İBLİSİN ÖVLADI NERON



 13:48 15.05.2023     606

İnanın ki, Neronun sadə tərcümeyi-halından darıxdırıcı bir şey ola bilməz: filan ildə doğuldu, filan ildə hakimiyyətə gəldi, digər Roma imperatorları kimi fundamental ənənələrə sadiq qalsa da, idarəetmədə özünəməxsus dəyişikliklər elədi, xalqa «çörək və tamaşa» verdi, axırda da qiyam nəticəsində həyatını itirdi.

İblisin oğlu

Görürsünüz, çox sadə bir həyatdır. Bəs nədir Neronu Neron eləyən, onun ismini təkcə Roma deyil, bəşər tarixinin böyük adamları sırasına salan? Təsəvvür eləyin ki, biz Roma deyəndə, Yuliy Sezardan sonra yadımıza Neron düşür. Bu sualın cavabını mən illər əvvəl çox sevdiyim fransız yazıçısı və tarixçisi Ernst Renanın 1873-ci ildə yazdığı «Antixrist» kitabından tapmışdım. Renan yazır: “Əgər Əhdi-Cədid İsanın kitabıdırsa, Apokalipsis də Neronun kitabıdır. Neron xristianlıq üçün onun banisi qədər əhəmiyyətlidir. Neronun nifrət doğuran obrazı İsanın obrazı ilə sıx bağlıdır. Apokalipsis İsaya qarşı çıxanların zülmətlə qarışıq bir formasını verməklə, əsrlər boyu xristianların estetik düşüncəsinə hakim kəsildi”.

Buradan o nəticə çıxmırmı ki, əslində, həqiqətən, xristianlara qan udduran Neron olmasaymış, heç xristianlıq da olmazmış? Ancaq bu hadisələrə qədər çox var, orada qalmışdıq ki, Neron anasının başını da əkir və rahat şəkildə, heç bir psixoloji təzyiq hiss eləmədən imperatorluğunun həzzini çıxarmaqda davam edir.

Ağıllı Neron

Mən istənilən bəni-adəmin, hətta «iblisin övladları» adlandıra biləcəklərimizin belə yalnız pisliklərdən, şərdən yoğrulduğunu, yalnız pislik və şər işlər törədə biləcəklərini söyləyənlərlə qətiyyən razı deyiləm. Əslində, bu adamlar həddən artıq ziddiyyətli xarakterə malik olmaqla bərabər, əksər hallarda çox asanlıqla kütlələrin sevgisini qazana bilirlər. Neron da istisna deyildi… Cavan İmperator Roma xalqının yaşayışının yaxşılaşması üçün xeyli işlər də görürdü. Məsələn, Tasit “Annales”in 13-cü kitabında yazır: “Xalqın vergiyığanlardan narazılığını eşidən Neron 58-ci ildə bəşər övladına gözəl bir hədiyyə bəxş eləmək üçün, ümumiyyətlə, bütün bilvasitə vergilərin ləğv olunması üçün əmr vermək fikrinə düşdü. Ancaq bu xeyirxah əməlinə görə onu alqışlayan, şəninə təriflər söyləyən senatorlar İmperatoru inandıra bildilər ki, belə bir əmr versə, dövlətin saxlanmasına ayrılan xərclər azalar və  İmperiya dağılar”. Senatorların təklifini nəzərə alan Neron yenə fikrindən dönmür və vergilər 4.5 faizdən 2.5 faizə qədər azaldılır.

Bundan əlavə Neronun imzaladığı qanunlardan birini, nə qədər qəribə səslənsə də, qədim dünyanın ən humanist addımı kimi dəyərləndirmək lazımdı. Təsəvvür eləyin ki, Neronun israrlı tələbiylə senat bir qulun günahına görə digər qulların cəzalandırılmasına veto qoyan qanun qəbul eləmişdi. Ümumiyyətlə, gənc İmperator azadlığa buraxılmış sabiq qullarla işləməyə daha çox üstünlük verirdi.

Neron özünə qədər Romada yayılmış korrupsiyaya qarşı da çox ciddi tədbirlər görərək, yüksək dövlət mövqelərində olan neçə-neçə məmurun həbsinə göstəriş vermişdi. Təbii ki, bu kimi tədbirlər xalq arasında onun nüfuzunu xeyli qaldırırdı.

