NATO Finlandiyanın üzvlüyü ilə daha da güclənəcək - İtaliya



 15:58 05.04.2023     299

 “NATO, alyansa rəsmən qoşulan Finlandiyanın üzvlüyü ilə daha da güclənəcək”.

Demedia.az xəbər verir ki, İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani belə deyib. Tajani paytaxt Romada İtaliyada yaşayan xarici jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb. Tajani bildirib ki, o, Finlandiyadan sonra İsveçin də NATO-ya qoşulacağına inanır. Rusiyanın Ukraynaya təcavüzünün Qərbin birliyini gücləndirdiyini dilə gətirən Tajani, bu vəziyyətin daha əvvəl hərbi alyansa üzv olmayan iki ölkənin NATO-ya qoşulmaq istəməsinə səbəb olduğunu bildirib.

İtaliyalı nazir Avropanın müdafiəsi üzərində işləməli olduqlarını bildirib. İtaliyanın Rusiyaya qarşı olmadığını vurğulayan Tajani, "Biz Rusiyaya, rus xalqına qarşı deyilik, lakin beynəlxalq hüququ pozan təcavüzə qarşıyıq" deyə bildirib.

Bahadur Seyidov