1 gün su içməsəniz nə olar? 



 10:21 04.05.2023     1145

Orqanizmin 70%-ə yaxını sudan ibarətdir. Yaş artdıqca bu göstərici dəyişir. Ana bətnindəki döl ilkin inkişaf mərhələlərində 95% sudan ibarət olur. Yeni doğulan körpədə su səviyyəsi 77%-dir.

Nəticə etibarilə, 70 kq çəkiyə malik olan insanda 50 litr su var. Bu suyun 2/3-i hüceyrələrinizdədir. İnsan orqanizmi üçün su niyə bu qədər önəmlidir?  Su faydalı maddələri və qidaları orqanizmin hər bir guşəsinə daşıyır. Bundan əlavə, enerji istehsal edir, əzələləri gücləndirir, oynaqları nəmli saxlayır. Su gözlərinizi də nəmləndirir. Orqanizmdə lazımi qədər su olmadığında, ürək-damar sistemi düzgün işləməz. Ən əsası, su qıtlığı çəkən  orqanizm öz istiliyini tənzimlyə bilməz və həddən artıq isinər. Orta çəkili bir yetkin insan il ərzində, təxminən, 1200  litr su içir. İnsanlar suya lazımi qədər önəm verməsə, su içməyi dayandırsa, başlarına heç də yaxşı şeylər gəlməz. 
Bəs, su içməyi dayandırsaq, başımıza nə gələr? 

Öncə, onu qeyd edim ki, burda “su” deyərkən, meyvə şirələri, digər içkilər, hətta şorba belə, nəzərdə tutulur.  Təbii ki, bunların çoxu orqanizm tərəfindən qida kimi qəbul edilir. Amma susuzluğunuzu yatırmaq üçün təmiz su içmək imkanınız olmasa belə, sadaladıqlarımı qəbul etməyiniz yetərli olar.  Orqanizmdəki su səviyyəsində 1% azalma olarsa,   “sağ qalmaq instinkti” hərəkətə keçər və susuzluq hiss edərsiniz. 
Bəs, su içməyi tamamilə dayandırsanız, orqanizmdə nə baş verər? 
    Hər şeydən əvvəl, sidiyinizin rəngi tündləşəcək.  Orqanizmdə su çatışmazlığı olanda böyrəklər suyun çoxunu qana yönləndirir.  Qan olan-qalan suyu özünə çəkdiyinə görə də, sidiyiniz tünd-sarı rəngdə olur.  Bu üsul orqanizmin suyu qorumasıdır. 
    Maye qəbulunu dayandırdığınızın ertəsi günü sidiyə getmək dayanır.  Su çatışmazlığı səbəbilə, udqunmağınız da çətinləşir. Beyin kiçilməyə başlayır. İlk baxışda, bu, ötəri hal kimi dəyərləndirilir.  Amma su balansını yenidən tənzimləməyə çalışmasanız, beyniniz xəsarət ala bilər.  Beyninizin ən adi işlər qarşısında belə, çətinlik çəkməsi də orqanizmdə su çatışmazlığı olduğundan xəbər verir.  Bu zaman enerji səviyyəsi önəmli dərəcədə aşağı düşür. Diqqət dağınıqlığı yaşayarsınız, hər şeyə tez əsəbiləşərsiniz. 
    Su oynaqları və sümüklərarası bölgələri nəmli saxlayır. Su çatışmazlığında sümüklər bir-birinə sürtünməyə başlayır. Bu da bütün orqanizmdə ağrılara səbəb olur. Dəriniz isə gözlə görüləcək qədər pisləşməyə başlayır. Qırışıqlıqlar və nazik cizgilər daha da dərinləşir. Dəri quruyur və tökülür.  Nəsə edərkən, beyin  əvvəlkinə nisbətən, ikiqat gücə düşür ki, bu da sizə baş ağrıları verir. Ardınca gözlərinizdə də ağrılar olur. Nəmləndirilməsi üçün lazımi qədər su olmadığından göz quruluğu ilə üz-üzə qalarsınız. 
    Artıq çəki də susuzluğun yaratdığı  problemdir.  Bəzən deyirlər: “Adicə sudan kökəlirəm.” Bəli, bunun altında məhz susuzluq yatır. Orqanizm o qədər su qıtlığı çəkir ki, tapdığı bütün suyu depolamağa başlayır.  Nəticədə, siz özünüzdə şişkinlik hiss edərsiniz. Həqiqətən də, elə düşündüyünüz kimi-şişmiş görünürsünüz.  
    Su çatışmazlığı tualet vərdişlərində də dəyişikliyə səbəb olur.  Belə ki, hər damla suyun “qədrini bilən” orqanizm sizi “çölə çıxmağa” qoymur.  Ardınca əzələ spazmları başlayır, bədən temperaturu yüksəlir, qan dəri hüceyrələrinədək getmir, nəticədə, dəri boz-mavi rəngdə olur. Özündən getmə, hətta infarkt belə, hər an baş verə bilir. 
Susuzluq zamanı yaş, çəki və sağlamlıq problemləri kimi faktorlara bağlı olaraq, 3-5 gün içidə orqanlar öz fəaliyyətlərini dayandırırlar. Orqanizmin bu “özünü kilidləmə”  prosesi beyinin də dayanmasına, yəni, öülmə yol aça bilir.   Buna görə də, dehidrasiya  əlamətlərini vaxtında dəyərləndirmək,  bacardıqca daha çox maye qəbul etmək lazımdır.  
    Bəzi hallar var ki, xüsusilə, su qəbuluna diqqət etməlisiniz: 
-ağzınızın quruması, udqunmanın çətinləşməsi; 
-sidiyin rənginin tündləşməsi; 
-metabolizmanın sürətinin azalması-bunu bilməyin ən asan üsulu budur: idman zalına gedirsiniz, yeməyinizi azaltmısınız, amma  yenə də kökəlməyə davam edirsiniz; 
-qızdırmanızın qalxması; 
-ürək döyüntülərinin sürətlənməsi; 
-baş gicəllənməsi və təkrarlanan baş ağrıları; 
-dərinizin elastikliyini itirməsi və qızarması; 
-daimi halsızlıq, yorğunluq; 
-diqqət dağınıqlığı; 
-kişilərdə cinsi zəifləmə; 
-ağlaya bilməmək; 

