Təzyiqin normallaşması üçün “Zalmanov üsulu”  - Araşdırma



 11:01 29.03.2023     1105

Bu gün sizə “unudulmuş Zalmanov üsulu” haqqında danışacağam. Həmçinin, təzyiqin qalxma səbəblərindən də bəhs edəcəyəm. 

Təzyiqölçən aparatda görünən normal rəqəmlər uzun ömürün və sağlamlığın təminatçısıdır.  Rəqəmlərin yüksəlməsi qaraciyərin və ürək-damar sisteminin işinin pozulması deməkdir. Qan təzyiqini normada saxlamaq üçün kapillyarlarda, hətta bütün orqanizmdə maddələr mübadiləsinin yaxşı işləməsi lazımdır. Bu nəzəriyyənin müəllifi Abram Solomonoviç Zalmanovdur. 

Hələ kiçik yaşlarından o, öyrənməyə meyilli idi. Gimnaziyanı əla qiymətlərlə bitirir, öyrənmək marağı heç vaxt korşalmır.  Bütün ömrü boyu Zalmanov sulu və ya digər durulducular vasitəsilə təzyiqi normallaşdırmağın yollarını axtarıb. O, xroniki xəstəliklərin müalicəsi haqqında bir neçə kitab yazıb.  Qan-damar sistemi onun maraq mərkəzində olub. Zalmanov, hələ 100 il bundan əvvəl, ağac şirəsi ilə hazırlanan unikal bir məlhəmi təklif edib ki, məhz bu məlhəm təzyiqi normada saxlayır. 

İlk başlarda bu məhlul yalnız vanna eləmək üçün nəzərdə tutulmuşdu.  Bu üsulla edilən ilk müalicə uğurla nəticələnir.  Ağac şirəsi əsaslı vanna qəbul edən insanlar bir  çox xroniki xəstəliklərdən azad olmuşdular. Hətta oynaq xəstəlikləri belə, yoxa çıxmışdı.  Üsulun bütün damarların iş qabiliyyətini artırdığı, beləcə, bütün orqanizmdə qan dövranını yaxşılaşdırdığı sübut olundu.  Ağac şirəsi əsaslı vannanın  hüceyrələrin özünü bərpasına, onların lazımi qədər oksigenlə təmin olunmasına, həmçinin, zərərli maddələrin orqanizmdən atılmasına səbəb olduğu da aşkar edildi.  

Müntəzəm şəkildə qəbul edilən ağac şirəsi əsaslı vanna trombların əmələgəlmə riskini aşağı salır, arterial təzyiqi və maddələr mübadiləsini nizamlayır,  mikrosirkulyasiyanı yaxşılaşdırır. Uzun illərdir ki, Avropanın və Rusiyanın tibb müəssisələrində “Zalmanov üsulu” müalicəvi məqsədlə tətbiq edilməkdədir. 

    Arterial təzyiqin yüksəlməsinin səbəbləri. 
    Tibbdə civə sütunu ilə 140/90-dan yuxarı göstəricilər “yüksək təzyiq” sayılır. Arterial təzyiqin yüksəlməsinin səbəbləri müxtəlifdir. Əksər hallarda isə bu yüksəlmə orqanizmdəki hər hansı bir patalogiyanın  əlamətidir.  Daha çox ürək-damar sistemindəki problemlər təzyiqin yüksəlməsinə gətirib çıxarır.  Kapillyarlardakı spazmlar  periferik damarlarda müqavimətin artmasına səbəb olur. Beləcə, arterial təzyiq yüksəlir.  Vəziyyətin əsas səbəbləri sırasında siqaret çəkmək, damar tıxanıqlığı və yağlı yemək vərdişi  var. 
    Böyrəyin funksiyasının pozulması da təzyiqi yüksəldir.  Bu zaman böyrək damarlarında, hətta orqanın toxumalarında belə, narahatlıqlar müşahidə edilə bilər. Bəzi şişlər təzyiqin yüksəlməsinə səbəb olan bioloji aktiv maddələr sintez edir.  Məsələn; nadir də olsa, feoxromasitoma meydana çıxır. Böyrəyin bu xoşxassəli şişi zamanı  qan təzyiqini  normallaşdıran bir çox dərman preparatı təsirsiz qalır. 
    Bundan əlavə, bəzi dərmanlar da təzyiqi yüksəldə bilir.  Hormon müalicəsi və ya qəbul edilən hansısa ağrıkəsicinin yan təsiri kimi də, yüksək təzyiq müşahidə edilir.  Rasionda, xüsusilə, duzu azaltmaq lazımdır. Çünki duzun artıqlığı, təkcə, şişkinliklərə səbəb olmur, eyni zamanda, təzyiqi də yüksəldir.  Sizə elə gələ bilər ki, yeməyə heç duz vurmursunuz.  Amma  “gizli duzları” unutmaq olmaz. Onlar yarımfabrikatların, ayaqüstü yeməklərin və bu kimi emal edilmiş qidaların tərkibində boldur. 

