SU PƏRİLƏRİ - MİF, YOXSA REALLIQ?



 14:50 18.05.2023     596

Əslində, məlum mövzuya kompleks halda yanaşmaq və problemi məhz bu istiqamətdə araşdırmaq daha düzgündür. Çünki ayrı-ayrı epizodlardan ibarət bu olaylar toplusu bir-birindən nə qədər fərqli olsalar da, sonunda yenə neçə əsrlər boyu bəşəriyyəti düşündürən konkret bir məsələyə - anomal hadisələrə gətirib çıxarır. Məsələn, insanların tarix boyu güclü, həm də ağıllı olmaq istəkləri onların təsəvvürlərində yarıat, yarıinsan olan kentavr obrazını yaratmışdısa, yer üzündə olduğu kimi su altında da yaşaya bilmək, balıqlar misalı üzmək arzuları insanlarda niyə olmasın və belə bir məxluq barədə xəyallara nədən dalmasınlar ki? Bu dəfə dənizdə, göldə, çaylarda, hətta quyuda və bataqlıqda belə özlərinə məskən salmış uzun saçlı, yarı qadın, yarı balıq olan su pərilərindən bəhs edəcəyik.

Metro çıxışında peygəmbər əksi

Bir neçə il əvvəl xəbər saytlarının birində Neftçalada balıqçıların toruna su pərisi düşməsi haqqında informasiya yayıldı. Belə mövzulara həmişə “qarınqululuqla” yanaşan Azərbaycan insanları (insaf naminə deyək ki, bu “qarınqululuq” təkcə bizə aid deyil, bütün bəşər övladlarına xasdır – İ.Tumas) həmin xəbəri gözlərinə təpdilər. Çünki bu məsələdə bizimkilər bəzən o qədər qabağa gedirlər ki, bundan betərini düşünmək çətindir. Yadınızdadırsa, bir neçə il əvvəl Metropolitenin “Neftçilər” stansiyasının çıxışında hansı zırramasa yerdəki qranit lövhələrin birinin üstündə, əstəğfürüllah, Məhəmməd peyğəmbərin əksini gördüyünü demişdi. Bilirsinizmi, nə baş verdi?! Stansiyanın həmin çıxışında bir neçə saat əməlli-başlı adam tıxacı yarandı. Şəkli gəlib öpən kim, “Allahın kəramətinə qurban olum”, yaxud “ermənilər eləyib” deyən kim, “peyğəmbərimizin surətini ayaq altına salıb, İslamı təhqir edirlər” iddiasında bulunan kim... Bizim dostlardan biri də o “şəkli” telefonunun yaddaşına köçürmüşdü. Qranit daşın ağ və qara hissələri sadəcə, saqqalı kişiyə oxşar şəkilfason bir şey yaratmışdı, vəssəlam. Camaatın əməlli-başlı ağıldan çıxdığını və olayın həqiqətən, ictimai asayişi pozacaq qədər geniş vüsət aldığını görən polislər axırı məcbur olub o qranit lövhəni “kraskaladılar”. Beləcə, “kəramət” sona yetdi. Yəni, qısası, sadə dillə desək, insanlar görmək istədiklərini bu qranit lövhədə görmüşdülər.

O qədər də qısa olmayan proqram xarakterli bu girişdən sonra yaxşısı budur araşdırmamızın əsl qəhrəmanına – su pərilərinə keçək, sonra yenə məlum mətləbin üstünə qayıdarıq.

