Ağ saçlardan qurtulmağın yolları - Araşdırma



 11:01 10.03.2023     4725

Saçların ağarması müxtəlif yaşlarda və  fərqli sürətlə  baş verir.  Ola bilər ki, proses uzunmüddətli olsun, amma qəfildən ağaran saçlar da istisna deyil.  

Səbəblər çoxdur. Məsələn; genetika,  bəzi vitaminlərin və mineralların çatışmazlığı, qeyri-düzgün həyat tərzi orqanizmin qocalmasını sürətləndirir,  ağ saçların peyda olmasını təmin edir.  Saç folikullarında kiçik kisələr var. Bu kisələr melanin piqmenti ilə doludur. Saçlara rəngi məhz melaninlər verir. Zamanla piqmentin miqdarı azalır və ya o, itirilir.  Nəticə isə ağ saçlardır. 

Buna görə də, mütəxəssislər belə düşünür ki, saçların sağlamlığından çox, onların hazırkı halı ilə qorunması haqqında düşünülməlidir.  Tünd saçları olanlarda ağarma prosesi daha aydın müşahidə edilir.  Hərçənd, ağarma saçın rənginə və insanın yaşına baxmır. Yeniyetməlikdə də, iyirmili yaşlarda da saçların arasından bir neçə ağ tük tapmaq mümkündür. 
Ağ saçlardan yaxa qurtarmağın üsulları. 
Bəli, ağ saçlardan yaxa qurtarmaq mümkündür. Sadəcə,  xalq təbabətindəki üsullardan istifadə edərkən səbirli olmaq lazımdır. Təbii vasitələr saçı qidalandırır.  Üstəlik, bilirsiniz ki, bunlar  təbiidir, hər hansı sintetik  vasitə və ya kimyəvi boya deyil. 
Dəfnə yarpağı. Saçların gəncliyini özünə qaytarmaq üçün sirkəli dəfnə yarpağı məhlulu yaxşıdır. Onun hazırlanması üçün 200 qr-lıq şüşə qabı 9 faizlik sirkə ilə doldurun.  10 dəfnə yarpağını üyüdün və sirkəyə əlavə edin. Bir neçə sutka qarışımın hazır olmasını gözləyin. Hazır qarışımdan 1:3 nisbətində suya qataraq, saçlara çəkmək olar.  Saçların qaralmasına nail olmaq üçün uzun müddət proseduru təkrarlamaq lazımdır. 
Gənəgərçək yağı. Saç köklərini bərkidir, sürətlə uzanmasını təmin edir, saçı yumşaq və zərif edir.  Bunun üçün gənəgərçək yağı əsaslı maska hazırlamaq lazımdır. 3 çay qaşığı gənəgərçək yağını, bir miqdar təbii duru balı, 1 yumurtanın sarısını bir-birinə qatın. Alınan qarışımı asta-asta saç dərisinə yedirin. Barmaqlarınızın ucunu qarışıma batıraraq, masaj şəklində də edə bilərsiniz. 15 dəqiqə bu masajı edin. Ardınca qarışımı saç boyu çəkin. Sonra başınıza sellofan, üstündən də qalın, yun şal bağlayın. 30-40 dəq sonra başınızı yuyun. Həftədə 2 dəfə olmaqla, proseduru 3 ay müddətində təkrarlayın. Qısa fasilədən sonra proseduru davam etdirin.  Bilməyiniz lazımdır ki, vasitə saçları təbii piqmentlərlə təmin edir. 
Şor. 100 qr təbii şor götürün.  1 qr qara istiot əlavə edin.  Qarışdırın. Sonra saçlara və  baş dərisinə çəkin. 1 saat gözləyin. Sonra isti su və yumşaldıcı şampunla saçınızı yuyun.  Həftədə 1 dəfə proseduru yerinə yetirin. Saçlarınız öz rənginə dönəcək. 
Şüyüd və atpıtrağı məhlulu.  2 xörək qaşığı üyüdülmüş şüyüd kökünü, 2 xörək qaşığı atpıtrağını 1 litr distillə edilmiş suya əlavə edin və maye yarıya düşənədək qaynadın. Sonra üzərinə 2 xörək qaşığı şüyüd toxumu əlavə edin. Qabın ağzını örtün, hardasa, 3 saat dəmlənməyini gözləyin.  Alınan qarışımı isti halda saçın dərisinə çəkin. Prosedur 2 ay təkrar edilməlidir. 
İtburnu məhlulu. Yarım stəkan itburnu meyvəsini  2 litr qaynar suya əlavə edin, ağzını bağlayın. 30-40 dəq dəmlənməyini gözləyin.  Sonra 5 dəq daha qaynadın.  Ardınca məhlulu cuna ilə süzün, soyumasını gözləyin. İlıq halda baş dərisinə çəkin. Prosedur  həftədə 3 dəfə təkrar  edilməlidir. Həftədə 2 dəfə, hər dəfə yarım stəkan olmaqla  məhluldan içmək də faydalıdır. 
Jenşen kökü məhlulu. 1 xörək qaşığı üyüdülmüş jenşen kökünü yarım litr arağa qatın.  10 gün sərin və qaranlıq yerdə saxlayaraq dəmlənməyini gözləyin. Hər səhər bu  məhluldan 1 xörək qaşığı götürün, yeməkdən 20 dəq əvvəl yeyin. 