    Ağac şirəsi əsaslı vannanın faydaları. 
    Abram Solomonoviç Zalmanov uzun müddət ağac şirəsinin insan orqanizminə faydalarını araşdırıb. O, belə nəticəyə gəlib ki, bir çox xəstəliklər, o cümlədən də, yüksək arterial təzyiq qan dövranının pisləşməsindən qaynaqlanır. Bundan sonra Zalmanov ağac şirəsi əsaslı məhlul hazırlayır. Bu məhlul maddələr mübadiləsini yaxşılaşdırır, toksinləri orqanizmdən xaric edir.  Məhlulun tərkibində hüceyrələrin özünübərpasına kömək edən maddə iynəyarpaqlı ağacların qətranıdır.  Qətran qocalmanı ləngidir, iltihablanmanı azaldır, yaraların və xəsarətlərin sağalmasını sürətləndirir. Ağac şirəsi əsaslı vanna, təkcə, damarları möhkəmləndirməklə qalmır, eyni zamanda, limfa düyünlərini aradan qaldırır, şişkinlikləri yox edir. 
    Qəribədir ki, “Zalmanov üsulu” alimin ölümündən çox sonralar məşhurlaşıb. Bir çox həkim bu üsulun müalicəvi effektivliyini və insan sağlamlığı üçün vacibliyini etiraf edib. 
    Ağac şirəsi əsaslı vannanın faydaları bunlardır: 
    -damar tıxanıqlığını yox edir; 
    -venalarda varikoz genişlənmənin qarşısını alır;
    -babasilə müalicəvi təsir edir; 
    -revmatizm, artrit və miozit zamanı həyat keyfiyyətini yaxşılaşdırır; 
    -sidik sistemində iltihablanmanı yox edir; 
    -dəri xəstəliklərini aradan qaldırır; 
    -sinir sisteminin gərginliyini azaldır; 
    
    Zalmanov təxmin etmişdi ki, irəliləyən texnologiya və sürətli həyat ətraf mühitə mənfi təsir edəcək, insan orqanizmi lazımi qədər oksigenlə təmin oluna bilməyəcək. Bu neqativ vəziyyət  nəticəsində qanda karbon qazının miqdarı artacaq. Bu isə istənilən insanın həyat tərzini dəyişəcək. Oksigen qıtlığı orqanizmdə enerji azalmasına, bütün biokimyəvi proseslərin yavaşlamasına gətirib çıxarır.  Vəziyyətdən çıxmağın yeganə yolu hidroterapiyaya ağac şirəsi əlavə etməkdir. Prosedur zamanı qida maddələrinin daşınması asanlaşır, qan plazmasının yenilənməsi baş verir. 

    Təzyiqi aşağı salmaq üçün ağac şirəsi əsaslı vannanın qəbulu. 
    Hazırda bu üsulu evdə tətbiq etmək olar. Əsas odur,  onu düzgün tətbiq etməyi biləsiniz ki, orqanizminizə ziyan vurmayasınız. Emulsiyanın 2 növü var: şəffaf və sarı. 
    Şəffaf ağac şirəsi. Tərkibində ağac qətranı, su, söyüd qabığı ekstraktı, salisil turşusu və uşaq sabunu var. Bu tərkib suda sürətlə həll olur. Dəriyə və dərialtı yağ liflərinə qıcıqlandırıcı təsir  göstərir.   Şəffaf ağac şirəsinin istifadəsi normal və aşağı təzyiqli insanlara tövsiyə edilir.  O, kapillyarların ritmini nizamlayır ki, nəticədə, orqanizmdə istilik mübadiləsi yaxşılaşır, əzələ spazmları aradan qalxır. 
    Sarı ağac şirəsi. Tərkibində keyfiyyətli ağac şirəsi,  gənəgərçək yağı, natrium hidroksid, olein turşusu və su var.  Sarı ağac şirəsi orqanizmin ən dərin qatlarına nüfuz edir. Yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün xilas yoludur. Damarları genişləndirir və təzyiqi aşağı salır. Sarı emulsiya, həmçinin, toksinləri orqanizmdən xaric edir, damarları yağ artıqlarından təmizləyir. Ümumiyyətlə, təzyiq problemləri olanlar şəffaf və sarı emulsiyalardan istifadə edə bilərlər. 

