Çikariyanın faydaları və zərərləri - Araşdırma
Bu gün sizə çikariyanın faydalarından və zərərlərindən danışacağam.
Amma əvvəlcə, çikariya haqqında məlumat vermək istəyirəm. Çikariya hazırda dünyada kofenin alternativi kimi məşhurdur. Adını kasnı bitkisinin latınca adlandırılmasından –cichorium`dan götürüb. Xəfif şirinliyi olsa da, tünd ləpə ətrinə və kofe dadına malikdir. Onu mağazalardan quru toz halında, kofe yumrucuqları kimi tapmaq olar. Mütəmadi olaraq, qəbul edilən çikoriya qanda şəkərin səviyyəsini azaldır və maddələr mübadiləsini normallaşdırır. Maddələr mübadiləsinin düzgün işləməsi orqanizmin həm ümumi sağlamlığına, həm də çəkiyə nəzarət edir. Antioksidant tərkibi sayəsində çikariya orqanizmin turşu-qələvi balansını qoruyur və sərbəst radikalların aktiv hərəkətinə mane olur.
Çikariya`nın faydaları
Çikariya şəkərli diabetin nəzarətdə saxlanılmasına kömək edir. Arterial təzyiqi aşağı salır, qaraciyərin yaşlanmasını ləngidir, ümumilikdə, bütün orqanizmin sağlamlığını dəstəkləyir. Şirinliyinin şəkərdən deyil, təbii tərkibindən qaynaqlanması səbəbilə qanda qlükozanın səviyyəsini qəfildən yüksəltmir. Bundan əlavə, malik olduğu inulin mədə-bağırsaq traktatının işini normallaşdırır, pis xolesterinin səviyyəsini aşağı salır. Həmçinin, öd suyunun ifrazını dəstəkləyir, helmintlərin orqanizmdən xaric olunmasına kömək edir. Öd kisəsində daş varsa, çikariya onun əriməsi prosesinə start verə bilir.
Səhər içilən 1 fincan tünd kofe, yaxud tünd çay ayılmağa kömək edir. Axşamlar isə çay da, kofe də yuxunun gecikməsinə səbəb olur. Və çox adam bilmir ki, uzun müddət davam edən bu proses oynaq ağrılarını da oyadır. Çikariya faydalı və qidalandırıcı element xəzinəsi kimi, oynaq problemlərinin həllində orqanizmə kömək edir. Metabolizmanı sürətləndirən, şəkər balansını normaya salan, sinir sistemini gücləndirən, əhval-ruhiyyəni yaxşılaşdıran çikariya artrit riskini aşağı salır, nahiyəyə qan axımını sürətləndirir.
Çikariyanın məharətlərindən biri də, sidik turşusu duzlarının orqanizmdən atılmasıdır. Əgər oynaqlarda iltihabi proses artıq mövcuddursa, ağrıları azaldır. Həmçinin, bu cür iltihabi proseslərin qarşısını almaq, müalicə və profilaktika məqsədilə də çikariya içə bilərsiniz. Bundan əlavə, kasnı bitkisindən alınan məhlul və digər müalicəvi vasitələr də problemin həllinə kömək edir.
Kasnı bitkisi ürək-damar sisteminin sağlamlığı üçün də faydalıdır. Buna görə, çikariya`nın kaliumla zəngin olması təəccüblü deyil. İçkidəki kalium ürək əzələlərinin işini normallaşdırır, ürək ritminin ahəngini nizamlayır, taxikardiya pristuplarını aradan qaldırır, arterial təzyiqi aşağı salır.
Kasnı bitkisinin kökündə bol olan inulin həzm sisteminin “ən yaxın dostu”dur. Çikariya`nın mütəmadi olaraq içilməsi zamanı mədə-bağırsaq narahatlıqlarının yox olmasının səbəbi budur. Xüsusilə, mədəaltı vəzi və bağırsaqlar çikariya`ya çox şey borcludur. Bağırsaq mikroflorasını normallaşdırır, bağırsaqlarda hər hansı iltihabi prosesin başlamasına imkan vermir.
