Afrikalı tələbəni kim öldürmüşdü? - Araşdırma II yazı



 11:50 09.04.2023     614

Film Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv materialları əsasında hazırlanıb

 

İlham TUMAS

Birinci hissənin qısa məzmunu

1965-ci ildə o vaxtkı Lenin adına Respublika stadionunun yaxınlığında qaradərili bir kişinin meyiti tapılır. İlkin araşdırma zamanı məlum olur ki, bu adam Məşədi Əzizbəyov adına Neft və Kimya İnstitunda oxuyan qanalı tələbə Darko Corcdur. Əcnəbi tələbənin qətli yalnız Azərbaycanda deyil, bütün Sovetlər Birliyində böyük əks-səda doğurur. Xarici mətbuat və radiostansiyalar susmur, SSRİ-də əcnəbilərə qarşı dözülməz münasibət olması ilə bağlı təbliğat aparılır. Hadisəylə bağlı Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin nəzarəti ilə istintaq qrupu yaradılır. İstintaq zamanı məlum olur ki, Darko Corc tələbə olsa da, bir qədər yüngül həyat tərzi keçirirmiş. Onun sonuncu dəfə görüşdüyü qız - Svetlana Ovanesyan Darko Corcun yanında adını bilmədiyi bir ərəbin olduğunu deyir... Tezliklə bu adamın kimliyi bəlli olur. Bu adam Abdel Xanidir!

Abdel Xani kimdir?

Abdel Xaninin anketindən oxuyuyruq:

Soyadı, adı, atasının adı - Abdel Xani Əhməd Məhəmməd

Doğulduğu tarix və yer - 1938-ci il, İraq, Kərkük şəhəri

Milliyyəti - kürd

Sosial mənşəyi - qulluqçu

Daimi yaşadığı yer - İraq Bağdad şəhəri

Partiyalılığı - dediyinə görə, 1956-cı ildən İraq Komminist Partiyasının üzvüdür

Təhsili - ərəb dilində 9 sinif bitirib

Peşəsi - dülgər

İş yeri – Bağdad avtobusunda bilet nəzarətçisi

Həbs olunanın anketindən o da məlum olur ki, Abdel Xaninin ailə üzvləri atadan, anadan, 4 qardaş, 7 bacıdan ibarətidr. Ailə üzvləri Kərkükdə yaşayır.

Sənədlərdən məlum olur ki, Abdel Xani orduda xidmət zamanı İraqda Nuri Səid rejimi əleyhinə hərbçilər arasında təbliğat aparmış və ölkədə ingilislərin yerləşdirilməsinə qarşı çıxmışdır. Ordudan tərxis olunduqdan sonra 1959-cu il iyunun 4-də Kərkük şəhərindəki inqilabi qiyamda iştirak etdiyinə görə, digərləri ilə yanaşı 2 ay müddətinə həbs olunur.

Səddamdan qaçıbmış...

Sonradan ittiham təsdiq olunmadığından azadlığa çıxır və Bağdadda avtobus parkında bilet nəzarətçisi işləyir. Özünün dediyinə görə, 1960-cı il dekabrın ortalarında valdeynlərini ziyarət etmək üçün  Bağdaddan doğma şəhəri Kərkükə gedərkən vağzalda yalnız üzdən tanıdığı bir nəfərlə görüşür. Həmin adam ona yenidən həbslərin başlayacağını deyir və şəhərdən getməsini məsləhət görür. Bu xəbərdən sonra Abdel Xani SSRİ-yə keçmək və siyasi sığınacaq istəmək qərarına gəlir. Bu məqsədlə o, 1960-cı il dekabr ayının 18-də İraqın Xanəgin şəhərini tərk edərək Qəsri-Şirin, Kirmanşah, Saqqız, Təbriz, Mərənd marşrutu ilə hərəkət edib, İran Culfasına çıxır, ordan isə Sovetlər birliyinin sərhəddini qanunsuz keçir. Tutulan zaman Abdel Xaninin üzərində heç bir sənəd olmayıb.

Azərbaycan SSSR-nin Baş prokuroru, ikinci dərəcəli dövlət müşaviri Seyfulla  Əkbərovun sanksiyası, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Kardaşevin təsdiqi ilə 29 mart 1961-ci ildə istintaqı aparan leytenant Əkrəm Səlimzadə Abdel Xani haqqında aparılan 232 nömrəli cinayət işini bağlamaq haqqında qərar qəbul edir. Yəni, sərhəd pozucusunun həqiqətən kommunist olduğu, siyasi sığınacaq almaq üçün qaçaraq sərhəddi pozduğu üzə çıxır. Yenə sənədlərə müraciət edək.

