə, həzm prosesində bağırsaqda yaranacaq hər hansı problemin önünə keçir.  Kökyumrulu günəbaxanı suda bişirə, yaxud qızarda bilərsiniz.O, bağırsaqdakı kütlənin hərəkətinə cavabdehdir. Qəbizliyin profilaktikasında üz tutulmasının səbəbi budur. 
Rəvənd.  Təbii yumşaldıcıdır.  Bitkinin tərkibində sinazit-A var ki, bağırsağın hərəkətliliyini stimullaşdırır. Alimlər sübut edib ki,  maddə bağırsaqdakı kütlənin suyunun süzülməsinin qarşısını alır. Beləcə, kütlə yolçuluğunun sonunadək öz həcmini itirmir.  Rəvəndi də içkilərə və ya öynəlik sıyıqlara əlavə edə bilərsiniz. 
Dən lobya, noxud və mərcimək. Bu qidalarda bol miqdarda lif var. Dənlilər bağırsağın hərəkətliliyinə və doluluğuna cavabdehdir. Ətli yeməklərin yanında qarnir kimi, şorbalarda, milli mətbəximizə aid bir çox yeməklərdə bu dənlilərdən istifadə etmək mümkündür. 200 qr lobyada orqanizmin gündəlik lif ehtiyacının 80%-i var. 
Çia toxumları. Son vaxtlarda faydalılıq dərəcəsinə görə, olduqca populyarlaşan məhsuldur. Onun ən dadlı şəkildə qəbulu pudinqlərə qatılmasıdır.  Gecədən xamaya, yaxud qatığa bu toxumları qatın, bütün gecəni soyuducuda saxladın.  Səhər siz, nəinki, bağırsaqlara, bütün orqanizmə faydalı olan səhər yeməyi ilə rastlaşacaqsınız. 30 qr çia toxumunda gündəlik lif normasının 30%-i var. 
Kətan toxumu. Polisaxaridlərin daha bir mənbəyi... 1 xörək qaşığı kətan toxumu gündəlik lif normasının 10%-nə malikdir. Müntəzəm qəbul edilən kətan toxumu bağırsağın hərəkətliliyini yaxşılaşdırır,  nəcisin həcmini nizamlayır, bağırsaq divarının elastikliyini dəstəkləyir. Kətan toxumunu səhər sıyıqlarına, qatığa, salatlara əlavə etmək olar. Amma unutmayın ki, kətan toxumunu qəbul edərkən ehtiyatı əldən vermək olmaz. Hamilələrə və süd verən analara, azyaşlı körpələrə kətan toxumunu vermək riskdir. 
Çovdar çörəyi. Bu məhsul yüksək miqdarda qida lifinə malikdir. Bundan əlavə, adi çörəyə nisbətən, o, daha dietikdir. İki dilim çovdar çörəyində gündəlik lif normasının 15%-i var. Qəbizliyi aradan qaldırmaq üçün çovdar çörəyi olduqca effektiv qidadır. Bağırsağın itələmə qabiliyyətini müntəzəm edir, hərəkətliliyini  normallaşdırır.  Alimlər deyir ki, rasionuna çovdar çörəyi daxil edənlərin “çölə çıxmaq” vərdişləri nizamlı olur. 
Yulaf əzməsi. Yulaf bütün orqanizmə, o cümlədən də, bağırsağa faydalıdır. O, təkcə bağırsağın hərəkətliliyini sürətləndirməklə qalmır, üstəlik, iltihablanmanı aradan qaldırır, nəcisin irəliləməsində yaranacaq hər hansı problemin həllinə kömək edir. Mütəmadi olaraq, səhərlər yulaf sıyığı yeyənlər qəbizlik kimi bir narahatlıqla üz-üzə qalmırlar. İngiltərə alimləri aşkarlayıb ki, qəbizlik çəkənlər rasionlarına yulaf əzməsi əlavə etdikdən sonra  bağırsaqlar yumşalır və narahatlıq sona çatır. 
Kefir.  Hələ qədimdən bu süd məhsulunun faydaları insanlara məlumdur. Lakta və bifidobakteriyalarla zəngindir. Hər ikisi bağırsağın mikroflorasının bərpası üçün lazımdır. Yatmazdan əvvəl mütəmadi olaraq, kefir qəbul edənlərin bağırsağında nadir hallarda problem yaranır. Mədə yanması və köp olmur, bağırsaqlar yumşalır, nahiyədə hərəkətlilik sürətlənir.  Kefiri öynədəki əsas yeməyin əvəzinə də yemək olar.  Bundan əlavə, ondan oladilər, kökələr, salatlar da hazırlamaq mümkündür.  Faydasını artırmaq məqsədilə 1 stəkan kefirə kətan yaxud çia toxumu qatmaq kimi bir seçiminiz var. 

Gördüyünüz kimi, gündəlik sellüloza normasını meyvə-tərəvəz vasitəsilə qəbul etməklə bağırsağın işini yaxşılaşdırmaq olar.  Qida mənşəli liflər bağırsaqda maye balansının qorunmasına xidmət edir.  Meyvə-tərəvəzlər bağırsaqdakı kütlənin həcmini qoruyub sxlamasına, qurumamasına  nail olur ki, bu da qəbizliyin əmələ gəlməsinin qarşısını alır.  Gündəlik aktivlik də işlərini normal yerinə yetirməkdə bağırsaqlara dəstək olur.  Çəkinmədən deyə bilərəm ki, fiziki gərginlik bağırsaqların daha sürətli işləməsi üçün lazımdır. Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, yumşaldıcı dərmanlara müraciət etməzdən əvvəl təbii vasitələrlə problemin həllinə çalışın.  İnanın ki, müsbət nəticə əldə etməkdə gecikməyəcəksiniz. 

Bahadur Seyidov / Demedia.az