B12 çatışmazlığı hansı xəstəliklərə yol açır? - Araşdırma



 11:01 14.03.2023     1156

Hazırda B12  vitamininin çatışmazlığı sağlamlıq problemi kimi, olduqca geniş yayılıb.  

Əksər hallarda, yaşlı və qoca insanlarda, həmçinin, ət məhsulları yeməyənlərdə B12 vitamini çatışmazlığına rast gəlinir. B12 vitamini çatışmazlığı ciddi xəstəliklərin qaynağıdır.  Bu vitamin orqanizmdə müxtəlif funksiyalar yerinə yetirir.  Videoda məhz bu funksiyalar, eyni zamanda, B12 çatışmazlığının səbəb olduğu problemlər haqqında danışacağam. 

B12  vitamininin funksiyaları və onların orqanizm üçün əhəmiyyəti. 

Sianokobolamin, yəni, B12 vitamini  suda həll olan vitamindir. O, onurğa beynində  eritrositlərin yaranmasında, periferik sinir sisteminin normal fəaliyyətində əvəzsizdir.  Orqanizmə lazım olan vitaminləri yalnız qida vasitəsilə ala bilirik. Təkcə D vitamini böyrəklər vasitəsilə sintez edilir. Sianokobolamin daha çox ət məhsullarında var. Onun qəbulu bütün orqanizmin sağlamlığı üçün lazımdır.  B12 vitamini ilə zəngin qidalar  bunlardır: inəyin və qoyunun içalatı. 

Risk qrupundakılar kimlərdir? 

B12 vitamini ilə zəngin olan qidaları qəbul etməyənlər daha böyük risklə üz-üzədirlər.  Məsələn; vegeterianlar. İkinci səbəb,  tərkibində B12 olan qidaların orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Məsələn; mədə atrofiyası  olanlar və ya mədə əməliyyatından çıxanlar. Parazit infestasiyası da B12 çatışmazlığına gətirib çıxarır.  Mədə turşuluğunu azaldan  dərmanlar  B12-nin mənimsənilməsinə mane olur. 

