Sudanda üsyançı birliklər atəşkəs təklifini qəbul etdi



 15:54 18.04.2023     306

Sudanda ordu ilə mübarizə aparan Çevik Dəstək Qüvvələrinin komandiri Məhəmməd Həmdan Daqalu ABŞ dövlət katibi Entoni Blinkenin 24 saatlıq atəşkəs təklifini qəbul etdiklərini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Daqalu tvitter hesabında yazıb. O bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken və digər dost ölkələrlə müvəqqəti atəşkəs çağırışı ilə görüşdən sonra mülki şəxslərin təhlükəsiz keçidini təmin etmək üçün 24 saatlıq atəşkəs qəbul edilib. Sudan Silahlı Qüvvələrinin atəşkəs çağırışına əməl etmədiyini iddia edən Daqalunun sözlərinə görə, ordu havadan əhalinin sıx məskunlaşdığı əraziləri bombalayır.

Ordudan verilən açıqlamada isə qeyd edilib ki, vasitəçilər və beynəlxalq ictimaiyyətlə atəşkəslə bağlı hər hansı koordinasiya yoxdur. Bildirilib ki, üsyançıların 24 saatlıq atəşkəs elanı sarsıdıcı məğlubiyyətlərini ört-basdır etmək məqsədi daşıyır.

Bahadur Seyidov