Hitlerə mədhiyyə deyən cəlayi-vətən - MEREJKOVSKİ



 16:45 24.05.2023     456

"Adolf Hitler dünyanı İblisin şərindən qurtarmaq üçün savaşa başlayıb" 

"Bu balaca adamın ədəbi yaradıcılığı yazı makinasının işinə bənzəyir: şriftlər rahat oxunsa da, onlarda ruh deyilən şey yoxdur, darıxdırıcıdır». Bu sözləri qəhrəmanımız haqqında Maksim Qorki yazmışdı. Məşhur proletariat yazıçısı tək deyildi…

«Onun emiqrant dövründəki yaradıcılığı ideoloji deqredasiyasının bariz sübutudur», «bu adam rus ədəbiyyatının nəhəng ölüsüdür», «onun yaradıcılığı insan ruhu və insan şəxsiyyətiylə daban-dabana ziddir".

Nə istədiyini bilməyən filosof

Həqiqətən, belə oxşar fikirləri XX əsrin birinci yarısında yaşayıb-yaratmış bir çox rus ziyalıları söyləmişdilər. Çukovskidən başlamış Şestov, Minski, Belıy, Rozanov, hətta «o, özünüqoruma məqsədiylə hər şeydən təcrid olunaraq, ancaq mən və mədəniyyət, mən və əbədiyyət mövzusunda işilib qalıb» deyən Lev Trotski belə bu rus yazıçısı, şairi, tənqidçisi, tərcüməçisi, tarixçisi, dini filosofu, ictimai xadimi haqqında o qədər də yaxşı fikirdə deyildilər. Etiraf edim ki, «tanışlığımızın» təxminən 18 ili ərzində mən də bu adamın, kobud desək, hansı yuvanın quşu olduğunu, nə istədiyini, nəyin uğrunda mübarizə apardığını özüm üçün anlaşdıra bilmədim. Ona görə də bu yazının təkcə oxunmaq üçün deyil, həm də özlüyümdə bir mütəffəkkirin dünyagörüşünü anlamaq cəhdinin təzahürü kimi qəbul edilməsini istərdim.

Dmitri Merejkovski 1865-ci il avqust ayının 14-də Peterburqda zədagan ailəsində anadan olub. Uşaqlıqdan ədəbiyyata həvəsini görən atası onu bir tanışının vasitəsiylə Dostoyevkskinin yanına aparır. Sonralar Merejkovski özü bu barədə yazacaqdı: «Mən pörtmüş halda, kəkələyə-kəkələyə yazıdqlarımndan bir parça oxudum. Dostoyevski həvəssiz-həvəssiz məni dinlədi, sonra dedi: «Zəifdi, çox zəifdi. Heç nəyə yaramır. Yaxşı yazmaq üçün əzab çəkmək lazımdı, əzab». Dmitrinin atası isə tələsik cavab verir: «Yox, qoy yaxşı yazmasın, ancaq əzab da çəkməsin».

Tolstoyun, Dostoyevskinin tənqidi

O, ilk debütünü «Jivopisnoe obozrenie» jurnalında «Payız şərqisi» şeiri ilə eləyir, sonradan artıq universitet illərində yaradıcılığını müxtəlif ədəbi jurnallarda məqalələrlə, yeni şeirlərlə, hekayələrlə davam etdirir. Tələbəlik illərində o dövrdə dəbdə olan Kontun, Spenserin pozitiv fəlsəfəsiylə, Darvinin, Millin nəzəriyyələri ilə tanışlığı Merejkovskinin sonrakı fəlsəfi dünyagörüşündə dəfələrlə təsirini göstərəcəkdi. Ancaq geniş mütaliəyə, böyük erudisiyaya sahib olan bu adamın istər ədəbi, istər tənqidi, istərsə də, dini-fəlsəfi baxışları həmişə özünün melonxolikliyi, bir qütbdən digər qütbə qəfil sıçrayışları ilə diqqəti cəlb edir.

