Bağayarpağının möcüzəvi FAYDASI - Araşdırma



 11:01 05.04.2023     4546

Bu gün sizə bağayarpağının faydalarından və zərərlərindən danışacağam.  Bağayarpağı çoxillik bitkidir. Onu yol kənarlarında, bostan kənarlarında görə bilərsiniz. İri, şümal yarpaqları ilə gözoxşayan bağayarpağının müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlum idi.

Qədim Yunanıstanda və Qədim Romada bitki tibbi məqsədlə geniş istifadə edilirdi. Şərq tibb tarixində də bağayarpağının öz yeri var.  
Hazırda Yer kürəsində bitkinin 200-dən çox növü var.  Hər bir növü də müxtəlif xəstəliklərin müalicəsində və profilaktikasında istifadə olunmaqdadır. Bu gün sizə bitkinin yarpaqlarından hazırlanan məhlul, maz və dəmləmələr barədə də məlumat verəcəyəm. 

Damarların təmizlənməsi məqsədilə.

Pis xolesterinin və digər zərərli maddələrin damarların divarlarına yapışaraq tıxanıqlıq yaratdığını, bu səbəblə də, qan dövranının pisləşdiyini artıq bilirik.  Damar yetməzliyi riski artdıqca, damarların elastikliyi azaldıqca, orqanizmdə müxtəlif xəstəliklər meydana çıxır. Ən birinci əlamət bitməyən baş ağrılarıdır.  Ardınca eşitmə və görmə qabiliyyəti azalır, damarların axım gücü mənfiyə doğru irəliləyir, ateroskleroz, insult və infarkt riski artır. Bağayarpağı bütün bu sadaladığım prosesləri tərsinə  çevirə bilir. Müalicəvi məhlulu hazırlamaq üçün  1 xörək qaşığı quru bağayarpağı götürün. Onu 1 stəkan qaynar suya əlavə edin. Ağzını bağlayın, 10 dəq dəmlənməyini gözləyin. 1 saat ərzində, kiçik udumlarla için. Prosedur sutkada 1 dəfə olmaqla, 1-2 həftə təkrarlanmalıdır. 

Şəkərli dibabet zamanı.

Vəziyyəti yüngülləşdirmək üçün bağayarpağından şirə hazırlamaq məqsədəuyğundur.  Yarpaqların şirəsini çıxarın. Sonra bu şirəyə duru bal əlavə edin. Alınan qarışımdan 1 xörək qaşığı götürün və gündə 3 dəfə, yeməkdən 15-20 dəq qabaq qəbul edin.  Şəkərli diabetdən əziyyət çəkənlərin həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün digər bir vasitə isə bağayarpağı məhluludur. 2 xörək qaşığı bağayarpağını 1 stəkan qaynar suya qatın. Vam odda qaynayanadək saxlayın. Sonra şüşə qaba qoyun,  bu qabı qaynar suyun içində, təxminən, 30 dəq saxlayın.  Cuna ilə süzün və ilıq halda yarım stəkan həcmində, gündə 3 dəfə, yeməkdən 15-20 dəq əvvəl için. 

Sistit zamanı. 

Xəstəliyin həm müalicəsində, həm də profilaktikasında bağayarpağı köməyə çatır. Bağayarpağı, yovşan, adaçayı (sürvə), kiçik qızılçətir, öfgəotu bitkilərini eyni miqdarda bir-birinə qatın. Qarışımdan 1 xörək qaşığı götürün və 1 stəkan qaynar suya əlavə edin. Effektivliyini artırmaq üçün qarışıma bir az bal da əlavə etmək olar.  Qarışımı şüşə qaba qoyun, ağzını bağlayın. Vam odun üzərinə bir qazanda su qoyun və qaynayanadək gözləyin. Su buğlananda şüşə qabı onun içinə qoyun. Beləcə, qarışımı vam odda, təxminən, 30-40 dəq müddətində su vannası edin. Gündə  3 dəfə, yeməkdən yarım saat əvvəl, 1 xörək qaşığı bu məhluldan qəbul edin. 

Öskürək zamanı. 

Öskürəyin səbəbləri müxtəlif olur. Eləcə də, quru və bəlğəmli öskürəklə rastlaşa bilərsiniz. İstənilən halda, bağayarpağından hazırlanan vasitə orqanizmin köməyinə çatır.  Bağayarpağı əsaslı məhlul və ya dəmləmədən istifadə etdikdən, cəmi, bir neçə saat vəziyyətin yaxşılaşdığını müşahidə edə bilərsiniz. Öskürəyin səbəbləri sırasında laringit, bronxit, allergiya və s. ola bilər.  Sağalmaq üçün ən birinci, soyuqdəyməni və qızdırmanı aradan qaldırmaq lazımdır.  Təzə bağayarpaqlarını xırdalayın, az miqdarda distillə edilmiş suya qatın. Vam odda qarışdıra-qarışdıra qaynayanadək gözləyin. Sonra üzərinə bir az bal əlavə edin. Gün ərzində hər saatbaşı 1 çay qaşığı bu qarışımdan qəbul edin. 

