Finlandiyanın NATO-ya üzvlüyü heç kimi hədəf almayıb - Finlandiya Prezidenti



 17:12 26.04.2023     302

“Finlandiyanın NATO-ya üzvlüyü heç kimi hədəf almayıb. Finlandiya NATO vasitəsilə öz təhlükəsizliyini üst səviyyəyə qaldırıb”.

Demedia.az xəbər verir ki, Finlandiya Prezidenti Sauli Niinistö Yohannesburqdakı Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutundakı açıqlamasında belə deyib. O bildirib ki, ölkəsi öz dəyərlərini qoruyacaq. Finlandiya prezidentinin sözlərinə görə, Finlandiya münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsi olmaqda davam edəcək. Rusiya-Ukrayna müharibəsinə toxunan Niinistö, bu müharibənin mənfi qlobal nəticələri olduğunu və Moskvanın açıq şəkildə aqressiv olduğunu bildirib.

"Ola bilsin ki, biz Ukraynadakı müharibəyə bir az fərqli prizmadan baxırıq. Sovet dövründə Rusiya ilə bir çox Afrika ölkələri arasında sıx əlaqələr olub. Finlandiyanın təcrübəsi tamamilə fərqlidir. Biz əsrlər boyu Rusiya İmperiyasının nəzarəti altında yaşamışıq. İmperiya dağılandan sonra müstəqilliyimizi elan etdik və demokratik tərəqqi içində yaşadıq. Dövlət qurmağa başladıq. İkinci Dünya Müharibəsi illərində xalq olaraq sovet işğalına qarşı özümüzü müdafiə etdik.Vuruşduq və müstəqilliyimizi qazandıq. Müharibədən sonra biz onilliklər ərzində Rusiya ilə razılığa gələ bildik. Amma Rusiya Ukraynaya hücum edəndə tarixi xatirələrimiz yenidən canlandı. Müharibə dərin izlər buraxır” - Sauli Niinistö deyib.

Bahadur Seyidov