Merejkovskinin yaradıcılığını izləyəndə onun XX əsrin ilk illərindən başlayaraq, eyni əsrin təxminən ikinci onilliyinin sonlarına qədər davam eləmiş ideoloji müzakirələrin, çarpışmaların övladı olduğuna şəkki-şübhən qalmır. Məlumdur ki, həmin dövrlər Rusiyada, əsasən də, ziyalıların toplaşdığı fikir mərkəzində – Peterburqda İmperiyanın gələcəyi ilə bağlı müzakirələrə zəmanənin böyük düşüncə adamlarının əksəriyyəti qatılmışdılar. Bu müzakirələrin əlahiddəliyi ondan ibarət idi ki, indiyə qədər özlərini ədəbiyyatda, fəlsəfədə, ümumiyyətlə, elmdə sübut eləmiş rus ziyalıları vətənlərinin taleyi ilə bağlı dərin fəlsəfi, sosioloji müzakirələrə qatılır, görmək istədikləri Rusiyanın təməllərinin necə olacağı barədə araşdırmalarla çıxış edirdilər. Merejkovskinin yazıları, səsi (deməliyik ki, bu adam həm də əla natiq idi – İ.Tumas), həmçinin qurduğu, işində iştirak elədiyi ədəbi-bədii, fəlsəfi dərnəklər bu «fikirlər və əməllər səltənətində» tamam fərqli idi. O, heç kimə bənzəmirdi. Merejkovski ədəbi tənqidində hər hansı yazıçının, yaxud şairin yaradıcılığına əsasən xristian dininin ehkamları ilə yanaşır, mahiyyətdə «Tanrı-İblis» dualizminə, «Tanrı-Ata-Oğul» üçlüyünə üstünlük verirdi. Nümunə olaraq onun Qorki, Leonid Andreyev, Puşkin, Qoqol, Tolstoy, Dostoyevskinin yaradıcılığı haqqındakı tənqidlərini oxumaq kifayətdir. Bu məqalələrdə ana xətt məhz həmin dualizm və üçlük üstündə qurulub. Və deməliyəm ki, Tolstoy, Dostoyevski, Lermontov kimi nəhəngləri bəyənməməyini, bizim dilnən desək, yıxıb-sürüməyini məhz özünün inandığı nəzəri fikirlər əsasında həyata keçirirdi. Merejkovskinin fikirlərindəki mücərrəd şəkildə müqayisəli paralellər isə onun simvolistliyinə işarəydi ki, bu da qəhrəmanımızın mason lojasına məxsusluğu barədə söz-söhbətə səbəb olmuşdu.

Onun ailəyə, insanlara münasibəti də digərlərindən nəzərəçarpacaq şəkildə fərqliydi. O, 1888-ci ildə Borjomidə 19 yaşlı gənc şairə Zinaida Qippiusla tanışlıqdan qısa müddət sonra kəbin kəsdirmişdi. Ancaq maraqlıdır ki, onları bir-birlərinə kişi-qadın münasibətləri deyil, ruhi və intellektual doğmalıq yaxınlaşdırmışdı. Qippiusun xatirələrindən oxuyuruq: «Biz kəbindən sonra evə gəldik və səhərə qədər dünəndən yarımçıq qalmış kitabı oxumağa, müzakirə eləməyə başladıq. Səhər qulluqçu bizi kitab oxuyan görəndə xeyli təəcübləndi».

Belə qeyri-adiliklərə baxmayaraq, onlar bir yerdə düz 52 il yaşadılar, Qippiusun özünün yazdığı kimi «hətta 1 gün belə ayrılmadan». Həqiqətən, Zinaida Qippius ömrünün sonuna kimi Merejkovskinin ən sədaqətli dostu, həmkarı oldu.