Qərardan oxuyuruq :

“Abdel Xani SSRİ sərhəddini qanunsuz keçməsininin səbəbini Sovetlər Birliyində siyasi sığınacaq almaq və yaxşı həyat şəraiti axtarmaq istəyi ilə izah edir. İstintaq zamanı məlum olub ki, Abdel Xani İraq Kommunist Partiyasının üzvlük biletini komminist Molla Əbdülrəhmandan alıb. Həm tutulan şəxsin ifadəsinə, həm də istintaq zamanı əldə olunmuş digər məlumatlara əsasən Abdel Xaninin SSRİ sərhəddini keçməsinin digər motivləri tapılmadığından Azərbaycan SSRİ CM-nin 76-cı maddəsini rəhbər tutaraq qərar verdim:

Abdel Xani Əhməd Məhəmməd barəsində açılmış 232 nömrəli cinayət işi dayandırılsın və Abdel Xani Əhməd Məhəmməd həbsdən azad olunsun. 

Azərbaycan SSSR Nazirlər Soveti Yanında Dövlət Təhlükəsizlik Komitəsinin  İstintaq şöbəsinin müstəntiqi leytenant Səlimzadə”.

Beləliklə, 1961-ci ildə SSRİ sərhəddini qanunsuz keçmiş kommunist Abdel Xani DTK-nın istintaqından, necə deyərlər, təmiz çıxır və əvvəlcə üç il Lvovda, sonrasa Bakıda Tibb İnstitutunda təhsil alır.

Darko ilə tanışlıq

O elə burda təhsil aldığı dövrdə eyni yataqxanada qaldığı qanalı tələbə Darko Corcla tanış olur, dostlaşır, şənbə-bazar günləri bir yerdə şəhərə dırnaqarası “adaxlıbazlığıa” gedirlər. Darkonun rəfiqəsi Svetlana Ovanesyanın ərəb bildiyi adamın da məhz Abdel Qani olduğu aydınlaşır. İstintaqa Abdel Xanini tapmaq elə də çətin deyildi. Ancaq əvvəlcə onun otağına baxış keçirilir və yataqda yastığının üstündə qan ləkəsi aşkarlanır. Abdel Xani istintaqa çağırılır. Məlum olur ki, onun bir barmağının falanqası kəsilib.

Di gəl, Abdel Xani heç kimlə danışmaq istəmir, O, ümumiyyətlə danışmaqdan qəti boyun qaçırı. İstintaqa nəzarəti həyata keçirən Heydər Əliyev təklif edir ki, 1961-ci ildə sərhədin Naxçıvan hissəsində Abdel Xaninin saxlanıldığı zaman onunla işləyən Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşı istintaqa qoşulsun. Bildiyimiz kimi bu əməkdaş gənc leytenant Əkrəm Səlimzadə idi. 

Bəli, Abdel Xaninin dilini ancaq hələ 4 il əvəl istintaqını apararaq, onunla sıx psixoloji təmasda olmuş müstəntiq aça bilərdi. Əkrəm Səlimzadə! Əkrəm Səlimzadəni Azərbaycan SSRİ-nin DTK sədri Sviqunun otağına  çağırırlar. SSRİ Baş prokurorunun köməkçisi, baş ədliyyə müşaviri Vladimir Vodolajski də söhbətdə iştirak edir.

Gənc olmasına baxmayaraq, təcrübəli Səlimzadə general Sviquna qətldə şübhəli bilinən Abdel Xaninin psixoloji portretini təsvir edir. Əsas diqqəti ona yönəldir ki, Naxçıvan tərəfdən sərhəddi keçmək hər adamın işi deyil, olduqca nadir hadisədir. Çünki orada keçid üçün şərait çətindir. Vladimir Vodolajski də DTK-nın sədr müavini Heydər Əliyevin təklifini dəstəkləyir. Qərar təsdiq olunur: bir halda ki, illər əvvəl müstəntiqin istintaq altında olanla normal psixoloji kontaktı olub, onunla elə o da işləsin!

İstintaqda danışdı...

Abdel Xani Əkrəm Səlimzadəni o dəqiqə tanıdı. Onlar Azərbaycan dilində danışırdılar, ancaq şübhəli şəxs rus dilini də gözəl bilirdi. Tibb institutunda rus bölməsində oxuyurdu axı..

Səlimzadə və Abdel Xani:

- Nə olub? Düzünü de. Yoxsa işlərin pis olacaq.

