İRAN DEMANA NİYƏ HÜCUM ETMİŞDİ?



 15:30 17.05.2023     359

1948-ci ilin soyuq oktyabr ayında Azərbaycan Sovet Sosialist Respublikasının ərazisindən Sovetlər Birliyinin sərhəddi pozuldu. İranın Xoy briqadası gözlənilmədən Dövlət sərhəddini keçərək neytral əraziyə və Azərbaycanın sərhədyanı kəndinə tərəf irəliləməyə səy göstərdi. Üç gün davam eləyən döyüşlər nəticəsində qarşı tərəf böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Ertəsi gün Moskvadan təşrif buyuran SSRİ-nin yüksək rütbəli məmuru son hadisələrlə bağlı Stalinin mövqeyini yerli əhaliyə və sərhədçilərə çatdırdı: «Torpaq anadır, ananı isə heç kimə vermək olmaz!» Stalinin «ana» deyib qonşu İrana güzəştə getmək istəmədiyi bu torpaq Azərbaycan torpağı, Azərbaycanın Yardımlı rayonu ərazisindəki Deman kəndiydi…

Teomanın yurdu

Azərbaycan Respublikasının Deman kəndi. Coğrafi koordinatları: en dairəsi – 38-52-40 – N, uzunluq dairəsi – 48-2-27-E; Dəniz səviyyəsindən 1527 metr hündürlükdə yerləşir. Yardımlının rayon mərkəzindən məsafəsi – 25 kilometr. Coğrafi ədəbiyyatlarda daha çox «Deman düzü», «Deman yaylası» kimi tanınır.

«Deman» toponiminin haradan qaynaqlandığı barədə müxtəlif fərziyyələr var. Xalq arasında bu söz əsasən «dəmyə yerlər», «suvarılmayan əkin sahələri» kimi yozulur. Ancaq bu fikir təbii ki, yanlışdır. Əslində, «Deman» toponimi daha qədim tarixdən bizə miras qalmış bir sözdür. Tarixçilər və dilçilər «Deman» sözünün ən qədim toponimlərdən biri olmaqla Hun xaqanı məşhur sərkərdə Metenin babası Teomanın adı ilə bağlı olduğunu bildirirlər. Bəzi mənbələrdə «Teoman» sözünun «Duman» kimi işləndiyini də nəzərə alsaq, bu fikrin həqiqətə daha yaxın olduğunu qəbul eləməliyik. Mənbələrin yazdığına görə, Göytürk dövlətinin qurucusu, Orxon kitabələrində adı çəkilən Bumın Kağanın da bir adı «Teumen» olub. Bir sıra tədqiqatçılar hətta Rusiya ərazisindəki Tümen şəhərinin adının da qədimdə «Teumen» olaraq işlədildiyi qənaətindədirlər.

III Aleksandrdan alınan torpaq

El arasında «Hacı Hüseyn yeri» kimi adlandırılan indiki Deman kəndinin ərazisi 19-cu əsrdə bu yerlərdə böyük nüfuz sahibi olan Hacı Hüseyn adlı şəxs tərəfindən alınıb. Maraqlıdır ki, həmin olaylarda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin də adı keçir. Əslən Deman kəndindən olan ağsaqqal müəllim Şahbaz Hüseynov danışır ki, Tağıyevlə siğə qardaşı olan babası Hacı Hüseyn məşhur milyonçunun vasitəçiliyi ilə Deman ərazisini Çar III Aleksandrdan 7 min qızıl pula alıb.

Demanın sadəcə bir coğrafi məkan olmadığı onun tarixindən, adından bəlli olur. Hətta əhali arasında geniş yayılmış rəvayətə görə, Şah İsmayıl Xətai baba yurdu Ərdəbildən bu yaylaqlara tez-tez gələr, orucluqda isə iftarını Demandakı Gözə bulağının suyu ilə açarmış. Həqiqətən, bu yerlər bütöv Azərbaycan üçün həmişə böyük önəm kəsb eləyən mənəvi məskənlərdən biridir. Ərdəbilin 20-25 kilometrliyində yerləşən Deman yaylasından müqəddəs Savalan dağını da rahat seyr eləmək mümkündür. Əlbəttə, əgər Savalan özünü göstərmək istəyirsə…

Bolşeviklərin köçürmə siyasəti

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra cəmiyyətin bütün sahələrində aparılan sovetləşdirmə, ardından kollektiv təsərrüfata keçmə siyasəti digər yerlərdə olduğu kimi burada da özünü bütün mərhələlərdə büruzə verib. Əvvəlcə Vərgədüz dairəsi kimi Lənkəran qəzasının tərkibində, sonradan müstəqil rayon olaraq Yardımlıda baş verən olaylar Deman kəndindən də yan ötməyib. Bu olaylar əsasən 30-cu illərdəki qaçaq hərəkatı, bolşeviklərin antisovet elementlər, həmçinin qolçomaqlarla mübarizə adı altında apardığı repressiyalar və bu repressiyaların fonunda İranla həmsərhəd kəndlərin köçürülməsini özündə ehtiva edir.