Yeni din yaradıcısı

Onun dini dünyagörüşü xristianlığın təməl prinsiplərinə kor-koranə bağlılıqdan ibarət  deyildi. Əksinə, Merejkovski XIX əsdən başlayaraq XX əsrin əvvəllərinədək pravoslavlıqla bağlı davam eləyən dini-fəlsəfi mübahisələrdə önəmli yerlərdən birini tuturdu və bu məsələdə o qədər qabağa getmişdi ki, Tostoy kimi yeni din yaratdığını açıqlamışdı. 1900-cü ilin payızında arvadı Qippiusun ideyası ilə yaratdığı «Yeni kilsə» mistik təşkilatı məhz bu fikrə xidmət edirdi. Ər-arvad yaratdıqları «dini qardaşlıq» təşkilatına çoxlarını cəlb eləmək istəsələr də, publisist, tənqidçi Dmitri Filosofovdan başqa heç kim bu ideyaya yaxınlıq vermir. Beləliklə, «üçlüyün qardaşlığı» adlandırılan təşkilat evdə xırda miqyasda çaxırla, gül-çiçəklə, üzümlə, özlərindən uydurduqları dualarla ayinlər icra eləməyə başlayırlar. Təbii ki, belə əməllər bir sıra rus ziyalılarını, yumşaq desək, özlərindən çıxarır, Merejkovskilərə münasibətlərin dəyişməsinə səbəb olurdu. Filosofova qarşı da təzyiqlər olduğundan, 1902-ci ildə o, ər-arvada «bu birlikdən çıxıram. Ona görə yox ki, bu işə inanmıram, sadəcə burada iştirak eləyə bilmirəm» məzmununda məktub qoyub onları tərk edir. Merejkovskilərin yaratdıqları bu təşkilatdan müasirləri xeyli xoşagəlməz məqamlar yazıblar. Məsələn, İvanov adlı birisi yazır ki, «cütlüklərin evdə bir nəfər yəhudini çarmıxa bağlayıblar, elə bu vəziyyətdə də çaxır içirdiblər». Qısası, «Müqəddəs Ruh kilsəsi»nin qurulmasının praktiki konsepsiyasının işlənilməsi mümkün olmur və bir neçə il sonra təşkilat artıq fəaliyyətini Dini-fəlsəfi Cəmiyyət statusunda davam etdirir.

"Onlardan çin ətinin qoxusu gəlir"

Merejkovskinin siyasi baxışları da dini-fəlsəfi, ədəbi fikirləri kimi mürəkkəbdir, bəzən hətta arxasınca getdiyi ideyalarla ziddiyyət təşkil eləyir. Onun Birinci Rus İnqilabına münasibəti artıq 1905-ci il yanvarın 9-da fəhlələrin güllə-boran edilməsindən sonra formalaşmışdı. Həmin qırğından dərhal sonra "rus derjavası özünün antixrist mahiyyətini göstərdi" deyən Merejkovski Anrdey Belı ilə birgə Aleksandriysk meydanında tələbələrin mitinqini təşkil eləmişdi. Ona görə də, onun Fevral İnqilabına münasibəti bəlli idi: "İnqilab=xristianlıq". Bu baxımdan, filosfun eserlərlə yaxınlığını, Kerenski Hökumətinə olan simpatiyasını anlamaq mümkündür. Ancaq Merejkovskinin üzü bolşeviklərin hakimiyyətə gəlməsiylə inqilabdan da dönür. Baş verənləri yenə özünün dini-fəlsəfi üslubuyla şərh eləyən filosof bu inqilabı "vəhşi kütlə"nin "diktaturası" adlandırır, hadisələrin bütün bəşəriyyət üçün bəla olduğunu yazır və deyir. 1919-cu ilin demək olar, sonuna qədər evdəki mebelləri, qab-qacağı belə satan cütlük, sözün həqiqi mənasında, aclarından ölməmək üçün Qorkinin rəhbərliyi ilə dərc olunan "Dünya ədəbiyyatı" jurnalıyla əməkdaşlıq edirlər. Ancaq həmin dövrdə Merejkovski gündəliyində yazırdı: "Rus kommunistləri içərisində təkcə əclaflar deyil, yaxşı, xeyirxah, təmiz, hətta müqəddəs adamlar da var. Ancaq onlar daha qorxuludurlar. Onlardan çin ətinin qoxusu gəlir".

Kolçakla Denikinin məğlubiyyət xəbərini alan Merejkovskilər son ümidlərini də itirərək Rusiyanı tərk eləmək qərarına gəlirlər. 1919-cu ilin dekabrında dekabristlər üsyanının ildönümündə Qış Sarayının Bəyaz zalında nitq söyləməli olduğu gün Merejkovski Petroqraddan çıxır. Gündəliyində bu qaçışı barədə belə yazır: "Mən rus azadlığı üçün canlarını verənləri qatillər qarşısında mədh eləməliydim. Ancaq həmin o 5 nəfər dirilsəydilər, onları I Nikolayın dövründə olduğu kimi Leninin dövründə bir də asardılar".

Beləliklə, Zinaida Qippius, Merejkovski, bir də Filosofov dekabrın sonu Minskə gəlirlər. "Minsk kuryeri" qəzetinə müsahibəsində Merejkovski deyirdi: "Rusiya anlamalıdır ki, bolşevizm yalnız sosializm örtüyü altında məharətlə gizlənib. Rus xalqı bilməlidir ki, bolşevizm nəinki Rusiya, eləcə də bütün bəşəriyyət üçün bəladır. Dəhşətdir, Çar hakimiyyəti dövründə yazarlar indikindən daha azad idilər. Rusiyada nə sosializm var, nə də proletariatın diktaturası. Burada ancaq iki adamın - Leninlə Trotskinin diktaturası mövcuddur".

