Yoğun bağırsaqda problem olduğunu göstərən ƏLAMƏTLƏR



 11:02 27.02.2023     2315

Yoğun bağırsaq xərçəngi və yaxud kolorektal xərçəng - Onkoloji xəstəliklərin bu bədxassəli növü bağırsağın məhvi deməkdir.  Yaranma səbəbləri sırasında balanssız qidalanma, genetik miras, zərərli vərdişlər, bağırsağın xroniki iltihabi xəstəliyi də var.

Mədə-bağırsaq  traktatındakı bütün onkoloji xəstəliklərdən ən bədxassəlisi, dolayısı ilə, ən ağırı məhz kolorektal xərçəng sayılır. Onkoloji xəstəliklərin ümumi siyahısında isə  kolorektal xərçəng ikinci yerdədir. Hər il 600 mindən çox insana “bağırsaqda bədxassəli şiş” diaqnozu qoyulur. Və bu xəstələrin 60-70%-i həkimə müraciət edəndə artıq gecikmiş sayılır; məlum olur ki, xəstəlik irəliləmiş mərhələdədir.  

Yoğun bağırsaq xərçəngi daha çox 50 yaşını  geridə qoymuş insanlarda rast gəlinir. Xəstələr arasında kişilər üstünlük yəşkil edir. 

Yoğun bağırsaq xərçənginin əlamətləri. 

Bağırsaq xərçənginin əlamətləri kişilərdə və qadınlarda eynidir. Amma şişin həcmi və yayılma dərəcəsi həmişə individual olur. Yoğun bağırsaq xərçəngi uzun müddət heç bir kliniki əlamət olmadan irəliləyə bilir.  Belə demək olarsa, xəstəliyin mövcudluğunu və  inkişafını insan hiss etmir. Var olduğuna dair işarətlər o zaman meydana çıxır ki , artıq şiş nəzərə çarpacaq dərəcədə böyümüş olur. Amma bununla belə, bəzi əlamətlər var ki, patalogiyanın “xəbərçiləri” sayılır. Əgər bu işarətlər vaxtında  bilinsə, xəstənin müalicə şansı daha yüksək olur. 

Xroniki yorğunluq. Bağırsaq xərçəngi insanın  bütün orqanizminə təsir edir. Belə ki, insan  daim özünü yorğun, halsız hiss edir.  Gücünün qalmadığını zənn edən insanın iştahı azalır, “çölə çıxmağında” da problemlər yaranır.  Patalogiyanın mövcudluğu zamanı lazımi müddətdə və şəraitdə istirahət etmək də yoğunluq sindromunu aradan qaldıra bilmir.  Hətta səhər açılan kimi, insan özünü yorğun  hiss edir. Bu da o deməkdir ki, həmin insan günə gümrah başlaya bilmir və iş qabiliyyətinə malik olmur.  Xroniki yorğunluq bir müddət sonra yuxu  problemləri, əhval-ruhiyyənin pis olması və daimi mürgüləmə ilə müşayiət olunur. Burda “yuxu problemləri” dedikdə, yuxuya gedə bilməmək, gecə dəfələrlə  yuxudan oyanmaq, hətta yuxusuzluq da nəzərdə tutulur.  Bu hallar  isə, öz növbəsində, başqa  narahatlıqlar üçün zəmin yaradır.  Yuxusuzluğun düşünmə və yaratma qabiliyyətinin aşağı düşməsinə, yaddaşın zəifləməsinə, baş gicəllənməsinə, baş və əzələ ağrılarına, oynaq göynəmələrinə, qripə bənzər simptomlara, boğaz ağrılarına  səbəb olduğu elmə çoxdan məlumdur. 
“Çölə çıxmaq”da problemlər.  Təbii ki, bağırsaqdakı hər hansı problem  zaman içərisində “çölə çıxmaq”dakı çətinliklərlə özünü biruzə verir.  Əslində, “çölə çıxmaq”dakı hər hansı problemin mədə-bağırsaq traktatının işinin pozulmasından qaynaqlandığını hamımız bilirik. Amma məsələ burasındadır ki,  yoğun bağırsaq xərçənginin episentri birbaşa bağırsaqlarda olur.  

