Xolesterinin səviyyəsinin təyin edilməsi - Araşdırma



 11:01 06.03.2023     1151

Xolesterinin səviyyəsinin yüksəkliyi uzun müddət özünü biruzə vermir. Buna görə də, çox adam  bu haqda heç fikirləşmir. Amma xolesterinin səviyyəsinin uzunmüddətli yüksəkliyi orqanizmə zərər vurur. 

Xolesterini biz qidalar vasitəsilə qəbul edirik.   Kiçik bir qismi qaraciyərdə sintez olunur. Yumurta sarısında və yağlı ətdə böyük miqdarda xolesterin  var. Sağlamlığımız üçün xolesterinin olması vacibdir, amma kiçik miqdarda. Xolesterin bütün hüceyrə membranlarının strukturuna lazımdır.  Çünki onların həyat tsiklini dəstəkləyir.  Xolesterin iki cür xarakterizə olunur: yaxşı xolesterin və pis xolesterin. Pis xolesterin odur ki,  qandakı lipoproteinləri özünə yapışdırır və damar divarlarında yığıntıya çevrilir. Yaxşı xolesterin isə lipoproteinləri qandan təmizləyir və orqanizmdən kənarlaşdırır. 
    Qeyri-düzgün qidalanmaq və oturaq həyat xolesterinin səviyyəsinin yüksəlməsinə səbəb olur. İlk simptomla rastlaşana qədər uzun vaxt keçir. Kişi və qadınlarda simptomlar fərqli şəkildə üzə çıxa bilər. Buna görə də, hər bir durum haqqında ayrıca məlumat almaq lazımdır. 
    Xolesterindən ən çox əziyyət çəkən ürək-damar sistemidir. Ateroskleroz riski artır, problem varsa, kəskinləşir. 
    Xolesterinin təhlükələri nələrdir? 
    Əgər qanda xolesterinin miqdarı çoxdursa, o, damar divarlarında və bəzi toxumalarda yığılmağa başlayır. Bu da orqanizmdə müəyyən dəyişikliklərə gətirib çıxarır: 
-damarların funksiyasını aşağı salır; 
-arteriyaların damarlarındakı yığıntıları artırır; 
-damarlarda qan axınının sürətini azaldır; 
    Təbii ki, damarlarda yaranan bu kimi problemlər birbaşa qan dövranına təsir edir. Bununla yanaşı, bir çox problemlərə səbəb olur: 
-işemik insult; 
-aşağı ətraflardakı damarlarda ateroskleroz; 
-miokard infarktı; 
-stenokardiya; 
-yüksək arterial təzyiq; 
-trombların əmələgəlmə riskinin artması; 

    Xolesterinin yüksək olmasının əlamətləri:
    Bayaq da qeyd etdim ki, ilkin mərhələdə xolesterinin səviyyəsinin yüksək olması özünü biruzə vermir. Amma zamanla o, damar divarlarında qalın yığıntılar əmələ gətirir, damarların  qan axıtmaq qabiliyyətini aşağı salır, nəticədə, müxtəlif narahatlıqlar meydana çıxır. Ayaqlarda ağrılar,  şişkinliklər yaranır. Ürək damarlarında daralma olan insanlar tez-tez belə deyir: havam çatmır. Yeriyəndə və qaçanda  döş qəfəsində ağrılar olur.  Yüksək xolesterin əhval-ruhiyyəni aşağı salır, yuxusuzluqla nəticələnir. İnsan daim yuxulu və gərgin olur. 
    Baş beyinin damarlarının tədricən daralması orqana lazımi qədər oksigenin ötürülməməsinə səbəb olur. Bu da baş ağrıları, baş gicəllənməsi kimi simptomlarla özünü biruzə verir. Xəstəliyin kəskinləşməsi infarkt və ya insultla nəticələnə bilir. Hərdən yağlar dərialtına yığılır və ilk baxışdan təhlükəsiz sızanaqlar kimi görünür. Bu cür yığılmalar daha çox qaşların və gözlərin ətrafında peyda olur. 

