İran siyasəti “Qurani-Kərim”ə ziddir! 



 14:00 17.03.2023     532

İran İslam Respublikası...  Bir dövlət həqiqətən islam qanunlarına əsasən idarə olunursa, bu da aşkar görünürsə, dövlətin  adında bunu qeyq etməyə nə ehtiyac var? Bu, görüntü məqsədi daşımırmı?! Gəlin baxaq görək, əməldə də İran islam qanunları ilə idarə olunurmu? Axı, İslam ölkəsi, Allahın son kitabı “Qurani-Kərim”in tələblərinə uyğun idarə olunmalıdır.

Ermənilər tərəfindən Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə məscidlərimizdə donuz saxlayanlara səsini çıxarmayan  İran islam dövlətinin 44 günlük müharibəylə torpaqlarımız azad edildikdən sonra ciddi narahat olması və sərhəddə hərbi təlimlər, Araz çayını keçmə təlim-məşqləri kecirməsi, əzələ nümayişi, ermənilərə silah yardımı etməsi, təlimatçılar göndərməsi, ”Zəngəzur İranın qırmızı cızgisidir” deməsi nəyin göstəricisidir?

Buna xəyanətdən başqa nə ad vermək olar?

Quran ayələri ilə sübutlar

İran, sən kimin dostu olmalısan? “Quran-i Kərim”də buyurulur: 
“Zalımlar biri-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur.” (Əl-Caziyə 19-çu ayə.)
“Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbristan əhlindən ümidlərini üzdükləri kimi, onlar da axirətdən ümidlərini üzmüşlər!”(Əl-Mumtəhinə 13-çü ayə.) 
“Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar.” (Hud surəsi 113-çü ayə.)

Bu ayələrin tələblərini bilmirlərmi İranın dini rəhbərləri?

İranda rejimə qarşı etiraz aksiyalarında iştirak edən gənclərin edam cəzasına məhkum edilmələri, bu cəzaların da kütlənin qarşısında icra olunmasının adı zülmdür. Zülmə qarşı cıxanlara qarşı daha ağır zülm!
İran özünü islam dövləti adlandırdığı üçün, gəlin bu baş verənlərə Quran prizmasından baxaq və qiymət verək.
İran əhalisi zalım rejimə qarşı etiraz etməkdə haqlıdırmı? Bu suala aydınlıq gətirək. 

Baş örtüyünü düzgün bağlamadığına görə gənc bir qızı döyərək öldürmək zülm deyilmi? Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. (Bəqərə surəsi, 256-cı ayə). Rejim məlum hərəkəti ilə Quranın bu ayəsinə zidd gedir. 

Bu qanunsuz, zorakı hərəkət nə qədər günahsız insanın ölümünə, nahaq qanlar axıdılmasına, dağıntılara, nə qədər  insanların İslamdan uzaqlaşmasına səbəb oldu. Budurmu islama xidmət, “Quran-i Kərim”in yolu ilə getmək?

Peyğəmbərimiz (s.a.s.) bu cür idarə edərdimi dövləti? Bəyənərdimi bu cür idarəçiliyi? Əlbəttə, yox!  Ona görə bu qığılcım alovlandı, bütün bölgələrə yayıldı və aylardır ki, davam edir. Çünki ölkənin bütün əyalətlərində islam pərdəsi arxasında gizlənmiş, xalqa zülm edən, islama yad bu rejim uzun illərdir müsəlmanlara qarşı milli ayrı-seçkilik, diskriminasiya siyasəti yürüdür. Əgər belə deyilsə, 30 ildir işğalda olan Azərbaycan torpaqlarındakı məscidlərdə donus saxlayan ermənilərə havadarlıq edib, müsəlman qardaşlarına qarşı cıxıb, onlara dəstək olardılarmı? Molla rejimi azərbaycanlıların, türkmənlərin, qaşqayların, ərəblərin, kürdlərin, bəlucların, elə farsların özlərinin də hüquq və azadlıqlarını pozur. Ölkədə 300 mindən çox olmayan ermənilər üçün ana dilində məktəblər açıldığı halda,  40 milyon azərbaycanlılar üçün ana dilində məktəb açmağa icazə verilmir. Əksinə, Azərbaycan xalqına məxsus olan təbii sərvətlər çıxarılıb talan edilir, lakin həmin regionun inkişafına vəsait ayrılmır. Urmiya gölü çirkin niyyətlə qurudulur. Qısası, nə qədər haqsızlıqlar, ədalətsizliklər edilir.

Quran-i Kərimin əş-Şura surəsinin 36-42-ci ayələrində buyurulur ki, “Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. ...o kəslər üçün ki, onlar zülmə (təcavüzə) məruz qaldıqda (həddi aşmadan) intiqam alarlar. Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir.  Həqiqətən O, zalımları sevməz! Zülmə məruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz. Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!”. “Allah zülm edənləri sevməz” (Ali-İmran surəsi, 57-ci ayə).

Quranda xalqın ədalətlə idarə olunması, xalqa zülm edilməməsi tələb olunur. Ayələrə nəzər salaq:

“Ey Davud! Biz səni yer üzündə xəlifə etdik. Elə isə insanlar arasında ədlətlə hökm et! Nəfsin istəklərinə uyma! (Sad surəsi, 26 ayə);

“Allah sizə insanlar arasnda hökm etdiyiniz zaman ədalətlə hökm etməyi əmr edir.”  (Ən-Nisa surəsi 58-ci ayə); 
“Allah ədalətli olanları sevər!” (Əl-Mumtəhinə, surəsi 8-ci ayə);

“Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.”

