KİTAB MANYAKLARI


Kitab yaxşı şeydi, kitab bilik mənbəyidi, kitab maarifləndirir.
Deməli, yaxşı kitablar, bilik mənbəyi olaraq istifadə olunası kitablar yazılmalıdır, nəşr olunmalıdır. Ancaq düşünürəm, çox şeydə olduğu kimi bizdə kitabların nəşr olunmasında ifratçılıq kəllə-çarxa çıxıb. Baxırsan, tanınmış adamdı, tanınmış yazardı, ictimai-siyasi xadimdi, “Seçilmiş əsərlər” adıyla 20 cildlik külliyatını nəşr etdirir. Camış dərisi qalınlığında bahalı üzlüklə par-parıldayan kağızla nəşr olunan kitabın birinin çəkisi, yalan olmasın, bir kilodu. Nə vaxtsa - eramızadan əvvəl neçənci ildəsə, qəzetlərə verdiyi müsahibələrin, yazdığı gündəm yazılarının başına-gözünə döyüb kitab bağlayıb.
“Mən səni sevəndən kor olmuşam, axı sevginin gözü kor olmalıydı” sayaq gic-gic, yapon xokkususayağı şeirin bir dənəsini həmin o camış dərisi qalınlığında, bahalı, par-par parıldayan kitabın tam bir vərəqinə qoyanda, guya nə olur ki? Tonlarla kağızı, rəngi, dəmiri, nə bilim kitab çapında istifadə olunan zadları, bu qədər maliyyəni niyə israf edirlər? Zalım uşağı, kitab, bəzək əşyası deyil ki, onu aparıb servantın təpəsinə qoyalar. Adam balası kimi kitab çıxarıb camaatı maarifləndirmək istəyirsənsə, bu kitabı adamların oxuya biləcəyi şəkildə nəşr etdir da! Neçə min kiloluq 20 cild seçilmiş əsərlərini o vəziyyətdə nəşr etdirib ona maliyyə qoymaqdansa, keyfiyyətli yazılarını seç, keyfiyyətli şəkildə nəşr etdir. Pulunu xərcləməyə yet tapmırsansa, apar o pulu istedadlı gənclərin təhsil haqqına, istedadlı yazıçının ehtiyacına ver. Belə daha yaxşı olmazmı? Mənim üçün belələri acgözlükdən onlarla avtomobil, onlarla ev alıb kolleksiya yığır kimi yığan siçovul düşüncəli adamlardan heç nəylə fərqlənmir!
İlham TUMAS