Cavan İmperatorun populyarlığının başqa səbəbi isə romalıların həyatında həmişə mühüm yer tutan "çörək və tamaşa" idi. Neronun dövründə indiyədək Roma tarixində misli görünməyən təntənəli qladiator döyüşləri keçirilirdi. 60-cı ildə isə o, bir neçə gün davam eləyən Neroniya adlı elə bir festival keçirdi ki, gəl görəsən... Yunan olimpiadalarına bənzəyən bu festivallarda həm teatrlar, həm musiqi, həm də idman yarışları nümayiş etdirilirdi. Neron tarixdə həm də sülhsevər Roma hökmdarlarından bəlkə də birincisi kimi qalıb. O, hakimiyyəti dövründə daha çox Romanın əvvəlki sərhədlərinin saxlanılmasına çalışdı, yalnız iki əyalətdə qiyamların yatırılmasını nəzərə almasaq, ordu demək olar ki, müharibə görmədi. Hökmdarın özü isə bir dəfə də olsun, ordu qarşısında çıxış eləmədi, vaxtını daha çox mülki işlərə sərf elədi. Ümumiyyətlə, Roma nə ona qədər, nə də ondan sonra belə sənətkar hökmdar görməmişdi, görmədi də... Bu adam özü qrim eləyir, əyninə paltar geyinib meydana çıxır, bas səsiylə kütlə qarşısında müxtəlif yunan mahnıları ifa edir, şeir yazırdı. Reallıqdan uzaq, özü üçün yaratdığı sənət dünyasında yaşayan Nerona "bu yeri yaxşı oxumadın", yaxud "şeirlərin zəifdi" demək atasına söyməkdən pisiydi. Ernst Renandan oxuyuruq: “Bu adam xeyli mütaliəliydi və bu mütaliə onun başında dəhşətli bir xaos yaratmışdı. O özünün romantik, yaradıcı xarakteriylə kütlə qarşısında çıxış eləyib onu güldürən, ağladan bir aktyor ola bilərdi. Ancaq böyük İmperiyanı idarə eləmək praktik vərdişlər tələb edirdi, burada romantizm qətiyyən kara gəlməzdi. Bu mənada müəllimi Senaka ona yaxşılıqdan çox pislik eləmişdi, özünün xoşniyyətli fəlsəfəsi ilə Neronu həyatla xəyal arasında dalanda qoymuşdu”.

Bütün bunlarla belə, təbii ki, naqislikləri İmperatorun özünün xarakterindən, qüsurlu təbiətindən irəli gəlirdi. Məsələn, sirr deyil ki, o həm də cinsi həyatında ciddi şəkildə problemləri olan birisiydi. Dayısı Kaliquladan geri qalmayaraq, anası Aqrippinayla yatağını bölüşməkdən tutmuş, öz cinsindən olanlara hərtərəfli münasibətlərinə, evləndiyi qadınlardan bezən kimi bir bəhanəylə onları edam etdirməsinə qədər bütün əməlləri Nerona əslində, tərbiyə ilə keçməmişdi. Bütün bunlar onun təbiətindəydi...

Romanı kim yandırıb?

Tarixçilər Neronun hakimiyyətdə olduğu illəri əsasən üç dövrə bölürlər. Birinci dövr Aqrippinanın ölümünə qədər zamanı əhatə edir ki, bu illərdə İmperator o qədər nəzərə çarpmır. İkinci dövr təxminən 60-cı illərin ortalarını - daha dəqiqi, Roma yanğınından sonrakı vaxtları əhatə edir. Ümumiyyətlə, 64-cü il iyul ayının 19-da başlayan bu yanğınla bağlı tarixçilərin və salnaməçilərin fikirləri xeyli haçalanır. İndinin özündə də tarixdə həmin yanğını Neronun adıyla bağlayırlar. Guya, bu zırrama Romanı yandırmağı əmr edib, sonra da əlinə kifara alaraq hündür bir yerə çıxıb və başlayıb yanğına baxa-baxa "İliada"dan Troyanın dağılmasını təsvir eləyən parçanı çalıb oxumağa... Yenə Tasitdən oxuyuruq: “Nə insanların köməkləri, nə prinsepsin (yəni, Neronun - İ.Tumas) səxavəti, nə tanrıların mərhəməti yanğının məhz əmr nəticəsində törədilməsi haqqında şayiələrin qarşısını ala bilmədi. Ona görə də, bu şayiənin kökünü kəsmək üçün Neron xalq arasında xristianlar adlanan adamların qırğınına göstəriş verdi. Beləliklə, bu adamlar əvvəlcə yanğın törətdiklərinə görə, sonradan isə bəşəriyyət əleyhinə əməllərin sahibləri ittihamı ilə harada tutuldularsa, öldürüldülər. Özü də onların qətli elə belə adi qətllərdən olmadı. Bu adamlar heyvan dəriləri geyindirilərək itlərə yem edildilər, meydanlara yığılaraq vəhşi şirlərin qabağına verildilər, diri-diri dirəklərə bağlanaraq yandırıldılar. Bu tamaşalarda Neron özü də dəfələrlə iştirak eləmişdi”.

