Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün VACİB ÜSULLAR



 11:01 17.04.2023     1059

Görmə qabiliyyətini yaxşılaşdırmaq,  görmə orqanlarının sağlamlığını qorumaq üçün nə etməliyik? 

Gözlərimiz orqanizmin optik sistemidir. Bioloji linzaların öz fokuslanma uzunluğu var.  Fotokamera ilə müqayisə etsək, belə izah edə bilərik. Fotokamerada əsas prinsip budur: linza üçölçülü dünyanı ikiölçülü hamarlama şəklində fokuslayır. Bu hamarlamaya görə, görüntü olduğundan daha kiçik və başıaşağı şəkildə düşür. İnsan gözünün ön hissəsində yerləşən buynuz qişa və bir az içəridə yerləşən göz bülluru da görüntünü gözün içində fokuslayır. Görüntünün başıaşağı düşdüyü yer “tor qişa” adlanan toxumadır. Üzərində görüntünün əmələ gəlməsi baxımından tor qişa fotokamera lentinə bənzədilə bilər. Tor qişanın vəzifəsi bu görüntünü elektrik siqnalları şəklində beyinə ötürməkdir. 
    İnsan gözünün fokus uzunluğu linza ilə tor qişa arasındakı məsafədir. Və bu uzunluq obyektin fokusda olduğu zamana görə hesablanır.  Müəyyən edilmiş rəqəmlərə əsasən, yetkin bir insanda  fokus uzunluğu 23-24 mm-dir. Məhz bu məsafə imkan verir ki, insan gözü normal işləsin, vizual məlumatları qəbul etsin. 
    İnsanın inkişafı hər gün rastlaşdığı həyati hadisələrdən və aldığı informasiyalardan çox asılıdır. Onların beyində emalı üçün görmə orqanları əvəzsizdir. Bu da, o deməkdir ki,  insanın görmə qabiliyyəti zəifləyərsə, onun həyatı çətinləşər. 
    Görmənin pisləşməsinin səbəbləri müxtəlifdir.   Göz idmanının edilməməsi, göz əzələlərinin aktivliyinə biganə yanaşılması da səbəblər sırasındadır. Göz idmanı  görmə orqanlarında qan dövranının yaxşılaşmasına gətirib çıxarır.  Pisləşən qan dövranı ilə yanaşı, uzunmüddətli stress də gözlərə mənfi təsir edir. 
    Göy gözlər tünd rəngli gözlərə nisbətən, problemlərə qarşı daha həssasdır. Ümumiyyətlə, görmə qabiliyyətinin zəifləmə səbəbləri çoxdur: 
-hamiləlik; 
-genetika; 
-beyində və boyun damarlarında şişlər; 
-beyində və boyunda pisləşən qan dövranı; 
-kəllə-beyin travmaları; 
-onurğa zədələri; 
-endokrin xəstəliklər, hormonal pozğunluqlar; 
-pis vərdişlər; 
-düzgün qidalanmamaq; 


