Sidik  turşusu kristallarını necə əritmək olar? 



 11:01 07.03.2023     1652

Bu gün sizə sidik turşusu kristallarının əritmək üsullarından danışacağam.  Həmçinin, videoda profilaktika və podaqranın inkişafının qarşısını almağın yolları barədə də məlumat alacaqsınız.  

Sidik turşusu orqanizm tərəfindən hasil olur.  Miqdarının artması qialanmadan asılıdır. Bol zülal, tünd kofe, tünd çay, kakao kimi qidaların qəbulu zamanı sidik turşusu bu qidaların  böyrək süzgəcində qalan, mənimsənilməyən hissələrinin sidik vasitəsilə orqanizmdən xaric edilməsini təmin edir. Əgər böyrək öz vəzifəsini yerinə yetirə bilmirsə, qanda sidik turşusunun miqdarı yüksəlməyə başlayır. Onun səviyyəsini dəqiqləşdirmək üçün mütləq analiz vermək lazımdır.  
    Bəzən standart tibbi müayinələrdə belə, sidik turşusunun miqdarını müəyyən etmək olur. Bəzənsə bunun üçün mürəkkəb kimyəvi analizlər aparmağa ehtiyac duyulur.  Sidik turşusunun qanda miqdarının çoxluğu tibbi terminlə hiperurikemiya (hyperuricemia) adlanır. Əgər sidik turşusunun miqdarını ölmək üçün analiz veriləcəksə, gərək 12 saat əvvəl qida qəbulu dayandırılsın. Həmçinin, siqaret çəkmək və ya hansısa tibbi preparat qəbul etmək də olmaz. Kişi orqanizmində sidik turşusu norması 1 litrdə 262-452 mikromol, qadın orqanizmində 237-393 mikromol  norma sayılır. Uşaqlarda isə göstəricilər fərqlidir. 
    Əgər insan orqanizmində sidik turşusunun miqdarı normadadırsa, onda o, heç bir neqativ  halın baş qaldırmasına səbəb deyil. Əksinə, həyat üçün vacib funksiyasını yerinə yetirir.  Həmin funksiyalar bunlardır: 
-hüceyrələrin keyfiyyətinə nəzarət edir; 
-sinir sistemini aktivləşdirir; 
-katekolaminlərin və hüceyrələrin işini sürətləndirir; 
-orqanizmi sərbəst radikalların vuracağı xəsarətdən qoruyur; 

    Bəs, sidik turşusunun miqdarı niyə artır? 
    Orqanizmdə sidik turşusunun miqdarı purin mübadiləsindən asılıdır.  Orqanizmin özündə var olan purin bir çox qidaların tərkibində də mövcuddur. Sidik turşusunun artması purinin orqanizmdə düzgün mübadilə olunmamasından qaynaqlanır. Həmçinin, digər səbəblər də var: 
Böyrək çatışmazlığı; 
Daun sindromu; 
Böyrəkdə polikistoz; 
Uzunmüddətli aclıq; 
Zülal qəbulunun azaldılması; 
Psoriaz; 
Kəskin ürək çatışmazlığı; 
Alkoqol asılılığı;
Anemiya; 
Hipotiroez; 
Piylənmə; 
Hiperlipidemiya; 
Endokrin sistemin xəstəlikləri; 
Simptomsuz hiperurikemiya; 
Kimyəvi maddələrə məruz qalma; 
Qan xəstəlikləri; 
Hipertoniya; 
Toksikoz; 
Sidik sistemindəki hər hansı patalogiya; 
Hipotermiya; 
Bəzi tibbi preparatların qəbulu; 
Şəkərli diabet; 
Mədə-bağırsaq traktatının və ya qaraciyərin hər hansı xəstəliyi; 
Şişlər; 
Kaxeksiya; 

