Ermənilər əsiri necə terrorçu etdilər? - DTX-nın materialları əsasında hazırlanıb - II yazı



 10:57 14.04.2023     625

İlham TUMAS

II hissə

Birinci hissənin qısa məzmunu

1994-cü il iyul ayının 3-də saat 08:25-də Bakı metrosunun “28 may” stansiyasından “Gənclik” stansiyaları arasında tuneldə 27 nömrəli marşrutla hərəkət eləyən elektrik qatarının 2-ci vaqonunda partlayış baş verir. Hadisə nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Qatarda baş verən partlayış 2-ci vaqona qoyulmuş xüsusi partlayıcı qurğu vasitəsilə həyata keçirilmişdi. Partlayış faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci və 94.4-cü bəndi ilə cinayət işi başlanır. 69435 saylı cinayət işinin istintaqı Azərbaycan Respublikası Prokurorluğu xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin böyük müstəntiqi, ədliyyə müşaviri Həsənov Namiq Məhəmməd oğluna tapşırılır.

İstintaqla müəyyən olunur ki, terror aktını Fizulu döyüşlərində ermənilərə əsir düşmüş, sonradan xüsusi xidmət orqanı tərəfindən əməkdaşlığa cəlb olunan Aslanov Azər Salman oğlu törədib. Azər Aslanovun Dağıstanda yaşadığı müəyyən olunur. Aslanov bu kostyumu əyninə geyinərək Bakıda terror törətmişdi. Bu kostyumu isə anası Tacibat Aslanova ona İrəvanda vermişdi. Necə və niyə vermişdi? Bu kimi suallara cavab tapmaq üçün istintaqımız davam etməlidir.

“Verbovka” başlayır

Əsir düşdükdən sonra ermənilər Azəri Şuşaya gətirir, sonra isə Xankəndiyə aparırlar. Burada həyat yoldaşı Anelya ilə danışmağına şərait yaradılır. Aslanovun ailəsinə başqa ermənilər də zəng edir və guya söz verirlər ki, onu ailəsinə geri qaytaracaqlar. Tapşırırlar ki, doğmalarından kimsə Minvod şəhərinə bir dəst geyim və hərbi biletini gətirsinlər.

Bundan sonra Azərin ailəsinə Moskvadan zəng gəlir. Özünü Artur kimi təqdim edən şəxs Anelyanın nə qərara gəldiyini soruşur. Həyat yoldaşı deyir ki, Azərin anası İrəvana getməyə hazırlaşır. İyunun 15-də Azərin anası Tacibat Aslanova “Minvod” aeroportuna gəlir, orada ermənilər onu qarşılayıb İrəvana gətirirlər.

Ermənistan Müdafiə Nazirliyində partlayıcı qurğunu işə salmaqla bağlı təlimatdan sonra Aslanova rus hərbu hissəsinin saxta zabit vəsiqəsi və 30 iyundan 10 iyula qədər guya məzuniyyətdə olması ilə bağlı 1471 saylı hərbi hissə-komandiri polkovnik Şelestin imzası ilə məzuniyyət vərəqi verilir.

Terror necə planlandı?

İndi gəldik 1994-cü il iyul ayının 3-də Bakı metropolitenində törədilmiş qanlı terrorun necə düzənlənməsinə. Terrorçunun və İstintaq-əməliyyat qrupu rəhbəri Namiq Həsənovun müsahibəsindən hadisənin necə törədildiyi deyilir və deyiləcək. Beləliklə, Azər Aslanov tapşırığı yerinə yetirmək üçün İrəvandan yola düşür. İyul ayının 1-də İrəvandan Minvoda, ordan isə Bakı-Kislovodsk qatarı ilə iyulun 2-si gecə Bakıya çatır. Azər Aslanov Rusiyada həbs olunur. Onun barəsində Bakıda metroda terror aktı törətdiyinə görə 69 saylı cinayət  işi başlanır. Həbs olunanın anketindən oxuyuruq ki, Azər Aslanov 1988-ci ildə Daşkənd Ali Ümumqoşun Komandirlər məktəbini bitirib. Atası Aslanov Salman və anası Aslanova Tacibat Bakıda yaşayırlar. Arvadı Aslanova Aneliya, qızları İlnara və İlahə ilə birlikdə Mahaçqaladadır. Aslanov “Dağneft” Səhmdar Cəmiyyəti Təhlükəsizlik Xidmətinin rəisi işləyir.