Dərisi hamar və soyuq, gözləri yaşıl

Bir sıra mifoloji məxluqlar kimi su pəriləri haqqında da daha bol məlumata yunanların miflərində rast gəlirik. Qədim yunanların inancına görə, suda boğulmuş, yaxud suçlu qadınların ruhları ya su pərilərinə, ya da nimfalara çevrilir. Ortaboylu, uzun saçlı bu məxluqların dərisi hamar və soyuq, gözləri yaşıl, ya da qırmızı olur. Buna baxmayaraq, çox maraqlıdır ki, müxtəlif xalqların mifologiyasında su pəriləri fərqli təsvir olunurlar. Məsələn, slavyan mifologiyasına görə, su pəriləri bizim təsəvvürümüzdə olan gözəl pərilər deyil, qoca ifritələr kimi də zühur eləyə bilərlər. Belə su pəriləri qorxuludurlar, insanlara nifrət edirlər, bizim təbirimizcə desək, qulyabanının bir tayıdırlar. Onlar dənizçiləri simalarına uyğun olmayan xoş səslərlə yollarından azdıra bilirlər. Amma bütün fərqliliklərə baxmayaraq, qədim zamanlardan üzübəri su pərilərini gördüklərini iddia eləyən çoxsaylı şahidlərin təsvirlərinə əsaslanan tədqiqatçılar ümumi ölçüləri və xüsusiyyətləri tapa biliblər. XVII əsrdə yaşamış alman təbiətşünası İohan Yonetonus özünün “Balıqların və balinaların təbii tarixi” adlı əsərində yazır ki, bütün böyük su pərilərinin çəkisi insanın çəkisindən az olur: “Buna baxmayaraq şahidlərin ifadələrinin analizi göstərir ki, “dəniz adamları” müxtəlif boyda – 3-4 yaşlı körpənin boyundan tutmuş 2 metrə qədər olurlar. Ancaq dənizçilər və balıqçılar əsasən 150-170 sm rəqəminin üstündə dayanırlar”.

Yonetus daha sonra iddia edir ki, su pərilərinin qidası yosun və müxtəlif dəniz ilbizləri, xırda balıqlar ola bilər. Məsələn, su pərilərinin qədim təsvirlərinin bir çoxunda onlar əllərində balıq olaraq təsvir edilirlər. Yonetus o dövrdə balıqlar haqqında ona məlum olan informasiyalara, həmçinin söyləmələrə əsaslanaraq su pərilərinin eynən insanlar kimi doğub törədiyini bildirirdi. Alim bu məsələdə daha çox su pərilərinin kişilərə olan münasibətlərinə, onlarla nikaha girən dənizçilər, balıqçılar haqqında rəvayətlərə istinad edirdi. Həqiqətən, yunanların, irlandların, şotlandların, german və slavyan tayfalarının etnoslarında, rəvayətlərində su pəriləri ilə insanların nikahından doğulan uşaqlar barədə çox danışılır. Bu uşaqlardan bəziləri eynən su pəriləri kimi qurşaqdan yuxarı insan, qurşaqdan aşağı balıq bədənində doğularaq suda yaşayıblar, bir qismi isə normal insan kimi məşhur sülalələrin əsasını qoyublar. Bunlarla belə, maraqlıdır ki, təbiətşünas su pərilərinin eynən balıqlar kimi onurğasız olduqlarını da iddia edirdi.

İngiltərədən Neftçalayadək...

“Azərbaycanın ucqar dağ kəndində yerli sakinlər ev heyvanlarına hücum eləyən qəribə məxluqla rastlaşıblar. Bu məxluq insana oxşayırmış və bədəni başdan-ayağa tüklə örtülübmüş...”. Yəqin ki, bu məlumatı haradansa, nə vaxtsa mütləq oxumusunuz. İndi mətbuatdan götürdüyümüz başqa bir informasiyaya nəzər salaq: “2004-cü ilin mart ayında Xəzər dənizində azərbaycanlı dənizçilər suda yarıbalıq, yarıinsan qəribə bir məxluq görüblər. Onun baş hissəsində yaşıl saçı varmış, bədəninin uzunluğu 1 metr 60 sm olarmış”.

Bu tipli informasiyalardan çox nümunələr gətirə bilərik. XVII əsrdə yaşamış məşhur ingilis səyyahı Henri Qudzondan tutmuş yuxarıda xatırlatdığımız və guya ölü halda Neftçala balıqçılarının toruna düşən, sonra da yalan çıxan su pərisi haqda məlumatlara qədər. Ancaq faktları sadalamaqdansa, konkretlik naminə belə ağız söhbətlərindən yayınıb digər mühüm məqam üzərində diqqətimizi cəmləşdirək və su pəriləri haqqında müasir dünyada formalaşmış bir neçə mühüm istiqaməti şərh edək.

Bütün anomal hadisələr və anomal varlıqlara münasibətdə olduğu kimi su pəriləri ilə bağlı da əsasən 3 nəzəriyyə mövcuddur.

Nəzəriyyələr nə deyir?