Xroniki qəbizlik, ardınca səbəbsiz ishal varsa, mütəxəssislə məsləhətləşməkdə gecikməməlisiniz. Hələ bu əlamətləri eyni zamanda, mədə yanması, qidanın  mədədən geriyə-qida borusuna qayıtmağı müşayiət edirsə, yoğun bağırsaq xərçəngindən şübhələnməyə dəyər. Düzdür, insanların çoxu indiki zamanda qəbizlikdən şikayətçidir.  Və hamı da əmindir ki, səbəbi bağırsaqlarındadır. Amma çox az adam var ki,  “çölə çıxmağı” 3 gün ləngiyir. Bu günlər ərzində insan mədədə diskomfort və spazm, qarında ağrılar hiss edirsə, “çölə çıxanda” nəcisin miqdarının həddən artıq az olduğunu görürsə, bütün bunlarla yanaşı,   ac olsa da, sanki, “bir quzunu bütöv yemiş” hissinə qapılırsa, 3 gündən sonra “çölə çıxır”, 4-cü gün kəskin ishalla qarşılaşırsa, mütləq həkimə müraciət etməlidir.  24 saat içərisində 3 dəfə “çölə çıxmaq” ishal hesab edilir. Bu zaman nəcisin duruluğu təbii haldır. Bu durumda mədədə yanma və rektumda ağrı varsa,  bunları orqanizmin “həyəcan siqnalı” kimi dəyərləndirməkdə gecikmək olmaz. Ümumiyyətlə, davam edən ishal insan həyatı üçün təhlükəlidir. Çünki bu zaman bədən maye və elektrolitlər itirir, bağırsaqda orqanizmi qidalandıracaq maddələr qalmır. 

Nəcisin görünüşündə dəyişikliklər. Bağırsaqda xərçəng və ya digər pataloji proseslərin olub-olmadığı haqqında məlumatı nəcisin rəngini, formasını izləməklə də əldə etmək mümkündür. Qəbizlikdən sonra nəcis quru, bərk, ishal zamanı isə tamamilə əksinə-yumşaq və duru olur. Əgər bağırsaqda xərçəng varsa, nəcis nazik və uzun olacaq, bir növ, karandaşı xatırladacaq. Buna “lentvari nəcis” deyilir. Bundan əlavə, yoğun bağırsaq xərçəngi zamanı nəcisin rəngi qarala da bilər. Həmçinin, qoxusu kəskinləşər. Bu cür nəcis melena adlanır.  Melenanın, yaxud “qətranlı nəcis”in  səbəbi bağırsaq şirəsinə qan qarışmasıdır. Melenanın mövcudluğu, təkcə, yoğun bağırsaq xərçəngindən deyil, ümumiyyətlə, mədə-bağırsaq traktatındakı istənilən növ xərçəngdən qaynaqlanır.  Bağırsaqdaxili qanaxma nə qədər güclüdürsə, nəcisin rəngi bir o qədər tünd olur. Bu simptom təhlükəli sayılır. Rastlaşdığınız gün həkimə müraciət etməyiniz ən doğru seçimdir.  İstənilən orqanda daxili qanaxmanın mövcudluğunu yoxlamaq üçün ultrasəs müayinəsi, yaxud qan analizi  aparılır. Amma bağırsaqdaxili qanaxmanı aşkara çıxarmaq üçün  həkiminiz nəcisin analizini də tələb edə bilər. 

Nəcisdə qan.  Əgər tualet kağızında, alt paltarında, yataqda və s. qan ləkəsi ilə rastlaşırsınızsa, bu, qanaxmanın bağırsağın rektuma daha yaxın bir hissəsində olduğuna işarədir. Bununla yanaşı, şişin bağırsağa qan daşıyan damarları zədələməsi də qanaxmaya səbəb ola bilər. Əgər tualet kağızında, ən azı, iki dəfə al-qırmızı rəngli qan gördünüzsə, həkimə getməyə tələsin. 

