Ukraynaya silah yardımı ilə bağlı razılıq var - Borrell



 17:15 09.03.2023     297

“Ukraynaya silah yardımı üçün “birgə satınalma” təklifini etdim. Deyə bilərəm ki, bununla bağlı ümumi razılıq var”.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell belə açıqlama verib. Borrell Stokholmda keçirilən müdafiə nazirlərinin qeyri-rəsmi toplantısından sonra mətbuata açıqlamasında qeyd edib ki, Avropa İttifaqı bu ayın sonuna kimi Ukraynada 11 mindən çox ordu personalına təlim keçəcək. Aİ ölkələrinin müdafiə nazirlərinə Ukraynaya təcili olaraq lazımi sursatların verilməsi təklifi ilə çıxış etdiyini bildirən Borrell deyib:

“NATO standartı və ya Sovet standartı olan 155 millimetr və ya 152 millimetrlik top mərmiləri Ukraynaya göndərilməlidir. Bu dəstək paketi üçün mən nazirlərə Avropa Sülh Fondundan 1 milyard avro səfərbər etməyi təklif etmişəm. Avropa Müdafiə Agentliyi vasitəsilə yenidən 155 millimetrlik sursat tədarük edə bilmək üçün koordinasiya lazımdır. Bu ikinci məsələ üçün daha 1 milyard avro ayrılmasını təklif etmişəm. Üçüncü təklif isə Avropanın müdafiə sənayesinin potensialının artırılmasıdır. Deyə bilərəm ki, bu prosedurla bağlı ümumi razılıq var, lakin suallar da var. Hər şey təfərrüatı ilə müzakirə olunmalıdır”.

Bahadur Seyidov