Birinci nəzəriyyəyə görə su pəriləri XIX əsrin ortalarına qədər yaşayıblar. Əsasən müasir zooloqlar və təbiətşünasların bir qismi tərəfindən irəli sürülən bu nəzəriyyəyə görə, bizdən çox da uzaq olmayan keçmişdə, hətta ola bilər ki, bizim zamanımızda yarıinsan, yarıbalıq formasında olan varlıqların yaşadığı sualtı sivilizasiya mövcud olub, hətta mövcuddur. Amerika zooloqu Karl Banze su pəriləri haqqında əlində olan materialları analiz elədikdən sonra 1990-cı ildə yazdığı “Su pəriləri biologiyasının əsasları” adlı əsərində iddia edir ki, Aristotel tərəfindən təsviri verilən su pəriləri əsrlər sonra da müxtəlif insanlar tərəfindən təsvir ediliblər: “Tipik su pəriləri binokulyar görmə qabiliyyətinə malikdirlər. Yəni, onların hər iki gözü bir istiqamətdə baxır. Bütün təsvirlərdə su pərilərinin danışan böyük başları təsvir edilib. Deməli, onların həm də inkişaf eləmiş beyinləri var”. Beləliklə, bu nəzəriyyəyə görə, paralel dünyalar mövcuddur, su pəriləri də Qar adamı, qulyabanılar və digər bu misallı məxluqlar kimi həmin dünyaların birində yaşayırlar. Ikinci nəzəriyyə də akademik elmin prinsiplərindən xeyli fərqlənir və yer üzündə həyatın ilahi başlanğıca malik olduğu fikrini müdafiə edir. Bu nəzəriyyəyə görə, bəşəriyyət təkamülü proqres deyil, reqressiyaya məruz qalıb. Yəni, nə vaxtsa bizim planetdə müxtəlif irqlərə və tiplərə məxsus insanlar yaşayıblar. Bunlar insan–heyvanlar, insanlar və ali insanlar olublar. Bu nəzəriyyəyə görə, barəsində danışdığımız su pəriləri də insan–heyvanlar tipinə aiddir. İngilis tədqiqatçıları Maykl Kremo və Riçard Tompson “Bəşəriyyətin naməlum tarixi” kitabında təxminən bu fikri müdafiə edirlər. Müəlliflər yazırlar ki, bu gün müxtəlif xalqların miflərində, əsatirlərində təsvir olunan mifoloji varlıqlar nə vaxtsa yaşayıblar, sadəcə bir sıra qlobal təbii fəlakətlər zamanı tələf olublar. Həqiqətən, ağlabatan fikirdir. Məsələn, Peruda tapılmış Mazma mədəniyyəti nümunələrində bu yerlərdə heç vaxt görünməyən heyvanların – fillərin, şirlərin, dəvələrin təsvirləri tapılıb. Bu mədəniyyəti üzərində yaşatmış qayalıqlarda Qafqaz, Misir və zənci tipinə aid insanların üz cizgiləri də yer alıb. Bu kimi faktları nəzərə alanda belə fərz eləmək olar ki, su pəriləri də nə vaxtsa yaşayıblar, ancaq sonradan müəyyən qlobal təbii kataklizmlər nəticəsində məhv olublar. Yeri gəlmişkən qeyd edək ki, bu nəzəriyyənin tərəfdarları sadaladığımız faktlardan, yəni heyvanat aləminin xeyli “nüsxələrinin” təbii fəlakətlər nəticəsində məhv olması kimi elmi dəlillərdən bolluca faydalana bilirlər. 

