Oruc tutanların DİQQƏTİNƏ: Mütləq bu qidanı yeyin



 11:01 04.04.2023     1018

Oruc tutarkən daha az yemək yeyirsiniz. Amma bu, o demək deyil ki, orqanizmin ehtiyacı olan qidaları almamalısınız.

Orqanizmin ehtiyacını ödəmək üçün qida dəyəri yüksək olan yeməkləri, məhsulları rasionunuza daxil etməlisiniz.  Qədim zamanlardan bəri, əksər mədəniyyətlərdə  təbii dərman kimi istifadə olunan bal məhz belə qidalardandır. 

Hər gün sağlam qidalar yemək önəmlidir. Ramazan ayında bu önəmlilik dərəcəsi ikiqat artır. Uzun müddət davam edən aclıq zamanı orqanizmin gücdən düşməməsi üçün iftarda və imsakda yediklərinizi diqqətlə seçməlisiniz. Sağlam pəhrizdə duzun və şəkərin xüsusi ölçüdə istifadə edilməsi məsləhətdir. Mütəxəssislər qeyd edir ki, Ramazan ayında duz da, şəkər də əvvəlki ölçülərinə nisbətən daha da azaldılmalıdır. Lakin bu tövsiyələr bala şamil edilmir. 

Arıların bəşəriyyətə ərməğanı olan bal bol miqdarda karbohidrata, suya, az da olsa, proteinə malikdir. Növünə görə, tərkibində müxtəlif vitamin və minerallar da ola bilər. İnsan orqanizminin əsas enerji mənbəyi karbohidratlardır.  Xüsusilə, artıq çəkiyə malik insanlar karbohidrat qəbul etməkdən çəkinirlər. Lakin bal heç vaxt bu mövzuda “qadağan olunmuş qidalar” siyahısına daxil edilmir. 1 xörək qaşığı bal, təqribən, 30 kaloriyə malikdir. Gördüyünüz kimi, bu, heç də çəki artıracaq miqdar deyil. 

İftardan sonra, yaxud imsakda ürəyinizdən şirniyyat yemək keçərsə, 1 xörək qaşığı bal yeyin.  Təbii balın qlisemik indeksi aşağıdır. Bildiyiniz kimi, qlisemik indeksi yüksək olan qidaların qəbulu həddən artıq köklüyə, qaraciyər yağlanmasına, insulin həssaslığına, diabet, xərçəng risklərinin artmasına səbəb olur. Təbii bal isə qanda şəkərin miqdarını qəfil qaldırmır. İftarda, iftardan sonra aralıq öynədə,  yaxud imsakda yüngül alternativlər axtaranlar üçün təbii bal və ya ballı qidalar mükəmməl seçimdir. 

Aparılan araşdırmalar nəticəsində isbat edilib ki, bal ürək sağlamlığına da faydalıdır. Təbii bal qan təzyiqini aşağı salır, qanda xolesterol səviyyələrini nizamlayır, ürəyin ritmini yaxşılaşdırır, sağlam hüceyrələrin xəsarət almasına və ya ölməsinə mane olur.  Yaşı 40-ı keçmiş 5000 insanın müşahidə edilməsiylə aparılan bir araşdırmada maraqlı nəticələr əldə edilib.  Məlum olub ki, bal qadınlarda yüksək təzyiq riskini aşağı salır. Bundan əlavə, siçanlar üzərində aparılan bir araşdırmada təbii balın üsrəyi oksidativ stressdən qoruduğu da aşkarlanıb. Bununla bərabər, şəkər xəstələri üçün təbii bal rafinə edilmiş şəkərə  nisbətən daha müsbət effektə malikdir. Amma mütəxəssislər balın da lazımi miqdarda qəbul edilməsini təkrarlamaqdan yorulmurlar. 

Müntəzəm şəkildə qəbul edilən bal hormonal balansa da yaxşı təsir edir. Xüsusilə, toxluq yaradan hormonları misal göstərmək olar. Balın metabolik sindrom zamanı da orqanizmin köməyinə çatdığına dair elmi nəticələr əldə edilib. Metabolik sindrom kök insanlarda görülən diabetin və ya fərqli xəstəliklərin, xüsusən də, təhlükəli xəstəliklərin müşahidə edilməsidir. Başqa sözlə, metabolik sindrom artıq çəkiyə malik olan insanlarda bir neçə xəstəliyin eyni zamanda  müşahidə edilməsidir. Bundan əlavə, bal həzm prosesinə də kömək edir, qidaların daha yaxşı mənimsənilməsinə dəstək olur. Bal tərkibindəki polifenollar və ifrazatlar sayəsində mikrob əleyhinə vasitə kimi də çıxış edir. 

Təbii bal qanda şəkərin səviyyəsini qaldırır, amma bunu çox yavaş edir. Bundan əlavə, tərkibindəki antioksidantlar orqanizmin metabolik sindroma və II tip diabetə qarşı qorunmasına kömək edir.  Araşdırmalar göstərir ki, təbii bal iltihablanmanı azaldır, qanda şəkərin requlyasiyasını yaxşılaşdıran hormonun-adiponektin`in səviyyələrini artırır. 

Təbii bal boğaz infeksiyalarından və bronxial-astmadan da qoruyur. Dəri problemlərinin, xüsusilə, eqzema və yaraların müalicəsində də təbii bal istifadə edilir. 

Bahadur Seyidov / Demedia.az