- Məni güllələmək istəyirsiniz?

- Abdel Xani, mən sənə çox yaxşılıqlar etmişəm, yadından çıxmayıb ki? Sənə siyasi sığınacaq verdik, instituta düzəltdik.

- Mən öldürməmişəm, kim öldürüb, onu da bilmirəm.

- Bəs, barmağına nə olub?

- Avtobusda kəsilib.

- Hansı marşrutda?

- Yadımda deyil…

Kadrarxası:

Əkrəm Səlimzadə səbrli müstəntiq idi. Elə günü səhərisi ekspertlərlə birgə avtobus parkına gedirlər, avtobusların bütün qapıları Abdel Xaniyə göstərilir. Bu qapıların layları arasında məsafə elə idi ki, nəinki barmaq, hətta əl keçərdi.

Bu xırda detalı ona görə deyirik ki, Abdel Xaninin dediyi hər söz istintaq tərəfindən yoxlanılırdı. Müstəntiq hətta bu işlə əlaqədar Abdel Xaninin üç il oxuduğu Lvov şəhərinə də gedir. Qısası, onun gətirdiyi bütün bəhanələrin qarşısı alınır və nəhayət şübhəli şəxs müstəntiqin qurduğu xırda tələyə düşür…

Abdel Xani və Səlimzadə 

- Siz məni güllələmək istəyirsiniz! Hiss edirəm bunu.

- Sən ki, bizim vətəndaşı öldürməmisən, ölən afrikalıdır. Özün də bizim vətəndaş deyilsən, hansı güllələnmədən söhbət gedə bilər?

- Söz verirsiniz ki, məni güllələməyəcəksiniz?

Səlimzadə sədrin yanına gedib məlumat verir ki, Abdel Xani zəmanət istəyir. Sviqun Moskvaya zəng vurur, Moskvadan cavab gəlir: əgər o hər şeyi səmimi boynuna alsa, biz ictimaiyyətə, bütün dünyaya bildirərik ki, cani tapılıb və cəzalandırılıb, elə bu kifayətdir!

Səlimzadə zəmanət xəbərini Abdel Xaniyə çatdırır. Abdel Xani bilirdi ki, Səlimzadənin azyaşlı oğlu var. Müstəntiqə oğlunun canına and içməsini xahiş eləyir…

Abdel Xani və Səlimzadə 

- Deməli məni güllələməyəcəklər? Oğlunun canına and iç.

- And içirəm…

- Mən öldürmüşəm. O söz vermişdi ki, məni qızla tanış edəcək, hər dəfə də aldadırdı. Sonuncu dəfə bir qızın yanına getdik, gördüm yenə məni aldatdı. Gecə çıxdıq ordan. Stadionun yanındakı ağaclıqda söydüm onu. Tutaşdıq. Dalaşanda barmağımı dişləyib qopartdı. Dəhşətli ağrı idi, özü də buraxmaq bilmirdi. Onu yerə yıxdım, başından daşla vurub öldürdüm. Fotoaparatını, sənədlərini götürüb, meyitini kolların arasına tulladım. Getdim dostumgilə yatmağa. Oğurladığım şeyləri də elə onlarda qoydum.

O, ünvanı bilmədiyindən dostunun yaşadığı yeri göstərir. Evdə axtarış zamanı qara paketin içindən qayışında kimyəvi karandaşla «Darko Corc» yazısı olan fotoaparat və mərhumun sənədləri tapılır.

Cinayət işinin məhkəməsi Respublika Ali Məhkəməsinin başçısı Sənan Musayevin sədrliyi ilə Dəmiryolçular klubunda keçirilir. Dövlət ittihamçısı respublika prokuroru Qamboy Məmmədov olur. Məhkəməyə bir çox xarici səfirliklərin nümayəndələri, jurmalistlər yığışır. 1961-ci ildə İraqdan Nuri Səid rejimindən baş götürüb qaçaraq İran-SSRİ sərhəddini qanunsuz keçən, kommunist olduğuna görə barəsində açılmış cinayət işi bağlanıb, Sovetlərdə siyasi sığınacaq alan, 1965-ci ildəsə afrikalı Darko Corcu qısqanclıq zəminində qətlə yetirən Abdel Xani Əhməd Məhəmmədə səkkiz il iş kəsilir. Təbii ki, kommunist Abdel Xani canını qurtarmağına çox sevinir. Sonralar “qısqanc və qatil kommunist” SSRİ hüdudlarındın kənara çıxarılır.