Xəstəliklərin kliniki əlamətləri. 
Dərinin solğunluğu.  Hər bir dərinin individual rəngi olur.  B12 vitamini çatışmayanda dəri solğunlaşmaqla bərabər, bir az da sarı rəngə çalır.  Çünki B12 çatışmazlığı eritrositlərin yaranmasını ləngidir. Eritrositlərin yaşam müddəti 120 gündür. Onlar ilikdə yaranır və ordan qana ötürülür. Eritrositlər hüceyrələrin oksigenlə təmin olunmasına cavabdehdir.  Eritrositlərin azalması “B12 çatışmazlığı səbəbilə anemiya” adlı xəstəliyi  yaradır. Bundan əlavə, B12 çatışmadıqda, eritrositlərin  ömrü də qısalır. Nəticədə, bilirubin səviyyəsi yüksəlir ki,  bu da dəriyə sarı rəng verir. 
Halsızlıq və zəiflik.  Eritrositlərin sayının azalması orqanizmdə daimi yorğunluq hissi yaradır, insanın iş qabiliyyəti azalır. Bayaq da dedim ki, eritrositlər hüceyrələrin oksigenlə təmin olunmasına cavabdehdir. Oksigen enerji deməkdir. Onsuz hüceyrələr ölür və ya funksionallıqları azalır.  Halzıslıq, yorğunluq məhz bundan qaynaqlanır.  Xüsusilə, idmançılar üçün hüceyrələrin daimi oksigenlə təmin olunması mütləqdir.  Çünki onların əldə edəcəkləri uğurun açarı burdadır.  
Tarazlığı itirmək. B12 vitamini periferik sinir sisteminin fəaliyyətini dəstəkləyir.  Onun çatışmazlığında sinir impulslarının ötürülməsində qırılmalar baş verir. Bu da tarazlığın və koordinasiyanın pozulmasına gətirib çıxarır.  Həmçinin, orqanizmdəki bəzi mövcud xəstəliklərin kəskinləşməsinə yol açır, hərəkəti məhdudlaşdırır. Bunlar olduqca ağır nəticələrdir. Xüsusən də, 50 yaşdan yuxarı insanlar bu halla daha tez-tez rastlaşırlar. Əgər hansısa gənc insanda tarazlığın pozulması baş verərsə, demək, B12 çatışmazlığı artıq böhran həddindədir.  Vaxtında aşkarlanan problem və  həlli yolunda görülən tədbirlər sayəsində vəziyyəti düzəltmək olar. 
Əl və ayaq barmaqlarında paresteziya.  Sinirlərin mielin qabığında B12 vitamini var.  Mielin sinir hüceyrələrinin xaricdən müdafiə olunmasını təmin edir.  B12 vitamininin çatışmazlığı  mielin qabığının strukturunu pozur. Bu da əl və ayaq barmaqlarında qıcıqlanmaya, qısamüddətli əsmələrə səbəb olur. Bu kimi əlamətlər bir yerdə “paresteziya”  adlanır.  B12 vitamini çatışmazlığında bu sindroma çox tez-tez rast gəlinir.  Lakin bir şeyi qeyd etməliyəm ki, bu sindrom təkcə B12 vitamini çatışmazlığının xəbərçisi deyil, bir çox xəstəliklərin özünü göstərmə şəkli ola bilər. 
Görmə qabiliyyətinin azalması.  Haqqında danışdığım patalogiyanın ən bariz əlamətlərindən biri məhz gözlərin zəifləməsidir.  Proses sinir liflərinin zədələnməsi ilə başlayır.  Sinir liflərinin zədələnməsi polineyropatiya adlanır.  Gecikmədən yetəri qədər B12 vitamini qəbul edəndə, bütün simptomlar yoxa çıxır. 
Dilin zədələnməsi və xərçəng riskinin yüksəlməsi.  Dilin zədələnməsi onun strukturunun modifikasiyasıdır. O, hamar olur və relyefini itirir. Bu, dad reseptorlarının  itməsinə səbəb olur.  Dildə sinir uclarının  açığa çıxması isə ağrılar yaradır. Həmçinin, dil iltihablanır, qızarır ki, bu durumun tibbi adı qlossit`dir.  Qlossit yeməyə və danışmağa mane olmur, amma həyat keyfiyyətini aşağı salır.  Vaxtında həkimə müraciət edin ki, simptomun dəqiq səbəbi aşkarlansın. Nadir hallarda da olsa, qlossit xərçəngin ilkin əlaməti sayılır. 
Qızdırmanın qalxması.  B12 vitamini çatışmazlığının qızdırma ilə özünü biruzə verdiyi  elmi cəhətdən sübut olunmayıb. Amma  patalogiyanın mövcudluğunun qızdırma ilə müşahidə olunması halı çoxdur.  B12  vitamininin qəbulundan sonra simptom öz-özünə yox olur. 
Başgicəllənməsi və təngnəfəslik. Bu simptomlar toxumalardakı oksigen aclığından qaynaqlanır. Çünki onların daşıyıcıları olan eritrositlərin sayı azalır. Orqanizm çalışır ki, ağciyərlər vasitəsilə daha çox hava filtrləyərək toxumalara ötürsün.  Bu da təngnəfəsliyə səbəb olur.  Amma  hər iki simptom da, konkret olaraq, B12 çatışmazlığının əlaməti sayılmır.   Dəqiq diaqnoz vacibdir. 
Əhvalın pisləşməsi.  B12 çatışmazlığı homosistein adlı amin turşusunun ifrazına zəmin yaradır.  Həkimlərin dediyinə görə, homosistein  baş beyinin hüceyrələri zədələyir, sinir impulslarının ötürülməsinə mane olur. B12 vitamini çatışmazlığının əhvalı pisləşdirməsinə çox rast gəlinir.  Hətta vəziyyət o yerə çatır ki, durum psixoloji diaqnozlarla adlandırılır.  Məsələn; depressiya riskinin artması və ya şizofreniya.  Amma lazımi qədər B12 vitamini qəbul edildikdə bu simptomlar zamanla aradan qalxır.
B12 vitamini çatışmazlığının kəskinləşməsi. Hərdən B12 vitamini çatışmazlığı kəskin nəticələrlə özünü biruzə verir.   Bu cür kəskin nəticələr patalogiyanın həcmindən və mövcud olduğu müddətdən asılıdır.  Patalogiyanın vaxtında aşkarlanması və lazımi tədbirlərin görülməsiylə kəskinləşmə prosesi dayandırıla bilər. 
Nevroloji problemlər.  B12 çatışmazlığından qaynaqlanan nevroloji problemlər görmə qabiliyyətinin itirilməsi, yaddaşın itirilməsi, nitqin pozulması, xüsusilə, ayaq sinirlərinin zədələnməsi ilə müşahidə edilir. Bəzən bu problemlər elə həddə çatır ki, həlli mümkün olmur. 
Sonsuzluq.  B12 vitamini çatışmazlığı qadınların hamilə qalmasına mane olur.  Qısamüddətli müalicə ilə problemi həll etmək olar. 
Mədə xərçəngi. B12 çatışmazlığı pernisioz anemiyaya səbəb olur.  Beləcə, mədə xərçənginə tutulma riski çoxalır. 
Sinir borusu qüsuru.  B12 vitamini çatışmazlığı yaşayan hamilə qadınlar  həkim nəzarətində olmalıdırlar. Çünki bu durum dünyaya gələcək olan uşağın hər hansı bir qüsurla doğulacağı riskini artırır. Məsələn; onurğada yırtıq və s.

B12 vitamini çatışmazlığının nəticəsi kimi meydana çıxan anemiya ağciyərlərdə və ürək-damar sistemində də problemlər yaradır. Nəticələr sırasında, ürək döyüntüsünün artması, hətta ürək çatışmazlığı da var. Ona görə də,  orqanizmində B12 vitamini çatışmazlığı olduğundan şübhələnənlər vaxtında həkimə müraciət etməlidirlər. 

B12 vitamini  ilə zəngin qidalar. 
Bayaq da qeyd etdiyim kimi, heyvan mənşəli qidaların əskəriyyəti B12 ilə zəngindir.  Orqanizmin ehtiyacı olan B12 miqdarı sutkada 3 µg-dır (mikroqram).  B12 ilə zəngin olan qidalar bunlardır: 
-İnək və qoyun içalatı; 
-Dovşan əti; 
-Treska balığı; 
-Pendir; 
-Şor;

B12 vitamini çatışmazlığının müəyyən edilməsi, hələ, problemin tamamilə həll olunacağından xəbər vermir. Ən birinci, bu çatışmazlığın nədən qaynaqlandığını tapmaq lazımdır. Yalnız bundan sonra müalicə yazılmalı və aparılmalıdır. 

Bahadur Seyidov / Demedia.az