D vitamini çatışmazlığını göstərən 10 ƏLAMƏT



 11:01 14.04.2023     1329

Hamımızın özümüzü yorğun və enerjisiz hiss etdiyimiz günlər olub. Tez-tez soyuqdəyməyə yaxalanırsınızsa, özünüzü daim depressiyada hiss edirsinizsə, hətta saçlarınız tökülürsə, bu, D vitamini çatışmazlığının işarəti ola bilər.

D vitamininə ehtiyacı olduğunu göstərən 10 əlamətdən bəhs edəcəyəm. 

D vitamini orqanizm üçün vacibdir.  D vitamini hormonlar kimi ifraz edilir. Orqanizm bu vitamini xolesteroldan emal edir.  Amma D vitaminini qidalar vasitəsilə də qəbul edə bilərsiniz. Günəşin altında vaxt keçirtdiyinizdə orqanizm D vitamini ifraz edə bilir. Buna görə, D vitamininə “günəş işığı vitamini”  deyilir.  Araşdırmaların nəticələrinə əsasən, ABŞ əhalisinin 40%-i D vitamini çatışmazlığı yaşayır.   Dünya əhalisini nəzərə aldıqda isə bu rəqəm 15%-dir.  Problemin belə geniş arealda yayılması bir neçə faktora əsaslanır.

Birincisi, insanların çoxu düzgün qidalanmır. Məhz buna görə də, yetəri qədər D vitamini qəbul etmir. Bundan əlavə, müasir dövrdə insanlar qapalı məkanlarda daha çox vaxt keçirirlər.  Eşiyə çıxanda da, günəş şüalarından qorunmaq üçün əlçatan bütün vasitələrdən istifadə edirlər. Əlbəttə ki, özünüzü dəri xərçəngindən qorumaq  haqqına maliksiniz. Amma günəş şüasının altında gəzmək mövzusunda həssas məqamlar var.   Həddən artıq olmasa da, orqanizmin günəş işığına ehtiyacı  var. 

D vitamini çatışmazlığının əlamətləri nələrdir? 

Qeyd edim ki, D vitamini çatışmazlığı ilkin mərhələdə özünü biruzə vermir. Yəni, orqanizmə böyük zərər vurulandan sonra D vitamini çatışmazlığının fərqinə varmaq mümkündür.  Lakin  bütün problemlərdə olduğu kimi, D vitamini çatışmazlığında da orqanizm xəbərdarlıq etməkdə gecikmir. Həmin xəbərdarlıqlar sizdən diqqət və aradan qaldırılması üçün tədbirlər gözləyir. 