Üçüncü nəzəriyyə daha çox elmliyi və anomal hadisələrə son dərəcə skeptik yanaşması ilə fərqlənir. Nəzəriyyə tərəfdarlarına görə, əslində elmin izah eləyə bilmədiyi və yalnız ayrı-ayrı insanların “şahidliyi” əsasında formalaşmış bu cür olaylar ya daxili, ya da xarici amillərin təsiriylə deformasiyaya uğramış insan təxəyyülünün məhsuludur. Ümumiyyətlə, su pərilərinin, əjdahaların elmi baxımdan öyrənilməsi tarixən mifologiya və zoologiya arasında özünə yer eləmiş elm sahəsinə aid olub. Ancaq tədqiqatçılar bunu yanlış hesab edirlər və haqlı olaraq məsələyə həkimlərin, fiziklərin, həmçinin psixoterapevtlərin də qarışmasının vacibliyinə diqqəti çəkirlər. Məsələn, 1981-ci ildə Kanada alimləri Len və Şreder orta əsrlərin Skandinaviya əlyazmalarında su pərisi barədə şahidlərin ifadələri əsasında hazırlanmış mətnləri analiz edərək belə nəticəyə gəlmişdilər ki, su pərisi gördüklərini iddia eləyənlər sadəcə, dəniz heyvanlarının atmosferdə işıq sınması nəticəsində təhrif olunmuş təsvirlərini görüblər. Digər bir alim psixoterapevt Linda Karter-Eykin fikrincəsə, okean, dəniz insanların şüuraltına təsir göstərir və su pərisi obrazının yaranmasına gətirib çıxarır. Onu da xatırladaq ki, alimlər uzunmüddətli səfərlərdə, müasir Robinzon demiş, “yenə dəniz” görməkdən zinhara gələn dənizçilərin hansısa dəniz heyvanını qadın obrazında görə biləcəklərini də mümkün sayırlar...

Lap qəşəng su pəriləri kimi

Tənbəllikdən deyil, bu barədə hamının eşitdiyini təkrar eləməkdən qoxduğum üçün ayrı-ayrı olaylara, hadisələrə təzədən qayıtmağın yeri yoxdur. Hə, bir kişi göldə çiməndə su pərisiylə üz-üzə gəlir, qorxudan çılın-çılpaq kəndə tərəf götürülür, başqa birisi sevgilisiylə dənizin kənarında öpüşəndə ehtiraslı su pərilərinin hücumuna məruz qalır və pərilər onu məcburi şəkildə «sevişməyə» məruz qoyurlar, digər biri pərini tutub evə gətirir, ancaq heç nə yeməyən, içməyən su pərisi canını elə çəlləkdəcə tapşırır və sair və ilaxır. Nə olsun? Eynən gözlərinə NUO, humanoid,Qar adamı, qulyabanı, cin, şeytan, ruh görünənlərin hekayətlərinə bənzəyir. Özü də bu hekayətlərə bəşəriyyət əsrlər boyudu qulaq asır və kimi inanır, kimi inanmır. Axı, su pərisini gördüyünü and-aman eləyənlərlə yanaşı, tarixdə dələduzlar da olub, onları bəs kimin ayağına yazaq? Tarixə bəlli belə dələduzluqlardan biri elə 17-ci əsrdə baş tutub. Adı bizə məlum olmayan bir dəyyus meymunu qurşaqdan yuxarı, iri balığı da qurşaqdan aşağı doğrayıb onlardan unikal bir «su pərisi» düzəldibmiş. Su pərilərindən ən tutarlı qazancı isə Fineas Teylor Barnum götürüb. Bu adam sirkində iki başlı bir bədənli, alnına kimi tüklü adamlardan əlavə həm də ustalıqla düzəltdiyi «su pərisi» cəsədi də nümayiş etdirməyə nail olmuşdu…

Görürsünüz, yazdıqca yazılır. Ona görə də, su pərilərinin varlığına inanı da, inanmayanı da qınamaq olmaz. Nə olsun, o boyda akademik Bexterev inanır və inandırırdı ki, insan meymundan-zaddan yaranmayıb, Yer üzünə «hazır şəkildə» başqa planetdən gəlib. Bəlkə elə su pəriləri də başqa planetdən gəliblər? Bu baxımdan, mənə elə gəlir, ruhun, qulyabanının, şeytanın, cinin varlığına, onların gözə görünə bilməsinə inananlar üçün su pərilərinin varlığına inanmaq su içimi qədər asandır. Əslində, dünya elə belə olduğu üçün gözəldir. Siz təsəvvür eləyin, su pərisi kimi bir məxluq haqda nə danışılır, nə yazılır, nə də onun yalançı, yaxud doğruçu görüntüsü yayılır. Görün nə qədər darıxdırıcı olardı. Dünyamız elə belə qəşəngdi. Lap qəşəng su pəriləri kimi...

İlham TUMAS