Qarışıq variant. 
    Məlhəmi şəffaf və sarı emulsiyaların qarışdırılması ilə əldə edirlər.  Ölçərkən insanın individual həssaslığı və arzu etdiyi nəticə  nəzərə alınır. Bu cür vanna arterial təzyiqi normallaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır, ağrıkəsici kimi təsir edir. Qarışıq vannanın üstünlüyü odur ki, orqanizm şəffaf və sarı ağac şirəsinin müalicəvi xüsusiyyətlərindən eyni anda faydalanır.  Xroniki xəstəliyi olmayanlar da bu vannadan istifadə edə bilər. İstənilən insan gücünü bərpa etməkdə və sağlamlığının keşiyində dayanmaqda haqlıdır. 

İynəyarpaqlı ağacın qətranı nədir? 
    Bayaq dedim ki, qətran ağac şirəsinin müalicəvi qabiliyyətini yüksəldir.   Ağacın qabığını kəsdikdə üzə çıxan maye qətrandır. Bütün ağaclarda olur, amma indi biz iynəyarpaqlı ağacların qətranından danışırıq. Qətran, bir növ, ağacın qabığından içəri göbələklərin, zərərvericilərin  daxil olmasına qarşı müdafiə üsuludur.  Hələ qədim zamanlardan bəşər övladı bu vasitənin müalicəvi qabiliyyətindən xəbərdar idi Zamanla onun emalına başlayıb. 

Ağac şirəsi əsaslı vannanın hazırlanması. 
    Müalicəvi vannanı hazırlamaq üçün  ağac şirəsi əsaslı məhlul lazımdır. 20 ml şəffaf və ya sarı emulsiyanı 370C temperaturda olan  2 litr suya qatın. Qarışımı isti su ilə doldurulmuş vannaya əlavə edin. Hər prosedurda emulsiyanın həcmini 10 ml artırın.  Ən maksimal ölçü 120 ml-dir. Adi halda arzuolunan nəticəyə çatmaq üçün 15-20 prosedur yetərlidir.  Vannanı günaşırı olaraq qəbul etsəniz, yaxşı olar. İl ərzində proseduru 5-6 dəfə təkrarlamaq olar.  Çalışın ki, vannaya yeməkdən 2-3 saat sonra girəsiniz. Vannaya girməzdən öncə, ehtiyat tədbiri olaraq, həssas nahiyələrə-qoltuq altına, qasıq nahiyəsinə  yağlı krem çəkin.  Başınızı həmişə vannadan yuxarıda saxlayın ki,  ağac şirəsi gözlərə təmas etməsin. Başınızın rahatlığı üçün boynunuzun altına dəsmal və ya kiçik yastıq qoya bilərsiniz. Getdikcə su soyuduğuna görə, məsləhətdir ki, hər 5 dəqiqədən bir  az miqdarda qaynar su əlavə edəsiniz.  Anbaan suyun içində orqanizminizin rahatladığını, ağac şirəsinin təmasını hiss edəcəksiniz. Əgər vannada heç nə hiss etməsəniz, aldığınız  emulsiyanın keyfiyyəti haqqında düşünməyə dəyər.  Digər tərəfdən, təsiri həddən artıq hiss etsəniz, növbəti dəfə emulsiyanın miqdarını azaldın. Beləcə, nəhayət, özünüzə xas olan dozanı tapacaqsınız.  Vannanın qəbulu da mərhələli şəkildə olmalıdır. İlk dəfə vannada 10 dəq qalın, sonrakı seanslarda zamanı dəqiqə-dəqiqə artırın.  “Zalmanov üsulu”nda tövsiyə edilən prosedur sayı 30-dur.  Ağac şirəsi əsaslı məhlul bir az yağlıdır. Amma onun dəridən yuyulması tövsiyə edilmir.  Yaxşı olar ki, vannanı axşam qəbul edəsiniz və ardınca isti xalata bürünəsiniz, birbaşa isti yatağa yollanasınız.  Beləcə, yuxu problemləriniz də öz həllini tapar. 

Zərərləri və əks təsirləri. 
    Bəli, ağac şirəsi əsaslı vannanın da əks təsirləri var.  Ondan uzaq durmalı olan insanlar bunlardır:
    -hamilələr və süd verən analar; 
    -dəridə açıq yaraları olanlar; 
    -məhlulun tərkibindəki hər hansı maddəyə qarşı allergiyası olanlar; 
    -orqanizmində bədxassəli şiş aşkarlananlar; 
    -ürək-damar sistemində gərginlik yaşayanlar; 

Deyilənlərə düzgün və ardıcıl şəkildə riayət etsəniz, ağac şirəsi əsaslı vanna sağlamlığınız üçün əvəzolunmaz nemətdir. 

Bahadur Seyidov  /Demedia.az