Yaponların sağlamlıq sirləri - Araşdırma



 11:19 28.02.2023     971

Müasir dünyada bel ağrılarından əziyyət çəkən insanların sayı günbəgün artmaqdadır. Səbəblər sırasında qeyri-aktiv həyat tərzi, anormal duruş, onurğadakı xroniki xəstəliklər, daimi gərginlik və s. var.  

Onurğadakı diskomfort hissinin aradan qaldırılması və ağrıların azalması üçün müxtəlif üsullar mövcuddur. Yaponiyalı loğman Katsuzo Nişi`nin sistemi də geniş istifadə olunur. O, şəxsi təcrübələrinə əsaslanaraq bel ağrılarını müalicə edirdi. Onun gimnastika təliminə təkcə gimnastik hərəkətlər deyil, həmçinin, düzgün qidalanma da daxil idi. Nişi sistemini tətbiq edənlər sağlamlığının qeydinə qalacaq,  gec qocalacaq, stressə qarşı müqavimətli olacaq. 

Katsuzo Nişi`nin sistemini  istənilən naşı adam, istənilən yaşda öz həyatına tətbiq edə bilər. Loğman Nişi`nin özü uşaqlıqdan daim sağlamlığı ilə bağlı problemlər yaşayıb. O, daim ağrıyırdı. 7 yaşında bağırsaq vərəminə yoluxur. Bundan əlavə, onun limfa sistemində xroniki xəstəlik vardı. Həmin vaxt həkimlər onun uzun yaşamayacağı qənaətində idilər. Bu qədər xəstəliklə o, 20 yaşınadək ancaq çatardı. Amma gələcəyin loğmanı həkimlərin bu qənaəti ilə razı deyildi.  Nişi aktiv uşaq idi; qılınc oynadırdı,  tez-tez meditasiya ilə məşğul olurdu. Diaqnozdan 3 il sonra onu yenidən müayinə edən həkimlər bu dəfə daha optimist idilər.  Beləcə, Katsuzo Nişi uzun bir ömür yaşadı və 75 yaşında dünyasını dəyişdi. 

O, bütün ömrü boyu tibbi araşdırmalarla məşğul olub və öyrəndiklərini öz üzərində sınaqdan çıxarıb.  Uzun illər ərzində topladığı təcrübəni, nəhayət, bir gün kitab halına salır. 40 yaşında Nişi əhali arasında olduqca populyar idi.  Çarə axtaran insanlar ölkəsinin, hətta dünyanın müxtəlif  bölgələrindən Nişi`nin yanına gəlirdi. 

Nişi`nin metodunun əsasında “insan orqanizminin vahid sistem olması” fikri dayanırdı.  Bu yanaşmaya görə, hər orqanı ayrılıqda götürmək düzgün deyil. Nəsə tətbiq ediləcəksə,  proses kompleks şəkildə, yəni, bütün orqanizmə sirayət edəcək şəkildə  həyata keçirilməlidir. Nişi`nin fikrincə, sağlamlığın zəmanəti ruh və  bədən sağlamlığının balanslaşdırılmasıdır.  O, düşünürdü ki, dərman preparatları, sadəcə, simptomları aradan qaldırır, xəstəliyin əsas səbəbini deyil. Beldəki ağrıların səbəbini onurğada və onurğaətrafı əzələlərin, vətərlərin  qan dövranının pozulmasında  axtarmaq lazımdır.  Bundan əlavə, bel ağrılarının səbəbləri sırasında qeyri-düzgün qidalanmanın və tənəffüs yollarındakı hər hansı problemin olduğunu da deyirdi. Çünki  bunlar hərəkət-dayaq sistemi üçün enerji və oksigen deməkdir.

Nişi sisteminin faydaları

Bu sistemin tətbiqi ilə təkcə onurğanın deyil, daxili orqanların  da sağlamlığına dəstək olmaq mümkündür. 

Müsbət effekt verəcək olan üsulları məşq etməyi seçsəniz, orqanizminizdə bunlar baş verəcək: 
-immunitet möhkəmlənəcək; 
-qan dövranı yaxşılaşacaq; 
-ürəyin və damarların işi normallaşacaq; 
-qidaların həzmi yaxşılaşacaq, bağırsaqların işindəki problemlər aradan qalxacaq; 
-baş ağrıları və ya diş ağrıları azalacaq; 
-zehin aydınlanacaq, yaddaş güclənəcək, diqqət dağınıqlığı aradan qalxacaq; 
-yuxu rejimi düzələcək, yuxunun keyfiyyəti artacaq, yuxuya getmə asanlaşacaq; 
-orqanizmdə cavanlaşma gedəcək,  ömür uzanacaq; 

Nişi təliminin texnikası və əsasları: 

Loğmanın sistemi müxtəlif faktorların kompleks tətbiqinə əsaslanır.  
Düzgün qidalanma; 
Düzgün duruş; 
Xüsusi təlimlər; 
Bunlar orqanizmin sağlamlığını dəstəkləyir  və bel ağrılarından yaxa qurtarmağa kömək edir.   Gərək, rasiona elə qidalar daxil edilsin ki, onlar əzələ-vətər sistemini gücləndirsin. Fosfor, kalsium və D vitamini tərkibli qidalar da unudulmamalıdır. 