“İnsanlar arasında  ədalətlə hökm olunar, onlara zülm edilməz.” (Yunus surəsi 23,54-cü  ayələr);

“Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” ( Əl-Maidə surəsi, 8-ci ayə);

“(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən olma!” “(Ey xainləri müdafiə edənlər!) Budur, siz dünya həyatında onlardan (xainlərdən) ötrü mücadilə etdiniz. Bəs qiyamət günü kim onlardan ötrü Allahla mücadilə edəcək,  kim onlara vəkil olacaqdır?” (Ən-Nisa surəsi, 105,109-cu ayələr) Xain erməniləri müdafiə edən “müsəlmanlar”, bu ayənin hökmünü unutmusunuz?

“Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə  Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, hər şeyə qadirdir”.(Fatir surəsi 44-cü ayə);

“(Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!” (Ali-İmran surəsi 21-ci ayə).

Hədisi-Qüdsidə (30-cu hədis) qeyd edilir ki, ”Ey dünyaya məğrur və giriftar olan padşah, Mən səni göndərməmişəm ki, dünya malını bir-birinin üzərinə yığasan. Səni buna görə göndərmişəm ki, Mənim tərəfimdən məzlumlara kömək edəsən. Çünki Mən məzlumun duasını , hətta kafir də olsa belə geri qaytarmaram. ”Bu hədisi də bilmirlər İran üləmaları?
Bu geni dəyişdirilmiş “islam” dövlətinin molla rejimi Fransada dibçəkdə yetişdirilərək, 1979-cu ildə İranda hakimiyyətə gətirilmişdi. Quranın tələblərindən, Peyğəmbərimizin tövsiyələrindən uzaq düşmüş bu molla rejimi, dövləti ədalətlə idarə etmədiyindən, İranda yaşayan məsum insanlar, xüsusi ilə azəri türkləri də, türkmənlər də, qaşqay türkləri də,  farslar da, bəluçlar da, ərəblər də  rejimə qarşı  haqlı olaraq etiraz edirlər. Bütün baş verənlərin səbəbi islama zidd olan  yanlış və yarıtmaz idarəçilikdədir. 

Əgər İran islam qanunlarına uyğun idarə olunsaydı, neft, qaz və digər faydalı qazıntılarla zəngin olan İran da, Küveyt, Dubay, Qətər, Səudiyyə Ərəbistanı kimi inkişaf edərdi, əhalinin rifahını yüksəldərdi. Bu dövlətlərin şəhərləri İran şəhərləri ilə heç müqayisəyə gəlməz.

“Allaha qarşı cinayət”  nə deməkdir? Quranın hansı ayəsində belə bir cinayətin adı cəkilir? Zülmə qarşı etiraz edənlərin edam edilməli olması hansı ayədə təsbit edilmişdir?

Quran-i Kərimdə ölüm hökmündən aşağıdakı ayələrdə bəhs edilir; “Ey iman gətirənlər! (Qəsdən) öldürülən barəsində  qisas almaq hökmü sizə fərz qılındı.” (Bəqərə surəsi, 178-ci ayə.)  

Yəni, ölüm hökmü  başqasını haqsız olaraq, qəsdən öldürməyə görə çıxarıla bilər. Zülmə qarşı etiraz aksiyasında iştirak etməyə görə ölüm hökmünün çıxarılması Allahın Kitabında qoyduğu hədlərə ziddir. Müasir dünyanın hansı ölkəsində belə bir irticaçı qanun, belə bir cəza növü var? 

Başqa bir ayədə buyurulur; “Allaha və peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası yalnız öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır.” (əl-Maidə surəsi, 33-çü ayə). 

Etiraz aksiyalarında iştirak edənlər isə nə Allaha qarşı, nə də ki, Peyğəmbərə qarşı vuruşurlar. Əksinə, Allahın hədlərini pozulmasına etirazlarını bildirirlər. Zülmə etiraz etmək isə fitnə-fəsad salmaq kimi qiymətləndirilməməlidir. Əsl fitnə İranın qonşu müsəlman ölkələrində keçirdiyi və yardım etdiyi hərbi əməliyyatlardır. 

Edam cəzasına məhkum olunmuş şəxsləri qısa müddətdə mühakimə və edam etməklə, oların yuxarı məhkəmə instansiyalarina şikayət, əfv olunmaq üçün müraciət etmələrinə vaxt verilmir, müdafiə hüquqları bu və digər formada kobud  pozulur.

Edam hökmləri təxirə salınmalıdır. Bu, Allahın Quran-i Kərimdə Nəhl surəsi 61-ci ayəsinə uyğun olardı. Ayədə buyurulur ki, “Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət möhlət verər.”

Müqəddəs Kitabımızda buyurulur ki, “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!”, “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, fasiqdirlər.” (Maidə surəsi, 45,47-ci ayələr) 
Bəli, İranın məhkəmə orqanlarının hakimlərinin Allahın endirdiyi Quranın hədlərinə uyğun hökm etmələri daha ədalətli olardı.

Salman Məmmədli / Müharibə iştirakçısı