Ümumiyyətlə, çikariya bütün orqanizmdə iltihablanmaya qarşı çıxış edir. Mədənin selikli qişasında və bağırsaqdakı təmizləyici və aktiv fəaliyyətlərindən dolayı, sikariya iştahaçıcı vasitə də sayılır. Kasnı bitkisinin kökündə qlükozit`lər də var. Bitkinin xalq təbabətində geniş istifadə olunması buna əsaslanır. Bu qlükozit`lər sinir sisteminin düzgün işləməsinə xidmət edir. Bitkidə olan B qrupu vitaminləri sayəsində çikariya içkisi əsl vitamin deposu sayılır. Məsələn; B5 olduqca sakitləşdirici təsirə malikdir. Çikariya`nı yatmazdan əvvəl içəndə sinirləri sakitləşdirir və yuxuya getməyi asanlaşdırır.
Diabet və piylənmə zamanı
Çikariya`nın tərkibindəki inulin qanda şəkərin səviyyəsini aşağı salır, maddələr mübadiləsini yaxşılaşdırır. Buna görə də, arıqlamaq istəyənlərin və şəkərli diabetdən əziyyət çəkənlərin rasionlarına daxil edilməsi məsləhətdir.
Pankreatit zamanı
Xroniki pankreatit zamanı, habelə, öd suyunun ifrazında hər hansı problemlər varsa, çikariya içə bilərsiniz. İçki orqanizmin ən yaxın köməkçisinə çevriləcək. Mədənin, mədəaltı vəzinin, bağırsaqların qidanı lazımi səviyyədə mənimsəməsinə kömək edən içki gün ərzində 2 dəfə, hər dəfə 1 fincan olmaqla qəbul edilməlidir.
Şişkinliklər zamanı
1 xörək qaşığı toz halında çikariya götürün. 1 stəkan qaynar suya qatın və 2,5 saat dəmlənməyini gözləyin. Cuna ilə süzün. Hər gün 3 dəfə, yeməkdən 15-20 dəq qabaq, 1 xörək qaşığı olmaqla bu sudan için. Müalicə kursunun müddəti 2 həftədir.
Aritmiya zamanı
Kasnı bitkisinin damarlara müsbət təsir etməsi çoxdan məlumdur. Bitkinin qurudulmuş kökünü üyüdün. Üyüdülmüş kökdən 1 xörək qaşığı götürün. 2 stəkan distillə edilmiş suyu qaynadın. Sonra üyüdülmüş kökü bu qaynar suya qatın. 2-3 saat dəmlənməyini gözləyin. Qarışıma 1 çay qaşığı təmiz bal əlavə edin. Gündə 3 dəfə, hər dəfə yarım stəkan həcmində qəbul edin.
Zərərləri və əks təsirləri
Çikariya yalnız o zaman əks təsir göstərir ki, onu düzgün şəkildə qəbul etməyəsiniz. Ən birinci, ona diqqət edin ki, keyfiyyətli məhsul alasınız. İkinci diqqət ediləsi məqam isə, dozanın təyin edilməsidir. Bunun üçün həkimlə, yaxud dietoloqla məsləhətləşsəniz, yaxşı olar. Bəzi istehsalçılar çikariya`ya alma pektini qatırlar. Bu da inulinlə birləşir və çikariya`nın müalicəvilik qabiliyyətini aşağı salır. Qeyd edim ki, hər iki maddə ayrılıqda daha faydalıdır. Buna görə də, çalışın ki, məhz kasnı əsaslı çikariya alın. Gün ərzində 300 ml-dən çox çikariya içməməyə çalışın.
