Tanınmış xanəndənin səsi batıb? Almaniyadan açıqlama gəldi



 18:43 08.04.2023     795

Azərbaycanın tanınmış xanəndəsi, hazırda Almaniyada yaşayan Zahid Quliyev səsinin batması ilə bağlı vətəndə yayılmış məlumatlara aydınlıq gətirib. Xanəndə özünün facebook səhifəsində paylaşım edərək, hətta canlı oxuyub da. O facebook səhifəsində yazıb: "Əlbəttə, 62 yaşında səsim belə qalıbsa, Allahıma şükr edirəm. Bildiyiniz kimi Almaniyada yaşadığıma görə, konsertlərdə, toylarda iştirak etmək imkanım çox deyil. Səs də kotan kimidir, işlədikcə parıldar.12 dəqiqə ifa etmişəm, görək Facebook-a nə qədər yüklənəcək". 

Zahid Quliyev haqda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tanınmış rejissor İqbal Məmmədəliyevin çəkdiyi “Zahidin ünvanı vətəndir” sənədli filmində xanəndə onu da deyib ki, yaradıcılığını vətəndə davam etdirmək istəyir.

Xatırladaq ki, Zahid Quliyev 1961-ci ildə Cəbrayıl rayonunun Söyüdlü kəndində dünyaya gəlib. Qarabağ muğam ənənələrinin davamçısıdır. O, Sahib Şükürov, Nəriman Əliyev, Hacıbaba Hüseynov kimi muğam ustadlarından dərs alıb,1988-ci ildə Cabbar Qaryağdıoğlu adına respublika musabiqəsində II yerə layiq görülüb. 1986-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Zahid Quliyev, Möhlət Müslümov  və Fəxrəddin Dadaşovdan ibarət Cabbar Qaryağdıoğlu adına muğam triosu yaradılıb. Onlar konsert proqramları ilə dünyanın bir çox ölkələrində çıxış edərək, Azərbaycan muğamını dünyada yüksək səviyyədə təbliğ ediblər.

Zahid Guliyev bir xanəndə kimi geniş diapozonlu, təmiz və zəngin tembrli səsə, muğam sahəsində dərin biliyə malikdir. Onun repertuarı genişdir. Xanəndənin ifasında “Şur”, “Mahur-Hindi”, “Çahargah”, “Bayatı-Şiraz”, muğam-dəstgahları radionun qızıl fondunda saxlanılır. Fransa və Hollandiyada onun ifasında muğam-dəstgahlardan ibarət bir neçə disk buraxılmışdır. O, həmçinin “Leyli və Məcnun” operasında Məcnun rolunun mahir ifaçısı kimi də tanınır.

Aysun

demedia.az