Peşəsinə sevgi, şagirdlərinə övlad məhəbbəti bəsləyən Ağasəf Qayıblı...



 10:38 11.05.2023     452

"Hər bir millətin, dövlətin, parlaq gələcəyi savadlı, yüksək əxlaqa malik, qayğıkeş, həssas, təvazökar, fədakar müəllimlər ordusundan asılıdır. Bu səciyyəvi xüsusiyyətlərə malik müəllimlərdən biri də ömrünü Qobustan rayonunda təhsilin inkişafına həsr etmiş Ağasəf Qayıblıdır".

Demedia.az xəbər verir ki, bu sözləri fizika-riyaziyyat elmləri doktoru, professor Telman Məlikov deyib.

Onun fikrinə görə, hər zaman cəmiyyətin ən hörmətli insanları əsl müəllimlər olublar:

"Müəllimlər öz millətinin, xalqının, dövlətinin dialektik inkişafının, bütün uğurlarının səbəbkarlarıdır. Əsl müəllimin səciyyəvi xüsusiyyətlərindən biri də öz peşəsinə böyük sevgi və şagirdlərinə övlad məhəbbətinin olmasıdır. Mən fəxr edirəm ki, yuxarıda sadaladığım səciyyəvi xüsusiyyətlərin daşıyıcısı olan iki böyük şəxsiyyət - Davud Orucov və Ağasəf Qayıblı kimi müəllimlərim olub. Onların təcrübəsi gələcək nəsillərə örnəkdir".

Bəs Qobustan rayonunda təhsilin inkişafında əməyi olan, tələbələri, yaxınları, sakinlər tərəfindən sevilən, daim xatirələri anılan, təcrübəsindən faydalanılan Ağasəf Qayıblı kimdir?

Qayıblı Ağasəf Sərxan oğlu 1913-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İlk təhsili də elə həmin kənddə alıb. 1932-cü ildə Bakı İnternasional Texnikumununu bitirib. Sonra təhsilini Bakı Darül-Müəllimliyində davam etdirib. Ardınca Azərbaycan Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Ağasəf müəllimin dərs dediyi Nərimankənd kənd orta məktəbi elə onunla bir vaxtda inkişaf edib. Həmin kəndin ilk şagirdlərindən və ilk yerli müəllimlərindən biri olan Qayıblı Ağasəf ömrünün 54 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib.

Bütün həyatını məktəbə bağlayan Ağasəf müəllim 1932-ci ildə Nərimankənd kənd orta məktəbinə direktor təyin edilib. Sonradan isə ömrünün sonunadək həmin məktəbdə riyaziyyat fənnindən dərs keçmişdir. Otuzdan çox riyaziyyat üzrə fəlsəfə doktorunun, ondan çoxelmlər doktorunun və bir akademikin müəllimi Ağasəf Qayıblı olmuşdur. Bəli, bütün bunlar onun böyük zəhmətinin, işinə olan böyük sevgisinin nəticələridir.

Bu illər ərzində onun maarifçilik fəaliyyətini, əməyini keçmiş partiya və Azərbaycan Maarif Nazirliyi yüksək şəkildə qiymətləndirmişdir. Belə ki, o, 6 iyun 1945-ci ildə "Əməkdə fərqləndiyinə görə" medalı ilə, 30 sentyabr 1966-cı ildə "Lenin ordeni" ilə, 18 iyun 1871-ci ildə Azərbaycan SSR "Qabaqcıl Maarif xadimi" döş nişanı ilə, 6 may 1975-ci ildə "Əmək veteranı" medalı ilə, 20 iyul 1984-cü ildə "Metodist müəllim" adı ilə, 24 sentyabr 1984-cü ildə "Xalq maarif əlaçısı" döş nişanı ilə, 12 aprel 1985-ci ildə "Böyük Vətən müharibəsinin 40 illiyi" medalı ilə təltif olunmüşdur.

Dəfələrlə yerli sovetin deputatı seçilmiş, dövrün qəzet və jurnallarında, kitablarda onun iş metodları barəsində məqalələr dərc olunub. İnstitut və texnikumlarda keçirilən imtahanlarda iştirak edib.

Ona Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən Qaz-24 markalı "Volqa" avtomobili hədiyyə olunub. Qayıblı Ağasəf müəllim ömrünün sonunadək gənclərin yetişməsində və maariflənməsində əvəzsiz işlər görmüşdür.

O, 1986-cı il mayın 1-də ağır sürən xəstəlikdən sonra vəfat edib.