Mədə-bağırsaq problemləri zamanı. 

Qida zəhərlənməsi, qastrit, mədə xorası zamanı bağayarpağı müalicəvi təsir göstərir. Təkcə onikibarmaq bağırsağın  kəskin iltihabı zamanı bağayarpağı istifadə olunmamalıdır. Yerdə qalan bütün mədə-bağırsaq problemlərində bitki müsbət effektə malikdir. Bağayarpağı şirəsi mədə ağrılarını azaldır, iştahı açır, mədənin turşuluğunu normaya salır, bağırsaqdakı iltihablanmanı aradan qaldırır. Gündə 3 dəfə, hər dəfə yeməkdən 30 dəq əvvəl, 1 xörək qaşığı həcmində bağayarpağı şirəsi için. Bağayarpağını gövdəsi ilə birgə yuyun, üyüdün. Cunaya bükün və bükülü halda qaynar suyun içində, vam odun üstünə qoyun. Bir neçə dəqiqə qaynadın, sonra götürün.  Suyu ilıq halda için. Mədə xorası üçün hazırlanacaq vasitəni həkim nəzarətində qəbul etsəniz, yaxşı olar. 1 çay qaşığı quru bağayarpağını və 1 çay qaşığı quru  adaçayını üyüdün, yarım litr qaynar suya əlavə edin. Vam odda 5-7 dəq qaynadın. Sonra termosa tökün və 5-8 saat saxlayın. Gündə 1 dəfə, yarım stəkan həcmində bu qarışımdan için. 10 gün təkrarlanan prosedurdan sonra, 10 gün fasilə verin. Növbəti dəfə prosedura başladığınızda, gündə 3 dəfə qəbul edin. 

Xoralar zamanı. 

Orqanizmin müxtəlif nahiyəsində xoralar meydana çıxa bilər. 1 xörək qaşığı bağayarpağını xırdalayın, 1 stəkan qaynar suya əlavə edin. Qabın ağzını bağlayın, 15-20 dəq dəmlənməyini gözləyin. Sonra cuna ilə süzün. Məhlulu zədəli nahiyəyə çəkin. 

Furunkulyoz üçün məhlul. 

Bərabər miqdarda bağayarpağı, adi dəvədabanı və nanə götürün. Qarışdırın. Alınan qarışımdan 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suya qatın. Ağzını bağlayın, 20 dəq gözlədin.  Gündə 3 dəfə, hər dəfə yarım stəkan olmaqla bu məhluldan qəbul edin. 

Sonsuzluq zamanı. 

Bağayarpağının hünərlərindən biri də, sonsuzluqla mübarizədir. Həm kişilərə, həm də qadınlara  övlad sahibi olmağa kömək edən bağayarpağından bu məqsədlə hazırlanan vasitənin resepti budur: 1 xörək qaşığı quru bağayarpağını 1 stəkan isti suya qatın. Ağzını bağlayın və qabı 5 dəq qaynar su vannasında saxlayın. Sonra 12 saat dəmlənməyini gözləyin.  Gündə 3 dəfə,  yeməkdən yarım saat əvvəl, 2 xörək qaşığı bu qarışımdan qəbul edin. Müalicənin müddəti 21 gündür. Sonra 1 həftə fasilə verin, ardınca kursu təkrarlayın. Qadınlar üçün bağayarpağı daha faydalıdır.  Bitkinin tərkibindəki fitosterinlər aybaşı tsiklinin normallaşmasına, yumurtalıqların inkişafına və klimaksın gecikməsinə kömək edir. 

Zərərləri və əks təsirləri. 

Bəzi mədə-bağırsaq və qan xəstəliklərinin kəskinləşməsi zamanı bağayarpağından ehtiyatlı olmaq lazımdır.  Tromblar,  yaxud individual həssaslıq da bağayarpağından uzaq durmaq üçün səbəblərdir. Bəzi insanlar bağayarpağı əsaslı vasitələrdən istifadə edərkən ürəkbulanma, hətta qusma ilə üzləşirlər.  Bunun əsas səbəbi  bitkinin özünəməxsus dadıdır. Bağayarpağı istifadəsindən sonra ishalla üzləşdiyini deyənlər də var. Mütəxəssislər bunun səbəbini belə izah edir: “Bağayarpağı bağırsağı təmizləyir.”  Hamilə qadınlara və süd verən analara da bağayarpağından uzaq durmaq məsləhətdir.  Hamilə qalmağa kömək edən bitki, hamiləlik zamanı dölün inkişafına mənfi təsir edə bilər. Təmizləyici və antibiotik xüsusiyyətə malik olduğundan, körpədə müəyyən problemlər yaratma ehtimalı böyükdür. 

Bahadur Seyidov / Demedia.az