Selikli nəcis. Qatı selik və yaxud  kütlələr arasındakı selik bağırsaqdakı infeksiyanın əlamətidir. 
Dispepsiya. Yoğun bağırsaq xərçəngində dispepsik əlamətlər də gözə dəyir.  Bu əlamətlər davamlı ağrılar, qarnın aşağı hissəsinin dolu olması  və yaxud ağırlıq hissidir. Bu cür halsızlıq yemək qəbulundan asılı olmaya bilər. Ürək bulanması, mədə yanması, qarında köp də dispepsiya əlaməti sayılır. 

Bədən temperaturunda dəyişiklik. Yoğun bağırsaq xərçəngində subfebril temperatur müşahidə olunur. Bu, o deməkdir ki, bədən temperaturu 37-380C-dək qalxır və bu səviyyədə qalır.  Qızdırma əleyhinə dərmanlar  bu zaman təsirsizdir. Dəridə göy, sarı və ağ ləkələr əmələ gəlir. Bu simptomun konkret olaraq yoğun bağırsaq xərçənginin əlaməti sayılmasını demək çətindir. Çünki qəfildən qalxan temperatur müxtəlif səbəblərdən qaynaqlana bilər.  Bir  həqiqət də var ki, heç kəs öz bədən temperaturunu daimi nəzarətdə saxlaya bilmir. 

Səbəbsiz arıqlamaq. Heç bir pəhriz proqramı tətbiq etmədən çəki itirirsinizsə, bu da yoğun bağırsaq xərçəngindən şübhələnməyə əsas verir. Bəs, bu arıqlamağın səbəbi nədir? Birincisi, təkrar etməyə dəyər ki, yoğun bağırsaq xərçəngi varsa, insanın iştahı pisləşir. Xəstəlik kəskinləşdikcə, orqanizmin qidaları mənimsəməsi, dolayısı ilə, lazımi maddələri qəbul etməsi çətinləşir. 

Anemiya. Bildiyimiz kimi, anemiya qanda qan hüceyrələrinin sayının,  yaxud qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlikdir. Xərçəngli hüceyrələr zamanla dalaqdakı sağlam hüceyrələrin yerinə keçir. Nəticədə, dalağın qan yaratma qabiliyyəti azalır. Anemiya zamanı qanda oksigen və qidalı maddə səviyyəsi aşağı düşür, beləcə, orqanlar lazımi miqdarda qidalana bilmir. Bu da orqanlarda oksigen qıtlığı yaradır. Bundan əlavə, anemiya daxili qanaxmadan da qaynaqlana bilər. 

Bağırsaq keçməzliyi. Yoğun bağırsaq xərçəngi kəskinləşdikdə bağırsaq keçməzliyi meydana çıxır. Bu isə həyati təhlükə deməkdir. Qarında ağrılar, ürəkbulanma, qusma ilə müşayiət edilir. Bədəndə zülalın aşağı düşməsi şişkinliklərlə, mayenin azalması isə susuzluqla nəticələnir. İnsan “çölə çıxa” bilmir, qarın şişir, zəhərlənmə simptomları müşahidə edilir, insan susuzlayır.  Bağırsaqdan orqanizmə toksik maddələr ötürülür, beləcə, orqanizm az-az zəhərlənir. Bu cür hallarda mütləq həkimə müraciət edin. 

Başqa orqanlarda üzə çıxan simptomlar. 
Yoğun bağırsaq xərçənginin irəli mərhələlərində, yəni, şişin həcmi böyüdükcə qurşaqda yerləşən orqanlarda da müxtəlif  narahatlıqlar baş qaldırır.  Məsələn; sidiyi saxlaya bilməmək. 

Bahadur Seyidov / Demedia.az