Günə 3 yumurta yesəniz, nə baş verər?



 11:09 17.05.2023     1058

Sağlamlıq və fitnes baxımından, yumurta “yaman şöhrətə” sahibdir.  

Deyilənə görə, kökəlməyə və pis xolesterolun səviyyəsinin yüksəlməsinə səbəb olur.  Bəzilərinin fikrincə, yumurta infarkt riskini artırır. Arıqlamaq istəyənlər, adətən, yumurtanı rasionlarından çıxarırlar.  Görəsən, günə 3 yumurta yesəniz, nə baş verərdi? 

Fərqinə varmadan, yumurtanın faydalarından kəm qala bilirsiniz.  Tək hüceyrənin sağlam cücəyə çevrildiyini təsəvvürünüzə gətirin. Bunun baş verməsi üçün yumurtanın həyati əhəmiyyətli qidalarla zəngin olması lazımdır. 

Yumurtada kalori, protein, sağlam yağlar, fol turşusu, kalsium,  sink, fosfor, selen, A, B5, B12, B2, D, E, K, B6 vitaminləri var. Bəli, bütün bunlar yumurtadadır və  yumurta aptekdən aldığınız vitaminlərdən, qida əlavələrindən daha ucuzdur.  Yumurta sarısının yüksək miqdarda xolesterola malik olduğunu çox eşitmisiniz. Bəs, bilirdinizmi ki, xolesterol tamamilə ziyanlı deyil? 
    Gündəlik tibbi xəbərləri dərc edən bir saytda yazılıb ki, xolesterol orqanizmin hər bir hüceyrəsində ola bilər. Bu yağabənzər maddə həzm zamanı və D vitamini istehsalında önəmli rol oynayır. Bundan əlavə, testosteron, estrogen, kortizol kimi steroid hormonlarının ifrazına da kömək edir.  Xolesterolun 2 növü var: aşağı sıxlıqlı lipoproteinlər-LDL, daha sadə dillə desək, “pis xolesterol”,  yüksək sıxlıqlı lipoproteinlər-HDL,  digər adıyla, “yaxşı xolesterol”. Amerikan Ürək Dərnəyi (American Heart Association)  bu iki növ arasındakı fərqi açıqlayıb. LDL, yəni, “pis xolesterol” damarlarda yağların yığılmasına, ardınca, damar tıxanıqlığına səbəb olur. Bu da, öz növbəsində, infarkt, iflic və bir çox damar xəstəliklərinə tutulma riskini artırır.  HDL, yəni, “yaxşı xolesterol” isə “pis xolesterol”u damar divarlarından qoparır, qaraciyərə aparır, orda parçalayır, tamamilə yox edir. Düzdür, Amerikan Ürək Dərnəyi prosesi bu qədər sadə dillə izah etməmişdi, amma mən istədim ki, məsələni sizə aydın şəkildə anladım.  Dolayısı ilə, orqanizmdə HDL nə qədər çox, LDL nə qədər az olsa, o qədər yaxşıdır. 
    Bəs, yumurtadakı xolesterol hansındandır? Cavab nə HDL, nə də LDL-dir.  Yumurtada Omega-3 yağ turşuları  və pəhriz xolesterolu var.  Omega-3 yağ turşuları   sağlam yağlardır. Avstraliya Beynəlxalq Ürək Vəqfi (Heart Foundation of Australia) Omega-3 yağ turşularının ürəyin döyünmə sürətini və ritmini  azalda bildiyini, laxtalanma riskini və qan təzyiqini azaltdığını,  qan damarlarının funksiyalarını yaxşılaşdırdığını, koronar arteriyalarda tıxanıqlığın əmələ gəlməsini gecikdirdiyini açıqlayıb. 
    Pəhriz xolesteroluna gələk. Yumurtanın ürək xəstəlikləri riskini artırmadığı bir çox araşdırmalar  vasitəsilə müəyyən edilib. Yəni, yumurtadakı xolesterol insan orqanizminə zərərli deyil.
    Yumurtanın faydaları  bunlardır: 
İnsanı tox saxlayır və arıqlamağa kömək edir.  Toxluq yaradan qidaların əsas xüsusiyyətlərindən biri, proteinlə zəngin olmalarıdır. Orta ölçülü yumurta, təxminən 6  qr yüksək keyfiyyətli proteinə malikdir. Bu da o deməkdir ki, yumurta yedikdən bir neçə saat sonra daha az yemək yeyərsiniz.  Dolayısı ilə, toxluq hiss edərsiniz, yeməyinizin miqdarı azalar, arıqlayarsınız.  Bir araşdırma nəticəsində məlum olub ki, arıqlamaq üçün səhər süfrəsində un məmulatları əvəzinə yumurta yemək daha faydalıdır. 
Görmə qabiliyyətini yaxşılaşdırır.  Yumurta sarısı yaşla əlaqədar olan makulodistrofiya və katarakta riskini azaltmağa kömək edən luteinə sahibdir. Bundan əlavə, gözləri günəşdən gələn zərərli ultrabənövşəyi şüalardan qoruyan  zeaksantin ilə də zəngindir.  Yumurtadakı Omega-3 yağ turşuları retinaların xəsarət alma riskini aşağı salır. Yumurta korneanı qoruyan A vitamini ilə, retinanın sağlamlığını dəstəkləyən və gecələr daha yaxşı görməyə kömək edən sink ilə də zəngindir. 
Sümüklərin sağlamlığına xidmət edir. Cənubi Koreyadakı Hanseo Universitetində aparılan bir araşdırma yumurta sarısının sümük metabolizmasını inkişaf etdirdiyini və osteoporoz riskini aşağı saldığını isbat edib. Yumurtada sümükləri qoruyan D vitamini, sağlamlığını təmin edən fosfor,  sıxlığını artıran kalsium da var. 
Dəmir çatışmazlığının qarşısını alır. Dəmir çatışmazlığının orqanizmə təsiri nədir? Əvvəlcə, bu suala cavab verim. Dəmir səviyyəsinin azalması qırmızı qan hüceyrələrinin də azalmasına yol açır. Orqanizmdə oksigeni daşıyan qırmızı qan hüceyrələrinin bir parçası olan hemoqlobinin istehsalı üçün dəmir çox vacibdir. Bəs, orqnizmdə lazımi qədər dəmir olması necə təmin edilir? Cavab sadədir: Yumurta sayəsində! Bəli, yumurta dəmir mənbəyidir. 
Körpələrdə və döldə beyinin inkişafına kömək edir. Yumurta, təkcə, yetkin insanlara deyil, körpələrə də, hətta ana bətnindəki dölə də faydalıdır. Yumurtadakı kolin (xolin)  dölün beyninin inkişafını təmin edir.  Yumurta sarısı hamilə qadınların doğumla bağlı problemlərini də aradan qaldırmağa kömək edir. B vitamini ananın onurğa iliyi,  bətndəki körpənin isə sinir hüceyrələrinin inkişafı üçün vacibdir.  Aparılan bir araşdırmada yumurtanın döş xərçəngini önləmək qabiliyyəti olduğu da aşkarlanıb.  