Bu əlamətlərin hər biri narahatlıq doğurur. Əgər əlamətlərdən bir neçəsini paralel şəkildə hiss etsəniz, təşvişə düşməyə dəyər. Həmən maye qəbulunu sürətləndirin.  Lakin bunu düzgün şəkildə eləməlisiniz. Hər orqanizmin suya olan ehtiyacının miqdarı fərqlidir. Məsələn; Tibb İnstitutu (İnstutute of Medicine-İoM)  qeyd edir ki, 19-50 yaş arasında olan qadınlar gün ərzində 2,7 litr maye qəbul etməlidir.  19-50 yaş arasındakı kişilərdə isə göstərici 3,7 litrdir.  
Ehtiyacınız olan su miqdarını gün ərzində nizamlı şəkildə qəbul edin. Səhər oyanan kimi, 1 stəkan su içə bilərsiniz. Bu, durğun gecədən sonra metabolizmanı sürətləndirir. Çalışın ki, həmişə yanınızda 1 şüşə su olsun. Gününüz ofisdə keçirsə, masanızda daim su saxlayın. Aradabir bu sudan udumlayın. İşiniz burdan-ora, ordan-bura qaçmaqdırsa, çiyin çantanızda 1 şüşə su olmasına diqqət edin.  

Ölçü işarələrinə malik olan su qabı, suyu sərin saxlayan şüşələr,  içində meyvə də saxlanılan boruşəkilli su qabları və s. sizin suyu zövqlə içməyinizə səbəb olacaq. Əgər idman zalına gedirsinizsə,  içdiyiniz suyun miqdarını artırın. Məşq zamanı tez-tez su içməyiniz məsləhətdir. Su qəbuluna nəzarət edən bir telefon tətbiqindən də istifadə etmək şansınız var. Bu tətbiq vasitəsilə su içməyi heç vaxt yaddan çıxarmayacaqsınız. 

“8x8” qaydasına əməl edin.  Qayda belədir: gündə 8 dəfə, hər dəfə 250 ml həcmində su için. Əlinizin altında su yoxdursa, tərkibində su olan qidalara üz tutun. Məsələn; çay, kofe için, meyvə yeyin. Bununla belə, çalışın ki, gündə 4 fincandan artıq çay və ya kofe içməyəsəniz. Bu  içkilərin həddən artıq qəbulu sinirlərə təsir edir, yuxusuzluq, əsəbilik kimi hallar müşahidə olunur.  Təəccüblü gəlir, amma orqanizmin gündəlik su ehtiyacının 20%-i qidalar vasitəsilə ödənir. Qarpız, xiyar və kərəviz orqanizmin  maye balansının qorunmasına çox kömək edir. 

Sizə su ilə bağlı maraqlı bir tapmaca da söyləmək istəyirəm. Bir kimyaçının Coni adlı kiçik  oğlu vardı. Amma o, artıq yaşamır. Çünki H2O əvəzinə içdiyi şey H2SO4 imiş...  H2SO4 -ün nə olduğunu bilirsinizmi? 

Bahadur Seyidov / Demedia.az