Balqabaq tumunun faydaları və zərərləri - Araşdırma



 11:19 06.04.2023     7990

Bu gün sizə balqabaq tumunun faydalarından və zərərlərindən danışacağam.  

Balqabaq tumunun müalicəvi xüsusiyyətləri haqqında, yəqin ki, hamınız eşitmisiniz.  Həkimlər və dietoloqlar  tez-tez balqabaqdan hazırlanan yeməklərin rasiona daxil edilməsini tövsiyə edirlər.  Bəzən balqabaq tumları atılır.  Halbuki, bu tumlar tərəvəzin özündən daha faydalıdır.  Olduqca cüzi əks təsirə malik olan tumlar çox qədimdən kulinariyada və  tibbdə öz yerini tapıb. Mərkəzi Amerikada aparılan arxeoloji araşdırmalar zamanı, bizim eradan əvvəl 7000-ci illərə aid balqabaq tumları aşkarlanıb.  Hazırda balqabaq da, elə tumları da, demək olar ki, bütün dünyada məşhurdur. 

Balqabaq tumunun kimyəvi tərkibi, faydaları və zərərləri. 

Tumun ən faydalı hissəsi içidir: mikroelementlərlə və amin turşuları ilə zəngindir.  Balqabaq tumları metabolizmanı yaxşılaşdırır, ümumilikdə, mədə-bağırsaq traktatındakı bütün orqanlara müsbət təsir edir.  Tumun tərkibində yüksək miqdarda maqnium, fosfor, kalium permanqanat var. Kalium permanqanat sinir sistemi üçün əvəzsizdir.  Sinir impulsları ilə hüceyrələr arasındakı bağı qoruyur,  onların böyüməsini təmin edir.  Digər minerallarla birləşəndə, kalium permanqanat sağaldıcı təsirə malik olur. 
    Balqabaq tumu təbii vitamin qaynağıdır. Buna görə də, mütəmadi olaraq qəbul edilməsi lazımdır. Kalsium da, fosfor da sümüklər və diş minası üçün  vacibdir. Elementlərin hər ikisi balqabaq tumunun tərkibinə daxildir. Bundan əlavə, tumda sink, A, C və E vitaminləri var ki, immuniteti gücləndirirlər, orqanizmi müxtəlif infeksiyalardan təmizləyirlər. 
Təbii ki, bütün qida məhsullarında olduğu kimi, əks təsirə malikdir. Yaxşısı budur, balqabaq tumunu qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşəsiniz.  Tumları qovurduqda, faydalılıq dərəcələri azalır.  Olduqca kalorilidirlər. Artıq çəkidən əziyyət çəkənlər balqabq tumunu müəyyən ölçüdə yeməlidirlər. 

Balqabaq tumu müalicəvi vasitə kimi. 
Balqabaq tumu bir çox xəstəliklərin müalicəsində aktiv rol oynayır. Əsas məqam odur ki, düzgün istifadə edilsin.  Belə olduqda, o, ciddi xəstəliklərlə belə, mübarizə aparmağa qadir olur. 

Həzm sistemi xəstəlikləri zamanı. 
Ödqovucu xüsusiyyəti olan balqabaq tumu orqanizmi zərərli maddələrdən və toksinlərdən də təmizləyir.  Qaraciyər xəstəlikləri zamanı orqanizmin dəstəkçisinə çevrilir.  Yeməkdən qabaq qəbul edilən 1 xörək qaşığı balqabaq tumu qastrit və pankreatit ağrılarını azaldır. Pankreatit  zamanı  balqabaq tumu bağırsaqların təmizlənməsinə, iltihabın yox olmasına, qəbizliyin aradan qalxmasına kömək edir.  Tərkibindəki liflər sayəsində balqabaq tumu “çölə çıxmağı” asanlaşdırır. 

Qəbizlik zamanı. 
1 stəkan qaynar suya 1 çay qaşığı balqabaq tumu əlavə edin. 30 dəq gözləyin, sonra suyu için, tumları yeyin. Əlavə olaraq, gündə 20 ədəd balqabaq tumu yemək də bağırsaqlara faydalıdır.  Belə ki, malik olduqları liflər sayəsində bağırsaqda hərəkətliliyi təmin edirlər.  Balqabaq tumunu 5:1-ə nisbətində bala qatın. Alınan qarışımı gündə 3 dəfə, hər dəfə yeməkdən qabaq yeyin. Qarışım təkcə mədə-bağırsaq traktatındakı iltihablanmanı aradan qaldırmaqla qalmır, həmçinin,   viruslarla və bakteriyalarla mübarizə aparmaqda orqanizmə kömək edir. 