10. Tez –tez xəstələnmək.  D vitamini immunitetin möhkəmlənməsi üçün lazım olan əsas elementlərdəndir.  D vitamini lazımi qədərdirsə, orqanizm virus və infeksiyalara qarşı mübarizə apara bilir.  Əgər özünüzü daim kefsiz hiss edirsinizsə, orqanizminizdə D vitamini qıtlığı yaşanması ehtimalı böyükdür.  Son illərdə aparılan araşdırmalar sübut edib ki, D vitamini çatışmazlığı ilə bronxit, sətəlcəm, soyuqdəymə kimi tənəffüs yolları infeksiyaları arasında əlaqə mövcuddur.  Digər araşdırmalar isə onu göstərir ki, qida əlavəsi kimi, gündəlik D vitamini qəbul etmək bu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. 
9. Daim yorğunluq hissi.  Yorğunluğun səbəbi çoxdur. D vitamini çatışmazlığı da bu səbəblərdəndir.  Bir qadının tez-tez başı ağrıyırdı və xroniki yorğunluqdan şikayət edirdi.  Qan analizi verdi. Məlum oldu ki, orqanizmindəki  D vitamini səviyyəsi 1 ml-də 5,9 nanogramdır (NG/ML).  Bu, D vitamini qıtlığı demək idi. Çünki normal bir insan orqanizmində D vitamininin səviyyəsi 20 nanogram`dan az  olmamalıdır.  Qadına D vitamini qəbul etmək tövsiyə edildi. Bir müddət sonra o, yenidən qan analizi verdi. Bu dəfə orqanizmindəki D vitamini səviyyəsi 39 nanogram`a yüksəlmişdi. Yoğrunluğu və baş ağrıları isə artıq keçmişdə qalmışdı. 
8. Xroniki bel ağrıları və sümüklərdə göynəmə.  D vitamini kalsiumun orqanizm tərəfindən mənimsənilməsinin təminatçılarındandır.  Kalsiumun sümük sağlamlığı üçün faydasını bilməyən yoxdur.  Sümüklərdəki səbəbsiz sızıldamalarla bərabər, bel ağrıları da D vitamini çatışmazlığından xəbər verə bilər.  Bel ağrıları olan, həyat keyfiyyətləri aşağı düşmüş 9 min qadının iştirakı ilə bir tədqiqat aparılıb.  Araşdırmaçılar aşkarlayıb ki, problemlərin qaynağı D vitamini çatışmazlığıdır.  Başqa bir araşdırmada isə məlum olub ki, orqanizmində D vitamini qıtlığı yaşananlar  digər insanlardan iki dəfə çox ağrı çəkirlər. Bu ağrılar oynaqlarda, qabırğalarda və ayaqlarda daha çox  baş qaldırır. 
7. Sümük sıxlığının azalması.  Lazımi qədər D vitamini qəbul etməmək, sümük sıxlığının azalmasına da səbəb ola bilir. Unutmayın, “günəş işığı vitamini” sümüklərin kalsiumu mənimsəməsinin təminatçısıdır.  Kalsium sümükləri möhkəmləndirir.  Sümük sıxlığında azalma olan insanlar inanır ki, onların kalsiuma ehtiyacları var. Lakin əsas problem D vitamini çatışmazlığı ola bilər.  “Journal of Mid-life Health” dərgisində dərc olunan məqalə bir araşdırmanın nəticələrindən bəhs edir.  Sözügedən araşdırmaya 1100 qadın qatılıb. Onlar klimaks keçirən və ya klimakssonrası dönəmi yaşayan qadınlar olub.  Mütəxəssislər bu qadınların orqanizmindəki D vitamini çatışmazlığı ilə sümük sıxlığının azalması arasında bağlantı olduğunu aşkarlayıblar. 
6. Dəri problemləri.  D vitamini qıtlığı immunitetin zəifləmə səbəblərindəndir.  Zəifləyən immun sisteminin əsas əlamətlərindən biri dəri hüceyrələrinin həddən artıq yağ ifraz etməsidir. Bu, dəri məsamələrinin tıxanmasına və sızanaqlara yol aça bilir.  D vitamini çatışmazlığından qaynaqlanan digər bir dəri problemi isə pullu dəmrovdur. Bu narahatlıqları yaşayan insanlar D vitamini qəbul etdikdən sonra, vəziyyətləri günbəgün yaxşılaşır. 
5. Köklük.  Orqanizmin D vitamininə ehtiyacı olduğunu göstərən əlamətlər sırasına kökəlməni də daxil edə bilərik. Araşdırmalar nəticəsində aşkarlanıb ki, D vitamini ehtiyacı çəkməyən orqanizmdə arıqlama prosesi daha sürətlə baş verir. D vitamini çatışmazlığı zamanı isə, nəinki, arıqlamaq çətinləşir, üstəlik, kökəlmə davam edir. Səbəb çox sadədir: iştahaya və orqanizmdə yağ depolanmasına  məsul olan hormonlar D vitamini çatışmazlığından təsirlənir. 
4. Gec sağalan yaralar.  Yaraların sağalma prosesində xüsusi əhəmiyyətə malik birləşmələrin istehsalının artması məhz D vitamininin vəzifəsidir. Bu birləşmələrin əsas  işi dərinin yenilənməsinə/bərpasına kömək etməkdir.  Bundan əlavə, infeksiyalarla mübarizədə və iltihablanmaların nəzarətə alınmasında da D vitamini orqanizmin dəstəkçilərindən biridir.  2012-ci ildə “D vitamininin dərinin bərpasına təsiri” mövzusunda bir araşdırma aparılıb.  Ayaq xorası olan insanlar müşahidə edilib. Məlum olub ki, D vitamini qəbul edən insanların xorası zamanla 28% kiçilib. 
3. Saç tökülməsi.  Saç tökülməsinin səbəbinin genetik, yaxud stressdən qaynaqlı olduğunu düşünürsünüzsə, yanılırsınız. Araşdırmalar göstərir ki, xüsusilə, qadınlarda və uşaqlarda saç tökülməsi D vitamini çatışmazlığından qaynaqlana bilir. 
2. Depressiya. Depressiyanın yüzlərlə səbəbi var.  Depressiya mövzulu araşdırmaların 65%-inin ümumi qənaəti belədir: D vitamini çatışmazlığı ilə depressiya arasında əlaqə mövcuddur. Xüsusilə, depressiya mövsümlə bağlıdırsa, D vitamini qəbul etməklə problemi həll etmək mümkündür. 
1. Əzələ ağrıları.  Təbii ki, əzələ ağrılarının konkret səbəbini müəyyən etmək çox çətindir. D vitamini bu səbəblər sırasına  daxil ola bilir. İsveçrənin Bern şəhərindəki Bern Universitetinin əməkdaşları 2014-cü ildə bu mövzuda bir araşdırma aparıblar. Məlum olub ki, xroniki əzələ ağrıları çəkən insanların 71%-inin orqanizmi D vitamini qıtlığı yaşayır. Sinir hüceyrələrində D vitamini reseptorları var.  Ağrı hiss etməyimizi təmin edən məhz bunlardır. Yəni, orqanizmdə nə qədər az D vitamini varsa, insan o qədər çox ağrı hiss edir.  Lazımi miqdarda D vitamini qəbul edən orqanizmdə ağrılar azalır.  2015-ci ildə  aparılan araşdırmaya  səbəbsiz yerə ağrıları olan və D vitamini çatışmazlığı yaşayan 120 uşaq qatılıb.  1 doz D vitamini alanlarda ağrıların 60% azaldığı müşahidə edilib. 