    Yorğunluq və zəiflik.
    Bu kimi hallar daha çox qan dövranının pisləşməsi və ya sinir hüceyrələrinin işemiyası zamanı nəzərə çarpır. Toxumalara lazımi qədər oksigenin çatmaması əhval-ruhiyyəni pisləşdirir və insanı gərginləşdirir. 
    Aşağı və yuxarı ətraflarda uyuşmalar, şişkinliklər. 
    Damarlardakı xolesterin yığıntıları zamanla müəyyən nahiyədə maye yığılmasına səbəb olur. Bu şişkinliklər ilk olaraq, əllərdə və ayaqlarda gözə çarpır. Əgər  vaxtında şişkinliklərin aradan qaldırılması ilə bağlı tədbir görülməsə, xəstənin şikayətləri sırasında “ayağıma, elə bil, iynə batır”, “ayağım uyuşur” kimi cümlələr də eşitmək olur. 
    Döş qəfəsində ağrılar. 
    Bu simptom ürəyə lazımi qədər qan axınının olmamasından qaynaqlanır. Qan çatışmayanda ürəyin bəzi nahiyələri aclıq çəkir və durumu haqqında xəbərdarlıq siqnalları göndərməyə başlayır. Əksər hallarda bu cür ağrılar üzüyuxarı çıxanda, yeyin addımlarla yeriyəndə baş versə də, hərdən adi ev şəraitində də rast gəlmək olur. 
    Ağızdan gələn pis qoxular. 
    Tibbdə bu vəziyyət halitoz adlanır. Onun meydana çıxması bir çox səbəblərdən asılıdır. Xolesterinin səviyyəsinin yüksəlməsi məhz bu səbəblərdən biridir. Xolesterinin səviyyəsinin yüksəkliyi qaraciyərin və həzm sisteminin işini pozur. Bu dəyişikliklər isə özünü göstərməyə ağızdakı pis qoxularla başlayır. 
    Dəridə problemlər. 
    Xolesterin qanda çoxaldıqca, müxtəlif orqanlarda və toxumalarda yığılmağa başlayır. Belə hallardan biri də, epidermisin altında toplanan sarı kütlələrdir. Problemin tibbi adı ksantelazma`dır. Bu cür kütlələri daha çox göz ətrafında və ya qulaq ətrafında görmək mümkündür. 
    Qəbizlik və dispepsiya.
    Xolesterinin səviyyəsinin yüksəlməsi bütün orqanlarda olduğu kimi, bağırsaqlarda da damarların daralmasına gətirib çıxarır. Bu da bağırsaqların qan dövranının pozulmasına səbəb olur. Beləcə, bağırsağın iş qabiliyyəti aşağı düşür. Nəticədə isə, qidaların mənimsənilməsində və  mənimsənilməyən kütlənin orqanizmdən xaric edilməsində kəskin problemlər meydana çıxır. İlkin simptomlar qəbizlik və mədə yanmasıdır. 
    Mədədə ağırlıq və qida həssaslığının artması. 
    Bu simptomları yüksək xolesterin səviyyəsi üçün spesifik saymaq düzgün deyil.  Amma mədədə ağırlıq hissinin olması, qidalara qarşı həssaslığın artması da sözügedən patalogiya zamanı üzə çıxan problemlərdəndir.  Yüksək miqdarda yağ mədənin işini pozur, qidaların mənimsənilməsində çətinlik yaradır. Problemlər ürəkbulanma və qusma ilə nəticələnə bilir. 
    Baş gicəllənməsi, baş ağrıları, görmə qabiliyyətinin azalması. 
    Baş beyin damarlarının tıxanıqlığı orqanın hüceyrələrinin lazımi qədər qida və oksigenlə təmin olmamasına gətirib çıxarır. Baş ağrıları və baş gicəllənmə aclıq çəkən hüceyrələrin xəbərdarlığıdır. Göz hüceyrələri də bu qidasızlıqdan və oksigensizlikdən zərər görür. Beləcə, get-gedə görmə qabiliyyəti zəifləyir. 
    Patalogiyanın xarici əlamətləri. 
    Xolesterinin səviyyəsinin yüksəlməsi orqanizmə daxildən böyük zərər vurur. Amma patalogiyanın xarici əlamətləri də var. Ksantelazma buna misaldır. Gözlərin və qulaqların ətrafında yığılan kütlələrdən əlavə,  yağ artıqlığı əllərin dərisinin qurumasına da səbəb olur. Tibbdə bu vəziyyət ksantoma adlanır. 
    Artıq xolesterin göz toxumalarında da yığıla bilir. Göz bəbəyinin ətrafına yığılan yağlar “lipoid qövsü” adlanır. O, ağ və ya boz rəngdə görünə bilir.  
    Xolesterin səviyyəsinin yüksəkliyinin daha bir spesifik olmayan simptomu saçların tez ağarmasıdır. Adətən, dəridə yağ miqdarının artması saçların sürətlə ağarmasına gətirib çıxarır. Bu da onun nəticəsidir ki, saç köklərinə qan ötürən damarlar daralır. 

    Hiperxolesterinemiya qadınlarda. 
    Orqanizmdə xolesterinin səviyyəsinin yüksəlməsi qurşaq ətraflarında kökəlmələrə səbəb olur. Bunu özünüz də müşahidə edə bilərsiniz. Qurşaq 88 sm-dən artıq olmamalıdır. Əgər ölçdüyünüz rəqəm 88-dən böyükdürsə, qanda lipidlərin miqdarını bilmək üçün analiz vermək lazımdır.  Beləcə, xolesterinin səviyyəsi haqqında məlumat əldə etmək şansınız var. Ayaqlarda və əllərdə  başlayan şişkinlik də sözügedən patalogiyanın əlamətləri ola bilər. 
    Hiperxolesterinemiya kişilərdə.
    Yüksək xolesterin kişi orqanizmində ən birinci ürək-damar sisteminə zərər vurur. Fiziki aktivlik zamanı döş qəfəsində başlayan qəfil ağrı xolesterinin səviyyəsinin yüksəldiyindən xəbər verir. Həmçinin, görmə qabiliyyəti zəifləyir, cinsi aktivlik azalır, saçlar tez ağarır. 

