Dəfnə yarpağının faydaları və istifadə qaydaları - Araşdırma



 11:01 15.05.2023     1941

Bu həmişəyaşıl bitki qədimdən bəri, ədviyyat kimi istifadə olunmaqdadır. Vətəni Kiçik Asiya və Qafqazdır. 1 ağacın ömrü 100-400 il arasında dəyişir. Hazırda dünya mətbəxində xüsusi yer tutur.

Faydaları və istifadə qaydaları. 

Dəfnə yarpağı təbii birləşmələrlə zəngindir. Yarpaqdan istifadə edərək məlhəmlər,  məhlullar və ekstraktlar, həmçinin, efir yağları hazırlanır.  Tərkibində fitosterinlər, linalool, efir yağı, taninlər, qarışqa turşusu, kapron turşusu, laurik turşusu, yağ turşusu, sirkə turşusu var. A, C, PP  vitaminləri, B qrupu vitaminləri,  bir çox kimyəvi  makro və mikroelementlər, maqnezium, fosfor, natrium, sink, mis, selen, dəmir, manqan, kalium, bəzi yağlar, zülallar, karbohidratlar da dəfnə yarpağında mövcuddur.  
    Malik olduğu bu qədər bioloji aktiv maddələrə görə, dəfnə yarpağı müxtəlif xəstəliklərlə mübarizə aparmaqda mahirdir.  Məsələn; soyuqdəymə, qrip,  nəfəs yolları xəstəlikləri zamanı dəfnə yarpağından hazırlanan  vasitələr köməyə çatır.  Dəfnə yarpağının dəmləməsi immuniteti gücləndirir; beləcə, sağalma prosesi sürətlənir. Evin dezinfeksiyası məqsədilə dəfnə yarpağının dəmləməsi hazırlanır, şüşə qaba tökülür və xəstə yatan otağa qoyulur.  Bu, digər ailə üzvlərinin xəstəliyə yoluxma riskini önəmli dərəcədə azaldır. 
    Dəfnə yarpağı ilə inqalyasiya haymorit zamanı və yuxarı nəfəs yollarının xəstəliklərində kömək edir. Dəfnə yarpağından hazırlanmış mazlar ağrıkəsici effektə malikdir. Ona görə də, diş, qulaq, baş ağrılarında, həmçinin, oynaqlardakı revmatizm ağrılarında istifadə olunur.  Dəfnə yarpağının spirtli infuziyası üzdəki sızanaqlardan qurtulmağa kömək edir. Dərisi yağlı olan insanların üzləşdiyi müxtəlif problemləri aradan qaldırır, piy vəzilərinin işini normallaşdırır. Eyni zamanda, təbii antiseptikdir, təbii ağrıkəsicidir və iltihab əleyhinə xüsusiyyəti var. Dəfnə yarpağının sulu infuziyası ağız boşluğunun xəstəliklərində, dərinin  irinli xəstəliklərində, çapıq və yaraların dezinfeksiyasında, həmçinin, müalicəsində istifadə olunur. 
    Tərkibindəki qarışqa turşusu, kapron turşusu, kamfora kimi  vasitələr ona antiseptik xüsusiyyət qazandırır. Dəfnə yarpağı yuxusuzluqdan və yüksək həssaslıqdan əziyyət çəkən, əsəbi cəhətdən gərgin olan insanlara da faydalıdır. Onun qoxusunu almaq və infuziyasında çimmək sinir sistemini sakitləşdirir. Bu sedativ təsir dəfnə yarpağının tərkibindəki linalool  sayəsində baş tutur.  Dəridəki səpkilərlə mübarizə aparmaq üçün də, dəfə yarpağına üz tuta bilərsiniz. Onun spirtli infuziyasından səpən yerlərə sürtün. Saçınızı bu infuziya ilə yusanız, canlı və daha möhkəm olacaq. 
    Qadınlar arasında dəfnə yarpağı əsaslı, tonuslaşdırıcı maskalar geniş yayılıb. Hər gün dəfnə yarpağı çeynəsəniz, o zaman boğaz-burun iltihablarının qarşısı alınacaq, əksər nəfəs yolları xəstəliklərini asan keçirməyinizə kömək edəcək. Ancaq çeynəməyin də xüsusi qaydaları var: 
-əvvəlcə, yarpağın kiçik hissəsini çeynəməlisiniz; 
-tədricən çeynədiyiniz yarpaq miqdarını artırmalısınız; 
-mümkün qədər 1 neçə dəqiqə ərzində çox çeynəmək lazımdır; 
-sonda ağzınızda qalan kütləni tüpürün; 
Çeynəmə  prosedurunu hamilə qadınlar  və uşaq əmizdirənlər, eyni zamanda, mədə xorasından  və qəbizlikdən əziyyət çəkənlər etməməlidir. 

    Dəfnə yarpağının tüstüsünün faydaları. 
    Dəfnə yarpağının yandırılması nəicəsində yaranan tüstü sakitləşdirici effektə malik olmaqla yanaşı, diqqəti artırmaq qabiliyyəti ilə də məşhurdur. Xroniki yorğunluqdan əziyyət çəkənlərə dəfnə yarpağı yandırmaq, tüstüsünü iyləmək tövsiyə edilməsinin sirri bundadır.  Ayıldıcı təsiri yarpağın tərkibindəki efir yağları göstərir. Beləcə, insan qısa zamanda özünü gümrah və enerjili hiss edir.  Tüstü ilə nəfəs alanlar sonradan  işləmə qabiliyyətlərinin yüksəldiyini, nəfəs yollarının açıldığını, selik və bəlğəmlərin rahatca çıxdığını deməkdə haqlıdırlar. 