Svetoniy Trankvill də bu hadisələr haqda özünün "12 sezarın həyatı" əsərində yazır: “Dini təriqətin yeni və ziyanlı növü olan xristian sektasının üzvləri edamlarla cəzalandırıldılar”.

Bəli, Neron xristianların qırğınına başlamaqla, əslində, "Apokalipsis"də yazılmış fikirləri bir növ təsdiq eləmiş oldu. Renan yazır ki, bu hadisələrdən sonra Apokalipsisdəki dünyanın sonunun böyük yanğınla, qırğınla başlayacağı barədə yazılanlar bütün Romanı İsanın ruhundan qorxmağa vadar elədi. Neronun bu əməlləri, əsrlərlə davam eləyəcək, barəsində əfsanələr yaranacaq xristian əzabkeşləri haqqında inancların yaranmasına gətirib çıxardı. Renandan yuxarıda iqtibas etdiyimiz "əgər Əhdi-Cədid İsanın kitabıdırsa, Apokalipsis də Neronun kitabıdır. Neron xristianlıq üçün onun banisi qədər əhəmiyyətlidir. Neronun nifrət doğuran obrazı İsanın obrazı ilə sıx bağlıdır" fikrini məhz bu baxımdan anlamaq çətin deyil...

"İblisin övladı" adlandıranda nə olar, əvvələ qayıdaq və yenə bildirək ki, tarixdə bu yanğının Neron tərəfindən törədilməsi məsələsində fikirlər yek deyil. Birincisi, yanğın başlayanda bu bədbəxt heç Romada deyilmiş, ikincisi, xəbəri alan kimi özü şəhərə qayıdır və fəlakətin aradan qaldırılmasına rəhbərlik edir. Üçüncüsü də, onun vəziyyəti rəqiblərini gözdən salmaq üçün Reyxstaqı yandırıb, günahı kommunistlərin üstünə atan Hitlerdən fərqli idi. Belə ki, xristianlar onun üçün heç bir təhlükə mənbəyi deyildilər.

Nə isə, bütün hallarda fakt faktlığında qalır ki, Roma yanır, Neron da xristianlara qan uddurur və adı tarixə "666", yəni şeytan rəqəmiylə düşür. Məsələ bundadı ki, həm yunan, həm də əski ivritdə hərflər özlüklərində rəqəm də ifadə edirlər. Güman olunur ki, əski ivritdə Neron Sezar, yəni NRON KSR - 50+200+6+50+60+2000=666 deməkdi... 

Seneka da belə getdi…

Beləliklə, Roma yanğınından sonrakı illərə, şərtləşdiyimiz kimi, onun hakimiyyətinin üçüncü dövrünə nəzər salaq. Bu illərdə artıq pretorianların başçısı və Neronun ən böyük himayədarı Burr ölmüşdü, onun hökmranlığından ciddi narazılıqlar başlamışdı. Təbii ki, bu narazılığın yaranmasında senat başlıca rol oynadı. Gənc hökmdarın hər nazına dözən senatorlar artıq bu illərdə anladılar ki, Neron hakimiyyətə gələndə onlara verdiyi "səlahiyyətləriniz respublika dövründəkindən də geniş olacaq" vədini yerinə yetirmək fikrində deyil. Qarşıdurma sonunda məşhur dövlət xadimi, natiq Qay Kalpurniy Pizonun təşkilatçılığı ilə İmperatora qarşı sui-qəsdə gətirib çıxarır. Bu sui-qəsddə Neronun yaxınları - Seneka, Petroni də iştirak eləməyə razılıq verirlər. Ancaq qiyamçılar arasında olan casus sui-qəsd planından hökmdarı xəbərdar edir və gecənin birində 20-si senator olmaqla 40 nəfər həbs edilir və edam olunur, Seneka ilə Petroniy isə intihardan başqa çıxış yolu görmürlər.

