Burkina-Fasoda "France 24" telekanalının yayımı dayandırıldı



 17:12 27.03.2023     304

Burkina-Fasoda "France 24" telekanalının yayımı dayandırılıb.

Demedia.az xəbər verir ki, bu barədə Burkina-Faso hökuməti məlumat verib. Bildirilib ki, "France 24" telekanalının yayımının dayandırılmasına səbəb "Əl-Qaidə" terror təşkilatına bağlı qrupun liderindən müsahibə almasıdır. Hökumətin yazılı açıqlamasında qeyd edilib ki, “France 24” telekanalı terror qruplaşmasının liderindən müsahibə almaqla, terrorçuların sözçüsü kimi çıxış edib və terroru qanuniləşdirib. Bəyanatda bildirilib ki, bu səbəblərdən ölkə ərazisində “France 24” telekanalının yayımı qeyri-müəyyən müddətə dayandırılıb.

Qeyd edək ki, "France 24" telekanalı "Əl-Qaidə"nin Məğribdəki lideri olduğu iddia edilən Əbu Ubeyde Yusuf əl-Anabi kimi tanınan Yezid Məbarəklə müsahibə təqdim edib. Əl-Anabi 2020-ci ildə Fransanın hava hücumu nəticəsində öldürülən qruplaşmanın lideri Əbdülməlik Drukdelin yerinə keçmişdi.

Bahadur Seyidov