Oynaq ağrıları zamanı. 10 qr dəfnə yarpağı götürün, doğrayın, üstünə qaynar su tökün, 3 dəq vam odda qaynadın. Sonra soyudun, çökdürün, gündə 1 dəfə qəbul edin. Prosedur 3 gün davam etməlidir.  
Podaqra zamanı. Dəfnə yarpağı  nahiyələrdə toplanan duzu əridərək orqanizmdən çıxarmaq qabiliyyətinə malikdir. Müalicəvi məhləmin hazırlanması üşün 300 ml soyuq suya 5 qr dəfnə yarpağı əlavə edin, vam odda 10 dəq qaynadın. Sonra ağzını örtüb, 2 saat dəmlənməsini gözləyin. Alınan məhlulu kiçik udumlarla gün ərzində için. Bu içki sümüklərdəki iltihabı götürəcək, artıq duzları əridəcək. 
Sistit zamanı .
 I resept: 1 çay qaşığı üyüdülmüş dəfnə yarpağının üstünə 400 ml soyuq, təmiz su əlavə edin, vam odda 5 dəq qaynadın. Ağzı açıq şəkildə 2-3 saat soyumasını gözləyin. Sonra cuna ilə süzün və hazır məhlulu gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edin. Nəticədə, ağrı hissi azalacaq, iltuhabi proseslər irəliləməyəcək, hətta zamanla iltihab yoxa çıxacaq.  Prosedur uzunmüddətlidir. 
II resept: 10 litr suya  40 qr dəfnə yarpağı əlavə edin, vam odda 30 dəq qaynadın. Məhlul hazır olanda vannaya tökün və 15 dəq içində oturun. Sonra qurulanın və isti yatağa girin. Unutmayın, dəfnə yarpağı vannasından sonra yuyunmaq olmaz.  Bu qarışımdan təkcə vanna kimi yox, həmçinin, yerli və bıçaq yaralarının yuyulmasında da istifadə edə bilərsiniz. 
Aşağı ətraflarda qan dövranının pozulması zamanı. 3 xörək qaşığı üyüdülmüş   dəfnə yarpağını   1 stəkan günəbaxan yağına əlavə edin, qarışdırın, ağzını örtün. 6 gün qaranlıq yerdə saxlayın, sonra süzün. Ayağınızı isti su ilə vanna etdikdən sonra bu infuziya ilə yağlayın. Prosedura sağlamlığınıza qovuşanadək davam edin. 
Soyuqdəymə zamanı. Soyuqdəymələrdə, qripdə, ümumiyyətlə, immunitetdən çox şey tələb edilən hallarda dəfnə yarpağı köməyə çatır.   10-15 dəfnə yarpağının üzərinə 300 ml su əlavə edin,  vam odda 5 dəq qaynadın. Qarışımı termosa tökün, 4 saat gözləyin. Sonra cuna ilə süzün. Hazır məhluldan gündə bir neçə dəfə, hər dəfə 1 xörək qaşığı olmaqla  qəbul edin.  bir daha xatırladım ki, bu üsulu qəbizlikdən əziyyət çəkən insanlar tətbiq etməməlidirlər. 
Haymorit zamanı. Bu situasiyada dəfnə yarpağı yağından istifadə edin.  Dəfnə yarpağı yağını aptekdən də ala bilərsiniz, özünüz də hazırlaya bilərsiniz. Hazırlamaq üçün 30 qr  üyüdülmüş dəfnə yarpağı götürün, üzərinə 1 stəkan bitki yağı əlavə edin.  5 gün gözləyin, sonra cuna ilə süzün. Hazır məhlulu gündə 3 dəfə, hər dəfə 2-3 damcı olmaqla burun dəliklərinizə tökün.
Otit zamanı.  5 dəfnə yarpağını 1 st suya əlavə edin, vam odda qaynayanadək gözləyin. Sonra ocaqdan  götürün, 2 saat soyumağını gözləyin. Hazır məhsulu damcılıq ilə  gündə 3 dəfə qulağınıza damızdırın. Həmçinin, bu müalicəvi məhluldan gündə 3-5 dəfə olmaqla, hər dəfə 1 xörək qaşığı için. 

Zərərləri, əks təsirləri. 
    Dəfnə yarpağı məhlulu qadın orqanizmdə  tonusu qaldırır. Məhz bu səbəbdən də,  hamilələr və süd verən qadınlar ondan istifadə etməməlidirlər. Dozadan artıq istifadə  etmək qəbizlik yarada bilər, zəhrələnmə verə bilər. Buna yol verməmək üçün dəfnə yarpağının məsləhət görülən dozalarına əməl edin.  Tərkibində  bol miqdarda efir yağları olduğu üçün o, allergiya yarada bilər. Həmçinin, pankreatit, xolesistit kimi narahatlıqları olanlar, öd kisəsində daş olanlar da dəfnə yarpağından uzaq durmalıdır. Orqanizmdə qanyaratma sistemində problem varsa, dəfnə yarpağını, ümumiyyətlə, rasiondan çıxarmağınız məsləhətdir. 
Dünyanın əksər ölkələrində tərkibində dəfnə yarpağı olan dərman vasitələrindən 12 yaşadək uşaqların  müalicəsində istifadə edilməsi qadağan olunub.  Yəni, məcbur qalsanız belə, həkimlə məsləhətləşmədən bu cür dərmanları uşağınız üzərində tətbiq etməyin. 

Bahadur Seyidov / Demedia.az