    Üsullar, tövsiyələr... 
    “Gözlərimi yaxşılaşdıra bilərəmmi?” sualı ilə tez-tez rastlaşırıq. Bəli, ciddi yanaşma və dəqiqliklə yerinə yetirilməli olan qaydalarla bu, mümkündür. 
    Tibet rahibləri bütün dünyada  uzunömürlü olmaları ilə məşhurdurlar. Onların sirri sadədir. Onlar uzun illər boyu sakitliyi, öz bədənlərini, belə demək mümkünsə, “dincə qoymağı” öyrənirlər. Nəticədə, onlar öz sağlamlıqlarını qorumağın sirlərinə vaqif olurlar. 
    Tibet tibbi haqqında məlumat uzun zaman gizli qalıb. Amma indi öyrənilməyə başlanılıb. Tibetlilərin təcrübələri və bilgiləri onu göstərir ki, müəyyən texnika və metodlarla sağlamlığın qeydinə qalmaq olur. 
    Dünyanın yaxın zamanda öyrəndiyi metodlardan biri də, görmə qabiliyyətinin yaxşılaşdırılmasıdır.  Tibet rahiblərinin bu üsulunu istənilən yaşda insan tətbiq edə bilər.  Rahiblərin texnikası görməni yaxşılaşdırır, gözlərin təbii gücü özlərinə qayıdır. Hətta bu üsullardan istifadə edərək, eynəklərini, linzalarını atanlar da olub.  Görmə orqanlarının bütün potensial gücünü ortaya qoyması üçün çalışmalısınız ki, onlar zəifləməsin, başqa sözlə, “tənbəl göz” sindromu ilə üzbəüz qalmayasınız. 
    Tez-tez təmiz havaya çıxmaq, yaşıllığa baxmaq gözün gücünü özünə qaytarır. Yaşıl rəngin görmə orqanlarının funksiyalarında aktivlik yaratdığı artıq elmi cəhətdən sübut olunub. Yaşıllığa baxmaq tibet tibbində gözlərin sağlamlığı naminə tətbiq edilən xüsusi metoddur. Əgər  təbiətlə sıx-sıx təmas etmək imkanınız yoxdursa, böyük bir yaşıl kağız çap edin, onu divardan asın və arada, vaxt tapdıqca qarşısına keçin, gözlərinizi ona zilləyin.
    
    “Tibet cədvəli” üsulu. 
    Diqqət toplayıcı şəkillər arasında “Tibet cədvəli” deyilən bir rəsm var. Burda məhz həmin rəsmdən söhbət gedir. Həmin rəsmi kağıza çap edin, otağınızdan asın və ona baxın. Üsulun tətbiqedilmə ardıcıllığı belədir: 
-belinizi dik tutaraq oturun; 
-boynunuzu da dik saxlayın, çiyinlərinizdən aşağı düşməsin; 
-dümdüz irəli baxın; 
-gözlər vərəqdən 30 sm aralı olmalıdır; 
-əllərinizlə gözlərinizi örtün; bunu elə edin ki, ovuclarınız göz qapağınızla təmas etsin; 
-əsas odur ki, gözlərinizə işıq düşməsin; 
-tam qaranlığı görənədək beləcə, oturun; 
-bir neçə dəqiqə daha qaranlıqda qalın;
-sonra gözlərinizi ehmalca açın;
-ard-arda bir neçə dəfə açıb-bağlayın; 
-gözlərinizi dairəvi hərəkət etdirin: 30 saniyə saat istiqamətində, 30 saniyə əks istiqamətdə; 
-vərəqdəki şəklin hər guşəsinə, təxminən, 2-3 saniyə ərzində baxın; 
-yavaş-yavaş baxma müddətini artırın; 
    Bu üsul diqqətinizi toplamağa kömək edəcək və ən əsası, gözlərinizin yorulmasını əngəlləyəcək. 
    Haçan gözlərinizi yorğun hiss etsəniz, gözlərinizi əllərinizlə bağlamağı, bir neçə dəqiqə saxlamağı sınaqdan çıxarın. 

    Mürəkkəb addımlar 
    Gördüyünüz kimi, tibet üsulunda  heç bir çətinlik yoxdur. Onu günün istənilən saatında, istənilən insan yerinə yetirə bilər. Bu sadə üsulu tətbiq etməklə, bir neçə  gün ərzində görmə qabiliyyətinizi yaxşılaşdıra bilərsiniz. Gözlərin görmə qabiliyyətini artırmaqla, beyinin ətrafda olanları qəbul etmə, emal imkanları da artır. 
Parkda gəzərkən dərindən nəfəs alanda, orqanizmdə oksigen miqdarı artır. Bu da bütün orqanların, o cümlədən, görmə orqanlarının da yenilənməsinə xidmət edir.  Bundan əlavə, gözləri zədələnməkdən də qorumaq vacibdir. Qara boşluqlara və qara rəngli əşyalara uzun-uzadı, pərakəndəliklə baxmaqdan çəkinin. Bunlar gözlərin yorulmasına səbəb olur.  Yaşıllığa  baxın, amma arada gözlərinizi bağlayaraq, dincəldin. Bu təcrübənin tarixi çox qədimdir, hələ də, tətbiq edilməkdədir. 

