Damarları tıxayan və təmizləyən QİDALAR



 11:01 15.03.2023     1121

Bəzi qidalar  insult və infarkt riskini artırır.  Bu gün sizə məhz bu qidalardan bəhs edəcəyəm.

Artıq hamımız bilirik ki, qeyri-düzgün qidalanma orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına və inkişafına səbəb olur.  Müasir zamanda ürəklə bağlı narahatlıqlar yaşamayanların sayı, demək olar ki, azdır. Narahatlıqların əksəriyyəti isə qeyri-düzgün qidalanmadan qaynaqlanır.  Bir çox qidaların tərkibində orqanizm üçün, xüsusilə,  ürək-damar sistemi üçün təhlükəli sayıla biləcək maddələr var. Duz və pis xolesterin  ürək-damar sisteminə zərər vuran qidaların siyahısında liderlərdir.  Duz orqanizmdəki maye balansını pozur, yağlanmaya səbəb olur. Nəticədə, ürək yüklənir.  Yüksək miqdarda qəbul edilən duz arterial təzyiqi yüksəldir.  Xolesterin səviyyəsinin yüksəlməsi isə damarların elastikliyini itirməsinə, ətalətə meyillənməsinə, divarlarının qalınlaşmasına səbəb olur. Bu da ateroskleroz, insult, hətta infarkt riskinin artması deməkdir.  

    Damar tıxanıqlığına, dolayısı ilə, insulta və infarkta səbəb olan  qidalar. 
    Qeyri-sağlam qidalanmanın bütün orqanizmdə problemlərə yol açdığı, ürək-damar sistemində patalogiyalara səbəb olduğu elm tərəfindən çoxdan sübut olunub.  Hər gün heyvan mənşəli yağlarla və zülallarla zəngin qidalar qəbul edən insanlar 45-50 yaşdan sonra damar tıxanıqlığı ilə üzləşirlər.  Bu cür qidalar qan dövranını pisləşdirir, varikoz, infarkt, insult kimi ciddi xəstəliklərə tutulma riskini artırır. Bunlardan qorunmaq  üçün  bəzi qidalardan uzaq durmaq lazımdır. 

