Minatəmizləmədə yeni robotlardan istifadə edilir



 19:29 20.04.2023     120

İşğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri davam etdirilir.

Demədia.az-a EL TV-dən verilən məlumata gorə,  ərazilərin təmizlənməsində yeni alınan robotlardan istifadə edilir. İşğaldan azad edilən ərazilərin mina və partlamamış hərbi sursatlardan, müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı da cəlb olunub. Alayın əməkdaşları Ağdam rayonunun işğaldan azad olunan Baş Qərvənd kəndinin ərazisində təmizləmə əməliyyatları icra edirlər. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Ən müasir avadanlıqlarla təchiz olunan minatəmizləyənlər beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan da keçiblər. Ərazilərin təmizlənməsində yeni alınan “TRAL“ markalı minatəmizləmə aqreqatından da istifadə olunur. Robotun ən əsas xüsusiyyətlərindən biri onun bir saat ərzində 1500 kvadrat metr ərazini minalardan təmizləyə bilməsidir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri olur. Ərazidə partlayış baş verdiyi anda robot dayandırılır, hansı hissə zədə görübsə, o hissə bərpa edilir, ardından robot öz işinə davam edir. Arxa hissəsində özünü dartma xüsusiyyəti olan robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Minatəmizləyənlər işğaldan azad edilən ərazilərə qanunsuz yollarla keçmək istəyənləri bu cür səfərlərdən çəkinməyə çağırırlar.