Qaraciyər necə təmizlənir? - Araşdırma



 11:02 28.03.2023     1083

Qaraciyər unikal orqandır; o, hər gün orqanizmdə vacib əməliyyatlar yerinə yetirir.  

Orqanizmin özünü yeniləməsinə kömək edən qaraciyər bəzən ağlagəlməz gərginlikdə  işləyir.  Amma bəzi neqativliklər qaraciyər xəstəlikləri riskini artırır.  Bu neqativlərə qeyri-düzgün qidalanma, alkoqol asılılığı, siqaret çəkmək kimi zərərli vərdişlər,   çirkli ekologiya, daimi stress daxildir. Bəli, bu faktorlar orqanın funksiyasını pozur.  Qaraciyərin   yerinə yetirdiyi işləri unutmaq olmaz:
-Qanı filtrləyir, yəni, qanı toksinlərdən və zərərli maddələrdən təmizləyir;
-Öd suyunu ifraz edir; 
-Bədəndən artıq duzları atır; 
-Faydalı mikroelementləri və vitaminləri depolayır; 
-Böyük həcmdə qanaxmanın qarşısını almaq üçün  qanı  da depolayır; 

Qaraciyərdə hansısa problemin olduğundan şübhələnirsinizsə, bəzi simptomların mövcud olub-olmamağına baxmaq lazımdır. Bu simptomlar “çölə çıxma” çətinliyi, ishal, qəbizlik, mədə yanması, dəridə qaşınma kimi hallarla da özünü biruzə verə bilir.  Bəzən dərinin rənginin sarıya çalması, bədəndən və ya ağızdan pis qoxu gəlməsi, dildə qabarcıqlar da  müşahidə edilir. 

Qaraciyərin bərpası üçün: 