Diktatorlara mədhiyyə deyən filosof

Qısa müddətə Polşada qalan üçlük 1920-ci ilin sonunda artıq Parisdəydilər və burada Merejkovski antikommunist "Dini birlik" adında təşkilat yaradır, bir sıra romanlar yazır. Bundan sonra onun artıq bütün çıxışları bolşevik Rusiyasına qarşı yönəlir: "Rusiyada Antxrist dövrü başlanıb. Əgər bu torpaqda azadlıq olmayacaqsa, qoy heç Rusiyanın özü də olmasın" kimi radikal fikirləri bir sıra mühacirlərin ondan üz döndərməsinə rəvac verir.  Əgər onu da nəzərə alsaq ki, bu deyilənlər yalnız sözdə qalmır, əməllə də sübut olunurdu, o zaman başıbəlalı filosofun lənətlənməsinin səbəbini anlamaq çətin deyil. Bəli, Merejkovski  bolşevizmə o qədər nifrət edirdi ki, "kommunizm əleyhinə səlib yürüşü"ndə kimi oldu - gah Pilsudskini, gah Mussolinini, gah da Hitleri xilaskar kimi görürdü. Məsələn, 1936-cı ilin iyun ayında Merejkovski Mussolini hökumətindən Dante haqqında kitab üzərində işləmək üçün yaxşı qonorar alır. Hətta İtaliya diktatoru bir neçə dəfə onunla görüşür, siyasət, sənət və ədəbiyyat barədə söhbətlər eləməyə vaxt tapır. Belə şəxsi söhbətlər zamanı dəfələrlə ondan Sovet İttifaqı əleyhinə "Müqəddəs müharibə"yə başlamalı olduğuna inandırmağa çalışdığını filosofun özü də yazılarında etiraf edib. Onun Mussoliniyə ünvanlanan məktublarının birindən oxuyuruq: "Danteni başa düşmək üçün ən canlı və həqiqi şahid Sizsiniz. Danteni anlamaq üçün onun kimi yaşamaq lazımdır ki, bu da Sizinlə, yalnız və yalnız Sizinlə mümkündür. Sizin qəlbləriniz əzəli və əbədi şəkildə doğmadır, onlar əbədi olaraq bir-birləri üçün yaradılıblar. Mussolini inikasda Dantedir, Dante əməldə Mussolini...".

Bax belə! Məhz bu məktub sonradan Sovet Rusiyasında "Mussolini ilə görüş" başlıqlı məqalə halında dərc edildi və bolşevizmin qanlı repressiyasından sağ qalan rus ziyalıları arasında da hörmətinin bir qəpiklik olmasına gətirib çıxardı. Açığı, mən də Merejkovskini bu əməllərinə görə anlamıram. Axı, Mussolinin Stalindən nə fərqi vardı ki? Doğrudanmı, bolşevizmə nifrət belə gözünü örtübmüş ki, başıxarab dikatora bu qədər mədhiyyələr yazırdı? Hələ onu demirəm ki, "Mussolini inikasda Dantedir, Dante əməldə Mussolini..." cümləsinə rast gələndə müəllifin illər əvvəl oxuduğum hansısa əsərində eyni fikri başqa adamlar barəsində yazdığını xatırladım. Rəhmətliyin "Puşkin" məqaləsini vərəqlədim,  məlum oldu ki, tənqidçi eyni fikirləri Puşkinlə I Pyotr haqqında hələ 1896-cı ilə yazıbmış... Yəni, Puşkin inikasda Pyotr, Pyotr da əməldə Puşkinmiş.

