NATO-dan Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına münasibət



 14:22 27.03.2023     306

NATO və Avropa İttifaqı Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını “məsuliyyətsiz” hesab etdiklərini bildiriblər.

Demedia.az xəbər verir ki, NATO-nun sözçüsü Oana Lungesku bildirib ki, Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir. Onun sözlərinə görə, Rusiyanın nüvə mövqeyində NATO-nun mövqeyini dəyişməsini tələb edən hər hansı dəyişiklik yoxdur. Lungesku, NATO müttəfiqlərinin beynəlxalq öhdəliklərə əməl etdiyini vurğulayıb. "Rusiya Yeni START sazişində iştirakını dayandırmaqla silahlara nəzarət üzrə öz öhdəliklərini dəfələrlə pozub. Rusiya dərhal öhdəliklərinə əməl etməli və vicdanla hərəkət etməlidir", - Lungesku bildirib.

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə qeyd edib ki, Belarusun Rusiyanın nüvə silahına ev sahibliyi etməsi gərginliyin məsuliyyətsiz şəkildə artmasıdır və Avropanın təhlükəsizliyinə təhdiddir. Onun sözlərinə görə, Avropa İttifaqı buna əlavə tədbirlərlə cavab verməyə hazırdır.

Bahadur Seyidov