Qaranlıqda dincəlmə.
Ovuc içləri ilə gözləri bağlayaraq onları “dincə qoymaq” gözlərin qorunmasına da xidmət edir.  Televizora, hətta kompüterə baxarkən belə, bu üsulu tətbiq etmək mümkündür. Bununla ekranın verdiyi yorğunluqdan yaxa qurtara bilərsiniz.  Qaranlıqda gözlərlə birgə, beyin də dincəlir. O, itirdiyi qabiliyyətləri, zəifləyən funksiyalarını geri qazanır. 
Görməni bərpa etməyin bir üsulu da qara vərəqə baxmaqdır. Sutkada bir dəfə, 15 dəq ərzində gözlərinizi qara vərəqə zilləyin və tərpənmədən oturun. Sonra gözlərinizi asta-asta yumub-açın, digər obyektləri tək-tək, bütün konturları ilə nəzərdən keçirin. Bu, gözlərinizin rəngləri və həcmləri daha yaxşı görməsinə səbəb olacaq. 
Qaranlıqda oturmaq, gözləri qaranlığa alışdırmaq da  görmə qabiliyyətini yaxşılaşdırmaq üçün təlimdir. Pəncərələri, pərdələri möhkəmcə bağlayın, otaqda işığı keçirin. Elə edin ki, otağa bir əlçim işıq belə, düşməsin. Sonra oturun və gözlərinizlə otaqdakı obyektləri seçməyə çalışın. Bu, göz yorğunluğunun, “tənbəl göz” sindromunun aradan qalxmasına yardım edəcək. 

Gözüyumulu şəkil çəkmək 
Gözlərinizi yumaraq, gözəl xatirələrə dalmaq həm gözlərin, həm də beyinin yararalana biləcəyi faydalı üsuldur. Bəli, elmi araşdırmalar zamanı sübut olunub ki, görmə qabiliyyətini yaxşılaşdırmağın üsullarından biri də, gözəl günləri yada salmaq, xatirələrin verdiyi xoşhallıqda tumarlanmaqdır.  Çünki yaxşı əhval-ruhiyyə sağlam psixologiyanın, sağlam psixologiya isə yaxşı görən gözlərin təminatçısıdır. Rəng metodları, tez-tez yumub-açmaq göz əzələlərinin daimi gərginliyinə zəmanət verir.  

“Göz cədvəli”
“Göz cədvəli” dediyimiz hərf toplusunu da unutmamalıyıq. Bu topludan birini otağınızdan asın. Ondan, təxminən, 3-7 m uzaqlıqda dayanın və oxumağa çalışın.   Gözlərinizin əvvəlcə, birini, sonra ikincisini yumun, amma açanda eyni anda açın və bir hərfə köklənin. Gündəlik edilən məşqlərdən sonra, ilk gün görə bilmədiyiniz kiçik hərfləri yavaş-yavaş görə bildiyinizin fərqinə varacaqsınız. 

Akkomodasiya gərginliyi 
Pənəcərənizdə balaca bir dairə çəkin. Eşikdəki hər hansı əşyanı, obyekti məhz bu dairənin içində görməyə çalışın.  Digər üsul isə barmaq ucuna baxmaqdır. Barmağınızı burnunuzun tuşunda tutun və hər iki gözünüzlə məhz ona baxın. Diqqət edin ki, görüntü iki deyil, bir olsun. Hərəkəti gün ərzində 5-8 dəfə təkrarlayın. 

“Burun yazısı” üsulu. 
Bu üsul göz əzələlərinin və boyunun dincəlməsinə xidmət edir. Həmçinin, bu üsulun tətbiqi zamanı görmə orqanlarının düzgün  qidalanması da həyata keçir.  Üsulu ayaqüstə, uzanıqlı şəkildə də tətbiq etmək olar. Amma ən yaxşısı, oturaqlı haldır. Gözlərinizi bağlayın, təsəvvür edin ki, burnunuzun ucu yazı yazmaq imkanı verən qələmdir. Bu “qələm” ilə ürəyiniz nə istəsə, yaza bilərsiniz. 

Bahadur Seyidov / Demedia.az