50 metrlik asteroid sürətlə Yerə yaxınlaşır - Toqquşma ehtimalı...



 21:34 04.04.2023     651

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) rəsmilərinin paylaşdığı tvitə görə, yeni kəşf edilən asteroid təxminən 20 il sonra, Sevgililər Günündə Yer kürəsinə çarpa bilər. Kosmik agentliyin Planetlərin Müdafiəsi Koordinasiya Ofisinin məlumatına görə, 2046-cı il fevralın 14-də asteroidin Yerlə toqquşması ehtimalı 560-da 1-dir.

2023 DW adlı asteroid təxminən olimpiya hovuzunun ölçüsünə bərabərdir, diametri 50 metrdir. Normaldan daha yüksək risk səviyyəsinə malik olmasına baxmayaraq, NASA tvitində 2023 DW-nin "Yerlə çarpması ehtimalının çox az olduğunu" söylədi. Kosmik agentlik həmçinin 2023 DW kimi yeni kəşf edilmiş obyektlərlə bağlı qeyri-müəyyənlikləri azaltmaq və onların orbitlərini dəqiq proqnozlaşdırmaq üçün müəyyən vaxt tələb etdiyini vurğulayır.

Amma ən pis vəziyyət real olsa və bu asteroid Yerə düşsə belə, nəticə o qədər də sarsıdıcı olmayacaq. 2023 DW risk səviyyəsi 0-dan 10-a qədər miqyasda kosmosdakı obyektlərin Yerlə toqquşması riskini ölçən Turin Şkalasında 1-dir.

NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının naviqasiya mühəndisi Davide Farnocchia CNN-ə "Bu obyekt çox narahatedici deyil" dedi.

Müqayisə üçün qeyd edək ki, 66 milyon il əvvəl Yerə çarpan və dinozavrları bitirən asteroidin eni 12 kilometr idi. Yenə də izdihamlı bir şəhərin yaxınlığında 2023 DW-nin parçalanması problem yarada bilər. 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri yaxınlığında 2023 DW ölçüsünün yarısı böyüklüyündə bir meteor düşdü və bu, minlərlə binaya ziyan vuran və 1500-ə yaxın insanın yaralanmasına səbəb olan şok dalğasına səbəb oldu.

Əgər bu sizi narahat edirsə, NASA-nın DART missiyasının müvəffəqiyyəti sizi rahatlaşdırmağa kömək edə bilər. Bu missiya ilə keçən ilin oktyabrında bəşəriyyət bir asteroidlə kosmik gəmi ilə toqquşaraq onun kursunu dəyişməyi bacardı. Beləliklə, indi planetimiz üçün təhlükə yaradan kosmik obyektlərin istiqamətini dəyişmək imkanımız var.

NASA-nın Planet Müdafiə Koordinasiya Ofisi bir tvitində "orbital analitiklər 2023 DW-ni izləməyə və daha çox məlumat əldə olunduqca proqnozlarını yeniləməyə davam edəcək" dedi.

Bütün bu izahatlardan sonra narahatlığınıza əlavə etmək istəyirsinizsə, istənilən ölçülü asteroidin Yer kürəsinin istənilən nöqtəsinə çırpılması simulyatorundan istifadə edərək 2023 DW-nin mümkün zərəri üçün simulyasiyalar edə bilərsiniz...

Aysun / Demedia.az