Tarixçilər yazırlar ki, bu xəyanətdən sonra Neron dövlət işlərindən daha uzaqlaşır, gününü idmanla, şeir yazmaqla, teatrda müxtəlif rollar oynamaqla keçirməyə başlayır. Hətta 67-68-ci illərdə Kaliqula dövründən bəri unudulmuş eyş-işrət məclisləri bərpa olunur, Neronun özünün də iştirakı ilə bəzən günlərlə davam edir. 68-ci ilin martında Qalliya canişini Qay Yuli Vindeks Neronun əyalətlərdə apardığı iqtisadi siyasəti və vergisinə qarşı üsyan qaldırır. Bu üsyana Tarrakon İspaniyasının canişini Servi Qalbu da qoşulur. Dediyimiz kimi, onsuz da Neronun orduda heç vaxt nüfuzu olmamışdı. Axı, döyüşməyən İmperatoru ordu niyə sevsin? Bu azmış kimi artıq onun nə senatda, nə də xalq arasında hörməti qaldığından, qiyamçıların üstünə göndərilən pretorianlar da onların tərəfinə keçirlər. Qalbunun qoşunlarının Romaya yaxınlaşdığını eşidəndə İmpeartorun ətrafında olanlar da ondan üz çevirirlər. Gününü mühafizəsiz sarayda keçirən Neron gecəyarısı oyanır və sarayda özündən, bir də qullarından savayı heç kimi tapmır. Ona isə qladiator, ya da peşəkar əsgər lazımıydı ki, heç olmasa, xəncəri ürəyinə soxsun. Bu vəziyyətindən kövrələn "İblisin övladı" yenə artistliyindən əl çəkmir və deyir: "Nə bir dostum, nə də düşmənim var ki, məni öldürsün".

“Necə böyük bir artist məhv olur!”

Səhərə yaxın çapar senatın qərarını ona gətirir: İmperator xalq düşməni elan edilmişdi və xalq düşməni kimi edam edilməliydi. Ətrafındakılar ona yalvarırlar ki, bu xəcalətli ölümdən qurtulmaq üçün özünü öldürsün. Bundan sonra qanlar tökən, başlar kəsən bu "İblis övladı"nın əsl siması açılır. Svetoninin yazdıqlarına inansaq, Neron qışqırır, ağlayır, hərdən yerə döşənib hansısa tamaşadan rol oynayır, birdən də durub oxumağa başlayır. Sonra əmr edir ki, qəbir qazsınlar, cəsədinin yandırılması üçün çoxlu odun gətirsinlər və deyir: "Necə böyük bir artist məhv olur". Özünü bir müddət də qətiyyətsizlikdə ittiham eləyən Neron, nəhayət, onu diri tutub edam eləməyə gələnlərin səsini eşidib Homerin "İliada"sını xatırlayaraq "bu gələn atların ayaq səsləri, qulağımı deşdi" söyləyir və köməkçinin yardımıyla xəncəri boğazına sancır...

Svetoniy daha sonra yazır: "Senturion içəri girəndə Neron hələ də sağıymış. Əsgər yapıncısını onun yarasına sıxır ki, qanı dayandırsın. Neron deyir: "Daha gecdir… Bax, buna deyərəm, sədaqət!" Onun son sözləri bu olub".

İmperatorun cəsədi onun keçmiş məşuqəsi Aktaya verilir. Cəsədin külü Domisiylər ailəsinin məzarlığında torpağa basdırılır...

Neron haqqında fundamental araşdırmanın müəllifi Maykl Qrant özünün «Neron. Yer cəhənnəminin sahibi» əsərində yazır: «İmperatorlardan fərqli olaraq ellinizmi sevdiyinə və fəlsəfəylə məşğul olduğuna görə yunanlar bu adamı sevir, Parfiya ilə yola getdiyinə görə Şərq ona hörmət edirdi. Böyük Roma yanğınına görəsə xristianlar onu antixrist adlandırırdılar». Tarixin ona münasibəti isə bu gün birmənalıdır: «İblisin övladı». Ona görə də, onun yaxşı xüsusiyyətləri barədə çox az danışılır.

İlham TUMAS