    Xolesterinin səviyyəsi niyə yüksəlir? 
    Səbəblərdən biri qaraciyər xəstəlikləridir. Çünki bu zaman ən böyük daxili orqanımız xolesterini sintez edə bilmir. Bundan əlavə, orqanizm tərəfindən yağların mənimsənilməsində hər hansı problem varsa, bu, genetik olaraq, uşaqlara da ötürülür. Əlbəttə ki, əsas rol qeyri-düzgün qida vərdişinindir.  Həddən artıq yağlı yeməklər yağların toxumalarda və orqanizmin müxtəlif nahiyələrində toplanması ilə nəticələnir. Oturaq həyat tərzi və artıq çəki maddələr mübadiləsinin sürətini aşağı salır. Bu da o deməkdir ki, yağlar asta-asta yandırılır. Yanmayan yağlar orqanizmdə toplanır.  Alkoqol qəbulu və siqaret də lipid balansını pozur və pis xolesterinin səviyyəsinin yüksəlməsinə səbəb olur. Bəzi dərman preparatlarının mütəmadi olaraq, qəbulu da qanda yağ miqdarını artırır. 
    
    Müalicənin əsasları. 
    Müalicəyə başlamazdan əvvəl qan analizi vermək lazımdır ki, lipidlərin miqdarı ölçülsün, xəstəliyin vəziyyəti barədə məlumat əldə edilsin. Əgər problem varsa, gecikmədən bəzi tədbirlər görmək lazımdır. 
    -alkoqol qəbulunu və siqaret çəkməyi dayandırın; 
    -idmanla məşğul olun; 
    -düzgün qidalanma qaydalarına əməl edin; 
    -həkim məsləhətilə müntəzəm şəkildə xolesterinin səviyyəsini aşağı salan dərmanlar qəbul edin; 
    
    Qidalanmanın əsasları.
    Yaxşı olar ki, sözügedən patalogiya zamanı yağlı yeməkləri rasiondan çıxarasınız. Əvəzində bitkilərə üstünlük verəsiniz. Yağlı ətləri, yarımfabrikatları, yumurta sarısını, marqarini, süd məmulatlarını, şirniyyatları rasiondan çıxarmaq lazımdır. Qidalanmanın əsasını meyvə-tərəvəz və göyərtilər təşkil etməlidir. Həmçinin, balıq əti, giləmeyvələr və dənli bitkilər də rasionun müəyyən hissəsi olmalıdır.  Yeməkləri soyutma bişirmək, sobada və ya buxarda hazırlamaq məqsədəuyğundur. Bu qayda ilə qidalanma pis xolesterinin səviyyəsini aşağı salacaq, damarları yığıntılardan təmizləyəcək. 
    
    Xolesterinin səviyyəsini normada saxlamaq üçün bəzi üsullar: 
    Düzgün qidalanma ilə  paralel olaraq, bəzi üsulların köməyilə qanda pis xolesterinin səviyyəsini azaltmaq mümkündür.  Sınaqdan çıxarılmış və faydalı reseptlər bunlardır: 
Sarımsaq məhlulu. 1 baş sarımsağı təmizləyin, əzin. 200-300 ml arağa qatın və 1 həftə hazır olmağını gözləyin. Alınan məhluldan gündə bir neçə dəfə 10 damcı qəbul edin. Proseduru 30 gün davam etdirin. Bu məhlul yağların orqanizmdən xaric edilməsini sürətləndirəcək, damarları təmizləyəcək. 
Kətan yağı. Mütəmadi şəkildə qəbul edilən 1 xörək qaşığı kətan yağı qanda xolesterinin səviyyəsini aşağı salacaq və damar divarlarını təmizləyəcək. 
Kartof şirəsi. Bu vasitəni hazırlamaq üçün çiy kartofu sürtgəcdən keçirin və alınan şirəni səhər acqarına için.  
Bal-limon qarışımı. 1 limonu sürtgəcdən keçirin və 1 xörək qaşığı balla qarışdırın. Alınan qarışımı səhər 1 xörək qaşığı həcmində qəbul edin. Bu qarışım təkcə aterosklerozun qarşısını almır, həmçinin, immuniteti də möhkəmləndirir. 
Bitki əsaslı məhlul. İtburnunu, yemişanı, qıfotunu, Qafqaz dioskoreyasını qarışdırın. Alınan qarışımdan 25-30 qr götürüb yarım litr qaynar suya əlavə edin. Bir neçə saat dəmlənməyini gözləyin. Mütəmadi olaraq, yemək vaxtı için.     

Unutmayın ki, düzgün qidalanmaq qanda xolesterinin səviyyəsini nizamlamağın ən əlçatan üsuludur. İlk olaraq, yağlı və qızardılmış yeməklərdən uzaq durun. Meyvə-tərəvəzə üstünlük verin. Balıq, faydalı yağlar, avokado və ləpələr də rasionunuzun bir hissəsi olsun. Gün ərzində, az da olsa, fiziki aktiv olmağa çalışın. Ən əsası, zərərli vərdişlərdən imtina edin. 

Bahadur Seyidov / Demedia.az