Xalq təbabətində qaraciyər hüceyrələrinin zədələnməsinin qarşısını almaq, onun sağalmağını sürətləndirmək üçün bir çox üsullar mövcuddur. Məsələn; bir çox qida məhsulları bu  istiqamətdə olduqca faydalıdır. Bundan başqa, dəmləmələr, məhlullar, qarışımlar da vardır. 
Yulaf.  Yulaf qaraciyər hüceyrələrinin regenerasiyasında olduqca əhəmiyyətlidir. Ağır metalların və duzların orqanizmdən atılmasında  iştirak edir. Yulafdan müalicəvi məhlul hazırlanır. 1 litr soyuq suya 100 qr yulaf toxumu əlavə edin. Təxminən, 30 dəq vam odda qaynadın. Soyuyandan sonra toxumların dibə çökməsinə diqqət edin. Gündə  1 stəkan bu məhluldan için. Müalicə müddəti 1 aydır. Sonra fasilə verin, növbəti ay yenidən başlayın. Ən sadə üsul isə yulaf sıyığının qəbuludur. Bəli, bu sıyıq da qaraciyərin sağlamlığına yaxşı təsir  göstərir. Amma bir şərtlə: yalnız suda, digər qidalar əlavə edilmədən hazırlayın. 
Sarımsaq.  Bitki kulinariyada və xalq təbabətində geniş istifadə olunur.  Təkcə qaraciyərin deyil, ümumilikdə, bütün orqanizmin sağlamlığına faydalıdır. Sarımsağın tərkibində vitaminlər və minerallar boldur. İmmuniteti yüksəldir, həzm orqanlarının işini və öd suyunun ifrazını sürətləndirir.  Qaraciyər toxumalarının ətrafında yağ yığılmasına mane olur. Sarımsağı təzə-təzə yemək ən yaxşısıdır. Yaxud ondan müalicəvi vasitə hazırlamaq olar. 1 stəkan qaynar suya 2 diş sarımsaq əlavə edin. 1 sutka dəmlənməyə qoyun. Vasitəni səhər acqarına için. Müalicənin müddəti 1 həftədir.  Vasitə sirrozun qarşısını alır, qaraciyərin yağlanmasına mane olur.  Sarımsaqdakı antioksidantlar qaraciyərin təmizlənməsinə xidmət edir. 200 qr xırdalanmış sarımsağı 500 ml spirtə əlavə edin. 2 həftə qaranlıq yerdə dəmlənməyini gözləyin. Yeməkdən əvvəl 1 xörək qaşığı yeyilərsə, faydalılıq dərəcəsi artar. Müalicə müddəti 2 aydır. Bu qarışım qaraciyəri toksinlərdən təmizləyir, parazitləri öldürür. 
Bal. Öd suyunun ifrazını yaxşılaşdırır, həzmi asanlaşdırır. Tərkibindəki vitaminlər sayəsində qaraciyər hüceyrələrinin bərpasına kömək edir. Müalicəvi vasitə üçün: 10 qr üyüdülmüş darçını 100 ml balla qarışdırın.  Qarışımdan səhər və axşam, hər dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Növbəti resept üçün 2 çay qaşığı bal lazımdır. 2 litrlik şüşəyə mineral su tökün və balı ona əlavə edin.  Bal mayenin tərkibini daha da zənginləşdirir və mineral suyu qaraciyəri təmizləyən vasitəyə çevirir. 
Balqabaq siropu. Balqabağın yuxarısını elə kəsin ki, qapaq kimi açılsın. İçərisini qaşıqla təmizləyin, tumlarını çıxarın. Balı balqabağın içinə tökün və kəsdiyiniz yeri qapaq kimi örtün. 2 həftə sonra sirop hazır olacaq. Bu siropdan  gündə 3 dəfə, hər dəfə 1 qaşıq için.  Qarışım təkcə qaraciyəri deyil, bağırsaqları da toksinlərdən və zərərli maddələrdən təmizləyir. Həmçinin, maddələr mübadiləsini və yağların ərimə prosesini sürətləndirir. 
Kişmiş.  Kişmiş təbii polisaxarid olan inulin`lə zəngindir.  İnulin öd kisəsini və qaraciyəri zərərli maddələrdən, duzlardan və metallardan  təmizləyir. Müalicəvi vasitə asan hazırlanır. 1:2 nisbətində kişmişi mineral suya qatın. Hər  gün səhər yeməyində mineral suda saxlanılmış çərəzdən 100 qr yeyin.  Yuxudan əvvəl isə kişmiş qatılmış  1 stəkan su içmək olar. 
Zeytun yağı. Mütəmadi olaraq içilən 1 xörək qaşığı zeytun yağı öd suyunun keyfiyyətini artırır, zərərli birləşmələrin orqanizmdən atılmasını təmin edir.  Bərabər miqdarda limon suyu və zeytun yağını qarışdıraraq,  bu qarışımı gündəlik qəbul edərək orqanizmə, xüsusilə, qaraciyərə dəstək ola bilərsiniz.  Qarışım, eyni zamanda, bağırsaq əzələlərini işlədir ki, bu da qəbizliyi önləyir. 