Babasil zamanı. 
 Narahatlığın əsas səbəblərindən biri qəbizlikdir.  Balqabaq tumları bağırsağın gərginliyini özünə qaytarır, onun hərəkətliliyini artırır. Bu da babasil üçün əsl profilaktik tədbir sayılır.  Belə halda, tumları çiy-çiy yemək yaxşıdır ki,  tərkibindəki bütün faydalı elementlər orqanizmə daxil olsun. Lakin bu, o demək deyil ki, gedib-gəlib ovuc-ovuc yeməlisiniz. Balqabaq tumunu da müəyyən nizamda yemək lazımdır ki, orqanizmə zərər vurmasın.  Yumşaq olması üçün qaynar suda saxlamaq yetərlidir.  Gün ərzində 80 qramdan çox yeməməyə diqqət edin. 

Qaraciyər xəstəlikləri zamanı. 
Xüsusilə, yaşlı insanlar qaraciyərdən çox əziyyət çəkirlər.  Ölçünü nəzərə alaraq yeyilən balqabaq tumları xəstəliklərin irəliləməsini yavaşladır, iltihablanmanı hüceyrə səviyyəsində belə, azaldır, qaraciyərin iş qabiliyyətinin özünə qayıtmasına vəsilə olur. Qaraciyər xəstəliklərindən qaynaqlanan bağırsaq problemləri, mədə yanmaları da bu tum sayəsində aradan qalxır.  
Pankreatit və qastrit zamanı həkimlər balqabaq yağı məsləhət görür. Bundan əlavə,  şəkərli diabet zamanı qlükozanın miqdarını nəzarətdə saxlamaq üçün də balqabaq tumu əvəzsizdir.  
Ateroskleroz`un profilaktikası zamanı da balqabaq tumu köməyə çatır.  Belə ki, tumlar artıq yağları orqanizmdən xaric edir, damarları təmizləyir. Yenə təkrar edirəm: maksimal faydalanmaq üçün tumları çiy-çiy yemək lazımdır. Acqarına qəbul edilən tumlar bəzi adamlarda qusma yaradır.  Həddən artıq yeyildikdə, tərkibindəki salisil turşusu səbəbiylə zəhərlənməyə səbəb ola bilər. 

Diabet zamanı. 
Tərəvəzin özü qədər, onun tumu və şirəsi də şəkərli diabet xəstələrinin köməyinə çatır. Qlikemik indeksi düşük olan tumlar qanda şəkərin səviyyəsinin qəfil qalxmasına imkan vermir.  Düzgün insulin ifrazı və qanda şəkərin miqdarının nəzarətdə saxlanılması üçün balqabaq tumu  qəbul etmək vacibdir. 

Prostatit və potensiya zəifliyi zamanı. 
Kişi orqanizmi üçün balqabaq əvəzsiz məhsuldur.  Kişi hormonlarının normal ifrazına kömək edir və təbii afrodizyak sayılır. 100 qr balqabaq tumu orqanizmin gündəlik sink  tələbatını ödəyir.  Sink testosteron sintezində iştirak edir.  Balqabaq tumu prostat vəzinin işini normallaşdırır.  Sidik yollarını təmizləyir, iltihablanma varsa,  yox edir.  Kişilərin sağlamlığının qorunması üsullarından biri də, balla qarışdırılmış balqabaq tumudur. 500 qr qabıqlı  balqabaq tumunu üyüdün, 200 qr balla qarışdırın.  Bir az gözlədin.  Sonra qarışımdan kiçik yumrular hazırlayın. 1 ay ərzində bu yumruları çayın yanında şirniyyat əvəzinə yeyin.  Kişinin cinsi problemlərini aradan qaldırmaq və sinir sistemini sakitləşdirmək üçün bu, ən yaxşı üsuldur. 

Ürək-damar xəstəlikləri və yüksək təzyiq zamanı. 
Tumlarda faydalı amin turşuları çoxdur. Bu turşular  damarların axım qabiliyyətini artırır, onların elastikliyini özlərinə qaytarır. Bu da arterial təzyiqin yüksəlməsi riskini aşağı salır. Misal olaraq, arginin adlı turşunu göstərmək olar.  Arginin əksikliyi zamanı damarlarda spazmlar olur, arterial təzyiq yüksəlir.  Qida vasitəsilə qəbul edilən arginin ürək-damar sisteminə olduqca faydalıdır.  Balqabaq tumu arginin ilə zəngindir.

