Uzunömürlü yaponların qədim metodu - Araşdırma



 12:02 06.03.2023     911

Müasir dünyamızda insan ömrünü qısaldan amilləri çox saymaq olar. Məsələn; ekoloji kirlilik, qlobal istiləşmə və s. Amma elə anlar var ki, bu amili insan özü yaradır. Düzgün qidalanmamaq və zərərli vərdişlər buna misaldır.  

Nə olur-olsun, mütəmadi olaraq, orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləmək lazımdır. Çünki təmiz orqanizmdə orqanlar və toxumalar bütün gücləri ilə işləyə bilirlər. Təmizləmə prosesində metabolizmadakı toksinlər, orqanları gücə salan zərərli maddələr, toxumaları və hüceyrələri zədələmək qabiliyyətinə malik sərbəst radikallar orqanizmdən xaric olunur. Mütəxəssislər əmindir ki, toksinlə yüklənmiş orqanizm insanın özünü pis hiss etməsinə, onun iş qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Təmizləmənin bir məqsədi isə həyatın dadını çıxarmaqdır.

Zərərli maddələr insan orqanizmində toplanmağa meyillidir və onlar orqanizmi tez qocaldır, ömrü gödəldir.  Haqqında danışdığım zərərli maddələr bunlardır: 
Duzlar; 
Ağır metallar; 
Radionuklidlər, nitratlar; 
Bəzi dərman preparatlarının komponentləri; 
Qidalara vurulan kimyəvi əlavələr; 
Geni dəyişdirilmiş qidalar; 

Orqanizmdə toksinlərin və zərərli maddələrin toplanmasının əlamətləri. 
İnsanların əksəriyyəti inanır ki, onun keçirdiyi həyat tərzi orqanizmdə  toksinlərin və zərərli maddələrin toplanmasına şərait yaratmır. Amma onlar unudur ki, dövrümüzdə orqanizmin zəhərlənməsindən qaçmaq mümkün deyil. Çünki toksinlər hər yerdədir: havada, suda və yediyimiz qidalarda. Və bunlar sağlam həyat tərzi keçirməyə mane olur. Orqanizmin toksinlərlə yüklənməsini anlamaq o qədər də asan deyil. Amma bəzi əlamətlər var ki, onlar orqanizmdəki zəhərlənmədən xəbər verir. 
Səbəbsiz zəiflik: hansı ki, yaxşıca dincəldikdən sonra belə, aradan qalxmır; 
Yorğunluq hissi: istirahətdən və yuxudan sonra da keçmir; 
Əzələ və oynaqlarda ağrılar; 
Ağızdan gələn pis qoxular; 
Dilin rənginin dəyişməsi; 
Tez-tez tutan baş ağrıları; 
Dərinin rənginin dəyişməsi; 
Orqanların deformasiyası və ağrıları; 
Sinir sisteminin sürətlə irəliləyən xəstəlikləri; 
Toxumaların və daxili orqanların fəaliyyətindəki yetərsizlik; 
Artıq çəki; 

Orqanizmi toksinlərdən və zərərli maddələrdən təmizləmə metodları. 
Orqanizmi təmizləməklə, onun bütün istiqamətdəki balanslaşmasını yaxşılaşdırmaq, əhval-ruhiyyəni yüksəltmək mümkündür. Bir şeyi unutmaq olmaz ki, sağlamlığı qorumaq üçün düzgün metod seçilməlidir. 
Qədim yapon metodu. Yaponların ənənəvi tibbində zəncəfil çox populyardır. İltihab əleyhinə, sağaldıcı, qoruyucu xüsusiyyətlərə malik zəncəfil  tənəffüs yolu xəstəliklərinin, mədə-bağırsaq traktatı xəstəliklərinin müalicəsində, açıq yaraların sağalmasında geniş istifadə edilir. Sadəcə,  qəbul edilən ölçüyə nəzarət etmək mütləqdir. Yüksək miqdarda qəbul edilən zəncəfil tozu mədə yanmasına və köpə səbəb olur. Bəli, zəncəfil orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsi məqsədilə də istifadə edilir. Onun üstünlüyü ondadır ki, qarşısına qoyulan bu vəzifəni problemsiz yerinə yetirir. Terapevtik məqsədlə zəncəfil vannasından istifadə etmək qədim ənənədir. Vannaya hidrogen-peroksid də əlavə etmək olar ki, vannanın təsir dairəsini genişlətsin. Yəni, vanna orqanizmin hər bir guşəsinə sirayət edə bilsin. 35-360C temperatura malik su ilə vannanı doldurun. 1 xörək qaşığı zəncəfil tozunu 1 stəkan hidrogen-peroksidə qatın. Yaxşıca qarışdırın. Qarışımı vannadakı suya əlavə edin və ayaqlarınızı 30 dəq vanna edin. Hardasa, 7-8 gün proseduru gündə 1 dəfə təkrarlayın ki, istədiyiniz nəticəyə çata biləsiniz. İlk gündən gücünüzün artdığını, dərinizin təravətləndiyini hiss edəcəksiniz. 
Xüsusi pəhriz. Orqanizmin təmizlənməsi ərəfəsində yağlı, duzlu, qızardılmış yeməklərdən imtina etmək, rahat həzm olunan  qidalara üstünlük vermək lazımdır. Yaxşı olar ki, bu müddətdə sıyıqlar, soyutma bişmiş toyuğun döş əti, təzə meyvə-tərəvəz, liflə zəngin qidalar yeyilsin. Rasiona paxlalıların və ləpələrin daxil edilməsi də məsləhətdir. Düzgün qidalanmaq mədə-bağırsaq traktatını gücə salmır, orqanizmi lazımi qədər karbohidratlar, yağlar və zülallarla təmin edir. 
Xalq təbabəti. Xalq təbabətində istifadə edilən bir çox bitki çayları da orqanizmdə detoks effekti yaradır. 
Qara qarağat yarpağı çayı. Yarım xörək qaşığı üyüdülmüş qara qarağat yarpağını yarım litr qaynar suya əlavə edin. Dəmlənməyini gözləyin. Vasitəni gündə 3 dəfə, hər dəfə yarım stəkan olmaqla qəbul edin. 
İtburnu çayı. Bir ovuc itburnunu yarım litr qaynar suya əlavə edin, vam odun üstündə qaynara düşənədək saxlayın. Oddan götürün və 1 sutka ağzı  bağlı şəkildə saxlayın. Hazır olduqda gün ərzində 2 dəfə, hər dəfə yarım stəkan olmaqla yeməkdən sonra için. 