Yumurtaya deyil, onunla paralel yediyimiz qidalara, xüsusən, doymuş və trans yağlarla zəngin qidalara diqqət etməliyik. Sosiska, kolbasa və bu kimi məhsulları misal çəkmək olar. Avstraliya Beynəlxalq Ürək Vəqfi (Heart Foundation of Australia) tövsiyə edir ki, yumurtanı sağlam seçimlərlə birləşdirin. 
Amma faydalılıq dərəcəsi bütün yumurtalarda eyni deyil. “Healthline” saytında qeyd  edilib ki, 4 növ yumurta var. Bu növlərə ayırma toyuqların saxlanıldığı yerə və yedikləri yemə  əsaslanır. 
Adi yumurtalar. Toyuqlar taxılla qidalanır və yumurtaları supermarketlərdə tapılır; 
Təbii yumurtalar. Toyuqlara hər hansı  kimyəvi maddə vurulmaz; 
Kənd yumurtası. Toyuqlar sərbəst şəkildə gəzir, özləri tapdıqları bitki və həşəratlarla qidalanırlar; 
Omega-3 ilə zənginləşdirilmiş yumurtalar. Toyuqların yeminə Omega-3 mənbəyi olan kətan toxumu qarışdırılır; 

Siz bunlardan hansına üstünlük verərdiniz? Cavabı rəylərdə yazın. Cavabınız yoxdursa, “ən az sağlam”  dərəcəsi ilə sıralamağınıza  kömək edərəm: 
-Adi yumurtalar; 
-Təbii yumurtalar; 
-Omega-3 ilə zənginləşdirilmiş yumurtalar;
-Kənd yumurtası; 
Razılaşıram ki, ən faydalı olanı-kənd yumurtasını tapmaq o qədər də asan deyil.  Bundan əlavə, yumurtanın bişirilmə qaydası da önəmlidir. ABŞ Kənd Təsərrüfatı Nazirliyi (US Department of Agriculture-USDA) yumurtanı suda və sobada bişirməyin qayğanaqdan daha faydalı olduğunu deyir.  Yumurta sarısının bişərkən dağılmaması olduqca önəmlidir. 
Bir mübahisə də, qırmızı və ya ağ yumurta barədədir. Əslində, rəngin heç bir önəmi yoxdu. ABŞ Kənd Təsərrüfatı Nazirliyinə  (US Department of Agriculture-USDA) görə, hər ikisi eyni qida dəyərinə malikdir. 
Keçək, günün sualına: Günə 3 yumurta yesəniz, nə baş verər?  Konnektikut Universitetində (University of Connecticut) aparılan bir araşdırmada gün ərzində 3 yumurta yeyən bir insanın orqanizmində, yumurta əvəzinə başqa nəsə yeyən bir insana nisbətən “yaxşı xolesterol” səviyyəsində yüksəlmə müşahidə edilib. Paralel olaraq, “pis xolesterol” səviyyəsi izə azalıb.  Birləşmiş Krallığın Milli Səhiyyə Xidməti (National Health Service)  isə deyir ki, yumurta yeməyin həddi yoxdur. Yəni, yeyə bildiyiniz qədər yeyin. 
Digər tərəfdən, “Amerikan klinik qidalanma dərgisi” ( “The American Journal of Clinic Nutrition”) tövsiyə edir ki, həftədə, ən çoxu, 12 yumurta yemək olar. Avstraliya Beynəlxalq Ürək Vəqfi (Heart Foundation of Australia) bu göstəricini həftədə 6-7 yumurta ilə məhdudlaşdırır. 
Əslində, sayın önəmi yoxdur. Əsas odur ki, yumurta yemək faydalıdır və bunu dünya miqyaslı tibbi təşkilatlar, səhiyyə qurumları deyir. 

Bahadur Seyidov / Demedia.az