Nəsə, gözlənilən baş verir və az keçmir ki, Merejkovski İtaliya diktatorunun əbləhliyini başa düşür, onu "materialist-siyasətçi" və "qurumsaq" adlandırıb bu dəfə İspaniya diktatoru Franko ilə əlaqə yaratmağa girişir. Ancaq əli buradan da üzüldükdən sonra filosof bolşevizmdən qurtuluşu Hitlerin simasında axtarmağa başlayır. Və burada ilk dəfə Zinaidi Qippius ilə fikirləri ciddi şəkildə haçalanır. Əgər Qippius Hitleri sərsəm hesab edirdisə, Merejkovski bolşevizm əleyhinə mübarizədə ona bir silah kimi baxırdı. Beləcə, yanlışlıqları talesiz filosofu, yazıçını, ictimai xadimi 1941-ci ilin yayında - Almaniyanın SSRİ-yə hücumundan bir neçə həftə sonra faişist radiosunun mikrofonu qarşısına gətirib çıxarır: Merejkovski burada "Bolşevizm və bəşəriyyət" adlı nitq söyləyir, lap ağına çıxararaq Hitleri Janna Darkla müqayisə edir: "Bəli, Almaniya bolşevizm əleyhinə yönəlmiş bu müqəddəs Səlib Yürüşündə haqlıdır. Adolf Hitler dünyanı İblisin şərindən qurtarmaq üçün savaşa başlayıb".  Bu, həyatı boyu totalitarizmin bütün formalarına qarşı çıxan fikir adamının sonu demək idi. Təsadüfi deyil ki, arvadı Zinaida Qippius bu çıxışdan xəbər tutanda elə belə də deyir: "Bu artıq sondur!" Bütün mənalarda Qippius haqlı çıxır: onları lağa qoydular, Hitlerlə əməkdaşlıqda ittiham elədilər. Həyatının sonuna yaxın isə filosofun özü də Hitler məsələsində həqiqətən yanıldığını etiraf etdi.

"Rusiyasız azadlıq mənim nəyimə lazımdı?"

Merejkovskinin Rusiyaya və rus xalqına münasibəti özünün mürəkkəbliyi ilə seçilib. Doğrudu, o, bu mövzuda Çaadayev kimi sərt fikirlər sahibi deyil, ancaq məqalələrinin birində yazdığı "ruslar sintetik xalqdır" ifadəsinə rəğmən həmişə Rusiyanı "yeni dini düşüncənin məkanı", rusları bu düşüncənin ilk sahibləri kimi görmək istəyirdi.

Görəsən, o, vətənini sevirdimi? Əlbəttə, sevirdi. Ancaq bu necə sevgiydi ki, azad görmək istədiyi milyonlarla soydaşlarının qanlı müharibədə həlak olmasına çalışırdı. Doğrudanmı, Merejkovski Hitlerin "bütün slavyanlar ancaq kölə olmağa layiqdirlər" şüarından xəbərsiz idi və nəhayət, doğrudanmı dünyanın gediş-gəlişindən baş çıxaran filosof faşizmin bəşəriyyət üçün ən azından bolşevizmdən də qorxulu olduğunun fərqində deyildi? Bu kimi məqamlar təbii ki, hər kəsdə Merejkovskinin gizli, izaholunmaz bir şəxsiyyət olduğu təəssüratını yaradır. Blok "Merejkovskini niyə sevmirlər?" adlı məqaləsində yazırdı ki, "o, uğursuzluğa düçar olmuş rus ziyalısının bir nümunəsiydi. Ona görə, onu anlamaq elə də çətin deyil".

Yevtuşenkonun da yanaşması maraqlıdı. Yevtuşenko onu "Şarikovla Antixrist arasında" axtarırdı. Merejkovski özü isə Berdyayevə məktubunda yazırdı: "Rusiyada məni sevmədilər və söydülər; qürbətdə isə sevdilər və təriflədilər; ancaq nə orada, nə də burada məni başa düşən olmadı...".

Mənim üçün isə özü olan, səmimi Merejkovski Nina Bərbərovanın xatirəsindəki Merejkovskidir. Bərbərova özünün "Kursiv mənimdir" adlı xatirə əsərində yazır: "Həyatının sonlarına yaxın bir dəfə Dmitri Sergeyeviç Qippiusdan soruşdu: "Zina, sənə hansı əzizdir: "Azad olmayan Rusiya, yoxsa Rusiyasız azadlıq? Zina cavab verdi: "Rusiyasız azadlıq... Ona görə də orada yox, buradayam". Merejkovski isə heç kimə baxmadan kədərlə dedi: "Mən də orda yox, buradayam, çünki azad olmayan Rusiya mənlik deyil. Ancaq... Ancaq Rusiyasız azadlıq mənim nəyimə lazımdı?"

Beləcə, Merejkovski Rusiyasız 1941-cü il dekabr ayının 9-da Rusiyadan uzaqda, azad hesab elədiyi Parisdəcə vəfat edir, bu şəhərdə dəfn edilir.

İlham TUMAS