Mərcangilə yarpağı çayı. Yarpaqları qaraçay kimi dəmləyin və için. 
Xalq təbabətində kəpək, kətan toxumu, yulaf və düyü də  orqanizmin təmizlənməsi məqsədilə istifadə edilir. Bunlar hamısı bağırsağın düzgün işləməsinin təminatıdır. 

Xüsusi olaraq, toksinlərin atılması üçün qəbul edilən qidalar: 

Orqanizmi təmizləməyin ən sadə və asan metodu rasiona “təmizləyici” kimi çıxış edən qidaları daxil etməkdir.  Bu qidalar bağırsağın turşu-qələvi balansını nizamlayır, mikrofloranın bərpasını stimullaşdırır. Orqanizmi təmizləyən qidalar bəzi xəstəliklərin önünə keçməyə də qadirdir. Həmçinin, onları seçməklə, dərmansız detoks prosesinin uğurla nəticələnəcəyindən əmin ola bilərsiniz. Suda qaynamış yulaf, düyü həlimi, buğda, qarğıdalı və qarabaşaq şiləsi siyahının liderləridir. 

Sidikqovucu effektə malik qidalar. 

Bəli, sidikqovucu xüsusiyyətə malik qidalar da orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsini təmin edir. Bu qidalar içərisində ən məşhuru qarpızdır. Müxtəlif vitaminlərlə zəngin meyvə orqanların fəaliyyətini dəstəkləyir. Sidikqovucu qidalar böyrəklərdə yığıntıların yığılmasına, hətta daş əmələ gəlməsinə belə, mane olurlar. Siyahıda qarpızdan sonrakı yerləri cəfəri, mərcanı və xiyar tutur. 

Bağırsaq mikroflorasını bərpa edən qidalar. 

Bu tapşırığı liflə zəngin qidalar yerinə yetirir. Kələm, yerkökü, pomidor, alma, armud, göyərtilər, qəhvəyi düyü və yulaf bu qəbildəndir. Bağırsaqların düzgün işləməsi orqanizmin zərərli maddələrdən yaxa qurtarmasının ən birinci səbəbidir. 

Qaraciyəri qoruyan qidalar. 
Portağal, limon və digər sitrus meyvələri C vitamini ilə zəngindirlər. C vitamini olmadan qaraciyər öz funksiyasını normal yerinə yetirə bilmir. Məhz C vitamini qaraciyərə kömək edir ki, qanı təmizləsin. Sitrus meyvələrindən başqa, çuğundur, sarımsaq, zəncəfil və reyhan da qaraciyərin “köməkçisi”dirlər. 

Detoks. 
Orqanizmin eyni zamanda bir neçə istiqamətdə təmizlənməsi prosesi “detoks” adlanır. Amma bu, o demək deyil ki, hamı eyni menyu ilə detoks prosesinə start verməlidir. Orqanizmin individuallığı nəzərə alınmalı, hər bir insan üçün ayrıca menyu tərtib edilməlidir. Sadəcə, çalışmaq lazımdır ki, menyu bitki əsaslı olsun. Həmçinin, xüsusi içkilər hazırlanmalıdır ki, orqanizmin oksigen balansı pozulmasın. Zəncirotu çayı, nanə çayı, rozmarin çayı, çobanyastığı çayı sinir sistemini gücləndirməklə yanaşı, orqanizmə təmizləyici təsir göstərir. Təbii meyvə-tərəvəz şirələri bağırsaqların təmizlənməsinə kömək edir, metabolizmanın sürətini artırır və sürətlə arıqladır.  Müxtəlif bitkilərin, meyvə və tərəvəzlərin qarışığından hazırlanan detoks içkiləri həm orqanizmi təmizləyir, həm də ona lazım olan vitamin və mineralları çatdırır. 

Müntəzəm fiziki aktivlik. 
Fiziki aktivlik orqanizmi məcbur edir ki, bütün gücüylə işləsin. Bu da orqanların var gücüylə toksinləri və zərərli maddələri orqanizmdən xaric etməyə çalışmasına təkan verir. İdman eləməyin metabolizmanı, hətta hüceyrə səviyyəsində belə, sürətləndirdiyi artıq elm tərəfindən sübuta yetirilib. Digər deyimlə, bütün orqan və toxumalar eyni anda intensiv şəkildə işləyir. Bu, ən keyfiyyətli detoks metodudur. 

Zərərli vərdişlərdən imtina etmək. 
Yadda  saxlayın ki, orqanizmi təmizləmək üçün  hansı metodu tətbiq edirsinizsə edin, zərərli vərdişlərdən əl çəkmədən istədiyiniz nəticəyə çatmayacaqsınız. Siqaret çəkmək, alkoqol asılılığı və digər bu cür vərdişlər orqanizmin təmizlənməyinə  mane olur. 

Bahadur Seyidov / Demedia.az