Hələ 1935-ci ilin dekabrında Mircəfər Bağırov Stalinə ünvanladığı məxfi məktubunda bir il ərzində 752 nəfərin daxil olduğu 78 əksinqilabi qrupun ləğv edildiyini yazaraq İranla sərhəd rayonlardan 700 ailənin SSRİ-nin ucqar rayonlarına, 300 ailənin isə Azərbaycanın başqa rayonlarına köçürülməsinə icazə verməsini xahiş etmişdi. Birinci katib bu adamları əksinqilabçı, üsyançı, molla adlandırırdı. Onun bu xahişi yerinə yetirilir. Artıq 1936-cı il fevral ayının 15-də SSRİ Xalq Komissarları Soveti Vərgədüz və Astara rayonlarındakı sərhəd zolağından 250 təsərrüfatın köçürülməsi barədə qərar layihəsi işləyib hazırlamışdı. Qərar 1936-cı ilin oktyabrında həyata keçirilir…

Azərbaycan Kommunist Bolşeviklər Partiyasının 1937-ci il iyunun 3-6-da keçirilən XIII qurultayında Mircəfər Bağırovun etdiyi məruzədə antisovet elementlərin güclü olduğu rayonlar sırasında o illərdə Vərgədüz adlanan Yardımlının da adı vurğulanırdı. Tarixçi professor Musa Qasımlının arxiv sənədləri əsasında sərhədyanı kəndlərin köçürülməsiylə bağlı apardığı araşdırmadan oxuyuruq: «Azərbaycan Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsi 1937-ci il 1 avqust tarixli 14/2 saylı qərarı ilə sərhəd zolağının 500 metrliyində yerləşən yaşayış məntəqələrinin köçürülməsi məsələsinə baxmağı Xalq Komissarlar Sovetinə tövsiyə etdi».

Təbii ki, bu tədbirlər sərhədin qorunmasının çətinliyi ilə əlaqələndirilirdi. Bu işə cəlb olunan Dövlət Sərhəd İdarəsinin məlumatına əsasən Astara və Vərgədüzdə 12 belə kənd varmış. Dövlət Sərhəd İdarəsinin siyahısında sərhəddən 40 metrlikdə yerləşən Perembel Sovetliyindəki Deman kəndinin də adı keçir… Göründüyü kimi, Deman kəndinin köçürülməsiylə bağlı məsələlər hələ 30-cu illərdən bolşeviklərin diqqətindəymiş.

Ancaq buna baxmayaraq böyük Deman əhalisinin zorla doğma yurd-yuvalarından deportasiya olunmasına, kəndin isə tamamilə yerlə-yeksan edilməsinə qədər burada yerli sakinlərin əllərinin zəhmətiylə təsərrüfat qurulacaq, Deman kolxozu milyonçu təsərrüfat kimi ad-san qazanacaqdı…

Demana İrandan hücum

Tarix isə əksər hallarda Demanın və demanlıların üzünə gülməyib. Bəlkə də o vaxtı heç kəs bilmirdi ki, onların yurd-yuvalarından sürgün olunmalarına 5 ildən də az bir müddət qalıb. Beləliklə, zaman 1948-ci il. İkinci Dünya Müharibəsindən sonra mövqelərini gücləndirən Sovetlər Birliyinin İrana və Türkiyəyə qarşı irəli sürdüyü ərazi, həmçinin bir sıra iqtisadi xarakterli tələblər İngiltərə və Amerika Birləşmiş Ştatlarını narahat eləyir. Hələ bir il əvvəl - 1947-ci ilin aprel ayında Trümen doktrinasıyla Amerika Birləşmiş Ştatları Yaxın və Orta Şərqi özünün ən vacib siyasi maraq dairəsinə daxil olduğunu elan eləmiş, soyuq müharibə başlamışdı. Bu olaylardan bir il sonra 1948-ci ilin oktyabrında Sovetlər Birliyində böyük əks-sədaya səbəb olan, ancaq həmişə məxfilik qrifi altında gizlədilən bir hadisə baş verdi: SSRİ-nin Dövlət Sərhəddi İran tərəfindən pozuldu! Həmin hadisələrin iştirakçısı olmuş fəxri sərhədçi Şahbaz Hüseynov xatırlayır ki, üç gün davam eləyən döyüşdən sonra İran tərəf böyük itkilər verir və geri çəkilməyə məcbur olur. Sovet tərəfi sərhəddə iri xəndəklər qazıb, ölən İran əsgərlərinin hamısını bu xəndəklərdə dəfn edir. 

Maraqlıdı, görəsən, İkinci Cahan Savaşından qalib çıxmış bir ölkənin sərhəddi hansı məqsədlə və hansı siyasi niyyətlə pozulmuşdu. Təəsüf ki, bu sualın cavabı tarixin və diplomatiyanın qaranlıq səhifələrində gizlənib. Ancaq İranın nəyə görə məhz Deman istiqamətindən Sovet sərhəddini pozmasıyla bağlı səslənən fikirlərdən bir nəticə hasil olur: bu yerlər çox-çox qədimlərdən mühüm ticarət yollarının kəsişməsi olub.

