Praqada hökumət əleyhinə nümayişlər keçirildi



 15:52 13.03.2023     299

Çexiyanın paytaxtı Praqada hökumət əleyhinə nümayişlər keçirilib.

Demedia.az xəbər verir ki, minlərlə insan hökuməti Ukraynada davam edən müharibənin sülh yolu ilə həllinə dəstək verməyə və bu ölkəyə silah tədarükünü dayandırmağa çağırıb. Paytaxtın Vatslas meydanında toplaşan nümayişçilər 5 partiyalı koalisiya hökumətinə qarşı şüarlar səsləndiriblər. “Çexiya yoxsulluğa qarşı” şüarı ilə təşkil edilən nümayişi müxtəlif qeyri-hökumət təşkilatları, xüsusilə sağçı anti-hökumət partiyaları təşkil edib. Hökumətin istefasını tələb edən nümayişçilər sosial mediaya təzyiqlərə son qoyulmasını, ədalətli və obyektiv hesabatların verilməsini təmin edəcək qaydaların tətbiqini tələb ediblər. Nümayişçilər Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün Çexiyada sülh konfransının keçirilməsini və Kiyev administrasiyasına silah dəstəyinin dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, ötən il Çexiyada 70 mindən çox nümayişçinin iştirakı ilə hökumət əleyhinə nümayişlər keçirilib və nümayişlərdə Rusiya bayraqları qaldırılıb.

Bahadur Seyidov