Sidik turşusunun miqdarındakı artışı bildirən əsas simptomlar: 
Ən təhlükəlisi odur ki, prosesin ilkin etapında insan heç bir narahatlıq, diskomfort hiss etmir.  Sidik turşusunun miqdarının artması yalnız analizlər vasitəsilə üzə çıxarıla bilər.  Mərhələlər irəlilədikcə daxili orqanlarda problemlər yaranmağa başlayır. 
İrəliləyən mərhələlərdəki simptomlar  uşaqlarda aşağıdakı şəkildə özlərini biruzə verirlər: 
Oynaqlarda və əzələlərdə ağrılar; 
Sidiyə çıxmada nəzarətin itirilməsi; 
Vaxtsız “çölə çıxma”lar; 
Danışıqda qüsurlar; 
Sinir atmaları; 
Qarında ağrılar; 
Gərginlik, əsəbilik; 
Həddən artıq tərləmə; 

Böyüklərdə isə ilkin mərhələ simptomsuz keçir. Amma sonrakı mərhələlərdə diskomfort hissi yaranmağa başlayır: 
Cinsi orqanlarda qaşınma; 
Çəkiyə nəzarətin itirilməsi; 
Oynaqlarda və həzm sistemində bir-birinin ardınca yaranan xəstəliklər; 

Sidik turşusunun tıxac yaratdığı nahiyələr. 
    Ən birinci orqanizmdə maddələr mübadiləsi pozulur.  Bu da artıq bir çox xəstəliklərin  “təməl daşının qoyulmasıdır”. Elə bu ərəfədə hər hansı müalicəvi addımlar atılmasa, orqanizm kəskin xəstəliklərin istilasına məruz qalacaq.  Hiperurikemiyanın irəliləməsi aşağıdakı xəstəlikləri yaradır: 
Miokard infarktı; 
Digər ürək-damar sistemi xəstəlikləri; 
Podaqra; 
Oynaq ağrıları: səbəb miqdarı artmış sidik turşusunun sürətlə kristallaşmasıdır; 
Böyrəkdə daş əmələ gəlməsi; 
Sidik yolunda daş əmələ gəlməsi; 
Bütün bunlardan xilas olmağın yeganə yolu isə əsaslı müalicədən keçir. Bəs, necə etmək olar ki, sidik turşusunun miqdarı normada qalsın?  
Düzgün  və balanslı qidalanmaya  riayət etmək; 
Zərərli vərdişlərdən imtina etmək; 
Müntəzəm fiziki aktivlik: idman, aerobika; 
Mütəmadi olaraq, analiz vermək və nəticələrə uyğun ya müalicəyə  başlamaq, ya da vərdişləri dəyişmək; 

Müalicəsi. 
Təkrarlayım ki, müalicədən əvvəl qan analizi vermək və düzgün diaqnozun qoyulmağından əmin olmaq lazımdır. Məhz bundan sonra həkim-mütəxəssis tərəfindən müalicə başlanmalıdır.  
Pəhrizlə müalicə: sidik turşusunun miqdarı yüksəkdirsə, yaxşı olar ki, purinlə zəngin və kalorili qidalar rasiondan xaric edilsin. Çünki insan çəkisinə nəzarəti bərpa etməlidir. Rasiondan çıxarılmalı olan qidalar bunlardır: 
Şokolad; 
Kofe və kakao; 
Yağlı balıq və yağlı ətlər; 
Göbələk;
Yarımfabrikatlar; 
Spirtli içkilər, xüsusilə, şərab və pivə; 
Ət suyu; 
Hisə verilmiş məhsullar; 
İlk növbədə, qızardılmış yeməklərdən imtina etmək lazımdır. Yaxşı olar ki, qaynadılmış və ya buxarda bişirilmiş yeməklər yeyilsin. Hər gün 2 litr distillə edilmiş və heç nə qatılmamış su içilməlidir. 