    D vitamini çatışmazlığı riski yüksək olan insanlar hansılardır? 
    -Yaşı 55-dən yuxarı olanlar;
    -Vaxtlarının çoxunu qapalı məkanda keçirən ofis işçiləri; 
    -Tünd dərili insanlar; 
    -İltihabi bağırsaq xəstəliyi olanlar; 
    -Balıq və ya süd məhsulları yeməyən insanlar;     
    -Kök insanlar; 
    -Ekvator xəttindən uzaqda yaşayanlar və il boyunca lazımi qədər günəş işığı almayanlar; 
    -Günəşdən qoruyan kremləri həddən artıq istifadə edənlər; 
    Özünüzü bu siyahıda görürsünüzsə, həkimə getmək və D vitamini səviyyənizi yoxlatmaq məsləhətdir. 

D vitamini niyə bu qədər vacibdir? 
    D vitamini çatışmazlığı varsa, amma bunun fərqinə deyilsinizsə, yaxud bunu bilirsiniz, amma qarşısını almaq üçün heç bir cəhd etmirsinizsə, anlayın ki, daha böyük problemlərə yol açırsınız. Uşaqlarda sümüklərin yumşalması, yetkin insanlarda sümüklərin əyilməsi, prostat, döş  və  bağırsaq xərçəngi kimi, bir çox xərçəng növləri, kardiovaskulyar, avtoimmun və neyromuskular xəstəliklər, diabet, xroniki ağrılar, osteoporoz qorxmağa səbəb verən problemlərdir. Əgər D vitamini səviyyənizin aşağı olduğunu düşünürsünüzsə,  həkimə müraciət edin. 

D vitamini ilə zəngin olan qidalar bunlardır: 
-yağlı balıqlar; 
-balıq yağı; 
-ton balığında D vitaminindən əlavə, K vitamini və niasin də  var; 
-stridiyalar kalorisi az olmaqla bərabər, D vitamini ilə də zəngindir; 
-krevetlərdə D vitamini də var, Omega-3 yağ turşuları da; 
-göbələklər ultrabənövşəyi işığa məruz qaldıqda, D vitamini sintez edirlər; 
-süd məmulatları; 

Bahadur Seyidov / Demedia.az