Ələmşah Məmmədovun döyüşçü qardaşı şikayətçidir - “Qüruruma toxunur!”



 10:17 10.04.2023     542

1992-ci ilin mart ayının 12-sində Bərdə gəncləri könüllü olaraq Bərdə rayon İcra Hakimiyyəti qarşısında toplaşıb “Azadlıq” batalyonu yaratmışdılar.

Erməni işğalçılarına qarşı Seysulan, Yarımca, Marquşavan, Marağa, Aşağıçaylı, Həsənqaya, Malakan, Madagiz, Qırmızıkənd, Ağdərə və sair ərazilərdə gedən döyüşlərdə iştirak edən batalyonun döyüşçüsü, əfsanəvi komandir Ələmşah Məmmədovun qardaşı Əfqan Məmmədov redaksiyamıza müraciət edərək hələ də Qarabağ müharibəsi veteranı adı ala bilməməsindən şikayətlənib: “Ağdərə bölgəsində müxtəlif hərbi hissələrdə xidmət etmişəm. Həmin aydan başlayaraq erməni işğalçılarına qarşı Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Mən müharibə veteranı adı almağım üçün Respublika Müdafiə Nazirliyinə müraciət etmişəm, ancaq ordan da heç bir cavab yoxdur. Haqqımın bərpası üçün müraciət etdiyim Bərdə rayon məhkəməsi də uzun müddətdir işimi baxılmamış saxlayıb. Yuxarıda qeyd etdiyim kimi, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etməyimi bütün “Azadlıq” batalyonu veteranları təsdiq edə bilər. Bərdə rayon Dövlət Arxivindən aldığım arayışdan da görünür ki, biz həmin vaxt batalyon təşkil edərək döyüşlərə getmişik”.

Qeyd etdiyimiz kimi Əfqan Əli oğlu Məmmədov “Azadlıq” batalyonun komandiri Ələmşah Məmmədovun qardaşıdır. Xatırladaq ki, tarix müəllimi olan Ələmşah Məmmədov Dağlıq Qarabağda müharibənin başladığı ilk günlərdən etibarən yaxın ətrafı ilə birlikdə silahlı özünümüdafiə dəstəsi - "Azadlıq" batalyonunu təşkil etmiş və onun komandirliyi vəzifəsini öhdəliyinə götürmüşdü. O, Azərbaycan Ordusunun nizamlı hərbi birləşmələri ilə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdi. 1992-ci ilin may ayında Milli Məclisdəki çıxışı zamanı hökumət və dövlət rəhbərlərini tənqid etdikdən sonra ona qarşı münasibət dəyişmiş və bir müddət sonra batalyonun bir çox üzvü kimi o da həbs edilmişdi. Barəsində konkret ittihamlar olmamasına baxmayaraq, 1 il həbsdə saxlanılan Ələmşah Məmmədov Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin qərarı ilə bəraət alaraq azadlığa çıxmışdı. Əfsanəvi komandir 19 yanvar 2009-cu ildə vəfat edib. Qardaşı Əfqan Məmmədov da deyir ki, qardaşı, digər döyüş yoldaşları ilə çiyin-çiyinə ən ağır döyüşlərdə iştirak etsə də, ona veteran adının verilməməsi qüruruna toxunur.

Ayşən

Demedia.az