Rusiya Federal Təhlükəsizlik Xidməti İstintaq İdarəsi rəisi general-leytenant Qalkinin Azərbaycanın Baş Prokuroruna göndərdiyi məktubdan oxuyuruq: “Azər Aslanov ifadəsində göstərib ki, 1994-cü ilin yanvar ayında Füzilidə gedən döyüşlərdə ermənilər tərəfindən əsir götürülmüş, sonradan əməkdaşlığa cəlb edilərək 1994-cü il iyul ayının 3-də Ermənistan və Dağlıq Qarabağ hərbçilərinin tapşırığı ilə Bakı metrosunda terror aktı törətmişdir. Aslanov həmçinin bildirir ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb.

Azər nələr deyib?

İstintaqla müəyyən olunub ki, 1994-cü il oktyabr ayının 26-da İrəvandakı “Eribuni” aeroportunda Rusiyanın mərkəzi televiziyası “Vesti” proqramının jurnalistləri  Dağıstanın  İmam Şamil adına  Avar Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri, Mahaçqaladakı “Dağneft” Səhmdar  Cəmiyyətinin Baş direktoru Hacı Maxaçevdən müsahibə götürüblər. 40 saniyəlik süjetdə Maxaçev Dağlıq Qarabağ tərəfinin əsir düşmüş azərbaycanlı hərbçini qaytarmasının yaxşı nümunə olduğunu bildirir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin tələbnaməsi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mərkəzi televiziyadan əldə elədiyi görüntüdən də görünür ki, geri qaytarılan hərbçi   Aslanov Azər Salman oğludur”. Süjetdə həmçinin deyilir: “Bakıdan olan gənc hərbi əsir Azər Aslanov dedi ki, onların batalyonuna 10 günlük təlim keçdikdən sonra, hamısını mülki formada, silahsız cəbhəyə göndəriblər...”. Azərin qonşularından da ifadələr alınır. Bakıdakı qonşusu Əliağa Məmmədov deyir ki, 1994-cü ilin əvvəlləri orduya könüllü gedən ailənin böyük oğlu Azərin ermənilərə əsir düşdüyünü, qaytarılması üçün külli miqdarda pul istədiklərini eşidib. Bütün qonşular yığılıb onlara maddi yardım ediblər. Təxminən 5-6 ay sonra anası Tacibat deyir ki, oğlu əsirlikdən qayıdıb, indi Dağıstanda hərbi hospitalda müalicə olunur.

Aslanov Azərin Azərbaycana təhvil verilməsi ilə bağlı yenə hər iki ölkənin müvafiq  qurumları arasında uzun yazışmalar olur. 1997-ci il noyabr ayının 29-da Azər Aslanov Azərbaycana ekstradisiya edilir. Ancaq buna qədər təbii ki, Aslanov Rusiyada tibbi müayinədən keçirilir və hər hansı psixi pozğunluğu olmadığı təsdiq olunur. Elə Azərbaycanda da onun narkoloji dispanserdə qeydiyyatda olmadığı haqda arayış verilir. Ümumiyyətlə, Azər Aslanov haqda məktəb yaşlarından başlamış onun şəxsiyyətini açmağa kömək edən bütün sənədlər cinayət işinə əlavə edilir. Və Rusiyada qaldırılmış 69 saylı cinayət işi Azərbaycandakı cinayət işi 69435 saylı cinayət işi ilə birləşdirilir.

28 aprel 1998-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə birinci dərəcəli məhkəmə kollegiyası Ramiz Mirzəyevin sədrliyi ilə Azər Aslanovu ömürlük azadlıqdan məhrum etmək haqda hökm çıxarır. Hökmdə Azər Aslanovun Bakı metropoliteninə vurduğu 6 milyard 750 milyon 500 yüz min manatı da ödəməli olduğu da əksini tapır.

İstintaqımızın əvvəlində dedim ki, Azər Aslanov özü də qurbandı. Yenə o fikirdə qalıram. O da erməni terrorunun, erməni hiyləsinin, siyasətinin qurbanıdır. Bu hadisə bir daha göstərir ki, ermənilər üçün öz xəbis niyyətlərinə çatmaq yolunda heç bir mənəvi, humanist prinsiplər yoxdu.

Filmə bu linkdən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=Utz-plfKhKw&t=2s

 

 

1

1

1

1