Salam, dağlar! Laçınlılar yaylaqlara gedir



 11:13 16.04.2023     453

Laçınlı təsərrüfatçılar yaylaqlara getməyə hazırlaşır. Məqsədləri isə daha bol və keyfiyyətli məhsul əldə etməkdir. Bunun üçün təsərrüfatın yay aylarında yaylaqlarda olması vacibdir.

EL.TV-nin verdiyi xəbərə görə, ötən il də yay aylarında mal-qaranı öz ata-baba yurdlarına aparan laçınlılar bu il yaylaqlara daha çox heyvan çıxaracaqlar. 30 il ərzində təsərrüfatlarını respublikanın digər rayonlarındakı yaylaqlara aparan Laçının Mirik kənd sakinləri daha çox xərcə düşməli olurdular. Digər rayonlarda otlaq yerlərinin pulla alınması və yaylaqdaqalma müddətinin cəmi 3 ay olması fermerlərə əməlli-başlı çətinlik yaradırdı. Amma, ötən ildən başlayaraq heyvanlarını Laçın otlaqlarına çıxaran təsərrüfatçıların bütün çətinlikləri geridə qalıb. Laçında yaylaq yerləri ödənişsiz olmaqla yanaşı, fermerlərə orada həm də 5 ay yaylamaq imkanı yaradılır. Eyni zamanda məhsuldarlıq da ürəkaçan olur. İndi laçınlılar yaylaqlara getmək üçün qeydiyyat prosesinin başlanmasını və havaların bir az daha isinməsini gözləyirlər.

Aysun / Demedia.az