Bronxial astma zamanı əks təsirləri və qəbulu
Astmadan əziyyət çəkənlər, zamanla damar xəstəlikləri ilə də üzləşirlər. Çikariya`nın arterial təzyiqi aşağı salma bacarığı məhz burda orqanizmin köməyinə çatır. Damarlar təmizlənir, qan axımı normaya düşür. Amma ehtiyat ediləsi bir məqam da var. Əvvəlki sürəti nisbətən azalan qan dövranı tənəffüs yollarında oksigen gecikməsi də yarada bilir. Çikariya C vitamini ilə də zəngindir. C vitamininin qıcıqlandırıcı təsirə malik olması, allergik öskürəklərə meydan verməsi danılmazdır. Davamlı olan bu cür öskürəklər astma xəstələrində qəfil pristuplar yarada bilər.
Hipertoniya zamanı
Bəli, çikariya arterial təzyiqi aşağı salır. Amma qan axımını ləngitməmək üçün çikariya`nı fasilələrlə içmək lazımdır. Təzyiqi aşağı olanlara isə hər gün çikariya içmək məsləhət görülmür. Bundan əlavə, içkinin tünd olmamasına da diqqət etmək lazımdır.
Varikoz zamanı
Çikariya`nın kofenin alternativi və orqanizmin dostu olduğunu bayaq qeyd etdim. Amma necə ki, varikozu olanlar, hətta xəstəliyin ilkin mərhələsində belə, kofe içə bilməzlər, eləcə də, çikariya`dan uzaq dursalar, yaxşıdır. Tez-tez içilən çikariya qanı duruldur, damarları genişlədir. Genişlənməyə başlamış damarlar üçün bu hal faciədir. Ard-arda içilən çikariya nazilmiş damar divarlarında yırtılmalara, qanaxmalara səbəb ola bilər.
Öd kisəsində daş varsa.
Çikariya öd suyunun ifrazına dəstək olur, öd kisəsindəki daşların ərimə prosesini başladır. Lakin bu, o demək deyil ki, dayanmadan çikariya içməlisiniz. Əksinə, daşın yerindən oynamasına, öd suyu yolunu tıxamasına səbəb olar. Düzdür, kiçik daşların orqanizmdən xaric edilməsi ehtimalı da var. Amma daşın həcmini bilmədən ard-arda çikariya içmək riskdir.
Böyrəklərdə daş varsa
O deməkdir ki, duzlar orqanizmdən tam olaraq təmizlənmir. Çikariya duzların orqanizmdən atılmasına yardımçı olur. Nəticədə, sidiyin turşuluğu azalır. Böyrəkdəki daşların yaranması elə bu turşuluqdan, yəni, duzlardan qaynaqlanır. Burdan belə nəticə çıxır: çikariya duzları atır, böyrəklərdə daş əmələ gəlməsinə mane olur. Amma daş artıq mövcuddursa, kiçik həcmliləri əridir və atır, böyük həcmləri isə yerindən tərpədir. Tərpənən böyük həcmli daş problem yaradır. Ona görə də, daşın həcmini bilmədən çikariya ilə müalicə prosesinə başlamayın.
Allergiya zamanı
Kasnı bitkisinə allergiyası olanlarda çikariya müxtəlif reaksiyalar yarada bilər. Kasnı mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Buna görə də, yaxşı olar ki, çikariya içmədən əvvəl kasnıya qarşı allergiyanız olub-olmamasını yoxladasınız. Bundan sonra çikariya`nı istər içki, istərsə də müalicəvi vasitə kimi qəbul edə bilərsiniz. Allergik əlamətlər çikariya`nı içəndən həmən sonra peyda olur. Bunlar gicitkən dalamasına bənzər qırmızı səpkilər, dodaqların şişməsi, qaşınma ola bilər.
Babasil zamanı
Babasildən əziyyət çəkənlər çikariya içməməlidir. Damarları genişləndirmək qabiliyyəti olduğundan, zədəli nahiyədə qanaxmaya səbəb ola bilər.
Bahadur Seyidov / Demedia.az