Marqarin. Birmənalı olaraq, marqarinin orqanizmə heç bir faydası yoxdur.  Marqarinin hazırlanmasında palma yağından istifadə olunur. Palma yağı insan orqanizmi tərəfindən mənimsənilmir.  Üstəlik, marqarinin tərkibində damarları pis xolesterinlə yükləyən trans yağlar da var. Mütəmadi olaraq, hər gün 50 qr-dək marqarin qəbul etmək ateroskleroz, insult və bir çox onkoloji xəstəliklərə tutulma riskini artırır.  Hazırda mağazaların vitrinlərini bəzəyən əksər süd məhsullarının və şirniyyatların tərkibində marqarin var.  Yaxşı olar ki, aldığınız məhsulun tərkibi ilə tanış olasınız ki, onun ziyanlarından qaça biləsiniz. 
Yarımfabrikatlar.  Müasir sürətli həyat və onun tələb etdiyi şərtlər insanlara imkan vermir ki, vaxtlı-vaxtında keyfiyyətli yemək hazırlayıb, yesinlər. Buna görə də, insanlar məcbur olur ki, heç olmasa, gündə 1 öynəlik yarımfabrikat yesin. Bura dondurulmuş, yarıbişmiş yeməklər, hazır xəmir məmulatları da daxildir.  Yarımfabrikatların hazırlanması əlavə əmək və uzun vaxt tələb etmir. Onları mikrodalğalı sobaya atırsan, düyməni vurursan və sən süfrəni hazırlayanadək bişirlər.  Təbii ki, bu məhsulların mağaza rəflərində uzun müddət xarab olmadan qalması üçün onlara  yüksək miqdarda konservantlar əlavə edirlər.  Bu cür tez hazırlanan yeməklər damarların pis xolesterinlə dolmasına gətirib çıxarır. 
Mayonezlər, ketçuplar, souslar.  Salatları dadlandırmaq üçün vurulan souslar və bu kimi vasitələr  hər bir mağazada satılır.  Hamısının da əsas qabiliyyəti yeməklərə əlavə dad qatmaqdır.  Amma çox adam bilmir ki, bu kimi əlavələr ürək-damar sisteminə  öldürücü təsir edir. Çünki onlar palma yağı başda olmaqla, trans yağlarla zəngindir.  Bu cür qida əlavələrini sevənlər və mütəmadi olaraq qəbul edənlər damarların sağlamlığı haqqında da düşünsələr, yaxşı olar.  Mayonezlərin, ketçupların, sousların səbəb olduğu ən gərgin ateroskleroz baş beyin damarlarında yaşanır ki, bu da insulta zəmin yaradır.  Bundan əlavə, qeyd edim ki, mağazada satılan sousların tərkibində orqanizmə faydalı olacaq heç bir vitamin və ya mineral yoxdur.   İş orasındadır ki, bu sousların hazırlanması zamanı xammal sayıla biləcək qidalar yüksək termik emala məruz qalırlar.  Bu da onların rəf müddətinin uzanması məqsədilə edilir.  Yaxşı olar ki, bu cür sousları evə özünüz hazırlayasınız.  Ev üsulu sousların hazırlanmasında ancaq təbii məhsullardan istifadə edin. 
Hisə verilmiş qidalar. Bu cür məhsulların tərkibində pis xolesterinlə zəngin olan  toyuq dərisi var.  Üstəlik, kolbasa istehsalında kimyəvi əlavələrdən bol miqdarda istifadə edilir. Bunlara stabilizatorlar, emulqatorlar, konservantlar, rəngləndiricilər, duzlar, trans yağlar daxildir.  İkicə dilim belə, hisə verilmiş kolbasa  yesəniz, gündəlik duz normasını aşmış olacaqsınız. Bu da  damarlarda şişkinliklərə, ürək əzələlərində spazmlara, arterial təzyiqin yüksəlməsinə, tromb riskinin  artmasına səbəb olur.   Hisə verilmiş  ət məhsullarının tərkibindəki emala məruz qalmış heyvan mənşəli yağlar  da orqanizmə zərər vura bilir. Onlar konserogen birləşmələrə, yəni, onkoloji xəstəliklərin və ürək-damar sistemi xəstəliklərinin təminatçılarına sahibdirlər.  Yaxşı olar ki, bu cür qidaları rasionunuzda minimuma endirəsiniz.  Hisə verilmiş ət məhsullarını təbii, buxarda, yaxud suda bişmiş ətlə əvəz edin. 
Şəkər. Tərtəmiz karbohidratdır.  Həzm prosesi zamanı o, bağırsağa qlükoza şəklində daxil olur.  Gün ərzində orqanizm şəkəri enerji kimi istifadə edir. Ona görə də, mütəxəssislər şəkərli qidaların günün ilk yarısında qəbul edilməyini məsləhət bilirlər.    Səbəb kimi, günün ikinci yarısında orqanizmin artıq şəkərdən xilas olmaq fürsəti olduğunu deyirlər.  Əks halda, şəkər yağa çevrilir və dərialtı yağ toxumalarında yığılmağa başlayır.   Yüksək şəkər damarların daxili divarlarını zədələyir, ya da yığıntılar şəklində qalaqlanır. Nəticədə, aterosklerozun meydana çıxması qaçınılmaz olur.  Gündəlik şəkər norması 1 yetkin insan üçün 50-75 qr-dır. Bir şərtlə ki, fiziki aktivlik təxirə salınmasın. Aktiv həyat tərzi keçirənlər şəkərin miqdarını, cüzi də olsa, artıra bilərlər. 
Spirtli içkilər. Alkoqol bütün orqanizm üçün təhlükəlidir. Etanolun insan orqanizminin bütün nahiyələrinə, xüsusilə, damarlarla mənfi təsiri barədə eşitməyən qalmayıb.   Spirtin  kompleks təsiri orqanizmdə eyni anda müxtəlif proseslərin start götürməsinə səbəb olur.  Qısaca desək, etanol insan hüceyrələri və toxumaları üçün zəhərdir.  O, baş beyinin hüceyrələrini zədələyir, böyrəkləri gücə salır,  zərərli maddələrin sürətli hərəkətinə təkan verir.  Alkoqol qəbulundan sonra  damarların divarlarının elastikliyi azalır. Beləcə, arterial təzyiqin qalxmasına münbit şərait yaranır.  Yüksək arterial təzyiq insult, infarkt və bu kimi, anidən insan həyatını dəyişən xəstəliklərə “dəvətnamə”dir.   Etanol  sinir impulslarının ürək əzələlərinə ötürülməsində problemlər yaradır.  Nəticədə,  ürəyin ritmini pozur, döyüntülərarası fasiləni uzadır,  xroniki ürək çatışmazlığına təkan verir.  Alkoqol qaraciyərə də mənfi təsir edir.  Qaraciyər etanolu neytrallaşdırmağa çallşan ilk orqandır. Zədələndiyi halda, o, öz funksiyasını normal şəkildə yerinə yetirə bilmir.  Prosesdə dəyişikliklər müşahidə edilir, pis xolesterinin səviyyəsi artmağa başlayır.  Mütəxəssislər tövsiyə edir ki, həftədə 2-3 dəfə 50 ml həcmində qırmızı şərab içmək olar.   Bu şəkildə içilən qırmızı şərab  qan dövranının yaxşılaşmasına xidmət edir. 
Qazlı içkilər. Mağazalarda satılan qazlı, şirin içkilər orqanizm üçün zərərlidir. Onların tərkibində dadlandırıcılar və natrium birləşmələri var. 200 ml qazlı içki yüksək miqdarda şəkərə malikdir. Normadan artıq şəkərin insulta meydan verdiyini bayaq qeyd etmişdim. 