Gicitkən məhlulu. 5 xörək qaşığı gicitkən yarpağı, 5 xörək qaşığı gicitkən kökü, 2  xörək qaşığı təmiz su, 1 xörək qaşığı sirkə götürün. Gicitkənin yarpaqlarını və kökünü suya qatın, üzərinə sirkəni əlavə edin. Vam odda qarışdıra-qarışdıra 15 dəq qaynadın. Cuna ilə süzün və soyumasını gözləyin. Sonra saçınızın diblərinə çəkin. Təxminən, 1 ay, axşamlar proseduru yerinə yetirin. 
Qırmızı bibər ilə maska. 6 ədəd quru qırmızı bibərin qabığını yarım  litr arağa  qatın. 3 həftə qaranlıq və sərin yerdə dəmlənməyini gözləyin.   Hazır məhlulu saçlarınızı yumamışdan 1 saat qabaq saç köklərinə sürtün.  Məhlul nahiyədə maddələr mübadiləsini sürətləndirir, saç köklərinin qan dövranını yaxşılaşdırır, saçları parıltılı edir. 
Soğan-sarımsaq maskası. 1 yumurta sarısını, təzə çəkilmiş soğan və sarımsaq şirəsini götürün. Tərəvəz şirələrini qarışdırın.  Baş dərinizə, əvvəlcə,  bu qarışımdan çəkin, üstdən də yumurta sarısını çəkin.  20 dəq maskanı başınızda saxlayın. Sonra gözəl qoxulu şampun ilə yuyun. 
Vitaminli maska. 1 xörək qaşığı təzə çəkilmiş yerkökü şirəsini bərabər miqdarda limon şirəsinə qatın.  Qarışımı baş dərisinə çəkin. Yarım saatdan sonra maskanı böyük miqdarda su ilə yuyun. Bir neçə gün ard-arda, gündə 1 dəfə olmaqla proseduru təkrarlayın. 
Duz və qaraçay ilə maska. Tünd dəmlənmiş qaraçaydan 250 ml  götürün, üzərinə 1 xörək qaşığı yodlaşdırılmış duz əlavə edin.  Duz isti dəmin içində əriyəndən sonra qarışımı saç köklərinə masaj vasitəsilə yedirin. 
Albalı şirəsi ilə maska.  Əvvəlcə, saçın dibinə albalı püresi çəkin. Sonra şirəni çəkin. Təxminən, 1 saat maskanın saçda qalmasını gözləyin. Sonra isti su ilə yuyun. 
Soğan qabığı ilə maska.  Soğan qabığı sarı, qəhvəyi rəngli saçlar üçün daha yaxşıdır.  Çünki o, bu rənglərin geri dönüşünə kömək edir, eyni zamanda, baş dərisini kəpəklərdən təmizləyir. Soğan qabığı suyunu tək və yaxud digər komponentlərlə birgə istifadə etmək olar.  Yarım stəkan soğan qabığı, 1 stəkan qaynar su götürün.  Qabıqları suya qatın.  Qabın ağzını bağlayın, bir müddət dəmlənməyini gözləyin. Məhlulun effektivliyini artırmaq üçün suyun miqdarını azaltmaq da olar.  Məhlul nə qədər tünd olsa, bir o qədər saçlara xeyirdir. Saçlarınız qurudursa, məhlula az miqdarda qliserin də qatmaq olar. Hər gün vasitəni, əvvəlcə, baş dərisinə, sonra bütün saçlarınıza çəkin. 
Rəngsiz xına ilə maska. 2 xörək qaşığı rəngsiz xına, 2 xörək qaşığı qatıq, 1 xörək qaşığı üyüdülmüş kətan toxumu götürün.  Kətan toxumunu və xınanı qatıqla qatın, saçın köklərinə yedirin. 3 saatdan sonra başınızı isti su ilə yuyun. 
Adaçayı və qliserin maskası. 5 xörək qaşığı quru adaçayı, 20 ml qliserin, 4 damcı E vitamini, 1 litr distillə edilmiş su götürün.  Adaçayını qaynar suya əlavə edin. Ağzını bağlayın, 2 saat dəmlənməyini gözləyin. Sonra qarışıma E vitaminini, qliserini əlavə edin. Yaxşıca qarışdırın, saçın dibinə masajla yedirin. 20 dəq sonra başınızı yuyun. 3 həftə, hər gün proseduru təkrarlayın. 
Acı bibər. 5-6 ədəd qırmızı, acı bibərin  qabığını 2,5 stəkan keyfiyyətli arağa qatın.  Qaranlıq yerdə dəmlənməyini  gözləyin.  3 həftə sonra məhlul hazır olacaq. Həftədə 2 dəfə məhluldan 1 çay qaşığı həcmində götürün və baş dərisinə çəkin. Qeyd edim ki, bu vasitəni istifadə etməzdən əvvəl alerqoloqla məsləhətləşmək yaxşıdır.   Maskanı saçı yumazdan 1 sutka əvvəl edin ki, saç diblərinə effektiv təsir etsin. 
 Yod. 1 şüşə yodu 10 litr təmiz su ilə qatın,  təmiz baş dərisini bu su ilə yaxalayın.  Yod dəridəki maddələr mübadiləsini sürətləndirir, melanin ifrazını yaxşılaşdırır. 
Qoz qabığı. Burda qozun yaşıl qabığından söhbət gedir.  Yaşıl qabıq yüksək miqdarda yoda malikdir. Ona görə,  qozun yaşıl qabığından da vasitə hazırlamaq olar. Bu vasitə tünd rəngli saçlar üçün yaxşıdır. 2 xörək qaşığı qoz qabığı, 100 qr keyfiyyətli araq götürün. Yaşıl qabıqları xırdalayın. Arağa əlavə edin. Bir müddət dəmlənməyini gözləyin. Sonra başınıza çəkin, üstündən dəsmalla bağlayın. 10-30 dəq sonra  başınızı yuyun. 

Aysun / Demedia.az