Bitki qarışımı. Qeyd edim ki, qarışımdakı bitkilər hamısı ödqovucudur, iltihab əleyhinədir, mikrob əleyhinədir. Məhz buna görə də, onların qarışımı qaraciyərin bərpasını sürətləndirir, “çölə çıxma”nı nizamlayır, bəzi narahatlıqları aradan qaldırır. Bərabər miqdarda qumluq ödotu, gicitkən, alaqanqal və çobanyastığını qatın. 50 qr bu qarışımdan götürün, 500 ml soyuq suya əlavə edin. Qaynayanadək vam odda saxlayın. Sonra odu söndürün, ağzını örtün və dəmlənməyini gözləyin. Sonra süzün, ilıq halda səhər və axşam, hər dəfə 1 stəkan olmaqla için. Müalicə müddəti 1 aydır. 
Çuğundur şirəsi.  Çuğundur orqanizmin sağlamlığı üçün çox faydalıdır. Onun şirəsi vitamin, antioksidant və əvəzedilməyən mikroelementlər deposudur.  Mütəxəssislər tövsiyə edir ki, rasiona çuğundurun özü də, şirəsi də daxil edilməlidir.  Çuğundurun qabığını soyun və şirəsini çəkin. Hər səhər 1 stəkan çuğundur şirəsi içməklə qarciyərin qayğısına qalmaq mümkündür. 
Alaqanqal məhlulu. 1:5 nisbətində  suya və yaxud arağa alaqanqal bitkisini əlavə edin. Ağzını bağlayın, 2 həftə qaranlıq və soyuq yerdə dəmlənməyini gözləyin.  Sonra süzün, 1 ay ərzində, hər gün 10 damla qəbul edin. Bu məhlul qaraciyərin toksinlərdən və zərərli maddələrdən təmizlənməsini təmin edəcək.  Alqanqal  qaraciyərin hüceyrələrinin böyüməsinə nəzarət edən təbii nizamlayıcıdır. Məhluldan əlavə, bitkinin yağı və toxumları da faydalıdır. Ondan müalicəvi vasitə və çay da hazırlamaq olar. Alqanqal əzməsini də yaddan çıxarmaq olmaz. Hazırda apteklərdə alaqanqal əsaslı bir çox vasitə tapmaq mümkündür. 
Qumluq ödotu. Ödqovucu, antiseptik, iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Tərkibində faydalı efir yağları, təbii birləşmələr, C vitamini var. 1  xörək qaşığı bitkini 1 stəkan qaynar suya qatın. 20 dəq dəmlənməyini gözləyin. Sonra süzün və səhər-axşam, hər  dəfə yarım stəkan olmaqla için. Qarışım, həmçinin, həzm prosesinin normallaşmasına da xidmət edir. 
Sarıkök. Qaraciyərin sağlamlığına xidmət edən unikal ədviyyat!  Orqanın ən kəskin xəstəliklərində belə, ədviyyat kompleks terapiyanın bir hissəsinə çevrilir. Hepatit və sirroz zamanı da sarıkök rasionda qalır. Yarım stəkan üyüdülmüş sarıkökü 1 stəkan isti suya qatın. 1 çay qaşığı bal da əlavə edərək, kiçik udumlarla için. Ədviyyatdan hazırlanan daha bir  vasitə də var. 1 çay qaşığı sarıkökü  2 xörək qaşığı keşyu bitkisinin südü ilə qatın.  Sonra bunları 1 stəkan inək südünə əlavə edin, yaxşı-yaxşı qarışdırın. Gündə 1 dəfə olmaqla, 1 ay ərzində bu qarışımı için. 
Yovşan.  Bitki özünün müalicəvi qabiliyyəti ilə məşhurdur.  Yovşan hemangioma`nın həcminin azalmasına kömək edir.  Hemangioma`lar damarların xoşxassəli şişidir. Kiçik həcmdə olanda müalicə tələb etmir.  Ona görə də, həkimlər hemangioma`nın böyüməməsinə çalışırlar. Bunun üçün xalq təbabətində vasitələr mövcuddur. 500 qr quru yovşanı 1 stəkan spirt, yaxud araq ilə qarışdırın. 3 həftə qaranlıq və soyuq yerdə dəmlənməyini gözləyin. Səhər və axşam, hər dəfə  10 damcı olmaqla qəbul edin. Müalicə müddəti 1 aydır. 
Ağcaqayın yarpaqları.  Təzə yarpaqları 1:3 nisbətində qaynar suya əlavə edin. Dəmlənməyə qoyun, sonra süzün. Gündə 2 dəfə, hər dəfə 1 stəkan olmaqla bu dəmləmədən qəbul edin.   Məhlul qaraciyərin özünü bərpasına kömək edəcək, öd kisəsində daş əmələ gəlməsinə mane olacaq.


Nəticə: 
Qaraciyər özünü bərpa etməyə könüllü olan orqandır. O, gərgin iş rejiminə, kimyəvi dərmanlara ləyaqətlə sinə gərir.   Orqanın bizdən istədiyi, sadəcə, dəstəkdir. Hansı ki, bu dəstəyi görməsə, orqanın hüceyrələri ölməyə başlayır, müxtəlif xəstəliklər üzə çıxır.  Müalicəvi vasitələri hazırlamaqla, faydalı qidaları qəbul etməklə qaraciyərin qayğısına qalmaq mümkündür.  Haqqında danışdığım  təbii vasitələr həzm sisteminə, ürək-damar sisteminə, immunitetə olduqca müsbət təsir göstərir.   Bəzi vasitələri təkcə müalicə məqsədilə deyil, profilaktiki tədbir kimi də hazırlamaq, qəbul etmək olar. 

Bahadur Seyidov / Demedia.az