Sidik turşusunun orqanizmdən xaric edilməsini sürətləndirən qidalar bunlardır: 
Süd məhsulları; 
Gavalı qurusu;
Yağsız ət; 
Alma; 
Quru meyvələr; 
Kartof; 
Pəhriz deyərkən uzunmüddətli aclıq nəzərdə tutulmur. Çünki ac qaldığımız zaman da orqanizmdə sidik turşusunun miqdarı artmağa başlayır.  
Sidik turşusunun miqdarının  azaldılması üçün mübarizə apardığınız dövrdə aşağıdakı qidalara üstünlük verilməsi məsləhət görülür: 
Alma sirkəsi. Bu effektiv məhsul təkcə  miqdardan artıq sidik turşusunun orqanizmdən xaric edilməsinə deyil, həmçinin, onun yan-yörəsinə topladığı zərərli maddələri də qovmağa məsuldur. Sirkə orqanizmdə turşu-qələvi balansının qorunmasına da müsbət təsir göstərir. 1 xörək qaşığı alma sirkəsini 1 stəkan qaynar suya qatın. Gündə 3 dəfə için. Dozaya diqqət eləmək vacibdir. Çünki artıq miqdarda qəbulu orqanizmə zərər verir. 
Limon suyu. O, orqanizmdə sidik normasını müəyyənləşdirir ki, bu da sidik turşusunun hərəkət trayektoriyasının nəzarətə alınması deməkdir. C vitamini isə gedişatı sürətləndirir. 1 limonun suyunu sıxın və 1 stəkan qaynar suya qatın. Alınan qarışımı hər səhər acqarına için. Amma yaxşı olar ki, qəbul etməzdən əvvəl mütəxəssislə məsləhətləşəsiniz.  
Ənginar (artişok).  Sidikqovucu effektə malik olan ənginar sidiklə birgə artıq miqdardakı sidik turşusunun orqanizmdən qovulmasına da nail  olur. Bitkini qəşəng  qaynadın və həlimini sutkada 1 dəfə için. 

Podaqranın profilaktikası. 
İnsanlığın ən qədim xəstəliklərindən biri olan podaqra haqqında ilk yazılı mənbə bizim eradan əvvəl 460-cı illərə aiddir.  Maddələr mübadiləsindəki dəyişikliyə soyuqdəymə və iltihablanma da yoldaşlıq edərsə, nəticə podaqradır.  Əsas amil isə orqanizmdə sidik turşusunun miqdarının çoxalmasıdır.  Miqdar artdıqca oynaqlarda və böyrəkdə sidik turşusu kristalları yığılmağa başlayır. Bunlar urat adlanır. Zamanla uratlar oynaqları da deformasiyaya uğradır, fuksionallıqlarını itirmələrinə səbəb olur. 
Podaqranın irəliləməsinin səbəbləri: 
-hipertoniya; 
-şəkərli diabet; 
-ürək-damar xəstəlikləri; 
-metabolizmanın genetik problemləri (bu zaman sidik turşusunun emalına cavabdeh olan proseslərin həyata keçirilməsində problemlər yaranır); 
-ya həddən artıq, ya da həddən az zülal qəbulu; 
-böyrəkdə hər hansı patalogiya; 
-yemək vərdişinin dəyişməməsi;
-artıq çəki; 
-yaşla bağlı xəstəliklər; 
-daxili orqanlardan hər hansı birinin əməliyyatla götürülməsi; 

Podaqranın ilk simptomları ilə üzləşənlərin gecikmədən həkimə müraciət etməsi mütləqdir.  Gün ərzində 2 litrdən az olamayaraq maye qəbul edilməlidir. Yatmazdan qabaq mütləq 1 stəkan su içilməlidir.  İlkin simptomlardan sonra əmin olmaq lazımdır ki, daxili orqanlar və ürək-damar sistemi normal işləyir. Məhz bu əminliyə əsaslanaraq qidalanma vərdişlərini dəyişmək olar.  Yağlı, hisə verilmiş məhsulları,  emala məruz qalmış ət məhsullarını, göbələyi rasiondan çıxarmalı, dənli bitkilərə, tərəvəzlərə, marinə edilməmiş məhsullara, meyvələrə, yumurtaya, yağsız ətlərə və yağsız balıqlara üstünlük verilməlidir.  Bütün bunlarla yanaşı, həftədə bir dəfə  bir öynəlik oruc tutmaq da  faydalıdır.  Fiziki aktivliyə riayət edilməli, zərərli vərdişlərdən imtina edilməli,  sağlam həyat tərzi keçirilməlidir. 

Bahadur Seyidov / Demedia.az