Hər il dünyada 184 mindən çox insan BU SƏBƏBDƏN vəfat edir



 11:01 01.05.2023     990

İlbəil, aybaay deyil, günbəgün enerji içkilərinin yeni növləri satışa çıxarılır, mağazalarda onlara ayrılan rəflərin eni-uzunu böyüyür, bu içkilər çox sürətlə yaş həddini aşır, kiçikdən-böyüyə bir çox insanın gündəlik rasionuna daxil olur.  

Burda xüsusi bir məqamı qeyd etmək istəyirəm. Sırf enerji içkilərindən danışıram, “sport içkiləri” kateqoriyasına aid edilən içkilərdən deyil. Bu siyahıya çay və kofe daxil edilmir; bunu da bəribaşdan deyim. Kola tipli içkilər də enerji içkiləri sayılmır.

Enerji içkilərinin tərkibində bitki şirəsi, amin turşuları, bol miqdarda şəkər, dadlanıdırıcılar var. Ötən əsrin əvvəllərindən mərhələli şəkildə, fərqli ölkələrdə  istehsal edilən və bazara çıxarılan enerji içkiləri  qida sənayesinin bütün “yenilikləri” kimi, ilk vaxtlarda sevildi və bir növ, dəb oldu. 

Amma zaman göstərdi ki, bəşər övladı enerji içkilərinə olan həvəsində də tələsib. Belə ki, 1990-cı illərin sonundan başlayaraq, həkimlər və  tibbi araşdırmaçılar  öz narahatlıqlarını dilə gətirməyə: “Enerji içkiləri sağlamlığa zərərlidir!”-deməyə başladılar. Uzun-uzun mübahisələrin və müzakirələrin nəticəsi, təxminən, 10 il sonra özünü biruzə verməyə başladı. Məsələn; ABŞ hökuməti 2010-cu ildə “Four Loko” kimi alkoqollu enerji içkilərinin satışına qadağa qoydu. Səbəb isə  bu tip içkilərin ürək xəstəlikləri başda olmaqla, bir çox problemin qaynağı olmasının araşdırmalar nəticəsində aşkara çıxarılması idi.  Alkoqollu enerji içkilərində kofein və alkoqol qarışımı var. Hər iki faktor sinir sisteminə fərqli təsir edir. Belə ki, kofein sinir sistemini aktiv olmağa, alkoqol isə  depressiyaya düşməyə məcbur edir. Bu “gizli müharibə” sinir sisteminin zədələnməsinə, dolayısı ilə, ürək döyüntülərinin artmasına,  təngnəfəsliyə səbəb olur. 

2013-cü ildə BBC-də nəşr olunan məqalə Almaniyadakı bir araşdırmanın nəticələrinə həsr edilmişdi.  Bonn Universitetinin əməkdaşları tərəfindən aparılan araşdırma “enerji içkilərinin ürəyə təsiri” mövzusunda idi.   Araşdırma sona çatanda elm adamlarının yekdil qənaəti belə idi: “Kofein tərkibli enerji içkiləri ürək döyüntülərində dəyişikliyə səbəb olur.” Araşdırmanı həyata keçirən heyət 2013-cü ilin sonunda Şimali Amerika Radiologiya Dərnəyinin  (Radiological Society of North America)  illik iclasında iştirak edərkən məsələyə diqqət  çəkməyə nail olublar. Uşaqların və səhhətində hər hansı bir problem olan insanların enerji içkisindən uzaq durmasının mütləqliyi də məhz bu iclasda müzakirəyə çıxarılıb. Araşdırmaçılardan biri olan Dr. Yonas Dorner (Jonas Dorner) enerji içkilərindəki kofein miqdarının kola tipli içkilərə nisbətən 3 dəfə çox olduğunu deyib. Bu səbəbdən də, enerji içkilərinin ürək döyüntülərini sürətləndirdiyini, qan təzyiqini yüksəltməsini vurğulayıb.  Onu da deməkdən çəkinməyib ki, bütün bunlar ani ölüm riskini artırır. 

Son illərdə  tibbi terminə çevrilmək yolunda irəliləyən “düzgün qidalanma” ifadəsini eşitməyən, yəqin ki, qalmayıb. Və istiqaməti nə olur-olsun, hansı xəstəlikdən bəhs edilir-edilsin, “düzgün qidalanma”ya daxil edilməyən qidalar sırasında enerji içkilərini tapa bilərsiniz.  Üstəlik, ürək-damar xəstəliklərindən qaynaqlanan ölümlərin  ilbəil artdığını da internetdən öyrənmək şansınız var. 

Təbii ki, ürək-damar xəstəliklərinin yaranma səbəbləri çoxdur.  Siqaret və alkoqol asılılığı, köklük, stress, genetik faktorlar yaxın illərədək “4 əsas səbəb” sayılırdı.  2022-ci ildə müxtəlif ölkələrdən olan elm adamları öz çıxışlarında 5-ci səbəbin də adını çəkdi. Bu, enerji içkiləri idi... 

Müasir həyat şərtləri və texnologiyalar yaşamımızda dəyişikliklər yaradırlar. Bunu elə sürətlə edirlər ki,  özümüzü çox vaxt “gecikmiş” sayırıq.  “Məsafədən işləmək” bizimçün vaxta, pula, hətta xərclədiyimiz enerjiyə qənaət sayılır.  Amma zehnimizi aktiv saxlamağın yollarını axtarmaqdan da əl çəkəmmirik. Enerji içkiləri bazarında tələbat məhz bu cür yaranır. Oturaq həyat tərzi keçirən,  rasionundakı meyvə-tərəvəz miqdarı günbəgün azalan,  hər şeyə tələsən və gecikən müasir insanlar enerji içkilərindən mədəd umur.  Mütəxəssislər isə enerji almaq üçün sağlam şəkildə qidalanmağı tövsiyə edirlər. 