Ürək-damar sisteminin sağlamlığını qoruyan 5 qida.
Aktiv həyat tərzi ilə bərabər, düzgün qidalanma da ürək-damar sisteminin sağlamlığını dəstəkləyir.  
Alma. Flavonoidlərlə zəngin olan alma ürəyin işemik xəstəliyinin profilaktikasında olduqca faydalıdır. Alma qanda pis xolesterinin səviyyəsini aşağı salır. 
Ləpələr və tumlar.  Onların tərkibində yüksək miqdarda kalium və maqnium var. Hər iki element qan təzyiqini aşağı salır. Qoz, fındıq, badam ləpəsi, kətan toxumu müntəzəm şəkildə yeyilərsə, ürək-damar problemlərindən yaxa qurtarmağa kömək edər. 
Kasnı. Damarları təmizləyir, təzyiqi stabilləşdirir, taxikardiya və ateroskleroz riskini azaldır. Eyni zamanda, artıq xolesterini  orqanizmdən  təmizləyir. Kasnının tərkibində inulin, fol turşusu, vitaminlər və minerallar var. 
Balıq. Skumbriya, farel kimi balıqlarda Omega-3 yağ turşusu yüksək miqdardadır.  Omega-3 ürəyin koronar (tac damar) xəstəliyinin əmələ gəlməsinə mane olur.  Mütəmadi olaraq, yeyilən balıq miokard infaktı riskini də azaldır. 
Avokado.  Tərkibindəki doymamış yağlar sayəsində avokado da ürək-damar sisteminin sağlamlığını qoruyur. Avokado  ürəyin işini dəstəkləyən və stressdən qaçmağa kömək edən natriumla zəngindir.  Meyvə arterial təzyiqin aşağı salınmasında da önəmli rol oynayır. 

Bahadur Seyidov / Demedia.az