Beləliklə, İran tərəfinin bu əraziyə sahiblənmək, bu mühüm karvan yoluna nəzarəti əlinə keçirmək niyyəti baş tutmur. Baş vermiş olayla bağlı təbii ki, Kreml elə həmin gün xəbərdar edilir və sonralar SSRİ-nin xarici İşlər Naziri, ardından Ali Sovetin Rəyasət Heyətinin sədri işləmiş Andrey Qromıko hadisə yerinə – Deman kəndinə təşrif buyurur…

Xruşşovun torpaqla alveri

…Ümumiyyətlə, bu hadisə olmasaydı belə, sirr deyil ki, İkinci Dünya Müharibəsindən sonra SSRİ özünün Yaxın Şərq siyasəti fonunda Türkiyə, xüsusən İranla münasibətlərinə, bu münasibətlər sırasında isə sərhəd məsələsinə yenidən baxmalı oldu. Cahan Savaşından qalib çıxmasına, Avropanın bir  sıra dövlətlərində sosializm rejiminin qurulmasına baxmayaraq, 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Sovetlər Birliyi Qərb meylinin daxildə yayıla biləcəyinə çox həssas yanaşırdı. 

Nikita Xruşşevin hakimiyyətə gəlməsiylə isə yalnız SSRİ daxilində deyil, ümumən xarici siyasətdə də müəyyən yumşalmalar baş verdi. Xruşşevin hakimiyyətinin ilk illərində Amerikanın, İngiltərənin maraq dairəsinə daxil olan məsələlərə kifayət qədər yumşaq yanaşmağa, kompromis variantlar tapmağa cəhd etdiyi hiss edilirdi. Beləcə, Xruşşev hakimiyyətə gələndən sonra Demanın ərazisindən min hektarlarla ərazi kəsilib İrana verilir, kəndin sakinləri deportasiya edilir. Ancaq Demanla bağlı SSRİ rəhbərinin verdiyi qərarı heç də tamamilə bu yumşalmanın, yəni Sovetlər Birliyinin müəyyən əraziləri İrana güzəştə getməyi kimi anlamaq da düzgün deyil. Əslində, Sovet İttifaqı rəhbərliyinin ilk baxışdan təhlükəsizlik tədbiri kimi təsir bağışlayan bu qərarı daha çox özünün amansızlığı, köçürülən insanlara xüsusi qəddar münasibətiylə diqqəti cəlb eləyir. Yardımlının bu dağ kəndlərində yaşayan insanları minillik dədə-baba torpaqlarından qoparıb isti Aran rayonuna – keçmiş Əlibayramlıya köçürürlər. 

Demanlıların ərdəmlik duyğusu

Beləcə, həm doğma yurdlarını məcburi tərk eləmənin, həm də ruhlarına, xarakter və təbiətlərinə, yaşayış tərzlərinə uyğun olmayan yeni yerin əzablarından yoğrulmuş üzücü sürgün həyatı başladı. Qədim bir yurd yeri, Azərbaycanın mənəviyyat, ruhaniyyat mərkəzlərindən biri boşaldıldı, buranın insanları dədə-baba torpaqlarından qoparılıb sürgün edildi. Ancaq nə repressiyalar, nə də zorən deportasiya demanlıların minillərdən üzübəri süzülüb gələn ərdəmlik duyğularını öldürə bilmədi. Bu dəhşətli olaylardan az bir müddət sonra demanlılar məhz minilliyin ərdəmlik duyğusu ilə yenidən bu torpaqlara üz tutdular, iki-bir, üç-bir ata yurdlarına qayıtmağa başladılar.

Deyirlər, tarix yaşanmış keçmiş, gələcək isə hələ yaşanmayan tarixdir. Biz Azərbaycanın böyük faciələrlə, çəkilməz ağrılarla üz-üzə qalmış yurd yerlərindən birinin yaşanmış keçmişinə, deməli tarixinə nəzər saldıq. Mən bütün ağrılara, acılara baxmayaraq, Demanın başına açılan olaylardan danışan ağsaqqallın da, digər müsahiblərimin də dilindən yalnız gələcəyə ümidli, vətənimizin, dövlətimizin sabahına inam ifadə eləyən kəlmələr eşitdim. Deməli, hələ heç nə itirilməyib, deməli Deman kimi onlarla, yüzlərlə yurd yerlərimiz zaman-zaman nə qədər boşaldılsa da, buralar heç zaman unudulmayıb. Çünki olmuşuq, varıq və olacağıq! Bu varlıq isə Azərbaycan torpağının hər qarışının varlığı, yaşamı deməkdir. Bu torpağın bir parçası olan Deman kimi!

İlham TUMAS