    Nişi sisteminin əsasında dayanan 4 element budur: 
-özünə nəzarət və pozitivlik-sağlamlığın zəmanəti; 
-düzgün qidalanma-orqanizmin daxildən təmizlənməsi; 
-dəriyə qulluq-daxili orqanları xarici mühitdən qorumaq; 
-bədənimizin dayağı ayaqlarımızdır; 

Nişi sisteminin 6 qaydası: 
Ən birincisi, mütləq bərk və düzgün səthdə yatılmalıdır. Bu məqsəd üçün ən əlverişli üsul döşəmədə  yatmaqdır. Bu cür yatış onurğanı məhv olmaqdan qoruyur, həmçinin, onun mütənasibliyini təmin edir. Onurğadakı mütənasiblik isə, öz növbəsində, daxili orqanların, ümumiyyətlə, orqanizmin düzgün işləməsinə stimul verir.  Böyük, hündür yastıqların yerinə, kiçik, orta bərklikdə mütəkkələr yetərlidir. Onu da başın altına deyil, boyunun altına qoymaq lazımdır. Bu  duruş boyunun sağlamlığının qorunmasına xidmət edir. Düzdür, bu cür vəziyyətdə yuxuya getmək asan deyil. Amma vərdiş edə bilsəniz,  müsbət dəyişikliklərin fərqinə varmaqda gecikməyəcəksiniz. 

    “Qızıl balıq” təlimi.
    Arxası üstə uzanın, ayaq barmaqlarınızı birləşdirin, üzünüzlə eyni  səviyyədə saxlayın. Əllərinizlə başınızı elə tutun ki, başınız ovuclarınızın içində qalsın. Sonra balığın dalğa daxilində etdiyi hərəkətləri təkrar edin. Yavaşca yanlara doğru süzülün və bədəninizi hərəkət etdirin. Bu vəziyyət 2-3 dəqiqə davam etməlidir. Bu hərəkətlər aşağı ətraflarda və sinir uclarında qan dövranını sürətləndirəcək, ürəyin işini yaxşılaşdıracaq, orqanizmi daxildən təmizləyəcək. 

    Kapillyarların tonusu üçün təlim. 
    Arxası üstə uzanın, əl və ayaqlarınızı yuxarı qaldırın. 2-3 dəq bu vəziyyətdə qalın. Bu duruş şişkinliklərdən yaxa qurtarmağa, venalardakı varikoz əlamətlərinin yox olmağına kömək edəcək. Bu gimnastik hərəkət zamanı bütün hüceyrələr oksigenlə təmin olunur və qidalanır. Həmçinin,  bu duruşun orqanizmə cavanlaşdırıcı təsiri var. 

    Ovuclarını qovuşdur və stop! 
    Arxası üstə uzanın,  ovuclarınızı və ayaqlarınızın altını qovuşdurun. Qovuşdurduğunuz əllərinizi asta-asta başınızla mədəniz arasında hərəkət etdirin.  Ayaqlarınızı da bir-birindən ayırmadan uzadın, geri çəkin. Əl barmaqlarınızın ucu üzünüz istiqamətində olmalıdır. Hərəkəti 10 dəfə yerinə yetirin, sonra  analoji hərəkəti çanaq və qarın arasında təkrarlayın. Bu dəfə əl barmaqlarınızın ucu ayaqlarınıza tərəf yönəlmiş  olmalıdır.  Gimnastik hərəkətin sonunda ayaqlarınızı və əllərinizi oynada bilərsiniz. 

Bədəni sallamaq. 
    Dizüstə çökün, amma ayaq barmaqlarınızın ucunu döşəməyə toxundurun. O tərəf-bu tərəfə sallanın. Təxminən, 10 dəq hərəkəti davam etdirin. Təəccüblənməkdə haqlısınız. Amma deməliyəm ki, bu hərəkət təkcə bel ağrılarını azaltmaqla qalmır, bağırsaqların  pozulan funksiyasını bərpa edir, qəbizliyi aradan qaldırır.  Bu  hərəkət mərkəzi sinir sisteminin fəaliyyətinə də müsbət təsir edir. Stressin tez ötüb-keçməyini təmin edir. 

Bundan əlavə, Nişi sistemində başqa təlimlər də  var. Məsələn; dizüstə çökün, əllərinizi arxaya uzadın və dabanlarınızdan tutun. Təxminən, 10 saniyə bu vəziyyətdə qalın. Bu duruş boyunda və onurğada qan dövranını yaxşılaşdırır, yumşaq toxumaları rahatlaşdırır.  
Arxaya qanrılmağınız gərəkən daha bir duruş ayaqüstə olandır. 
Dizüstə çökərək, başınızı ovuclarınızın içinə qoymaqla da orqanizmi rahatlatmaq olar. Ayaqüstə olanda da, dizüstə olanda da prosesi 1 dəq müddətində təkrarlamağa səy göstərin ki, effektə nail olasınız.  Bir də, çalışın ki, bu hərəkətləri yerinə yetirərkən heç bir mənfi düşüncəyə qapılmayasınız. Yalnız və yalnız təlim nəticəsində orqanizmin qazanacaqlarına köklənin. 
Ayaqüstə durun və dizlərinizi bükmədən başınızı aşağı əyin. Əllərinizi ayaqlarınıza çatdırın və 2 dəq bu vəziyyətdə durun.  Qəfil dikəlməyin, asta-asta, aram-aram dikəlin. Orqanizmin necə rahatladığının, zehninizin açılmasının şahidi olacaqsınız. 