Maraqlı məlumat. 
Tərkibindəki amin turşularına görə, balqabaq tumu əzələlərə ət və süd məhsullarının zülalından daha faydalıdır.   İdmançıların məşqdən sonra sintetik arginin qəbul etməsi geniş yayılıb. Bir də, arginin  turşusunun təbii qaynağını-balqabaq tumunu düşünün.  Arginin əzələləri möhkəmləndirir, onların böyüməsini stimullaşdırır. 
Ürəyi xəstə olanlar rasionlarına balqabaq tumunu daxil etməlidirlər.  Ürək əzələsinin də sağlamlığı qorunmalıdır. Tumda kalium və maqnium bol miqdardadır. Hər ikisi də ürəyin normal işləməsi üçün vacib elementlərdir. 

Osteoporoz zamanı. 
Kalsium və fosforla zəngin olan tumlar dişlərdə kariesin qarşısını alır, osteoporoz riskini aşağı salır.  Balqabaq tumu yeyənlərin sümükləri bərk və sağlam olur.  Onurğanın və oynaqların iltihabi xəstəlikləri zamanı da balqabaq tumunun qəbulu faydalıdır. 

Podaqra zamanı. 
Purin balansının pozulması, sidik turşusunun toxumaları zədələməsi ilə yaranan bu xəstəlik ciddi pəhriz tələb edir.  Balqabaq tumu bu pəhrizin bir hissəsi olmağa layiqdir.  Çiy halda yemək daha yaxşıdır. 

Bədxassəli şişlərin profilaktikasında istifadəsi. 
Təmizləyici qabiliyyətə malik tumlar  zərərli maddələri, sərbəst radikalları və toksinləri orqanizmdən xaric edir. Sərbəst radikallar orqanizmdə hüceyrələrin ölümünə səbəb olur.  Balqabaq tumunu üyüdülmüş şəkildə qəbul etməklə, balqabaq şirəsi içməklə də bədxassəli şişlərin sürətli inkişafına mane olmaq mümkündür. 

İmmunitetin zəifləməsindən qaynaqlanan xəstəliklər zamanı. 
İmmunitetimizi möhkəmləndirmək üçün lazım olan bütün elementləri balqabaq tumunda tapmaq olar.  Balqabaq tumu yeməklə, orqanizmin viruslarla mübarizəsini dəstəkləyə bilərik. Xüsusilə, mövsüm dəyişikliyi zamanı rasiona daxil edilsə, mövsümi xəstəliklərin, soyuqdəymənin orqanizmə vurduğu ziyanın  həcmi önəmli dərəcədə azalmış olar. Balqabaq tumunun tərkibində polifenol qrupu olan lignan`lar da var.  Onlar mikrob və virus əleyhinə xüsusiyyətləri ilə seçilir.  İmmuniteti yüksəltmək üçün yeməkdən əvvəl balqabaq tumu  qəbul etmək yetərlidir. 

Stress əleyhinə...
Tumun tərkibində triptofan var.  Bu amin turşusu sinir sisteminin düzgün işləməsi üçün vacibdir.  Ona görə də, balqabaq tumunu istər çiy şəkildə yemək, istər onun çayını dəmləyib içmək sakitləşdirici effekt verir. Üstəlik, depressiyaya meyilliliyi aradan qaldırır, yuxu rejimini normaya salır. 

Parazitlərlə mübarizədə. 
 Balqabaq tumunun parazit əleyhinə  olması hələ qədim zamanlardan insanlara məlum idi. Tərkibindəki kukurbitin (cucurbitin)  sayəsində  helmintləri iflic edir, amma insan orqanizminə heç bir ziyan vurmur. İflic olan parazit bağırsaq divarından yapışmaqda çətinlik çəkir, beləcə, orqanizmdən xaric olur.

Helmint əleyhinə resept. 
300 qr qabıqlı tumu üyüdün, ona az-az su qatın. Elə ki, qarışım krem halına düşdü, üzərinə 30 qr bal əlavə edin. Yeməkdən əvvəl  bu qarışımdan qəbul edin. 3 saat sonra isə ya bağırsaq boşaldıcı dərman için, ya da imalə edin. 

Balqabaq tumlarını necə saxlamaq olar? 

Çalışın ki, tumlar nəmlənməsin. Onları saxladığınız otağın temperaturu 20-220C-dən artıq olmasın.  Saxlama müddətini uzatmaq üçün ağzı bağlı qabda saxlamaq məsləhətdir.  Parça kisədə saxlamaq daha yaxşıdır ki, həm hava ala bilsin, həm də nəmlənməsin.  Qabığı təmizlənmiş tumları qısa müddət ərzində soyuducunun buzluğunda da saxlamaq olar. 

Bahadur Seyidov / Demedia.az