Məsələn; Türkiyəli professor Hamza Duyğu deyir: “Gün ərzində xərclənən enerjinin  30%-i heyvan mənşəli yağlardan, 45%-i bitki mənşəli qidalardan əldə edilməlidir. Yerdə qalan 25%-i isə istər-istəməz qəbul etdiyimiz şəkərdən alırıq.”   Göründüyü kimi, nizamlı şəkildə və vaxtlı-vaxtında qidalanmaqla enerji içkilərinə ehtiyac duymadan da gümrah olmaq mümkündür... Başqa sözlə, “enerji içkiləri yox idi, insanlar iş görə bilmirdilər?” 

2018-ci ildə dünya bazarında satılan enerji içkiləri istehsalçılarına, ümumi olaraq,  53 milyard dollar gəlir gətirmişdi. Bu rəqəm  qida sənayesi mütəxəssislərini olduqca  təəccübləndirmişdi.  Buna baxmayaraq, rəqəmin aydan-aya böyüyəcəyi proqnozlaşdırılırdı, elə də oldu...  Amma artan satışla yanaşı, “enerji içkilərinin insan orqanizminə təsiri” mövzusunda başlayan tədqiqatların da sayı artırdı... 

2021-ci ildə “Qida və Kimyəvi Toksikologiya” (“Food and Chemical Toxicology”) jurnalında nəşr olunan bir məqalədə deyilirdi: “ Enerji içkiləri ürəyin işinə mənfi təsir edir, kardiomiopatiya yaradır, qan təzyiqini yüksəldir.”  Qeyd edim ki, kardiomiopatiya ürək əzələsinin iltihabı,  kəskinləşən ürək çatışmazlığı və aritmiya ilə səciyyələnən ürək zədələnməsidir.  Məqalədə o da deyilirdi ki,  eyni zamanda rasiona daxil edilən fərqli enerji içkiləri  ürəyə verilən xəsarətin  həcmini daha sürətlə artırır. 

Mütəxəssislər ehtimal edir ki, enerji içkilərinin tərkibində ürəyə zərər vuran teofillin, adenin kimi maddələr də var. Onlar öz ehtimallarını belə əsaslandırırlar: “Bazara çıxarılan enerji içkilərinin tərkibi haqqında dürüst məlumat verilmir.”

 “Qida və Kimyəvi Toksikologiya” jurnalında bəhs edilən araşdırmanın müəlliflərindən biri Texas Universitetinin əməkdaşı Dr. İvan Rusayn (İvan Rusyn) deyir: “Daha əvvəlki araşdırmalarda  konkret markaların məhsulları, yəni, çox az çeşiddə enerji içkisi tədqiqata cəlb edilib. Biz isə tədqiqat obyektlərimizin sayını artırdıq. Buna görə də, bizdən əvvəlki nəticələrlə gəldiyimiz qənaətləri müqayisə etmək imkanımız çox deyil. Amma bilirik ki,  ürək-damar sisteminin funksiyalarını dəyərləndirmək  üçün fərqli metodlar var. Bu metodların biri ilə müəyyən etdik ki, enerji içkilərinə ürək-damar xəstəlikləri riskini artıran maddələr daxil edilir.” 
    ABŞ-ın “Qida və Dərman Dairəsi” (FDA) mütəxəssisləri neçə ildir ki, enerji içkilərinin nəzarətdə saxlanmasının, onların qəbulu üçün müəyyən yaş həddinin  təyin edilməsinin vacibliyini vurğulayır. Lakin hələ də, dünya tibbi və dünya elmi “vacib” dedikləri addımların atılmasına nail olmayıblar.  
    Sonda elə ABŞ-da, Tafts Universitetində  (Tufts Univercity) aparılan bir araşdırmanın nəticələrini sizə təqdim etmək istəyirəm. 2019-cu ildə aparılan araşdırmada məlum olub ki, enerji içkiləri içənlər  11 təhlükə ilə üz-üzədir. Həmin təhlükələr bunlardır: 
İnfarkt;
Ürəyin qəfildən dayanması; 
Sinirlərin və toxumaların zədələnməsi; 
Beyin qanaması; 
Köklük; 
Şəkərli diabet; 
Xroniki yuxu pozğunluğu; 
Psixoloji problemlər; 
Asılılıq;
Kofein zəhərlənməsi;
Böyrək çatışmazlığı;

Sizi qorxutmaq istəmirəm, amma sözügedən araşdırma zamanı açıqlanan rəqəmləri  deməsəm, olmaz. Tafts Universitetində aparılan araşdırmanın müəllifləri deyir: “51 ölkəni əhatə edən araşdırmanın nəticələri dəhşətvericidir. Hər il dünyada 184 mindən çox insan enerji içkiləri səbəbilə dünyasını dəyişir. Bu ölümlərin 133 mini diabetin, 45 mini ürək-damar xəstəliklərinin, 6 mindən çoxu isə xərçəngin payına düşür...Və hamısının səbəbi enerji içkiləridir...” 

Bahadur Seyidov / Demedia.az