    Nişi metodunun ümumi göstəriciləri. 
    Onurğasında problem olanlar bu metodun köməkliyi ilə sağala bilər. Haqqında danışdığım kompleks təlimləri mütəmadi olaraq həyata keçirənlər:
-osteoxondrozdan xilas olar;
-bədən mütənasibliyini qoruyar; 
-passiv həyat tərzindən və ya hər hansı travmadan qaynaqlanan oynaq ağrılarından yaxa qurtarar;
-onurğadakı yırtığın aradan qaldırılması məqsədilə aparılmış cərrahi əməliyyatdan sonra orqanizmin özünübərpasına nail olar; 
-bel ağrıları əhəmiyyətli dərəcədə azalar; 
-revmatizm ağrıları yox olar, nahiyələr rahatlayar; 
-osteoporozun əmələ gəlməsi riski azalar, varsa, kəskinləşməz; 
-venalarda varikoz əmələ gəlməz; 
-ayaqlarda şişkinliklər yaranmaz; 

Nişi metodu  bəzi xəstəliklər zamanı da orqanizmin köməyinə çatır. Periferik damar xəstəlikləri və ya sinir xəstəlikləri, şəkərli diabet bu qəbildəndir.  Diqqət dağınıqlığı və  günbəgün pisləşən yaddaş kimi narahatlıqları da bu  sistemin tətbiqi ilə aradan qaldırmaq mümkündür.  Proses zamanı baş beyində də qan dövranı yaxşılaşır. Bundan əlavə, Nişi  təlimi emosional stabilliyin qorunmasında da mükəmməl köməkçidir.  Sistemin tətbiqi sizin stresslə daha asan mübarizə aparmağınıza,  fiziki sağlamlığınıza paralel olaraq,  psixi sağlamlığınızın da qeydinə qalmağınıza səbəb olacaqdır. 
Müasir dövrdə  saatlarla telefon və ya kompüterlə məşğul olan uşaqların çoxunun onurğasında əyrilik  yaranır. Bu da zamanla onurğadakı əzələ-vətər sistemində bağların zəifləməsinə, hətta qopmasına belə, gətirib çıxarır.  Bu hal ofisdə işləyən böyüklərdə də müşahidə edilir. Nişi təlimi bu kimi durumlarda da effektivdir. 

Zərərləri və əks təsirləri 
Təlimin xüsusi olaraq  qeyd edilməli əks təsirləri yoxdur. İstənilən insan bu təlimlərdən faydalana bilər. Bütün hərəkətlər orqanizmi rahatladır, heç bir  diskomfort hissi meydana çıxmır. Sadəcə, vərdiş eləmək lazımdır. Təbii ki, hərəkətlərin məşqinə başladığınız ilk vaxtlar bir az narahatlıq yaşayacaqsınız. Çünki yumşaq döşəkdə, qaz tükü yastıqlarda yatmağa vərdiş etmişik.   Çoxumuz dümdüz yerdə yatmağı dincəlmək saymırıq. Ona görə də, boynunuzun altına qoyduğunuz bərk mütəkkə ilk günlər sizi narahat edəcək. Hətta boynunuzun, belinizin, hətta qollarınızın belə, ağrıdığı hissinə qapıla bilərsiniz. Bu cür hallara özünüzü bəribaşdan hazırlasanız, sonrakı uzunmüddətli sağlamlığı və rahatlığı düşünsəniz, bu kiçik narahatlıqların öhdəsindən gəlmək sizin üçün asan olacaq. 
Əgər osteoxondroz, yaxud artrit varsa, bəzi hərəkətlər kəskin ağrıların baş qaldırmasına səbəb olar. Buna görə də,  sözügedən xəstəliklərdən əziyyət çəkənlər hərəkətləri yerinə yetirərkən ehtiyatlı olmalı, maksimum dərəcədə asta davranmalıdırlar. 
Nişi təlimi universaldır; müxtəlif xəstəlikləri olan insanlar onu həyatlarına tətbiq edə bilərlər. Bir daha təkrar edirəm ki, kompleks şəkildə tətbiq olunan üsul təkcə bel ağrılarını kəsmir,  bütün orqanlara sirayət edir, onların işini normallaşdırır. 
Nişi üsulunu seçmək fikriniz varsa, unutmayın: loğman bu  təlimi öz üzərində sınaqdan çıxarıb və xroniki xəstəlikdən qurtularaq uzun illər yaşayıb. 

Bahadur Seyidov / Demedia.az